Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4089/2025 19.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 aprel 2024-cü il tarixli, BFS-5823 saylı xidmət müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində yaranmış 38578,10 manat məbləğində əsas borc, 6944,06 manat məbləğində ƏDV borcu və ödənilmiş 227 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra – İcraçı) ilə Cavabdeh (bundan sonra – Sifarişçi) arasında xx.xx.2024-cü il tarixli, BFS-5823 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin sifarişi ilə Ağdam şəhərində yerləşən layihə çərçivəsində çalışan işçilərin gündəlik (səhər, nahar və axşam) yeməklə təmin edilməsini, sifarişçi isə göstərilən xidmətlərə görə xidmət haqqının müəyyən olunmuş qaydada və müddətdə ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı xidmətlərin göstərilməsini sifarişçi tərəfindən təqdim olunan işçi sayına uyğun olaraq həyata keçirmişdir. Müqavilənin 3.1.6-cı bəndinə əsasən sifarişçi xidmət haqqının bu müqavilədə müəyyən olunmuş müddət və məbləğdə ödənilməsini təmin etməlidir. Müqavilə münasibətləri çərçivəsində icraçı öz öhdəliklərini vaxtında, tam həcmdə və keyfiyyətlə icra etmiş, işçilərin yeməklə təmin edilməsini həyata keçirmişdir. Bu hal Cavabdeh MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış təhvil-təslim aktlarında da öz əksini tapmışdır. Həmçinin, Whatsapp platformasında yaradılmış qrup üzərindən aparılmış yazışmalardan aydın olur ki, sifarişçi təqdim etdiyi işçi sayına əsasən kompleks yemək xidmətinin göstərilməsini icraçıdan tələb etmiş və bu xidmətlər faktiki olaraq həyata keçirilmişdir. Bununla belə, xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 11251538 nömrəli və xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 10039953 nömrəli elektron qaimə-fakturalar əsasında təqdim olunmuş xidmətlərə görə ümumilikdə 38578,10 manat (otuz səkkiz min beş yüz yetmiş səkkiz manat on qəpik) məbləğində əsas borc və 6944,06 manat (altı min doqquz yüz qırx dörd manat altı qəpik) məbləğində ƏDV borcu ödənilməmiş qalmışdır. İddiaçı tərəfindən cavabdehə müxtəlif tarixlərdə pretenziya məktubları göndərilsə də, cavabdeh həmin məktublara cavab verməmiş, eyni zamanda borcun ödənilməsini təmin etməmişdir. Yalnız xx.xx.2024-cü il tarixində MT2408 seriyalı, 11251538 nömrəli elektron qaimə-faktura üzrə qismən ödəniş edilmiş və bu çərçivədə 20000 (iyirmi min) manat məbləğində vəsait ödənilmişdir. Bu hal cavabdeh tərəfindən borc öhdəliyinin etirafı kimi qiymətləndirilir. Hazırda Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinin icrası təmin olunmur, yaranmış borcun ödənilməsinə dair hər hansı tədbir görülmür, eyni zamanda qarşı tərəf iddiaçı ilə əlaqə saxlamır və göndərilmiş yazılı pretenziya məktublarına cavab verməkdən yayınır. Yuxarıda qeyd olunan hallar davamlı xarakter aldığından, 14 aprel 2025-ci il tarixində elektron məhkəmə sistemi vasitəsilə cavabdehə müqavilə öhdəliklərinin pozulması və yaranmış borcun ödənilməməsi ilə bağlı rəsmi iddia məktubu (pretensiya) göndərilmişdir. Cavabdehin müqavilə öhdəliklərini pozması nəticəsində iddiaçı tərəfindən göstərilmiş xidmətlər əsasında formalaşmış borcun könüllü şəkildə ödənilməməsi səbəbilə, iddiaçı bu borcun məhkəmə qaydasında tutulmasını tələb edir. Yuxarıda qeyd olunan halları nəzərə alaraq, 01 aprel 2024-cü il tarixli, BFS-5823 nömrəli xidmət müqaviləsi, eləcə də həmin müqavilə çərçivəsində təqdim edilmiş MT2408 seriyalı, 11251538 nömrəli və MT2408 seriyalı, 10039953 nömrəli elektron qaimə-fakturalar əsasında cavabdehdən qeyd olunan məbləğlərin ödənilməsi tələb olunur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4, 442, 443.1, 447.1, 448.1, 752.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq qeyd etdi ki, ümumi məbləğdən ödəniş olub. Təhvil-təslim sənədlərində ƏDV qeyd olunmayıbdır. Bir qaimə üzrə ödəniş olmayıb, digər qaimə üzrə qismən ödəniş olubdur.
6. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək qeyd etdi ki, iddia tələbini qəbul edir. Sıxıntılar olduğu üçün ödənişlər edilməmişdir. Xidmətlər qəbul edilmişdir və mübahisələndirilmir.
7. İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında xx.xx.2024-cü il tarixli, BFS-5823 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi əsasmda sifarişçinin Ağdam rayonu Xıdırlı kəndində yerləşən layihədə işləyən işçiləri yeməklə təmin etmək öhdəliyini öz üzərnıə götürür və sifarişçi bu işlər müqabilində icraçıya müvafiq haqq ödəyir; 1.2-ci bəndinə əsasən icraçı sifarişçinin işçilərini gündə 3 (üç) dəfə olmaqla yemək ilə təmin edir; 2.1-ci bəndinə əsasən sifarişçi hər bir nəfər icraçı tərəfindən talon üzrə (talonlar sifarişçi tərəfindən müvafiq qaydada təsdiq olunur və sifarişçinin işçiləri yeməkdən öncə həmin talonlan icraçıya və ya onun nümayəndələrinə verirlər) kompleks yemək ilə təmin edilmiş hər bir işçisi üçün, səhər yeməyi 1.90 AZN (ƏDV xaric), nahar yeməyi 4.90 AZN (ƏDV xaric), axşam yeməyi 4.90 AZN (ƏDV xaric), birdəfəlik qablar 0.50 AZN (istifadə zərurəti yaranarsa) (ƏDV xaric) məbləğində icraçıya pul ödəyir; 2.2-ci bəndinə əsasən icraçı sifarişçi tərəfindən təqdim edilmiş yemək talonlarını toplayır və onların əsasında hər növbəti ayın ilk 5 günü ərzində sifarişçiyə faktiki yemək almış işçilərin sayını əks etdirən hesab- faktura Aktını təqdim edir; 2.3-cü bəndinə əsasən sifarişçi Aktı təsdiq etdiyi halda, Aktda qeyd olunmuş məbləği icraçıya ödəyir. Sifarişçi Aktı təsdiq etmədikdə sifarişçi tərəfindən təsdiq edilmiş talonların sayına uyğun yeni Akt bağlanılır və ödəniş ona görə aparılır. Xidmətlərin müddəti aylıq nəzərdə tutulur və hər ayın son günü xidmətlərin təhvil verildiyi gün sayılır. Sifarişçi xidmətlər bitdikdən sonrakı 10 gün ərzində elektron qaimə faktura və digər təhvil-təslim sənədləri əsasında xidmətlərin dəyərinin tam hissəsini icraçıya ödəyir; 3.1.6-cı bəndinə əsasən sifarişçi xidmət haqqının bu müqavilədə müəyyən olunmuş müddət və məbləğdə ödənilməsini təmin etməlidir.
8. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 11251538 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 15302,594 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi BFC-5823 saylı müqavilə qeyd edilmişdir.
9. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 10039953 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 53819,564 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi BFC-5823 saylı müqavilə qeyd edilmişdir.
10. xx.xx.2024-cü il tarixli, CC/04 nömrəli yemək təminatı üzrə təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasında ümumi dəyəri 45609,8 manat (ƏDV xaric) olan yemək xidməti göstərilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. İddiaçı tərəfindən sübut qismində sifarişlərlə bağlı tərəflər arasında aparılmış whatsapp yazışmaları təqdim edilmişdir.
12. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMCyə 20000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi MT2408 seriyalı, 10039953 nömrəli elektron qaimə göstərilmişdir.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********6936470 nömrəli köçürmənin aparılması haqqında bildirişin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 3600 manat ƏDV ödənişi edilmişdir. Ödənişin təyinatı kimi MT2408 seriyalı, 10039953 nömrəli elektron qaimə qeyd edilmişdir.
14. İddiaçı MMC tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə hesablanmış borcun xx.xx.2025-ci il tarixinədək ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
17. İddia tələbini Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində yaranmış 38578,10 manat məbləğində əsas borc, 6944,06 manat məbləğində ƏDV borcunun tutulması təşkil edir.
18. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixli, BFS- 5823 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İcraçı sifarişçinin sifarişi əsasmda sifarişçinin Ağdam rayonu Xıdırlı kəndində yerləşən layihədə işləyən işçilərini yeməklə təmin etmək, sifarişçi isə bu işlər müqabilində icraçıya müvafiq haqq ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İcraçı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, sifariçi öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Həmin hal işdə olan, yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapır. Həmçinin cavabdeh tərəf işin hallarını mübahisələndirməmişdir.
19. Məhkəmə qanunvericilik normalarını, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini, təqdim olunmuş sübutları, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, BFS-5823 nömrəli müqaviləyə əsasən 38578,10 manat (otuz səkkiz min beş yüz yetmiş səkkiz manat on qəpik) əsas borc, 6944,06 manat (altı min doqquz yüz qırx dörd manat altı qəpik) ƏDV məbləği tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, təqdim olunmuş iki elektron qaimə üzrə ümumi məbləğ 69122,16 manat (53819,564+15302,594 ≈ 69122,16) təşkil etmiş, həmin məbləğdən 20000 manat əsas borc və 3600 manat ƏDV məbləği olmaqla, ümumilikdə 23600 manat ödənilmiş, qalıq məbləğ 45522,16 manat (38578,10+6944,06=45522,16) təşkil etmişdir. Həmçinin qeyd olunmalıdır ki, ödənişlər bir qaimə üzrə (MT2408 seriyalı, 10039953 nömrəli elektron qaimə) qismən edilmiş, digər qaimə üzrə isə ödəniş olunmamışdır.
20. Bundan əlavə, qeyd edilməlidir ki, məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi xidmətlərin təhvil alındığını, iddia tələbini qəbul etdiklərini və heç bir etirazlarının olmadığını bildirmişdir.
21. Eləcə də, iddiaçı ödənilmiş 227 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
22. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 227 (iki yüz iyirmi yeddi) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2024-cü il tarixli, BFS-5823 nömrəli müqaviləyə əsasən 38578,10 manat (otuz səkkiz min beş yüz yetmiş səkkiz manat on qəpik) əsas borc, 6944,06 manat (altı min doqquz yüz qırx dörd manat altı qəpik) ƏDV məbləği, ödənilmiş dövlət rüsumuna görə 227 (iki yüz iyirmi yeddi) manat olmaqla, ümumilikdə 45749,16 manat (qırx beş min yeddi yüz qırx doqquz manat on altı qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova