Məhkəmə qərarları › İş №e-2-2(113)-409/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-409/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-409/2020 20.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi Nümayəndə, cavabdeh X4 və onun nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı "İddiaçı" MMC-nin cavabdeh X3 qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 38700,70 manat məbləğində əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 38730,70 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X4 arasında xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən İddiaçı MMC cavabdeh X4 onun sifarişləri əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malla təmin etməyi, X4 isə malı qəbul edib, malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası müddətində İddiaçı MMC satıb dəyərini ödəmək şərtilə X4 ona verilmiş malların müəyyən bir hissəsinin pulunu ödəmiş, bir hissəsinin pulunu ödəməmişdir. Qalıq borcun müəyyən edilməsi üçün şirkət əməkdaşlarının iştirakı ilə xx.xx.2018-ci il tarixdə araşdırma aparılmış, nəticədə Amil Hüseynova verilmiş malların qalıq borcu 52913.09 manat olduğu müəyyən müəyyən edilmişdir. Cavabdeh X4 xx.xx.2018-ci il tarixli üzləşmə aktını imza etməklə 52913,09 manat dəyərində malın pulunu iddiaçıya ödəmədiyini, iddiaçıya borcunun olmasını təsdiq etmiş və həmin borcunu ödəmək üçün möhlət istəmişdir. Ona möhlət verilməsinə baxmayaraq, cavabdeh həmin borcdan hazırki tarixədək, cəmi 14212,39 manat pulu iddiaçıya ödəmişdir. Bununla da cavabdeh üzərinə düşən öhdəliyə tam əməl etməyərək, 38700,70 manat qalıq borcu hazırkı tarixədək MMC-yə ödəməmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia qəbul etməyərək izahatında üzləşmə aktını şəxsən imzaladığını, lakin aktda olan tarixin sonradan dəyişdirildiyini və borcun tələb olunan məbləğdən qat-qat az olduğunu bildirərək tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi, Vəkil iddianı qəbul etməyərək izahatında cavabdehdən tələb olunan məbləğdən xeyli az borcun olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2017-ci il tarixdə 43233 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində X4 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən satıcı bu müqavilənin tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcını malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. xx xxxxxx 2018-ci il tarixli, 196923 saylı üzləşmə aktından görünür ki, X2 xx.xx.2018ci il tarixə İddiaçı MMC-nin uçot məlumatlarına əsasən 55097,99 manat, X2 məlumatına əsasən 52913,09 manat İddiaçı MMC-yə borc qalığının olması müəyyən edilmişdir. Akt hər iki tərəfin imzası ilə təsdiq edillmişdir. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, X4 MMC-yə 52913,09 manat borcunun olduğunu təsdiq etmiş, həmin borcdan 14213,39 manat ödəniş etmiş, hazırda onun MMC-yə 38700,70 manat məbləğində ödənilməmiş borcu vardır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1-ci maddələri). Göründüyü kimi iddiaçı "İddiaçı" MMC və cavabdeh X4 arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, "İddiaçı" MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, tərəflərin imzaladığı xx xxxxxx 2018-ci il tarixli, 196923 saylı üzləşmə aktına əsasən X2 xx.xx.2018-ci il tarixə 52913,09 manat İddiaçı MMC-yə borc qalığının olması müəyyən edilmiş, cavabdeh həmin borcdan 14213,39 manat ödəniş etdiyinə görə, X2 MMC-yə 38700,70 manat məbləğində borcu qalmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh X4 izahatında aktda olan tarixin sonradan dəyişdirildiyini və borcun tələb olunan məbləğdən qat-qat az olduğunu bildirsə də, bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, "İddiaçı" MMC-nin cavabdeh X3 qarşı 38700,70 manat məbləğində borcun tələbi iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 38700,70 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı "İddiaçı" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 38700,70 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı "İddiaçı" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar