Məhkəmə qərarları › İş №e-2-2(113)-411/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-411/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-411/2023 29.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi Hacıyev Nizami Babaşah oğlunun iştirakı ilə, İddiaçı İKF-nin cavabdeh "xxxx" MMC-yə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İKF iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 346.427,35 (üç yüz qırx altı min dörd yüz iyirmi yeddi manat otuz beş qəpik) manatın, məhkəmə xərclərinə görə 637 (altı yüz otuz yeddi) manatın və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1250 (bir min iki yüz əlli) manat məbləğində pul vəsaitinin İddiaçı İKF-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 8 iyul 2021-ci il tarixli, CS-110/21 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan maye oksigen almışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş mallar təhvil verildikdən sonra təqdim olunmuş e-qaimə əsasında müəyyənləşdirilir və ödəmə məbləği köçürmə yolu ilə 20 iş günü ərzində bank hesabına köçürülür. Müqaviləyə əlavə olaraq imzalanmış qiymətlərin razılaşması protokoluna əsasən, satılacaq maye oksigenin hər kub metrinin qiyməti 250.000,00 manat müəyyən edilmişdir. 28 iyul 2021-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək olan dövrdə cavabdeh ƏDV daxil olmaqla 9.546,20 manat, 104.494,90 manat, 139.838,85 manat, 92.547,40 manat olmaqla maye oksigen qazı almış, lakin heç bir məbləğdə ödəniş etməmişdir. Cavabdeh tərəfindən almış olduğu mallara görə heç bir məbləğdə ödəniş olunmamış, beləliklə xx.xx.2021-ci il tarixə qeyd edilən alqı-satqı müqaviləsi üzrə aldığı maye oksigenə görə 346.427,35 (üç yüz qırx altı min dörd yüz iyirmi yeddi manat otuz beş qəpik) manat öhdəliyi yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında cavabdehə maye qazının satışı həyata keçirilmiş və müvafiq elektron qaimələr təqdim edilmiş, eyni zamanda malların təhvil alınması cavabdehin sürücüsü X1 həvalə olunmuşdur. 2021-ci ildən elektron qaimələr göndərilmiş, daha sonra cavabdehlə aparılan danışıqlardan sonra cavabdeh bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyinə həmin qazları verib və həmin qazların ödənişi alınmamışdır. Bir müddət gözləmiş, sonra nazirliyin özünə də məktub yazmış və cavab olaraq bildirilmişdir ki, pullar ödənilib sadəcə cavabdeh ordan aldığı pullarla borcunu ödəməmişdir. Daha sonra sənədləri hazırlayıb məhkəməyə müraciət etmiş, mediasiya prosesində də iştirak etməmişlər. Məhkəmə proseslərində də iştirak etməmiş, 1 məhkəmə prosesində də cavabdeh şirkətlə əlaqə saxlayıb, barışıq olması zərurəti yarana biləcəyini qeyd edərək məhkəmə prosesinin təxirə salınması barədə məhkəməyə müraciət edilməsini xahiş etmişdi. Vəsatət əsasında məhkəmə prosesi təxirə salındı. Lakin heç bir ödəniş olunmamışdır. Tərəfin borcu ödəməmək üçün yayındığı yeganə hal malın təhvil verilməsi barədə sırf Nizami bəyin imzasının olmamasıdır. Bu barədə aktlar da məhkəməyə təqdim edilmişdir. Birinci təqdim olunan aktda Cəfərov Məhərrəm malı alarkən özü qeyd edir ki, müqavilə üzrə satılan malları götürmüş, yəni sırf müqavilədən söhbət gedir. Məhkəmə prosesində məlum olur ki, şəxs qarşı tərəfin sürücüsüdür. Bu malları kənar bir şəxs apara bilməz çünki bu malları aparmaq üçün xüsusi nəqliyyat vasitəsi tələb olunur, bu spesifik bir yükdür. Odur ki, bu dəlil tamamilə əsassızdır. Bundan əlavə 2021-ci ildən qaimələr vurulub və diqqət edildisə e-qaimələrin sonuncuları qarşı tərəfin özü təsdiqlənib, yəni əgər sonuncuları təsdiqlənirsə bundan əvvəlkilərlə razı deyildirsə sonrakılar dərhal təsdiqləməməli idi. Avqust-sentyabr aylarında gələn 2 eqaimədən mühasib olmadığı üçün sistem təsdiqləyə bilər, lakin oktyabr-noyabrda gələn qaimələr təsdiqlənmişdir. 28 avqust tarixində aktlar adlı sənədlər yüklənilmişdir və məhkəməyə təqdim edilən həmin sənədlərin qarşı tərəfdə olan nüsxələri sistemə əlavə edilmişdir. Əgər malların təhvil-təslimi Cəfərov Məhərrəmlə olmuşdursa həmin sənədlərin nüsxəsi qarşı tərəfdə olmalıdır. Əmək müqaviləsi təqdim edildikdən sonra bildirilir ki, Məhərrəm digər şirkətdə işləyir bu işə aidiyyatı yoxdur. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Hacıyev Nizami Babaşah oğlu iddia tələbinə yazılı etirazını məhkəməyə təqdim edərək qeyd etmişdir ki, iddia tələbi tamamilə yalan və əsassız məlumatlara əsaslanmaqla, dolayısı ilə onun işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyır. İddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. İddiaçı ilə oksigen qazının alınması ilə bağlı və ya ödəniş olunması ilə bağlı hər-hansı öhdəlik mövcud deyil. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili məhkəməyə yazılı izahatını təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsində göstərilən məlumatlar həqiqəti əks etdirmir. İddiaçı ilə cavabdeh arasında 28 iyul 2021 ci il tarixdə müqavilə bağlanmasına baxmayaraq, cavabdeh tərəfindən qeyd edilən müqavilə əsasında hər-hansı bir material alınmamışdır. Bu səbəbdən hər-hansı öhdəliyin yaranmasından söhbət gedə bilməz. "xxxx" MMC və “Çinar Servis” İKF arasında bağlanmış müqavilənin 2.3 bəndə əsasən ödəniş “mallar” təhvil verildikdən sonra təqdim olunmuş e-qaimə əsasında müəyyənləşdirilir. Ödəmə məbləği köçürmə yolu ilə 20 (iyirmi) iş günü ərzində azərbaycan manatı ilə “icraçı”nın bank hesabına köçürülür. Əgər iddiaçı “Çinar Servis” İKF həqiqətən də iddia ərizəsində göstərilən mallar verilmişdirsə nəyə görə 20 gün ərzində “Çinar Servis” İKF pulu tələb etməmişdir. Əgər həqiqətən də 28 iyul 2021 tarixində müqavilə bağlanıldığı gündən hər-hansı bir ödəniş olmamışdırsa nəyə görə əlavə olaraq mallar verirdi. Göründüyü kimi sual doğuran məsələlər var. Həmçinin, “Çinar Servis” İKF tərəfindən məhkəməyə təqdim edilmiş hesab fakturadan görünür ki, Cəfərov M adlı şəxs guya həmin malları qəbul etmişdir. Əgər həqiqətən də Cəfərov M. adlı şəxs "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsidirsə bu barədə şirkətin direktoru tərəfindən etibarnamə verilməli idi. Cəfərov M. adlı şəxsin belə məhkəmə iclasına dəvət olunaraq şahid qismində dindirilməsi zərurəti yaranmışdır. Digər tərəfdən, 28 iyul 2021-ci il tarixli müqavilənin 1.2 “sifarişçi” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “malların” icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Belə olan halda icraçı İddiaçı İKF tərəfindən iddia ərizəsində göstərilən mallar verilmişdirsə sifarişçi tərəfindən həmin malların qəbul edilməsini və dəyərin ödənilməsinin öhdəsinə götürülməyi ilə bağlı təsdiqedici sübutlar yoxdur. Eyni zamanda 28 iyul 2021-ci il tarixli müqavilənin 4.1 bəndinə əsasən sifarişçi malları icraçıdan tərəzi sənədinə əsasən yol vərəqi və təhvil-təslim aktı əsasında təhvil alır. Göründüyü kimi malları icraçıdan yol vərəqi və təhvil təslim aktı əasasında təhvil alınması birbaşa sifarişçinin səlahiyyətindədir. “Sifarişçi” "xxxx" MMC-nin direktoru və ya səlahiyyətli nümayəndəsi həmin malları qəbul etməli idi. Həmçinin məhkəməyə təqdim edilən qərarlardan da görünür ki, tərəflər arasında eyni məzmunlu məhkəmə mübahisələri olmuşdur. Təqdim edilmiş sənədlərdən və iddiaçı tərəfin təqdim etdiyi qaimələrdən görünür ki, yalnız iddiaçı tərəf qaimələri imzalayaraq möhürlə təsdiq etmiş və cavabdeh tərəfin hər-hansı imzası və möhürü həmin sənədlərdə öz əksini tapmamışdır. İddiaçı İKF iddia edir ki, cavabdehə elektron şəkildə qaimələr göndərmişdir. Həmin qaimələr göndərilən ərəfədə "xxxx" MMC-nin mühasibi olmamışdır. Əlavə olaraq cavabdehin nümayəndəsi və vəkili qeyd etmişdir ki, nazirliklə olan alış-verişin "xxxx" MMCyə aidiyyatı yoxdur. Hər-hansı 3 tərəli müqavilə bağlayıb tərəfə söz verilməmişdir ki, digər tərəfdən pul alınıb təqdim ediləcəkdir. İddiaçı tərəf sübut etməlididir ki, malı verilmiş, lakin ödənilməmişdir. Bununla belə müqavilə şərtlərinə aid olmayan nazirliyə məktub yazmaqla borcun olub-olmaması aydınlaşdırılır. Bu məsələnin mübahisə predmetinə aiddiyyatı yoxdur. Tərəflər arasında münasibətləri tənzimləyən yeganə müqavilə 28 iyul 2021-ci il tarixli müqavilədir. Tərəflər bir yerdə işləyiblər lakin heç zaman bir-birlərinə güvənməmişlər. Elektron sistemə də yüklənilmiş sənədlərdən məlum olur ki, tərəflər arasında məhkəmə mübahisələri olmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: “Çinar Servis” İKF və "xxxx" MMC arasında imzalanmış 28 iyul 2021 tarixli CS-110/21 saylı alğı-satqı müqaviləsinə əsasən sifariş olunmuş mal (maye oksigen) yazılı sifarişdən sonra 24 saat ərzində “sifarişçi”yə məxsus olan avadanlıqda “sifarişçi”yə təhvil verilir. Malların texniki şərtləri və spesifikasiyaları müqaviləyə əlavə olunmuş tərəflər arasında “qiymətlərin razılaşdırılması protokolu”nda göstərilmişdir. 1.2 “sifarişçi” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “malların” icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 1.3 müqavilə tərəflərin razılığı əsasında 100 ton üçün bağlanmışdır. 2.3 bəndə əsasən ödəniş “mallar” təhvil verildikdən sonra təqdim olunmuş e-qaimə əsasında müəyyənləşdirilir. Ödəmə məbləği köçürmə yolu ilə 20 (iyirmi) iş günü ərzində azərbaycan manatı ilə “icraçı”nın bank hesabına köçürülür. 3.1 bu müəyyən edilmiş “mallar”ın “sifariçi”nin mülkiyyətinə vermək üçün tərəzi sənədinə əsasən hər dəfə yol vərəqi və təhvil-təslim aktı “sifarişçi” ilə qarşılıqlı təsdiq edilir. 28 iyul 2021 tarixli CS-110/21 saylı müqavilənin qiymətlərin razılaşdırılması protokolunda 1000 ton maye oksigenin 1 m3 üçün qiymət 250.000 manat tərəflər arasında razılaşdırılmışdır. 01436 nömrəli xx.xx.2022 tarixli Bakı “4” saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş arayışdan məlum olur ki, “Çinar Servis” İKF tərəfindən 400 manat mediasiya xərci ödənilmişdir. 28-xx.xx.2021 tarixləri üzrə ümumilikdə 9.546,2 manat, 01-xx.xx.2021 tarixləri üzrə 104.494,90 manat, 01-xx.xx.2021 tarixləri üzrə 92.547,4 manat İddiaçı İKF tərəfindən yerinə yetirilmiş işlərin təhvil-qəbulu ilə bağlı aktlar tərtib edilmiş, həmin aktlar İddiaçı İKF tərəfindən təsdiq edilmişdir. EBBJ seriyalı 629004 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 9.546,2 manat, EBBJ seriyalı 629107 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 104.494,90 manat, EBBL seriyalı 413050 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 139838,85 manat, EBBL seriyalı 792612 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 92.547,4 manat İddiaçı İKF tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmiş, elektron qaimədə İddiaçı İKF-yə məxsus möhür qeyd edilmiş, baş mühasib Hüseynov, müəssisə rəhbəri Sadıqov qeyd edilməklə imzalanmışdır. xx.xx.2022 tarixli 002XOH********** nömrəli ödəniş tapşırığına əsasən 1.250 manat İddiaçı İKF tərəfindən X3 məxsus bank hesabına köçürülmüşdür. Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Tibb Məkəzi tərəfindən İddiaçı MMC-yə verdiyi 09 iyun 2022 tarixli xx/xx-0038 nömrəli cavab məktubunda Tibb Mərkəzinin "xxxx" şirkətinə borcu olmadığı bildirilmişdir. xx.xx.2022 tarixli ödəniş qəbzinə əsasən 237 manat dövlət rüsumu İddiaçı İKF tərəfindən ödənilmişdir. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gərlilər Baş İdarəsi tərəfindən İddiaçı İKF-yə göndərilmiş xx.xx.2022 tarixli **********592100 nömrəli cavab məktubunda İddiaçı İKF tərəfindən "xxxx" MMC-yə xx.xx.2021 tarixli EBBJ 629004, EBBJ 629007 nömrəli, xx.xx.2021 tarixli EBBL 413050 və xx.xx.2021 tarixli EBBL 792612 nömrəli e-qaimə fakturalar təqdim edilmişdir. Eyni zamanda uçot baza məlumatlarına əsasən xx.xx.2022 tarixinə qeyd olunan e-qaimə fakturaların ləğv edilmədiyi müəyyən edilmişdir. xx.xx.2021 tarixli qarşılıqlı borcların üzləşdirmə aktında "xxxx" MMC-nin İddiaçı İKFyə ümumilikdə 346.427,35 manat məbləğində borcu olduğu qeyd edilmiş, akt birtərəfli qaydada İddiaçı İKF tərəfindən təsdiq edilmişdir. İddiaçı İKF tərəfindən təqdim edilmiş müxtəlif tarixlərdə olan yol vərəqələrindən məlum olur ki, müxtəlif həcmdə maye oksigenlər "xxxx" MMC alıcı qeyd edilməklə birincinin anbarına yola salınmışdır. Yol vərəqələri "xxxx" MMC tərəfindən təsdiq edilməmiş, Cəfərov.M.İ adlı şəxsin "xxxx" MMC adına malları qəbul etməsi qeyd edilmişdir. İşin halları ondan ibarətdir ki, iddiaçı alğı-satqı müqaviləsi üzrə cavabdehə təhvil verilmiş malların dəyərinin ödənilməsini xahiş etmişdir. Cavabdeh malların təhvil verilmədiyini, yol vərəqələrini imzalayan şəxsin şirkətin əməkdaşı olmadığını, e-qaimələrin təsdiqinin isə həmin dövrdə mühasib olmadığından baş verdiyini bildirərək iddianı mübahisələndirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən tələb olunan məbləğ üzrə cavabdehə ünvanlanmış elektron qaimələrin ikisi sistem, digər ikisi cavabdehin özü tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, ilk növbədə malların cavabdehə təhvil-verilib verilməməsi müəyyən edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Konstitisiya Məhkəməsinin mövqeyinə görə ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir ki, bu hal ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron qaimələrlə bağlıdır. İşin hallarından göründüyü kimi iki elektron qaimə cavabadeh tərəfindən təsdiqlənmişdir. Bununla da cavabdeh iddiaçının ödənişlə bağlı təqdim etdiyi qaiməni təsdiqləyərək, öz iradə ifadəsini əks etdirmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3 bəndinə əsasən ödəniş “mallar” təhvil verildikdən sonra təqdim olunmuş e-qaimə əsasında müəyyənləşdirilir. Ödəmə məbləği köçürmə yolu ilə 20 (iyirmi) iş günü ərzində azərbaycan manatı ilə “icraçı”nın bank hesabına köçürülür. Müqavilənin bu şərtinə əsasən cavabdeh təhvil verilmiş malın təqdim olunmuş eqaimə əsasında ödənişini həyata keçirməlidir ki, cavabdeh tərəfindən e-qaimənin təsdiqi malın təhvil alınmasının göstəricisi və ödəmə məbləği ilə razılığının ifadəsidir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1 bəndinə əsasən “mallar”ın “sifariçi”nin mülkiyyətinə vermək üçün tərəzi sənədinə əsasən hər dəfə yol vərəqinin və təhvil-təslim aktının “sifarişçi” ilə qarşılıqlı təsdiq edilməsi müəyyən edilmişdir. Tərəflər arasında işgüzar münasibətlərin hansı qaydada həyata keçirildiyi aydınlaşdırdıqda yuxarıda qeyd edilən hallardan göründüyü kimi təsdiq edilmiş qaimələr üzrə də qarşılıqlı təsdiq edilmiş təhvil-təslim aktının olması öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, müqavilə tərəfləri arasındakı mübahisələrin həlli zamanı müqavilə şərtləri hərfi mənada təfsir edilməməli, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış təcrübə, işgüzar adətlər, tərəflərin müqavilə bağladıqdan sonrakı hərəkətləri nəzərə alınmalıdır. Göründüyü kimi müqavilədə malların təhvil verilməsinin məhz təhvil-təslim aktları əsasında rəsmiləşdirilməsi nəzərdə tutulsa da tərəflərin işgüzar adətlərində buna əməl edilməməsi, qarşılıqlı münasibətlərinin bu şəkildə olmaması müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yaranması iş materialları ilə sübuta yetirildiyindən iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, 346.427,35 (üç yüz qırx altı min dörd yüz iyirmi yeddi manat otuz beş qəpik) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat mediasiya xərci və 237 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, vəkilə ödənilmiş 1250 (bir min iki yüz əlli) manat iş materialları ilə öz təsdiqini tapdığından, eyni zamanda iddia tələbi tam təmin edildiyindən 1.250 manat xərc də cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-dən 346.427,35 (üç yüz qırx altı min dörd yüz iyirmi yeddi manat otuz beş qəpik) manat, 400 manat mediasiya xərci, 237 manat dövlət rüsumu hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1250 (bir min iki yüz əlli) manat İddiaçı İKF-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar