Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-409/2022 28.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4500 manat məbləğində əsas borcun, 3115 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 213 manat, mediasiya haqqı 60 manat və 48,88 manat (iddia ərizəsi 98,88 + müvəqqəti təminat tədbiri 10 manat = 108,88 manat dövlət rüsumu – 60 manat mediasiya haqqı = 48.88 manat dövlət rüsumu) məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 09.01.2020-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 02/20 №li müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMCnin sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə, 4500 manat məbləğində borcu cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktlarla və AR İnternet Vergi İdarəsindən çıxarılmış elektron qaimələrlə də təsdiq edilir. Müqavilənin 8.3-cü bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə günü üçün ümumi dəyərin 0,2% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 3115 manat məbləğində cərimə hesablanmışdır. Lakin bundan sonra dəfələrlə cavabdehdən borc məbləğini tələb etmələrinə baxmayaraq bugünədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh MMC-dən 4500 manat məbləğində əsas borcun, 2683 manat məbləğində dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 184 manat məbləğində pulun, mediasiya haqqına görə 60 manat məbləğində pulun və 48,88 manat (iddia ərizəsi 98,88 + müvəqqəti təminat tədbiri 10 manat = 108,88 manat dövlət rüsumu – 60 manat mediasiya haqqı = 48.88 manat dövlət rüsumu) məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 09.01.2020-ci il tarixdə 02/20 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi əsasında ona məxsus yükləri (avadanlıqları) daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə görə bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və bir (1) il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı on beş (15) gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti eyni müddətə/müddətlərə uzadılmış hesab olunur. 5.1-ci bəndinə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan Tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə (Əlavə No 1 ilə) müəyyən edilir. 5.2-ci bəndinə görə ayda bir dəfə (hər ayın sonuncu günündə) daşımanın həcmi xidmətin təhvil verilməsi haqqında aktlara əsasən müəyyən edilir və buna müvafiq olaraq ay ərzində göstərilmiş xidmət üzrə xidmət haqqı hesablanır, təhvil-təslim aktı ilə təsdiq edilir. Təhvil-təslim aktı ilə təsdiq edilmiş xidmət haqqının aylıq məbləği beş bank günü ərzində sifarişçi tərəfindən icraçıya ödənilir. Tərəflər razılaşırlar ki, zərurət yarandıqda, sifarişçi avans ödəməyi öz öhdəliyinə götürür. Həmin akt 2 nüsxədə icraçı tərəfindən sifarişçiyə təqdim olunur və sifarişçi 10 iş günü ərzində icraçıya həmin aktı təsdiq edərək təqdim etməlidir. 8.3-cü bəndinə əsasən sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 0.2 %-i həcmində əlavə hesablancaq. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 019788 saylı, 07.01.2021-ci il tarixli akta əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş 2700 manat dəyərində xidmət təhvil alınmışdır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 021383 saylı, 02.03.2021-ci il tarixli akta əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş 1800 manat dəyərində xidmət təhvil alınmışdır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə (ƏDV xaric) 1200 manat dəyərində xidmət göstərilməsinə dair EBAN seriyalı, 386785 saylı, 07.08.2020-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə (ƏDV xaric) 1500 manat dəyərində xidmət göstərilməsinə dair EBAV seriyalı, 838088 saylı, 07.01.2021-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə (ƏDV xaric) 1800 manat dəyərində xidmət göstərilməsinə dair EBAY seriyalı, 189323 saylı, 03.03.2021-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - 03.11.2021-ci il tarixli sonuncu maliyyə arayışına əsasən 03 noyabr 2021-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə əsas borcu 4500 manat, cərimə borcu 2682,61 manat və (448 gün) gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 183,74 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq cavabdehdən 4500 manat məbləğində borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında 09.01.2020-ci il tarixli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh MMC-yə məxsus yükləri daşımaqla yükdaşıma xidmətləri göstərmiş, Cavabdeh MMC isə göstərilmiş xidmətlərin haqqını tam şəkildə ödəməmiş, nəticədə "xxxx" MMC–yə (ƏDV xaric) 4500 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Belə olan halda məhkəmə Cavabdeh MMC-nin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü yük daşınma xidmətinə görə haqqı ödəmək öhdəliyini yerinə yetirmədiyini, nəticədə iddiaçı "xxxx" MMC-yə (ƏDV xaric) 4500 manat məbləğində borcunun yarandığını, iddiaçı "xxxx" MMC-nin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 4500 manat məbləğində borc tutulmalıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 8.3cü bəndinə əsasən hesablanmış 2683 manat məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 200 manat məbləğində müəyyən edilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 4500 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 184 manat məbləğində bank uçot dərəcəsinə müvafiq faizin tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə məhkəmə cavabdeh "xxxx" MMC-nin xidmət müqaviləsinə əsasən təqdim edilmiş malın dəyərinin ödənilməsini 1 ildən artıq müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 184 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri ilə yanaşı müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 10 manat dövlət rüsumu da daxil olmaqla cəmi 48,88 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 40 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4.500 manat (dörd min beş yüz) manat məbləğində əsas borc, 200 manat məbləğində dəbbə pulu və gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablanmış 184 (yüz səksən dörd) manat məbləğində faizlər, cəmi 4.884 (dörd min səkkiz yüz səksən dörd) manat məbləğində pul vəsaiti, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 40 (qırx manat) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29 (iyirmi doqquz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-409/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-409/2022
28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver