Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4082/2023 25.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, üzləşmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2824.72 manat əsas borcun, həmin borca görə hesablanmış 142 manat məbləğində faiz borcunun və ödənilmiş 60 manat mediasiya xərci olmaqla, cəmi 3026,72 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2011-ci il tarixli **- RX-***2 nömrəli rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh isə müqavilə şərtlərini pozaraq göstərilmiş xidmətlər üzrə haqq ödəməli olduğu halda yaranmış 2824.72 manat məbləğində borcu bu günə kimi idarəyə ödəməmişdir. Sözügedən müqavilənin 5.3-cü bəndinə əsasən, “Sifarişçi” (cavabdeh) “İcraçı”nın göstərdiyi xidmət işlərinə görə təqdim etdiyi hesab-fakturaya əsasən “İcraçı”nın hesabına müvafiq xidmət haqqını ödəyir. Həmin müqavilənin 5.6-cı bəndinə əsasən, “İcraçı" tərəfindən təqdim olunmuş hesab-faktura təqdim olunduğu gündən sonrakı 30 (otuz) bank günü müddətində “Sifarişçi” tərəfindən təmin edilir. İddiaçının çoxsaylı şifahi və yazılı müraciətlərinə baxmayaraq cavabdeh sözügedən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və hal-hazırkı vaxtadək borcunu ödəməmişdir. Sonuncu dəfə 2018-ci il tarixdə ödəniş edilmişdir, ondan sonra ödəniş etməmişdir. 15 yanvar 2021-ci ildə isə tərəflər arasında qarşılıqlı borcların üzləşmə aktı imzalanmışdır və cavabdeh borcunu etiraf etmişdir. Borcun ödənilməsinə dair cavabdehə xəbərdarlıqlar edilmiş, həmçinin pretenziya məktubu da göndərilmiş, mediasiyaya dəvət edilmişdir, lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymamış, pretenziyaya cavab verməmiş və mediasiya sessiyasında iştirak etməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinin üzrlü olmasına dair Məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçının xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 1.6-cı bəndinə əsasən iddiaçı dövlət müəssisəsidir. İdarəsinin hüquqi statusu hüquqi şəxsdir.
8. İddiaçı (sifarişçi) və cavabdeh (icraçı) arasında bağlanmış 30 dekabr 2011-ci il tarixli **-RX-***2 nömrəli rabitə xidməti üzrə müqaviləyə əsasən icraçı bu müqavilənin əlavəsində verilmiş qiymət razılaşma protokoluna uyğun olaraq cavabdehdə rabitə xidmətlərinin göstərilməsini öhdəsinə götürür, sifarişçi isə göstərilmiş xidmətlərin dəyərini müqavilənin şərtlərinə uyğun ödənilməsini təmin edir.
9. Müqavilənin 5.1-ci bəndinə əsasən icraçı tərəfindən yerinə yetirilən işlərin dəyəri ödənişli danışıqlar istisna olmaqla faktiki görülmüş işlərə görə tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş müqavilənin ayrılmaz hissəsi sayılan qiymət razılaşma protokoluna əsasən müəyyən edilir.
10. Müqavilənin 5.2-ci bəndinə əsasən icraçı tərəfindən göstərilən xidmət işlərinin vahid dəyəri ARDNŞ-nin Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə əsasən müəyyən edilir.
11. Müqaviləyə 01 nömrəli qoşma rabitə xidmətlərinin göstərilməsinə dair qiymət razılaşma protokoluna əsasən iddiaçı və cavabdeh il ərzində göstəriləcək rabitə xidmətlərinin qiymətinin əlavə dəyər vergisi nəzərə alınmaqla 708 manat olması barədə razılıq əldə etmişlər.
12. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədə cavabdehin iddiaçıya xx.xx.2018-ci il tarixə olan borcunun 2954,72 manat təşkil etməsi, həmin borc üzrə 130 manat ödənilməsinin nəzərə alınması və borcdan silinməsi xahiş olunmuşdur.
13. İddiaçı və cavabdeh arasında tərtib olunmuş 15 yanvar 2021-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixə qalıq borcunun 2824,72 manat təşkil etməsini təsdiqləmişdir.
14. 03.12.2018-ci il tarixli qəbzdən görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 130 manat köçürülmə aparılmışdır.
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında 30 dekabr 2011-ci il tarixli **-RX-***2 nömrəli rabitə xidmətlərinin göstərilməsi üzrə müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə öhdəliklərini icra etməmişdir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 30 dekabr 2011-ci il tarixli **-RX-***2 nömrəli müqavilə üzrə 2824.72 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
22. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 142 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
25. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
26. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
27. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
28. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
29. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
31. İddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş illik beş faiz pulun hesablanması düsturundan görünür ki, əsas borc 2824,72 manat 100 bölünərək 5-ə vurulmuş və yuvarlaqlaşdırılaraq 142 manat alınmışdır.
32. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan, cavabdeh tərəfindən də təkzib edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.
33. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2824.72 manat məbləğində əsas borc, 142 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ASC-dən 2824,72 manat məbləğində əsas borc, 142 manat faiz borcu, ödənilmiş 60 manat məbləğində dövlət rüsumu, ümumilikdə 3026,72 (üç min iyirmi altı manat yetmiş iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova