Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-412/2024 15.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsliyyətli Cəmiyyəti) qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icbari sığorta, subroqasiya, mülki hüquq pozuntusu, subasma) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsliyyətli Cəmiyyəti) qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeh1nə (Cavabdeh1 MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 550 manat məbləğində pul vəsaitinin və 40 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, BA594998 seriyalı xx.xx.2016-cı il tarixli “daşınmaz əmlakın icbari sığorta” şəhadətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə sığorta təminatı verilmişdir. xx.xx.2017-ci il tarixində ünvan 1 ünvanında yerləşən Cavabdeh1 MTK-ya məxsus yaşayış binasının ümumi kanalizasiya borusunun sıradan çıxması nəticəsində həmin binanın zirzəmisində olan, iddiaçı tərəfindən sığortalanan "xxxx" MMC-nin icarə götürdüyü qeyri-yaşayış sahəsində (ofis) subasma hadisəsi baş verişdir. Qeyd edilən fakt Cavabdeh1 MTK tərəfindən verilən arayışda öz təsdiqini tapmışdır. Baş vermiş hadisə nəticəsində sığorta predmetinə (daşınmaz əmlaka) 550 manat məbləğində sığorta ödənişi verilmişdir. Hazırda həmin məbləğ cavabdehdən tələb edilir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 936-cı maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-412/2024 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
II. İşdə iştirak edən şəxslərin mövqeləri:
6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə2 və X3 iddianın məzmununa uyğun izahlar verdi və təmin edilməsini xahiş etdi.
7. İddiaçı məhkəmənin baxış iclaslarında iştirak etməmiş, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, baxış iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
8. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla lazımi qaydada məlumat verilməsinə baxmayaraq, sonuncu məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
9. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsliyyətli Cəmiyyəti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, sonuncu məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Subroqasiya qaydasında pulun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər, mümkün və aid sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İddia ərizəsinə əlavə edilən X2 (icarədar qismində) ilə "xxxx" MMC (icarəçi qismində) arasında bağlanmış 01 avqust 2015-ci il tarixli icarə müqaviləsinin şərtlərindən görünür ki, “İcarədar” bu Müqavilə ilə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, 51A ünvanında yerləşən binanın zirzəmisinin 215 (iki yüz on beş) kv.m sahəni “İcarəçi”yə icarəyə verir (1.1). “İcarədar” sahəni “İcarəçi”yə icarə müqaviləsində qeyd edilmiş məhdudiyyətlə icarəyə verir (1.2). “İcarədar” yalnız “İcarəçi” ilə müəyyən edilmiş vaxtda (xəbərdarlıq tələb olunmayacağı fövqəladə hallar istisna olmaqla) təmir bərpa məqsədi ilə sahənin vəziyyətini yoxlaya və nəzərdən keçirmək üçün sahəyə daxil ola bilər (1.3). Müqavilənin 1.1-ci bəndində göstərilən daşınmaz əmlakın mülkiyyət hüququ “İcarədar”a məxsusdur (1.4). Bu müqavilə 01 avqust 2015-ci il tarixindən 01 avqust 2020-ci il tarixədək bağlanılır (6.1).
14. İş materiallarında olan daşınmaz əmlakın BA 594998 seriya və nömrəli xx.xx.2016-cı il tarixli icbari sığortası şəhadətnaməsindən görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə "xxxx" MMC-nin xeyrinə sığorta təminatı verilmiş, sığorta məbləği 138160 manat, şərtsiz azadolma məbləği 150 manat müəyyən edilmişdir.
15. İş materiallarına əlavə edilmiş 05 aprel 2017-ci il tarixli X1 tərəfindən iddiaçıya ünvanlanan ərizədən görünür ki, ərizədə xx.xx.2017-ci il tarixində ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində subasma hadisəsinin baş verdiyi, hadisə nəticəsində tullantı su borularının dəyişildiyi, 10 kv.m tavanın yararsız vəziyyətə düşdüyü və divar üzlüyünün soyulduğu bildirilmişdir.
16. İş materiallarında olan cavabdeh tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 MTK-ya məxsus yaşayış binasının ümumi kanalizasiya borusunun sıradan çıxması nəticəsində həmin binanın zirzəmisində olan "xxxx" MMC-nin icarəyə götürdüyü qeyri-yaşayış sahəsində xx.xx.2017-ci il tarixində subasma hadisəsinin baş verdiyi qeyd edilmişdir.
17. İş materiallarına əlavə edilən iddiaçının qəza komissarı X4 tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli baxış protokolundan və arayışdan görünür ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F. Yusifov 51A ünvanında yerləşən Cavabdeh1 MTK-ya məxsus yaşayış binasının ümumi kanalizasiya borusunun sıradan çıxması nəticəsində həmin binanın zirzəmisində olan "xxxx" MMC-nin icarəyə götürdüyü qeyriyaşayış sahəsində (ofis) subasma hadisəsi baş vermişdir. Baxış keçirilərkən, həmin dəhlizin alçipan təbəqələrdən inşa olunmuş asma tavanın orta hissəsi, təxminən 3 kv.m sahəsinin dağıldığı, həmin sahədə alçipan təbəqələrin islandığı, şişmiş halda olduğu, divarlarda su axıntısında əmələ gəlmiş ləkələrin mövcudluğu müəyyən edilmişdir.
18. İş materiallarında olan xx.xx.2017-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F. Yusifov 51A ünvanında yerləşən "xxxx" MMC-nin icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə dəymiş zərər 700 manat məbləğində qiymətləndirilmişdir.
19. Məhkəməyə təqdim edilən 17 may 2017-ci il tarixli 1344/CFİ-066/2017 nömrəli sığorta aktından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F. Yusifov 51A ünvanında yerləşən "xxxx" MMC-nin icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə xx.xx.2017-ci il tarixli subasma nəticəsində dəymiş zərər üzrə 150 manat azadolma məbləği çıxıldıqdan sonra 550 manat sığorta ödənişi təyin edilmişdir.
20. İş materiallarında olan 18 may 2017-ci il tarixli 3692 nömrəli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 550 manat məbləğində pul 1344/CFİ-066/2017 nömrəli sığorta aktına əsasən "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür.
21. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, daşınmaz əmlakın BA 594998 seriya və nömrəli xx.xx.2016-cı il tarixli icbari sığortası şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, F. Yusifov 51A ünvanında yerləşən "xxxx" MMC-nin icarəyə götürdüyü qeyri-yaşayış sahəsi ümumilikdə 138 160 manat sığorta məbləği həddində icbari sığorta qaydasında sığortalı "xxxx" MMC tərəfindən sığortalanmışdır. 05 aprel 2017-ci il tarixdə adıçəkilən obyektə subasma nəticəsində zərər dəydiyi barədə iddiaçıya ərizə ilə müraciət edilmiş, xx.xx.2017-ci il tarixli baxış protokolu və arayış ilə hadisəyə səbəbin Bakı şəhəri, Nərimanov rayonu, F. Yusifov 51A ünvanında yerləşən Cavabdeh1 MTK-ya məxsus yaşayış binasının ümumi kanalizasiya borusunun sıradan çıxması olduğu göstərilmiş, dəymiş zərərin xx.xx.2017-ci il tarixli hesabatına görə ümumi zərər 700 manat qiymətləndirilmişdir. 17 may 2017-ci il tarixli 1344/CFİ-066/2017 nömrəli sığorta aktı ilə xx.xx.2017-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği 700 manat müəyyən edilmiş, 150 manat azadolma məbləği çıxıldıqdan sonra sığorta ödənişi 550 manat təyin edilmiş və 18 may 2017-ci il tarixli 3692 nömrəli ödəniş tapşırığı əsasında sığortalı "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür.
22. İddiaçı ödənilmiş 550 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir.
23. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
24. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
26. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
27. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
28. Məhkəmə kommersiya mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
29. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
30. Həmin Məcəllənin 888.1 və 888.2-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır.
31. Həmin Məcəllənin 899.1 və 899.1.2-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə.
32. Həmin Məcəllənin 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur.
33. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
34. Həmin Qanunun 35.2-ci maddəsinə bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
35. Həmin Qanunun 36.1 və 36.1.5-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma.
36. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
37. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
38. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
39. Məhkəmə qeyd edir ki, subroqasiya hüququ mahiyyəti etibarilə qanunun göstərişinə əsasən tələbin güzəşti nəticəsində öhdəlikdə şəxslərin dəyişməsidir. Belə ki, əmlaka dəyən zərərlə bağlı zərərçəkənin zərərvuran şəxsə qarşı olan tələb hüququ sığorta ödənişi həddində sığortaçıya keçir, beləcə sığortaçı zərərçəkən şəxsi sonuncu ilə zərərvuran şəxs arasında olan öhdəlik münasibətində əvəz edir. Bu mənada subroqasiya qaydasında pulun tutulması tələblərində hər bir halda zərərvuranla zərərçəkən arasında yaranmış öhdəliyin xarakteri qiymətləndirilməlidir.
40. Hazırkı işin hallarından görünür ki, 30 mart 2017-ci il tarixdə Cavabdeh1 MTK-ya məxsus yaşayış binasının ümumi kanalizasiya borusunun sıradan çıxması nəticəsində həmin binanın zirzəmisində olan "xxxx" MMC-nin icarəyə götürdüyü qeyri-yaşayış sahəsində (ofis) subasma hadisəsi baş verməsi irəli sürülür və bu mənada sonuncunun maddi məsuliyyətinin əsasını mülki hüquq pozuntu (delikt) təşkil edir.
41. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yəni öhdəlik bir tərəfin müəyyən hərəkətlər etməsi və ya müəyyən hərəkətlərdən çəkinməsi, digər tərəfin isə tələb etmək hüququ ilə xarakterizə edilən qarşılıqlı hüquqi münasibətdir. Hər bir hüquqi münasibət kimi öhdəlik hüquq münasibətinin də müəyyən yaranma - əmələ gəlmə əsası olur. Mülki Məcəllənin 386-cı maddəsi öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir. Belə ki, öhdəliyin əmələ gəlmə əsaslarına başlıcası müqavilə olmaqla zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar aid edilir. Mülki hüquq nəzəriyyəsində bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin zərər vurulması ilə, yəni mülki hüquq pozuntusu (deliktlər) nəticəsində əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur.
42. Mülki Məcəllənin doqquzuncu bölməsi mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər adlanır. Mülki Məcəllənin 1096-cı maddəsi mülki hüquq pozuntusuna anlayış verir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Verilən anlayışdan aydın olur ki, mülki hüquq pozuntusunun tərkibi hüquqazidd əməl, bu əməllə zərər arasında səbəbli əlaqə və təqsirdir.
43. Göründüyü kimi, deliktin yaranması üçün üç mühüm şərtin olması vacibdir və bu, bütün deliktlər üçün ümumi normadır.
44. İş materiallarında olan sənədlərdən Cavabdeh1 MTK-ya məxsus yaşayış binasının ümumi kanalizasiya borusunun sıradan çıxması nəticəsində subasma hadisəsinin baş verdiyi, həmin hadisə nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, F. Yusifov 51A ünvanında yerləşən "xxxx" MMC-nin icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə 700 manat zərər dəydiyi və sonuncuya 550 manat sığorta ödənişinin edildiyi təsdiqlənir. Həmçinin cavabdeh təqdim etdiyi arayışda da qeyd edilən faktları təsbit edir.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 MTK-ya qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddiası təmin edilməli, cavabdehdən 550 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməldir.
b) Məhkəmə xərcləri ilə bağlı
46. İddiaçı 40 manat mediasiya xərcinin də cavabdehlərdən tutulmasını xahiş edir.
47. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB\9-01646 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
48. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
49. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
50. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2023-cü ilin avqust ayı) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
51. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 40 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh1ndən 550 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 40 manat məbləğində pul Cavabdeh1ndən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nərmin Əhmədova