Məhkəmə qərarları › İş №e-2-2(113)-412/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-412/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-412/2021 07.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı sığorta ödənişi məbləğinin ödənilməsi tələbinə dair ilkin, “xxxx” ASC-nin İddiaçı MMC-yə qarşı sığorta şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh “xxxx” ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli Pİ0171/20 saylı yanğın və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə və xx.xx.2020-ci il tarixli Pİ0192/20 saylı yanğın və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə əsasən İddiaçı MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 132 ünvanında yerləşən “Ferrini” geyim mağazasının anbarında subasma hadisəsi nəticəsində geyim mallarına dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə şərtsiz azadolma məbləğini nəzərə alaraq sığorta haqqı olan 175.400,40 manat məbləğində sığorta müqaviləsində müəyyən olunmuş pul vəsaitinin, 8.594,61 manat məbləğində dəbbə pulunun, həmçinin 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 184.025,01 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” ASC-dən İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “xxxx” ASC arasında əldə edilmiş razılaşma əsasında xx.xx.2020-ci il tarixli Pİ0171/20 saylı yanğın və digər əlavə risklərdən sığortası haqqında A000610 nömrəli sığorta şəhədatnaməsi alınmışdır. Həmin sığorta şəhadətnaməsinin 1 saylı qoşmasına əsasən, cavabdeh “xxxx” ASC 2.955 ədəd geyim mallarını 336.388 manat məbləğində dəyərləndirmiş və sığorta təminatı vermişdir. İddiaçı MMC 336388 manat məbləğində dəyərləndirmiş geyim mallarının sığorta təminatı müqabilində cavabdehə 1.177,36 manat məbləğində sığorta haqqı ödəmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli Pİ0171/20 saylı yanğın və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə əsasən xx.xx.2020-ci il saat 00:00-dan xx.xx.2021-ci il saat 23:59-dək iddiaçıya məxsus olan geyim mallarını sığortalamışdır. Eyni zamanda İddiaçı MMC ilə cavabdeh “xxxx” ASC arasında digər malların da sığortalanması barədə razılıq əldə edilərək xx.xx.2020-ci il tarixli Pİ0192/20 saylı yanğın və digər əlavə risklərdən sığortası haqqında A000684 nömrəli sığorta şəhədatnaməsi alınmışdır. Həmin sığorta şəhadətnaməsinin 1 saylı qoşmasına əsasən, cavabdeh “xxxx” ASC 886 ədəd geyim mallarını 52072,00 manat məbləğində dəyərləndirmiş və sığorta təminatı vermişdir. İddiaçı MMC 52072 manat məbləğində dəyərləndirmiş geyim mallarının sığorta təminatı müqabilində cavabdehə 182,25 manat məbləğində sığorta haqqı ödəmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli Pİ0192/20 saylı yanğın və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə əsasən xx.xx.2020-ci il saat 00:00-dan xx.xx.2021-ci il saat 23:59-dək iddiaçı məxsus olan geyim mallarını sığortalamışdır. Məhkəmənin diqqətinə çatdırmaq istərirlər ki, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 132 ünvanında yerləşən anbarına subasma hadisəsi olmuşdur. Bu hadisə iddiaçıya xx.xx.2020-ci il tarixdə məlum olmuşdur və bu barədə dərhal cavabdehə və “xxxx” ASC-yə məlumat verilmişdir. Cavabdeh “xxxx” ASCnin nümayəndələri hadisə yerinə gəlmiş, baxış keçirmiş, foto və video görüntüləri çəkdikdən sonra getmişdirlər. Cavabdeh tərəfindən aparılmış qeyd nəticəsində məlum olmuşdur ki, subasma nəticəsində xx.xx.2020-ci il tarixli Pİ0171/20 saylı yanğın və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə əsasən sığortalanmış 2955 ədəd geyim mallarından ümumi dəyəri 153.900 manat təşkil edən 1387 ədədi tamamilə yarasız hala düşmüşdür. Həmçinin baş vermiş hadisə nəticəsində xx.xx.2020-ci il tarixli Pİ0192/20 saylı yanğın və digər əlavə risklərdən sığortası şəhədatnaməsinə əsasən sığortalanmış 886 ədəd geyim mallarından ümumi dəyəri 30732,00 manat təşkil edən 502 ədədi tamamilə yararsız hala düşmüşdür. Hadisə yerinə gəlmiş “xxxx” ASC-nin əməkdaşları tərəfindən su axınının qarşısı alınmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə 35 saylı MKİS əməkdaşlarını dəvət etmişdir. Onlar tərəfindən hadisə yerinə baxış keçirilmiş və akt tərtib edilmişdir. Aktda qeyd edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 132 ünvanında yerləşən anbara baxış keçirilmiş və xx.xx.2020-ci il tarixdə binanın ümumi su xəttinin partlaması nəticəsində 31 m -dək olan anbarda saxlanılan geyim mallarının tamamilə suya batması faktı təsdiq edilmişdir. Bundan sonra cavabdeh xx.xx.2020-ci il tarixdə Nərimanov rayon polis idarəsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 132 ünvanında yerləşən mağazada baş vermiş subasma hadisəsinin kənar müdaxilənin təsiri nəticəsində qəsdən törədilib-törədilməməsi və təqdim olunan qaimələrin saxtakarlıqla tərtib olunub-olunmaması ilə bağlı araşdırmanın aparılmasını və hüquqi qiymət verilməsini xahiş etmişdir. Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Orxan Məmmədov tərəfindən məhkəmə-trassoloji ekspertizası təyin edilmişdir. Məhkəmətrassoloji ekspertizanın 3/1109 saylı rəyi əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 132 ünvanında yerləşən “Ferrini” geyim mağazasının zirzəmisində yerləşən metal su borunun səthində kənar müdaxilə və kənar predmetin təsirindən yarana bilən zədə və iz aşkar edilməmişdir. Bundan başqa təqdim edilmiş borunun səthində taxta materialdan “çüy” vurulmuş dəliyin korroziyaya uğraması nəticəsində yaranması istisna edilmir. Həmçinin təhqiqat zamanı iddiaçı tərəfindən təqdim edilmiş qaimələrin həqiqiliyi təsdiq edilmişdir. Bununla da Nərimanov RPİ tərəfindən xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh “xxxx” ASC sığorta ödənişindən yayınmaq üçün müstəqil ekspert X1 müraciət edərək zərər dəymiş geyimlərin zərər məbləğinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 132 ünvanında yerləşən mağazada heç bir dəfə belə olmayan müstəqil ekspert X2 zərər dəymiş geyim mallarından heç bir nümunə götürmədən, cavabdeh təşkilatın nümayəndələrinin tərtib etdiyi siyahı əsasında belə bir rəy vermişdir ki, subasma hadisəsi nəticəsində 1897 ədəd geyim mallarına zərər dəymişdir və həmin geyim mallarını kimyəvi təmizləmə yolu ilə bərpa etmək olar. Kimyəvi təmizləmə üçün isə cəmi 17872,47 manat pul vəsaiti tələb olunur. Həmin rəydə zərər dəymiş geyim mallarının ümumi dəyərinin 185.285 manat olduğu təsdiq edilmişdir. Dəymiş ziyanın 17872,47 manat məbləğində müəyyən olunması barədə iddiaçıya xx.xx.2020-ci il tarixli 1949/20 saylı məktub vermişdir. Eyni zamanda iddiaçı xx.xx.2020-ci il tarixdə pretenziya qaydasında cavabdehə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə subasma hadisəsi nəticəsində dəymiş zərərin ümumi məbləği 184.632 manat təşkil edir. Baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı İddiaçı MMC-yə dəymiş maddi ziyanın - 184.632 manat məbləğində pul vəsaitinin sığortaçı “xxxx” ASC tərəfindən 10 gün ərzində sığortalı İddiaçı MMC-yə ödənilməsi üçün müvafiq tədbirlərin keçirilməsi xahiş edilmişdir. Əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922-926, 933 və 934-ci maddələrinə və xx.xx.2020-ci il tarixli Pİ0171/20 saylı yanğın və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə və xx.xx.2020-ci il tarixli Pİ0192/20 saylı yanğın və digər əlavə risklərdən sığortası şəhədatnaməsinə əsasən dəymiş maddi ziyana görə 184.632 manat məbləğində pul vəsaitinin və məhkəmədə sığortalının mənafelərini qorumaq məqsədi ilə çəkiləcək məhkəmə xərclərinin “xxxx” ASC-dən İddiaçı MMC-nin xeyrinə tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Lakin cavabdeh pretenziyanı cavablandırmamışdır. Bundan sonra İddiaçı MMC xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhərində fəaliyyət göstərən bir sıra ixtisaslaşmış kimyəvi təmizləmə məntəqələrinə müraciət edərək zərər görmüş geyim mallarının kimyəvi təmizlənməsini xahiş etmişdir. Kimyəvi təmizləmə məntəqələrinin dördü yazılı şəkildə iddiaçıya bildirmişdir ki, təqdim edilən geyim mallarının kimyəvi təmizlənməsi mümkün deyil, həmin geyim malları istifadəyə yararsızdır. Həmçinin iddiaçı dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə qiymətləndiriciyə müraciət etmişdir. Qiymətləndirici “xxxx” MMC tərəfindən verilmiş LP-110/20 saylı xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən belə məlum olur ki, xx.xx.2020-ci il tarixdə subasma hadisəsi nəticəsində iddiaçıya dəymiş zərər 184632,00 (yüz səksən dörd min altı yüz otuz iki) manat təşkil edir. Zərərdəymiş malların bərpası mümkün deyil. Hesab edirlər ki, “xxxx” ASC-nin hazırki hadisəyə münasibətdə hərəkətləri qanunsuz və əsassızdır. Belə ki, İddiaçı MMC ilə cavabdeh “xxxx” ASC arasında əldə edilmiş razılaşma əsasında xx.xx.2020-ci il tarixli Pİ0171/20 saylı yanğın və digər əlavə risklərdən sığortası haqqında A000610 nömrəli sığorta şəhədatnaməsinə və xx.xx.2020-ci il tarixli Pİ0192/20 saylı yanğın və digər əlavə risklərdən sığortası haqqında A000684 nömrəli sığorta şəhadətnaməsinə əsasən cavabdeh iddiaçının daşınar əmlakını bütün risklərdən sığortalamışdır. Hal-hazırda cavabdehin hərəkətləri üzərinə götürdüyü öhdəliklərdən yayınma halı kimi qiymətləndirilməlidir. Cavabdehin öhdəliklərindən yayınması halı iddiaçını öz hüquqlarını məhkəmə qaydasında bərpa etmək məcburiyyəti qarşısında qoymuşdur. Bundan əlavə qanunvericiliyin tələbinə əsasən, Sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Hazırda cavabdeh 49 gündür ki, sığorta məbləğini ödəməkdən yayınır. Belə olan halda adi riyazi hesablama yolu ilə (184632-5% (şərti azad olma məbləği)*0.1%=175,40; 175,40*49=8594,61) cavabdeh gecikdirilmiş günlərə görə 8594,61 manat məbləğində dəbbə pulu ödəməlidir. Sonradan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, xx.xx.2020-ci il tarixli Pİ0171/20 saylı yanğın və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə və xx.xx.2020-ci il tarixli Pİ0192/20 saylı yanğın və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə əsasən İddiaçı MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 132 ünvanında yerləşən “Ferrini” geyim mağazasının anbarında subasma hadisəsi nəticəsində geyim mallarına dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə şərtsiz azadolma məbləğini nəzərə alaraq sığorta ödənişi olan 175.400 manat məbləğində sığorta müqaviləsində müəyyən olunmuş pul vəsaitinin, 36.483 manat məbləğində dəbbə pulunun, həmçinin 30 manat dövlət rüsumunun, ümumilikdə 211.913 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin sığorta haqqı məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsini, İddiaçı MMC ilə cavabdeh “xxxx” ASC arasında xx.xx.2020-ci il tarixli Pİ0171/20 saylı yanğın və digər əlavə risklərdən sığortası haqqında A000610 nömrəli və xx.xx.2020-ci il tarixli Pİ0192/20 saylı yanğın və digər əlavə risklərdən sığortası haqqında A000684 nömrəli sığorta şəhadətnamələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində “Ferrini” geyim mağazasının anbarında subasma hadisəsi baş vermişdir. Həmin tarixdə “xxxx” ASC-ə məlumat daxil olmuşdur. “xxxx” ASC-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və bu zaman zirzəmidə olan su borusunun keçdiyi divar xəttinin dağılmış vəziyyətdə olduğu aşkar edilmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, bütün əmlakın yanğın və əlavə risklərdən sığortalanması zamanı “daxili su riskinə münasibətdə sığorta təminatı binanın kommunikasiya boru xətlərinin istismar edildiyi müddətin 20 ildən artıq olmaması şərti ilə verilir”. Lakin məlum olmayan səbəbdən iddiaçının təkidi ilə və “xxxx” ASC-nin əməkdaşlarının məsuliyyətsizliyi üzündən həmin bənd sığorta müqaviləsindən xaric edilərək tərtib edilmişdir. “xxxx” ASC-nin əməkdaşı, Anderayting və Təkrar sığorta şöbəsinin müdiri Ziynət Qurban sığorta predmetinin 1960-cı illərdə inşa edilməsini, zirzəmidə yerləşməsini, su boru xətlərinin 20 ildən artıq müddətə istismar edilməsini əsas gətirərək həmin risklərin sığora müqaviləsinə daxil olmasını tələb etmişdir. Lakin keçmiş əməkdaşları Leyla Hüseynova vəzifə səlahiyyətindən sui-istifadə edərək, yuxarıda qeyd olunan riskləri standart müqavilə şərtlərindən çıxarmaqla imzalamışdır. Yuxarida qeyd edilənlər Leyla Hüseynovanın “Ferrini” geyim mağazasının sahibi ilə əlbir olması barədə şübhə yaradır. İlkin hadisə ilə bağlı araşdırmada, yəni sığorta hadisəsinin baş verib verməməsini müəyyənləşdirmək məqsədi ilə. Sığorta sahəsində müstəqil ekspert Əlişov R.A. tərəfindən 17.872,47 manat məbləğində dəymiş ziyan müəyyən olunmuşdur. Ekspert xx xxxxxxxx 2020-ci il tarixli təhqiqat nəticəsində qeyd etmişdir ki, subasma nəticəsində zərər görmüş geyimlər yaşayış binasının birinci mərtəbəsində yerləşən ticarət sahəsinin zirzəmisində olmuşdur. Zirzəminin hündürlüyü azdır, havalandırma yoxdur və zirzəmiyə yığıla biləcək qrunt və digər suların xaric edilməsi üçün heç bir qabaqlayıcı tədbirlər yoxdur. Zirzəmidə 20-25 ildən çox müddətdir istismar olunan və istismar müddətini başa vurmuş mühəndis-kommunikasiya xətləri vardır. Subasma nəticəsində zərər görmüş geyimlərin sayı və qiyməti barədə təqdim edilmiş qəbzlərdən göründüyü kimi, zərər görmüş geyimlərin hamısı 2016-2017-ci ilin oktyabr, noyabr və dekabr aylarında alınmış və qalıqda qalmış mallardır. Tərtib edilmiş zərər siyahısında olan malların hamısının eyni qaimələrdə olması, bar kodlarının düzgün olmaması və bir qisim malların isə qaiməsi olmadığı halda siyahıya qiymətlə daxil edilməsi o ehtimalı yaradır ki, və belə qənaətə gəlməyə əsas verir ki, göstərilən qiymətlər şişirdilib və əsas qiymət gizlədilib. Təqdim olunan qaimələrin yeni kimi görsənməsi bu ehtimalı yaradır. 2016-2017-ci ildən nəmişlik olan, havalandırması olmayan zirzəmidə qalmış geyimlərin ümumilikdə istifadəyə yararlığı da şübhə yaradır. Qalıq malların çoxunun bədən ölçülərinin böyük və kiçik olması da müşahidə olunur. Sığorta hadisəsinin baş verib verməməsini müəyyənləşdirmək məqsədi ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində “xxxx” ASC-nin İdarə Heyətinin sədri Sabir Quliyev tərəfindən İddiaçı MMC-nin rəhbərliyinə məktublar ünvanlanmışdır. Sığortalıya bildirilmişdir ki, “xxxx” ASC-nin “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” Qaydalarının 17-ci maddəsinə əsasən, sığorta hadisəsi baş verdikdə sığortalı aşağıdakı vəzifəli yerinə yetirməlidir: lazımı xilasetmə və mühafizə tədbirlərini görməlidir; sığortaçının və ya səlahiyyətli nümayəndələrin sığorta hadisəsi ilə əlaqədar zərər çəkmiş binaya və yerlərə daxil olmasına və tədqiqat işlərinin aparılmasına icazə verməlidir. Sığortaçının tələbi ilə hadisənin baş vermə səbəblərini, zərərin miqdarını və səbəbini müəyyənləşdirməyə, zərərin ödənməsi hüququndan istifadə olunması üçün yararlı və sığortalı tərəfindən təmin edilməsi mümkün olan lazımı məlumat və sənədləri sığortaçıya verməlidir. Hadisə yerinə baxış keçirilən zaman sığortalıdan sığorta şəhadətnaməsində qeyd edilən sənədlər, qaimələrin əsli və s. zəruri sənədlər bir daha tələb olunsa da, iddiaçı tərəfindən təqdim edilməmişdir. Təkrarən xx.xx.2020-ci il tarixli məktublarında sığortalıya bir daha lazımı sənədlər siyahısını təqdim etmişlər: Sığorta hadisəsi baş verdiyi halda sığortalanmış malların dəyərini təsdiq edən qeydiyyat hesabat sənədləri sığortaçıya təqdim edilməlidir. Anbarda və ya ticarət zalında olan malların qeydiyyatı barədə məlumatların sığorta hadisəsindən bir gün qabaqkı nüsxəsi (backup) elektron və ya yazılı formada anbar binasından və ya ticarət zalından kənar digər lokasiyada saxlanılmalıdır və sığorta hadisəsi baş verdiyi halda sığortaçıya təqdim olunmalıdır. Sığorta hadisəsi baş verdiyi halda hadisə tarixinə sığortalanmış malların qalıq dəyərini təsdiq edən qeydiyyat hesabat uçot sənədləri sığortaçıya təqdim edilməlidir. Sığorta hadisəsi baş verdiyi halda sığortalanmış qalıq malların dəyərini təsdiq edən rəsmi sənədlər olmadığı halda alqı-satqı fakturası və ya gündəlik satış qeydləri olunan şəxsi hesabat dəftəri təqdim olunmalıdır. Lakin iddiaçı bu məktuba cavab verməmiş, sənədləri təqdim etməmişdir. Həmçinin qeyd edirlər ki, iddiaçının geyim malları xx.xx.2020-ci il tarixindən sığortalanmışdır. Subasma hadisəsinin bu tarixdən olduqca qısa müddət sonra baş verməsi kənar müdaxilə olması şübhəsini yaradır. Bundan başqa, sığortalı tərəfindən təqdim edilən və subasma nəticəsində zərərə məruz qalan geyim əşyalarının alınmasına dair qaimələrə baxış keçirilən zaman həmin malların 2016-2017-ci illərdə ayrı-ayrı fiziki şəxslərdən baha qiymətə alındığı müəyyən edilsə də, qaimələrin vizual görünüşlərində köhnəlik əlamətləri hiss olunmamışdır. Hesab edirik ki, həmin məllar satılmadığı üçün zirzəmidə yığılıb saxlanmış və qaimələr yüksək məbləğdə sığorta ödənişinin alınması məqsədi ilə iddiaçı tərəfindən saxtalaşdırılmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi zərər çəkmiş malların siyahısında sadalanan malların əksəriyyəti Kıgılı, Dolce Gabbana, X3 kimi brend marka adı ilə yazılmış, lakin baxış zamanı aşkar edilmişdir ki, malların etiketləri yuxarıda qeyd olunan brendlərə aid ola bilməz, etiketlərinin yazıları aydın çap edilməyib, yazı xətləri qeyri-bərabərdir. Malların siyahısında qeyd olunan ölçülər qeyd edilən brendlər tərəfindən istehsal edilmir. Bu faktlar zərərçəkmiş malların iddiaçı tərəfindən təqdim edilən qiymətlərini şübhə altına salır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 911.2-ci maddəsinə əsasən, sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Əldə etdikləri şifahi məlumata görə İddiaçı MMC bir il öncə eyni sığorta hadisəsi (subasma) ilə bağlı olaraq həmin ünvanda yerləşən mağaza üçün “xxxx” ASC-dən yüksək məbləğdə sığorta ödənişi almışdır. Lakin iddiaçı “xxxx” ASC-yə bu məlumatı bildirməmiş, beləliklə mövcud sığorta riskini gizləmişdir. Bu fakt Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 911.2-ci maddəsini pozmuş olur. Həmçinin məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə “xxxx” ASC arasında “Ferrini” mağazası üçün könüllü əmlak sığortası müqaviləsi olmuşdur. Lakin xx.xx.2020-ci il tarixində müqaviləyə xitam verilmişdir. İddiaçı bu faktı da “xxxx” ASC-dən gizləmişdir. Nəzərə çatdırır ki, bu faktların aydınlaşdırılması və hadisə ilə bağlı cinayət işinin başlanması üçün müvafiq orqanlara müraciət etmişlər. xx xxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində toplanmış material araşdırılmanın davam etdirilməsi üçün Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. X4 Nazirliyində təhqiqat aparılır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddianın dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - xx.xx.2020-ci il tarixli Pİ0171//20 saylı yanğın və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 132 ünvanında yerləşən sığortalı İddiaçı MMC-yə məxsus daşınar əmlak (mağaza və anbar daxilində saxlanılan geyim əşyaları sığortaçı “xxxx” ASC tərəfindən xx.xx.2020-ci il tarixdən 00:00–dan xx.xx.2021-ci il tarixədək 29:59-dək olan müddətdə yanğın və digər əlavə risklərdən, o cümlədən subasma hadisəsindən sığortalanmışdır. Şəhadətnaməyə əsasən ümumi sığorta məbləği 336.388 manat məbləğində müəyyən edilmişdir. Şəhadətnamə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Həmin Sığorta Şəhadətnaməsinin tərkib və ayrılmaz hissəsi sayılan 1 saylı Qoşmaya əsasən sığorta predmeti olan 2.955 ədəd geyim mallarının siyahısı təsdiq edilmiş və həmin malları ümumi dəyəri 336.388 manat məbləğində müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli Pİ0192/20 saylı əmlakın yanğın və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 132 ünvanında yerləşən sığortalı İddiaçı MMC-yə məxsus daşınar əmlak (mağaza və anbar daxilində saxlanılan geyim əşyaları) sığortaçı “xxxx” ASC tərəfindən xx.xx.2020-ci il tarixdən 00:00–dan xx.xx.2021-ci il tarixədək 29:59-dək yanğın və digər əlavə risklərdən, o cümlədən subasma hadisəsindən sığortalanmışdır. Şəhadətnaməyə əsasən ümumi sığorta məbləği 52.072 manat məbləğində müəyyən edilmişdir. Şəhadətnamə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin Sığorta Şəhadətnaməsinin tərkib və ayrılmaz hissəsi sayılan 1 saylı Qoşmaya əsasən sığorta predmeti olan 866 ədəd geyim mallarının siyahısı təsdiq edilmiş və həmin malları ümumi dəyəri 52.072 manat məbləğində müəyyən edilmişdir. - 35 saylı MKİS-in mühəndisi R.O.Aslanov, texnik G.A.A.Ataşov və fəhlə G.A.Musayev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli akta əsasən təsdiq edilir ki, Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 132 ünvanında yerləşən “Ferrini” geyim dükanına baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2020-ci il tarixdə ümumi su xəttinin partlaması, nəticədə 31 m2 sahəsi olan anbarda saxlanılan geyim mallarının tamamilə suya batması müəyyən edilmişdir. - “xxxx” MMC tərəfindən verilmiş daşınar əmlakın qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində İddiaçı MMC-nin anbarında olan geyim mallarına dəymiş zərərin məbləği 184.632 manat məbləğində qiymətləndirilmişdir. - Müstəqil ekspert R.Əlişovun verdiyi xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə subasma hadisəsi nəticəsində geyim əşyalarına dəymiş zərər 17.872 manat (kimyəvi təmizləmənin dəyəri) dəyərində qiymətləndirilmişdir. - “xxxx” ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda MMC-yə məxsus anbarda xx.xx.2020-ci il tarixdə baş vermiş subasma hadisəsi barədə sığortaçıya məlumat verildiyi, müstəqil ekspert tərəfindən dəymiş ziyanın 17.872,47 manat məbləğində qiymətləndirildiyi, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilmişdir. - İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixli pretenziya məktubu ilə “xxxx” ASC-yə müraciət edilərək 184.632 manat məbləğində pul vəsaitinin və məhkəmədə sığortalının mənafelərinin qorumaq məqsədi ilə çəkiləcək məhkəmə xərclərinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Sığortaçı “xxxx” ASC tərəfindən İddiaçı MMC-yə verilmiş X-Pİ-0094/19 saylı sığorta şəhadətnaməsinin 1 saylı əlavəsi ilə sığorta predmetini təşkil edən geyim əşyaların siyahısı təsdiq edilmiş və ümumi dəyəri 175.340 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Sığorta müddəti xx.xx.2019 cu il saat 00:00-dan xx.xx.2020-ci il saat 23:59-dan müəyyən edilmişdir. - Həmin şəhadətnaməyə 2 saylı əlavə ilə sığorta predmetlərinin siyahısına ümumi dəyəri olan 9.039 ABŞ dolları məbləğində predmetlər əlavə edilmişdir. -“xxxx” ASC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, O-A- 2020-0703 saylı cavab məktubu ilə müəyyən edilir ki, İddiaçı MMC ilə “xxxx” ASC arasında könüllü əmlak sığortası müqaviləsi bağlanılmış və həmin müqaviləyə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. - İddiaçı MMC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda İddiaçı MMC-yə məxsus daşınar əmlakın subasma nəticəsində zədələnməsini, həmçinin zərər məbləğinin 106.400 ABŞ dolları olmasını bildirmiş və azadolma məbləği nəzərə alınaraq 105.400 ABŞ dolları məbləğində sığorta ödənişinin bank hesablarına köçürülməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (sığortalı) ilə cavabdeh “xxxx” ASC (sığortaçı) arasında xx.xx.2020-ci il tarixli Pİ0171/20 saylı yanğın və digər əlavə risklərdən sığortası haqqında A000610 nömrəli və xx.xx.2020-ci il tarixli Pİ0192/20 saylı yanğın və digər əlavə risklərdən sığortası haqqında A000684 nömrəli sığorta müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 132 ünvanında yerləşən sığortalıya məxsus daşınar əmlak (mağaza və anbar daxilində saxlanılan geyim əşyaları) yanğından və digər əlavə risklərdə, o cümlədən subasma hadisəsindən sığortalanmışdır. xx.xx.2020-ci ildə Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 132 ünvanında yerləşən zirzəmidə subasma hadisəsi baş vermiş, nəticədə həmin ünvanda yerləşən sığorta predmeti olan geyim əşyalarına zərər dəymişdir. Hazırda İddiaçı MMC məhkəmədə iddia qaldıraraq hadisə nəticəsində sığorta predmetlərinə zərər vurulması ilə əlaqədar 175.400 manat məbləğində sığorta ödənişinin, 36.483 manat məbləğində dəbbə pulunun, həmçinin 30 manat dövlət rüsumunun, ümumilikdə 211.913 manat məbləğində pul vəsaitinin “xxxx” ASC-dən tutulmasını, “xxxx” ASC isə qarşılıqlı iddia verərək xx.xx.2020-ci il tarixli Pİ0171/20 saylı yanğın və digər əlavə risklərdən sığortası haqqında A000610 nömrəli və xx.xx.2020-ci il tarixli Pİ0192/20 saylı yanğın və digər əlavə risklərdən sığortası haqqında A000684 nömrəli sığorta şəhadətnamələrinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə ilkin iddiaya baxılması nəticəsinin qarşılıqlı iddiaya baxılması nəticəsindən asılı olduğunu nəzərə alaraq ilk növbədə qarşılıqlı iddia tələbinə münasibət bildirməyi zəruri hesab edir. “xxxx” ASC-nin sığorta şəhadətnamələrinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, sığortalı İddiaçı MMC həmin sığorta müqavilələri bağlanarkən sığorta predmeti olan geyim əşyalarının yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 132 ünvanında sığorta müqavilələri bağlanmışdan bir il əvvəl baş vermiş subasma hadisəsi barədə məlumat verməməklə sığortaçını aldatmışdır. Hazırkı işin mübahisəsiz hallarından görünür ki, İddiaçı MMC Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 132 ünvanında yerləşən anbarda və mağazada saxlanılan geyim əşyalarını əvvəllər “xxxx” ASC-də yanğın və digər əlavə risklərdən sığortalamışdır (xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsinə əsasən). Həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində - xx.xx.2019-cu il tarixdə baş vermiş subasma hadisəsi nəticəsində sığorta predmeti olan geyim əşyaları zədələnmiş, geyim əşyalarına dəymiş zərərin məbləği 106.400 ABŞ dolları məbləğində qiymətləndirilmiş və dəymiş zərərin əvəzi olaraq “xxxx” ASC tərəfindən İddiaçı MMC-yə sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı MMC mübahisəli sığorta müqavilələri bağlanarkən həmin hadisə barədə “xxxx” ASC-yə məlumat verdiyini iddia etsə də, göstərilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Mülki Məcəllənin 911.2-ci maddəsinə görə sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. “xxxx” ASC tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığortasının Əsas Qaydaları”nın 6.1-ci bəndinə görə sığorta müqaviləsinin bağlanması zamanı sığortalı sığortaya cəlb olunacaq əmlak barədə ona məlum olan bütün məlumatı sığortaçıya bildirməyə borcludur. İşin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, sığorta predmetlərinin yerləşdiyi ünvanda bir il əvvəl baş vermiş sığorta hadisəsi hesab edilən hadisə barədə məlumat sığortaçının həmin müqavilələrin bağlanmasından imtina etmək, yaxud onları məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən hal olduğu halda sığortalı İddiaçı MMC həmin hadisə barədə sığortaçı “xxxx” ASC məlumat verməmiş, nəticədə sığortaçı sığorta risklərini düzgün qiymətləndirilmə imkanından məhrum olmuşdur. Mülki Məcəllənin: 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Beləliklə, məhkəmə xx.xx.2020-ci il tarixli Pİ0171/20 saylı və xx.xx.2020-ci il tarixli Pİ0192/20 saylı yanğın və digər risklərdən sığortası şəhadətnamələri bağlanarkən sığortalının aşkar edildiyi halda digər tərəfin əqd bağlamayacağı hallar barəsində susduğunu, bununla qarşı tərəfi aldadığını nəzərə alaraq belə qənaətə gəlir ki, həmin şəhadətnamələr aldadılan tərəfin tələbinə əsasən etibarsız hesab edilməlidir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin: 339.5-ci maddəsinə görə əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşin mübahisəsiz hallarından isə görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixli Pİ0171/20 saylı yanğın və digər risklərdən sığortası şəhadətnaməsi üzrə 1.177,36 manat məbləğində və xx.xx.2020-ci il tarixli Pİ0192/20 saylı yanğın və digər risklərdən sığortası şəhadətnaməsi üzrə 182,25 manat məbləğində sığorta haqları “xxxx” ASC-yə ödənilmişdir. Məhkəmə hesab edir ki, hazırkı qətnamə ilə sığorta şəhadətnamələrietibarsız hesab edildiyindən MM-in 337.5-ci maddəsinə əsasən qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” ASC həmin əqdlər üzrə alınmış 1359,61 manat məbləğində pul vəsaitini İddiaçı MMC-yə qaytarmalıdır. İlkin iddia tələbinə gəldikdə məhkəmə qeyd edir ki, ilkin iddia tələbi hazırkı qətnamə ilə etibarsız hesab edilmiş xx.xx.2020-ci il tarixli Pİ0171/20 saylı və xx.xx.2020-ci il tarixli Pİ0192/20 saylı yanğın və digər risklərdən sığortası şəhadətnamələri üzrə sığorta ödənişinin sığortaçıdan tutulmasından ibarətdir. Mülki Məcəllənin: 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. xx.xx.2020-ci il tarixli Pİ0171/20 saylı və xx.xx.2020-ci il tarixli Pİ0192/20 saylı yanğın və digər risklərdən sığortası şəhadətnamələri etibarsız əqdlər olduğundan həmin şəhadətnamələr üzrə tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmamışdır. Belə olan halda isə ilkin iddia üzrə İddiaçı MMC həmin əqdlərə əsaslanaraq sığorta ödənişinin həyata keçirilməsini ilkin iddia üzrə cavabdeh “xxxx” ASC-dən tələb etməkdə haqlı deyil. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməli, ilkin iddia üzrə ödənilmiş dövlət rüsmu isə ilkin iddia üzrə iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbinə dair ilkin iddiası rədd edilsin. İlkin iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli Pİ0171/20 saylı yanğın və digər risklərdən sığortası şəhadətnaməsi və xx.xx.2020-ci il tarixli Pİ0192/20 saylı yanğın və digər risklərdən sığortası şəhadətnaməsi etibarsız hesab edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” ASC tərəfindən həmin əqdlər üzrə alınmış 1359,61 manat məbləğində pul vəsaiti İddiaçı MMC-yə qaytarılsın. Qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilsin. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar