Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4136/2025 17.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ƏDV daxil 15,815.70 manat məbləğində borcun, borcun vaxtında geri qaytarılmamasına görə hesablanmış 6,150 manat məbləğində cərimənin və ödənilmiş 156 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 22.121,70 manat pulun, 2.000 ABŞ dolları məbləğində məhkəmə xərcinin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında 26 iyul 2022-ci il tarixli, 128-AD220316-2022 saylı tədarük müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı malları razılaşdırılmış müddətdə cavabdehin mülkiyyətinə verməyi, cavabdeh Müqavilənin şərtlərinə əsasən malı qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdehin Müqavilə üzrə İddiaçı qarşısında iddia ərizəsi verilən tarixə borcu 15,815.70 manat təşkil edir. Müqavilənin 7.2-ci bəndinə əsasən, məhsulun ödənişi gecikdirildiyi təqdirdə, Satıcı Alıcıdan gecikdirilən hər gün üçün vaxtında haqqı ödənilməyən məhsulun dəyərinin 0,1 %-i məbləğində cərimə tələb etmək hüququna malikdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh borcun ödənilməsini iddia ərizəsi təqdim edilən ana 410 gün gecikdirmişdir. Belə olan halda, İddiaçı malların dəyərindən əlavə olaraq, borcun vaxtında geri qaytarılmamasına görə Cavabdehdən 6,150 manat məbləğində dəbbə pulu tələb edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Yalnız məhkəməyə elektron ərizə göndərərək, Vəkil xidməti xərci ilə bağlı dövlət rüsumunun iddiaçı tərəfindən ödənilmədiyini bildirərək, həmin hissənin rədd edilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (təchizatçı) ilə "xxxx" MMC (alıcı) arasında xx.xx.2022-ci il tarixli 128-AD220316-2022 saylı tədarük müqaviləsi bağlanmışdır.
11. Müqaviləyə əsasən təchizatçı malı razılaşdırılmış müddətdə alıcının mülkiyyətinə verməyi, alıcı isə hazırki müqavilənin şərtlərinə əsasən malı qəbul etməyi və ödəniş etməyi öhdəliyə götürür.
12. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" MMC-nin üzərinə düşür.
15. İş materiallarından görünür ki, iddaçı tərəfindən cavabdehə MT2403 seriyalı, 00134836 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 68.578,47 qəpik məbləğində olam elektron qaimə göndərilmişdir.
16. İddiaçı hazırda, cavabdehin qeyd olunan elektron qaimə üzrə 15.815,7 manat məbləğində borcunun qaldığını bildirir.
17. Məhkəmənin hazırlıq iclasında (xx.xx.2025-ci il tarixli) iştirak edən cavabdehin nümayəndəsi tələb olunan borcdan 15659,47 manat hissəsi ilə razı olduğunu, bununla bağlı e-qaimələr, təhvil-təslim aktları və ödənişləri təsdiq edən sənədləri elektron qaydada təqdim etdiyini, 1376 manat miqdarında qüsurlu malların olduğunu, onların bir qisminin zəmanət müddətinin keçdiyini, iddiaçı ilə məbləğlə bağlı razılığa gəlmək istədiyini bildirmişdir.
18. Eyni zamanda cavabdeh elektron məhkəmə sisteminə göndərdiyi xx.xx.2025-ci il tarixli ərizəsində yalnız iddianın vəkil xərci hissəsində rədd edilməsini xahiş etmişdir.
19. Məhkəmə hesab edir ki, qeyd olunan elektron qaimə üzrə malların verilməsi cavabdeh tərəfindən qəbul edilməsi nəzərə alındığında elektron qaimədə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmiş, cavabdehin də, ona verilmiş olan malların dəyərini ödəmək öhdəliyi yaranmışdır.
20. Bundan başqa Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin qeyd etmiş olduğu qüsurlu mallar qeyd edilmiş elektron qaimədə öz əksini tapmış mallara deyil, digər müqavilə predmetləri olan Xiaomi adlı cihazlara aiddir .
21. Belə olan halda, Məhkəmə hesab edir ki, əsas borc üzrə 15.815,7 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Məhkəmə 6.150 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
24. Bu xüsusda Məhkəmə hesab edir ki, əsas borca münasibətdə 800 manat məbləğində cərimə borcunun tutulması daha ağlabatan və ədalətlidir.
25. Bundan başqa iddia ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 156 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
26. Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139,84 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 15.815 (on beş min səkkiz yüz on beş) manat 70 (yetmiş) qəpik, cərimə borcu üzrə 800 (səkkiz yüz) manat olmaqla, ümumilikdə 16.615 (on altı min altı yüz on beş) manat 70 (yetmiş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 139 (bir yüz otuz doqquz) manat 84 (səksən dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov