Məhkəmə qərarları › İş №e-2-2(113)-4108/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4108/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4108/2022 20.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əhmədova Nərmin Məzahir qızı, İddiaçı2 Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı2 Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış borcun məbləğini təşkil edən 4858 manat məbləğində pul vəsaitinin, həmçinin müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzini təşkil edən (hüquqlarımızın məhkəmə müdafiəsini təmin etmək üçün vəkilə ödənilmiş vəsait) 200 manat məbləğində pul vəsaitinin, cavabdehin borcunu vaxtında ödəmədiyinə görə əldən çıxmış faydaya görə 485 manat məbləğində pul vəsaitinin, 60 manat məbləğdə ödənilmiş mediasiya haqqının cavabdehdən tutularaq İddiaçı2 MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 149.2 və 149.2.4-cü maddəsinə əsasən ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.0 və 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. İddia ərizəsinə əlavə edilmiş “25” fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinin 9.1ci bəndindən görünür ki, tərəflər arasında yaranan bütün mübahisələr və fikir ayrılıqları danışıqlar yolu ilə həll edilir. Mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün olunmadıqda mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə müəyyən edir ki, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd, yəni pretenziya məkubu (xx.xx.2022-ci il tarixli) iddia ərizəsinə əlavə edilsə də, onun qarşı tərəfə çatdırılmasını təsdiq edən sənəd (qəbz, xəbərnamə) iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1 və 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2.-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində müəyyən edilir. Məhkəmə müəyyən edir ki, iddiaçı mediasiya prosesi ilə bağlı mediasiya xərci kimi 60 manat pul ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1.-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddianın qiyməti 5543 manat olduğundan iddia ərizəsi verilərkən 75 manat 43 qəpik məbləğində dövlət rüsumu ödənilməli idi, lakin iddiaçı dövlət rüsumunu 15 manat az ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1 və 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı2 Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı2nə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar