Məhkəmə qərarları › İş №e-2-2(113)-41/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-41/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-41/2024 05.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2016-cı il tarixli, FL-AK 04-16 saylı müqavilənin ləğv edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən yaranmış borca görə 4.650.000 (dörd milyon altı yüz əlli min) rubl əsas borc, həmin pulun qanunsuz saxlanmasına görə 279.375 (iki yüz yetmiş doqquz min, üç yüz yetmiş beş) rubl dəymiş zərər, bank uçot dərəcəsi kimi hesablanmış 290.625 (iki yüz doxsan min, altı yüz iyirmi beş) rubl faiz borcu olmaqla ümumilikdə 5.220.000 (beş milyon iki yüz iyirmi min) Rus rublunun 400 (dörd yüz) manat mediasiya xərcinin, 36 (otuz altı) manat məhkəmə xərcinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, FL-AK 04-16 saylı müqavilənin 1.1-ci bəndinə əsasən satıcı iynə yarpaqlı növə aid taxta materiallarını satır, alıcı isə həmin materialları alır. Müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən sifariş verilmiş malların dəyəri avans olaraq əvvəlcədən Alıcıya ödənilmişdir. Belə ki, 08 aprel 2021-ci il tarixdə 1,200.000 rubl, 19 aprel 2021-ci il tarixdə 1,000.000 rubl, 09 avqust 2021-ci il tarixdə 1,000.000 rubl, 10 avqust 2021-ci il tarixdə 500,000 rubl və 12 avqust 2021-ci il tarixdə 950,000 rubl olmaqla ümumilikdə ******* rus rublu məbləğində ödənilmiş pul vəsaiti dəyərində taxta materialları iddiaçıya təhvil verilməmiş və eyni zamanda həmin malların dəyəri geri qaytarılmamışdır. Həmin tarixlərdən xeyli müddət keçsə də, cavabdeh qeyd edilən məbləğdə pulu özündə saxlayaraq iddiaçını həmin məbləğdə pul vəsaitindən məhrum etməklə ona zərər vurmuşdur. Ona görə də, cavabdeh mülki qanunvericiliyin tələblərinə uyğun olaraq həmin pul vəsaitini qanunsuz özündə saxladığı üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsi əsas götürülməklə iddiaçıya faizlər ödəməlidir. AR Mərkəzi Bankın https://www.cbar.az/ rəsmi internet səhifəsində 2021-ci ilin aprel-avqust ayları üzrə bank uçot dərəcəsi 6.25 faiz olmuşdur. Ona görə də, borc ödənilmədiyi üçün cavabdehdən hesablanmış illik 6.25 faiz bank uçot dərəcəsi kimi 290,625 rubl məbləğində pul vəsaiti iddiaçıya ödənilməlidir. Həmçinin cavabdeh ******* Rus rublu məbləğində pul vəsaitini özündə saxlamaqla iddiaçıya vurduğu zərər üzrə də məsuliyyət daşıyır. Qeyd edilən məbləğə görə illik 5 % hesablanmaqla iddiaçıya ödənilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, lakin iddiaçı tərəf elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.4-cü maddəsinə əsasən əsasən satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

8. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə imzalanmış xx.xx.2016-cı il tarixli, FL-AK 04-16 saylı alqı-satqı müqaviləsinə edilən Əlavə razılaşamanın 2-ci bəndindən görünür ki, tərəflər mübahisə və fikir ayrılıqlarının həlli istiqamətində razılıq əldə edə bilməsələr, mübahisə və fikir ayrılıqlarının işlərin icraatı qaydalarına müvafiq olaraq Bakı Kommersiya Məhkəməsində həll edilməsi və həmin razılaşmanın 3-cü bəndinə əsasən mübahisənin həllində Azərbaycan Respublikası qanunvericiliyinin tətbiq edilməsi barədə razılaşmışlar.

10. Məhkəmə, iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2016-cı il tarixli, FL-AK 04-16 saylı alqı-satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli əlavə razılaşma imzalanmışdır. Müqaviləyə əsasən satıcı iynə yarpaqlı növə aid taxta materiallarını satır, alıcı isə həmin materialları alır.

12. Müqavilənin 8.1-ci bəndinə əsasən malın qiymətləri bir kub metrə görə rus rublu ilə razılaşdırılır və hazırkı müqaviləyə edilən əlavələrdə əks olunur.

13. Müqavilə və əlavə razılaşma hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ödənilmiş avans məbləğin geri qaytarılması ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

15. İş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə 1.200.000 rubl, xx.xx.2021-ci il tarixdə 1.000.000 rubl, xx.xx.2021-ci il tarixdə 1.000.000 rubl, xx.xx.2021-ci il tarixdə 500.000 rubl, xx.xx.2021-ci il tarixdə 950.000 rubl olmaqla, cəmi 4.650.000 rubl məbləğində pul ödənilmişdir.

16. İddiaçı tərəf verilmiş olan pullara görə hər hansı bir malın verilmədiyini qeyd edir.

17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6428/2022 saylı, xx.xx.2023-cü il tarixli, və xx.xx.2023-cü il tarixli, e-2-2(113)-279/2023 saylı qərardadları ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin və iş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişinin cavabdeh "xxxx" MMC-yə təqdim edilməsi barədə məhkəmə tapşırığına cavab verilənədək iş üzrə icraat dayandırılmışdır.

18. Rusiya Federasiyasının Ədliyyə Nazirliyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyini vasitəsi ilə daxil olmuş sənədlərdən görünür ki, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin və iş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 tərəfindən qəbul edilmiş və məhkəmə tapşırığı icra edilmişdir.

19. Göründüyü kimi, cavabdeh tərəf məhkəmə iclası barədə məlumatlandırılsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya hər hansı bir etirazını bildirməmişdir.

20. Beləliklə məkhəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 4.650.000 rubl məbləğində pul verilsə də, cavabdeh tərəfindən əvəzində hər hansı bir mal verilməmiş və ödənilmiş məbləğ də, geri qaytarılmamışdır.

21. Belə olan halda, məhkəmə hesab edir ki, iddia əsas borc üzrə 4.650.000 rubl məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

22. Məhkəmə həmçinin hesab edir ki, iddia Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 % hesablanmaqla 279.375 rubl məbləğində pulun tələb edilməsi hissəsində də, əsaslıdır.

23. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixində daxil olmuşdur, ona görə də, əsas borca illik 5 faiz məbləğində pul həmin tarixə qədər hesablanmalıdır.

24. İş materiallarından görünür ki, cavabdeh 2021-ci ilin aprel ayından 2022-ci ilin sentyabr ayına kimi 16 ay müddətində 2.200.000 (1.200.000+1.000.000) rubl pul vəsaitini özündə saxlamışdır. Qeyd edilmiş məbləğin 5%-ni 146.667 rubl (2200000 x 5% : 12 ay x 16 ay) təşkil edir. Həmçinin cavabdeh 2021-ci ilin avqust ayından 2022-ci ilin sentyabr ayına kimi 13 ay müddətində 2.450.000 (1.000.000+500.000+950.000) rubl pul vəsaitini özündə saxlamış və qeyd edilmiş məbləğin də, 5%-ni 132.708 rubl (2450000 x 5% : 12 ay x 13 ay) təşkil edir.

25. Beləliklə, məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün əsas borca illik 5 % hesablanmaqla 279.375 (146.667+132.708) rubl məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Bundan başqa, Məhkəmə hesab edir ki, iddia Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən əsas borca bank uçot dərəcəsi ilə hesablanmış 290.625 rubl məbləğində pulun tələb edilməsi hissəsində də, əsaslıdır.

27. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən əldə olunmuş məlumata əsasən 2021-ci ilin aprel-avqust ayları üzrə bank uçot dərəcəsi 6,25 faiz olmuşdur.

28. Ona görə də, əsas borca 6,25 % hesablanmaqla (4.650.000x6,25/100=290.625) 290.625 rubl məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.

29. Məhkəmə yuxarıda qeyd edilənlərdən əlavə qeyd edir ki, cavabdeh tərəf Rusiya Federasiyasında qeydiyyatdan keçmiş hüquqi şəxs olduğundan tutulmuş məbləğlər manata məzənnəsi üzrə deyil, rus rublu ilə tutulmalıdır.

30. Məhkəmə iddianın İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2016-cı il tarixli, FL-AK 04-16 saylı müqavilənin ləğv edilməsi ilə bağlı hissəsi üçün aşağıdakıları qeyd edir.

31. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəf xx.xx.2022-ci il tarixdə ödənişin tam ödənilməsini tələb etməklə müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradə ifadəsini cavabdehə çatdırmışdır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı mövqedən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

33. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2016cı il tarixli, FL-AK 04-16 saylı müqavilə ləğv edilmiş hesab edilməlidir.

34. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 400 manat məbləğində pul Bakı 15 saylı mediasiya təşkilatına ödənmişdir.

35. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən tutularaq iddiçıya verilməlidir.

36. Məhkəmə 36 manat məbləğində dövlət rüsumunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

37. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

38. Məhkəmə qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilməli olan rüsum məbləği 384,14 manat təşkil etdiyindən və həmin məbləğ də 400 manat mediasiya xərci ilə tam əhatə olunduğundan 36 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tələb edilə bilməz.

39. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

40. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2016-cı il tarixli, FL-AK 04-16 saylı müqavilə ləğv edilmiş hesab edilsin. xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən 4.650.000 (dörd milyon altı yüz əlli min) RUBL məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 % hesablanmaqla 279.375 (iki yüz yetmiş doqquz min üç yüz yetmiş beş) RUBL məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən əsas borca bank uçot dərəcəsi ilə hesablanmış 290.625 (iki yüz doxsan min altı yüz iyirmi beş) RUBL məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar