Məhkəmə qərarları › İş №e-2-2(113)-411/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-411/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-411/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “lizinq obyektinin saz və işlək vəziyyətdə qaytarılması, pul, müqavilənin ləğvi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, girov müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “lizinq obyektinin saz və işlək vəziyyətdə qaytarılması, pul, müqavilənin ləğvi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonracavabdeh) qarşı “lizinq obyektinin saz və işlək vəziyyətdə qaytarılması, pul, müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTAKTT-21/5393 saylı X3 Müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 153646 manat gecikdirilmiş əsas borc, 732,17 manat gecikdirilmiş günlərə görə cərimə borc, 60,071.06 AZN komissiya məbləği üzrə borc, 7856,26 manat sığorta ödənişi üzrə borc olmaqla, ümumilikdə, 222305,49 manat borc məbləğinin; xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı X3 Müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 76094,40 manat gecikdirilmiş əsas borc, 1718,86 manat gecikdirilmiş günlərə görə cərimə borcu, 67492,28 manat komissiya məbləği üzrə borc, 5394,72 manat sığorta ödənişi üzrə borc olmaqla, ümumilikdə, 150763,26 manat borc məbləğinin və 663,10 manat (altı yüz altmış üç manat on qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutulması, müvafiq müqavilələr üzrə borc məbləğinə dair tutmanın xx.xx.2021-ci tarixli, GM-21/0001-2 saylı girov müqaviləsi ilə girov qoyulmuş predmetlərə yönləndirilməsi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTAKTT-21/5393 saylı, xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı X3 Müqavilələrinə xitam verilməsi və müvafiq olaraq 1 dəst Tecnofrutto/Wenta markalı meyvə qurutma avadanlığı və 1 ədəd Unitec markalı çeşidləmə avadanlığının saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/5393 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3” müqaviləsinə əsasən 1 dəst Tecnofrutto/Wenta markalı meyvə qurutma avadanlığı, xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3” Müqaviləsinə əsasən 1 ədəd Unitec markalı çeşidləmə avadanlığı 60 ay müddətinə cavabdehə lizinqə verilmişdir. Qeyd olunan avadanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/5393 saylı müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti ******* manat təşkil etmişdir. Həmin məbləğin 505220 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 261875 manat məbləğində ilkin ödəniş və 13093,75 manat müqavilənin rəsmiləşdirmə komissiyası, xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 899120 manat təşkil etmişdir. Həmin məbləğin 338823 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 179825 manat məbləğində ilkin ödəniş və 8991,20 manat müqavilənin rəsmiləşdirmə komissiyası iddiaçıya ödənilmişdir. Lizinq müqavilələrinin predmetini təşkil edən avadanlıqlar cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2024-cü il tarixinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 153646 AZN, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 76094,40 AZN gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilələrin 11.3cü bəndinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2024-cü il tarixinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 732,17 AZN, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1781,86 AZN cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli, PLM-24/0256, PLM-24/0258 nömrəli pretenziya məktubları ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh MMC İddiaçı ASC qarşısında: xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/5393 saylı X3 Müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 153646 AZN gecikdirilmiş əsas borc, 732,17 AZN gecikdirilmiş günlərə görə cərimə borcu, 60071,06 AZN komissiya məbləği üzrə borc, 7856,26 AZN sığorta ödənişi üzrə borc olmaqla, ümumilikdə, 222305,49 AZN öhdəliyi; xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı X3 Müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 76,094.40 AZN gecikdirilmiş əsas borc, 1718,86 AZN gecikdirilmiş günlərə görə cərimə borc, 67492,28 AZN komissiya məbləği üzrə borc, 5394,72 AZN sığorta ödənişi üzrə borc olmaqla, ümumilikdə, 150763,26 AZN öhdəliyi var. xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/5393 saylı və xx.xx.2021-ci il tarixli, KTA-KTT21/6258 saylı müqavilələr üzrə öhdəliklərin təminatı məqsədilə xx.xx.2021-ci tarixli, GM-21/0001-2 saylı girov müqaviləsi bağlanmışdır. Beləliklə, cavabdeh öhdəliyi vaxtında icra etməməklə AR Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək xx.xx.2021-ci il tarixli, KTA KTT-21/5393 saylı X3 Müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə qədər 162165,55 (bir yüz altmış iki min yüz altmış beş manat əlli beş qəpik) AZN gecikdirilmiş əsas borc, 7227,59 (yeddi min iki yüz iyirmi yeddi manat əlli doqquz qəpik) AZN gecikdirilmiş günlərə görə cərimə borc, 60071,76 (altmış min yetmiş bir manat yetmiş altı qəpik) AZN komissiya (Mülki Məcəllə 748-11.1.2-ci maddə: lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər) məbləği üzrə borc, 11784,39 (on bir min yeddi yüz səksən dörd manat otuz doqquz qəpik) AZN sığorta ödənişi üzrə borc olmaqla, ümumilikdə, 241249,29 (iki yüz qırx bir min iki yüz qırx doqquz manat iyirmim doqquz qəpik) AZN borc məbləğinin; xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı X3 Müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə qədər 134003,75 (bir yüz otuz dörd min üç manat yetmiş beş qəpik) AZN gecikdirilmiş əsas borc, 19777,74 (on doqquz min yeddi yüz yetmiş yeddi manat yetmiş dörd qəpik) gecikdirilmiş günlərə görə cərimə borc, 67492,28 (altmış yeddi min dörd yüz doxsan iki manat iyirmi səkkiz qəpik) AZN komissiya (Mülki Məcəllə 748-11.1.2-ci maddə : lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər) məbləği üzrə borc, 8092,08 (səkkiz min doxsan iki manat 08 qəpik) AZN sığorta ödənişi üzrə borc olmaqla, ümumilikdə, 229365,85 (iki yüz iyirmi doqquz min üç yüz altmış beş manat səksən beş qəpik) AZN borc məbləğinin və 663.10 AZN (altı yüz altmış üç manat on qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutulması, müvafiq müqavilələr üzrə borc məbləğinə dair tutmanın xx.xx.2021-ci tarixli, GM-21/0001-2 saylı Girov müqaviləsinin ilə girov qoyulmuş predmetlərə yönləndirilməsi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/5393 saylı, xx.xx.2021-ci il tarixli, KTA-KTT- 21/6258 saylı X3 Müqavilələrinə xitam verilməsi və müvafiq olaraq 1 dəst Tecnofrutto/Wenta markalı meyvə qurutma avadanlığı və 1 ədəd Unitec markalı çeşidləmə avadanlığının saz və işlək vəziyyətdə geri qaytarılması və əlavə olaraq ödənilmiş 383 manat dövlət rüsumunun da cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi V.Atalızadə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qismən, əsas borcun tutulması hissəsində qəbul etdiklərini, iddianın qalan hissədə əsassız olduğunu göstərib iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/5393 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3” Müqaviləsinin 1.1-ci bəndinə görə lizinq verən lizinq alan tərəfindən seçilmiş və Balakən rayonu, Katex kəndində quraşdırılan meyvəqurutma avadanlıqlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

8. Müqavilənin 2.2-ci bəndinə görə lizinq ödənişlərinin ümumi məbləği 917657,49 manat təşkil edir.

9. Müqavilənin 2.3-ü bəndinə görə avans məbləği 261875 manat, lizinq obyektinin qalıq dəyəri 542280 manat, mükafat məbləği 96480,61 manat, sığorta haqqı 3928,13 manat (birinci il üçün), müqavilənin rəsmiləşdirmə komissiyası isə 13093,75 manat təşkil edir.

10. Müqavilənin 3.2-ci bəndinə görə lizinqin müddəti 60 aydır.

11. Müqavilənin 3.5-ci bəndinə görə lizinq verən tərəfindən “istehsalçı” və ya “təchizatçı”ya ödənilmiş avans məbləğinin arasındakı fərq yarandığı gündən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən güzəşt məbləğin və maliyyələşən məbləğin ayrılması və ya imtina olunması tarixinədək hər bir ay üçün əlavə 1,5% komissiya lizinq alan tərəfindən lizinq verənə ödənilməlidir.

12. xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/5393 nömrəli X3 müqaviləsinə 1 nömrəli əlavə ilə lizinq müqaviləsi üzrə təhvil veriləcək avadanlıqların siyahısı göstərilmişdir.

13. xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/5393 nömrəli X3 müqaviləsinə 2 nömrəli əlavə ilə lizinq müqaviləsi üzrə ödənişlərin tarixləri, aylıq ödənişlər və qalıq məbləğləri razılaşdırılmışdır.

14. İddiaçı (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3” Müqaviləsinin 1.1-ci bəndinə görə lizinq verən lizinq alan tərəfindən seçilmiş və Balakən rayonu, Katex kəndində quraşdırılan çeşidləmə avadanlığını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

15. Müqavilənin 2.2-ci bəndinə görə lizinq ödənişlərinin ümumi məbləği 639677,87 manat təşkil edir.

16. Müqavilənin 2.3-cü bəndinə görə avans məbləği 179825 manat, lizinq obyektinin qalıq dəyəri 380472 manat, mükafat məbləği 67692,31 manat, sığorta haqqı (birinci il üçün) 2697,36 manat, müqavilənin rəsmiləşdirmə komissiyası isə 8991,20 manat təşkil edir.

17. Müqavilənin 3.2-ci bəndinə görə lizinqin müddəti 60 aydır.

18. Müqavilənin 3.5-ci bəndinə görə lizinq verən tərəfindən “istehsalçı” və ya “təchizatçı”ya ödənilmiş avans məbləğinin arasındakı fərq yarandığı gündən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən güzəşt məbləğin və maliyyələşən məbləğin ayrılması və ya imtina olunması tarixinədək hər bir ay üçün əlavə 1,5% komissiya lizinq alan tərəfindən lizinq verənə ödənilməlidir.

19. xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 nömrəli X3 müqaviləsinə 1 nömrəli əlavə ilə lizinq müqaviləsi üzrə təhvil veriləcək xurma çeşidləmə avadanlığının tərkib hissələri razılaşdırılmışdır.

20. xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 nömrəli X3 müqaviləsinə 2 nömrəli əlavə ilə lizinq müqaviləsi üzrə ödənişlərin tarixləri, aylıq ödənişlər və qalıq məbləğləri razılaşdırılmışdır.

21. 24.07.2021-ci il tarixli təhvil-təslim aktına görə xx.xx.2021-ci il tarixli, KTA-KTT- 21/5393 nömrəli X3 müqaviləsi əsasında 22 adda avadanlıq lizinq alana təhvil verilmişdir.

22. İddiaçı tərəfindən təqdim olunmuş cavabdehə məxsus hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən hər iki müqavilə üzrə sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə edilmişdir.

23. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli EBBH 672578 nömrəli 1326396,88 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBN 377652 nömrəli 910808,56 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC 963005 nömrəli 3000 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC 962783 nömrəli 5000 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/744 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/5393 saylı X3 müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas borc 153646 manat təşkil edir. İş materiallarında İddiaçı ASC tərəfindən Cavabdeh MMCyə hesablanmış komissiya məbləği üzrə maliyyə arayışı məlumatlarına əsasən (c.i.v.95) alqı-satqı müqaviləsi üzrə qeyd edilən ödənişlər barədə məlumatlar olmadığından hazırki tədqiqatla cavabdehə komissiya məbləği hesablamaq mümkün olmadı. xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı X3 müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas borc 76094,40 manat təşkil edir. İş materiallarında İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə hesablanmış komissiya məbləği üzrə maliyyə arayışı məlumatlarına əsasən (c.i.v.94) alqı-satqı müqaviləsi üzrə qeyd edilən ödənişlər barədə məlumatlar olmadığından hazırki tədqiqatla cavabdehə komissiya məbləği hesablamaq mümkün olmadı.

25. Azərbaycan Respublikası Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən quru və yarımquru meyvələrin istehsalı avadanlığı İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.

26. 11.08.2023-cü il tarixli ödəniş tapşırığına görə İddiaçı ASC tərəfindən "xxxx" ASC-yə 3298,13 manat məbləğində ödəniş edilmişdir.

27. 24.09.2021-ci il tarixli ödəniş tapşırığına görə İddiaçı ASC tərəfindən "xxxx" ASCyə 9670,52 manat məbləğində ödəniş edilmişdir.

28. İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh MMC rasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTA-KTT-20/0001-İ-43 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3” Müqaviləsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikasını/aqreqatını/qoşqusunu öz mülkiyyətinə əldə etməyi, lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu ilkin müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

29. İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/0001-İ-9 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3” Müqaviləsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikasını/aqreqatını/qoşqusunu öz mülkiyyətinə əldə etməyi, lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu ilkin müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

30. Prior Leasing” ASC (lizinq verən) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GM-21/0001-2 nömrəli girov müqaviləsinə görə girov qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı xx.xx.2021-ci il tarixli, KTA-KTT-20/0001-İ- 43 və xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/0001-İ-9 nömrəli X3 müqaviləsi barədə ilkin lizinq müqaviləsi qarşısında öhədliklərinin icrasının təmin edilməsi üsulu kimi girova verərək İddiaçı ASC-nin xeyrinə yüklü edir.

31. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

32. Məhkəmə iddianı lizinq müqavilələri üzrə yaranmış əsas borcların tələb edilməsi hissəsində əsaslı hesab edir.

33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

34. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

35. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

36. 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.

37. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

38. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, KTAKTT-21/5393 saylı və xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı lizinq müqavilələri bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektlərini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir.

39. Lizinq müqavilələri üzrə tələb edilən əsas borcların məbləğləri ekspert rəyi ilə öz təsdiqini tapmış, daha sonra iddia tələbinin həcmi iddiaçı tərəfindən artırılmış, məhkəmə icraatı dövründə lizinq müqavilələri üzrə hər hansı ödənişlərin edilmədiyi işin mübahisəsiz halı kimi müəyyən edilmişdir.

40. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcların tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli, KTAKTT-21/5393 saylı X3 Müqaviləsi üzrə 162165,55 manat əsas borc, xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı X3 Müqaviləsi üzrə 134003,75 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

41. İddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə 7227,59 manat, xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı müqavilə üzrə 19777,74 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

42. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

43. Məhkəmə hesab edir ki, cavabdehin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

44. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

45. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə xx.xx.2021-ci il tarixli müqavilə üzrə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı müqavilə üzrə 6700 manat müəyyən edilməlidir.

46. Məhkəmə iddianı lizinq obyektlərinin sığortalanması ilə bağlı ödənilmiş vəsaitlərin cavabdehdən tutulması hissəsində də qismən əsaslı hesab edir.

47. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinə əsasən (müqavilələrin 12.1-ci bəndi) lizinq obyektləri lizinq verən tərəfindən sığortalanır və bununla bağlı yaranmış xərclər və sığorta haqqı lizinq alan tərəfindən lizinq verənə ödənilməlidir.

48. İddiaçı iddia ərizəsində xx.xx.2021-ci il tarixli müqavilə üzrə 11784,39 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 8092,08 manat ödənilməsini tələb etsə də, iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən sığortaçı "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 9670,52 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3928,13 manat vəsait ödənilmişdir.

49. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 9670,52 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3928,13 manat sığorta ödənişi üzrə xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

50. Məhkəmə iddia tələbini lizinq müqavilələrinin ləğv edilməsi və lizinq obyektlərinin cavabdehdən geri alınmasına dair hissəsi ilə də razılaşır və belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.

51. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

52. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

53. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

54. Materiallardan görünür ki, lizinq müqavilələri üzrə cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilmədiyi üçün iddiaçı xx.xx.2024-cü il tarixdə ona xəbərdarlıqlar göndərib müqavilələri birtərəfli qaydada ləğv etdiyini bildirib, yaranmış borcun ödənilməsini və lizinq predmetlərinin geri qaytarılmasını tələb etmişdir.

55. Məhkəmə araşdırması zamanı cavabdehin lizinq müqavilələri üzrə öz öhdəliklərini lazımınca icra etməməsi, lizinq müqavilələri üzrə xx.xx.2024-cü il tarixdən hər hansı ödəniş etməməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, lizinq müqavilələri ləğv edilmiş hesab edilməli, 1 dəst Tecnofrutto/Wenta markalı meyvə qurutma avadanlığı və 1 ədəd Unitec markalı çeşidləmə avadanlığı saz və işlək vəziyyətdə cavabdehdən geri alınaraq iddiaçıya qaytarılmalıdır.

56. Məhkəmə iddianı lizinq müqavilələri üzrə borc məbləğlərinə dair tutmanın xx.xx.2021-ci il tarixli girov müqaviləsi ilə girov qoyulmuş predmetlərə yönəldilməsi hissəsində də əsaslı hesab edir.

57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

58. Məhkəmə araşdırması zamanı lizinq müqavilələri üzrə öhdəliklərin lizinq alan cavabdeh tərəfindən pozulması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddiaçı lizinq müqavilələri üzrə öhdəliklərin təminatı kimi göstərilmiş girov predmetlərinə tutma yönəldilməsini tələb etməklə haqlıdır.

59. Bundan əlavə iddiaçı sözügedən lizinq müqavilələri üzrə Azərbaycan Respubliası Mülki Məcəlləsinin 748-11.1.2-ci maddəsinə əsasən hesablanmış komissiya məbləğlərinin cavabdehdən tutulmasını tələb etmişdir.

60. İddiaçı iddia ərizəsində lizinq obyektlərinin əldə edilməsi ilə bağlı zəruri xərcləri tələb etsə də, həmin xərcləri təsdiq edən ümumiyyətlə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

61. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748- 11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri.

62. Həmin Məcəllənin 748-11.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır.

63. İddiaçı tərəfindən məhkəməyə həmin xərci təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

64. Məhkəmə iclasında iddiaçının nümayəndəsi V.Atalızadə lizinq obyektlərinin alışı ilə bağlı çəkilmiş xərclərin iddiaçı tərəfindən başqa qaydada dəyərləndirildiyi təqdirdə daha çox gəlir əldə edə biləcəyini, tələb edilən komissiya məbləğlərinin iddiaçının əldən çıxmış faydası olduğunu göstərmişdir.

65. Məhkəmə iddiaçının həmin dəlilinə cavab olaraq bildirir ki, iddiaçı cavabdehin vurduğu zərərlə əlaqədar olaraq ona əldən çıxmış fayda şəklində zərər dəydiyini bildirsə də, göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, həmin qazancın əldə edilməsi ilə bağlı aparılmış hazırlıq işləri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

66. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

67. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

68. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 60071,76 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 67492,28 manat komissiya tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.

69. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, KTAKTT-21/5393 saylı X3 Müqaviləsinə əsasən 162165,55 AZN əsas borc, 7227,59 AZN cərimə borcu, 9670,52 AZN sığorta ödənişi üzrə borc; xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı X3 Müqaviləsinə əsasən 134003,75 AZN əsas borc, 6700 AZN cərimə borcu, 3928,13 AZN sığorta ödənişi üzrə borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, tələb xx.xx.2021-ci tarixli, GM-21/0001-2 saylı girov müqaviləsi ilə girov qoyulmuş predmetlər olan 1 ədəd buxarlandırıcı və kondensatorlu soyuducu evaporato, 2 ədəd SS gigiyenik konveyer kəməri 10MTR,S (Jenerings.Com), 2 ədəd SS gigiyenik konveyer kəməri 5MTR,S (Jenerings.Com), 1 ədəd qablaşdırma və bükmə avadanlığı (FAM), 2 ədəd meyvə doğrama avadanlığı BCM-1650 (Jegerings), 1 ədəd paketləmə avadanlığı (VH) qurudulmuş meyvələr üçün, 1 ədəd qab yuyan maşın (tutumların yuyulması üçün) Xucla, 1 ədəd xurma əzən aparat 4kw 2800d/dəq (zeyem), 1 ədəd doypak avadanlığı DPM-8BT (Agricultura-ALFA PACK), 1 ədəd -25C rejimli soyuducu anbarın tikinti quraşdırma, 1 ədəd soyuducu anbarlarda metal konstruksiyalı yığılma rəflər, 4 ədəd SUS nəmləndirici qurutma maşını 4000*1500*2700, 4 ədəd uzaqdan idarə paneli M/T, 1 ədəd generator seti 825 kVa750 və 1250 KVA SERVO REGULATOR, 20 ədəd Pilinq maşını (soyma maşın), 185 ədəd uretan qurutma dayağı 4200*12500*2700, 2 ədəd nəmişlik ölçü cihazı və 1 ədəd transpalet tərəzili “Hochkraft” 2000kq universal-a yönəldilməli, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı müqavilələr ləğv edilmiş hesab edilməli, 1 dəst Tecnofrutto/Wenta markalı meyvə qurutma avadanlığı və 1 ədəd Unitec markalı çeşidləmə avadanlığı saz və işlək vəziyyətdə cavabdehdən geri alınaraq iddiaçıya geri qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

71. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 613,70 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 49,40 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

72. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

73. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

74. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli, KTA KTT-21/5393 saylı X3 Müqaviləsinə əsasən 162165,55 manat əsas borc, 7227,59 manat cərimə borcu, 9670,52 manat sığorta ödənişi üzrə borc; xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı X3 Müqaviləsinə əsasən 134003,75 manat əsas borc, 6700 manat cərimə borcu, 3928,13 manat sığorta ödənişi üzrə borc, 613,70 manat dövlət rüsumu, ümumilikdə 324309,24 (üç yüz iyirmi dörd min üç yüz doqquz manat iyirmi dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. Tələb xx.xx.2021-ci tarixli, GM-21/0001-2 saylı Girov müqaviləsi ilə girov qoyulmuş: 1 ədəd buxarlandırıcı və kondensatorlu soyuducu evaporato, 2 ədəd SS gigiyenik konveyer kəməri 10MTR,S (Jenerings.Com), 2 ədəd SS gigiyenik konveyer kəməri 5MTR,S (Jenerings.Com), 1 ədəd qablaşdırma və bükmə avadanlığı (FAM), 2 ədəd meyvə doğrama avadanlığı BCM-1650 (Jegerings), 1 ədəd paketləmə avadanlığı (VH) qurudulmuş meyvələr üçün, 1 ədəd qab yuyan maşın (tutumların yuyulması üçün) Xucla, 1 ədəd xurma əzən aparat 4kw 2800d/dəq (Zeyem), 1 ədəd doypak avadanlığı DPM-8BT (Agricultura-ALFA PACK), 1 ədəd -25C rejimli soyuducu anbarın tikinti quraşdırma, 1 ədəd soyuducu anbarlarda metal konstruksiyalı yığılma rəflər, 4 ədəd SUS nəmləndirici qurutma maşını 4000*1500*2700, 4 ədəd uzaqdan idarə paneli M/T, 1 ədəd generator seti 825 kVa750 və 1250 KVA SERVO REGULATOR, 20 ədəd Pilinq maşını (soyma maşın), 185 ədəd uretan qurutma dayağı 4200*12500*2700, 2 ədəd nəmişlik ölçü cihazı və 1 ədəd transpalet tərəzili “Hochkraft” 2000kq universal-a yönəldilsin. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/5393 saylı, xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı X3 Müqavilələri ləğv edilmiş hesab edilsin. Cavabdeh MMC-dən 1 dəst Tecnofrutto/Wenta markalı meyvə qurutma avadanlığı və 1 ədəd Unitec markalı çeşidləmə avadanlığı saz və işlək vəziyyətdə geri alınaraq İddiaçı ASC-yə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 49,40 (qırx doqquz manat qırx qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar