Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4139/2023 12.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 821.67 manat məbləğində əsas borcun, 1606 manat dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 110 manatın, eləcə də, mediasiya xərci kimi 70 manatın və dövlət rüsumu kimi ödənilmiş 47,40 manatın, hüquqi yardım üçün ödənilmiş 200 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən 821.67 manat məbləğində əsas borcun, 1606 manat dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 110 manatın, eləcə də, mediasiya xərci kimi 70 manatın və dövlət rüsumu kimi ödənilmiş 47,40 manatın, hüquqi yardım üçün ödənilmiş 200 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə FT261020ML nömrəli, 26 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən İddiaçı Satıcı, cavabdeh isə Alıcı qismində çıxış edir. Müqavilənin 1.1-ci maddəsinə əsasən, Satıcı sürtkü yağlarını və filterləri (bundan sonra – Mal) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin Malı qəbul etməyi və Malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən Satıcı öncədən Alıcı tərəfindən verilən sifarişləri qəbul edir və sifarişlərə uyğun olaraq razılaşdırılmış çeşiddə, miqdarda və müddətdə malı alıcının nümayəndəsinə təhvil verməyi, 4.2-ci bəndə əsasən isə alıcı malın dəyərini müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə tərəflərin razılğına əsasən, malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2” ilə müəyyənləşdirilir. Belə ki, alıcının müxtəlif vaxtlarda verdiyi sifarişlərə uyğun olaraq tərtib edilmiş 04 dekabr 2020-ci il tarixli 3QF, 18 noyabr 2020-ci il tarixli 2QF, 26 oktyabr 2020-ci il tarixli 1 nömrəli “X2” na əsasən, razılaşdırılmış mallar müvafiq olaraq Alıcıya təhvil verilmiş Alıcı isə təhvil almışdır. Odur ki, İddiaçı MMC tərəfindən ödənişlə bağlımüvafiq olaraq xx.xx.2020-ci il tarixdə EBAT 482315, xx.xx.2020-ci il tarixdə EBAS 740646, xx.xx.2023-ci il tarixli EBAR 736619 nömrəli elektron qaimə Dövlət Vergi Xidmətinin sisteminə vurulmuşdur. Müqavilənin 7.2-ci bəndinə əsasən, ödəniş şərtləri “X1” göstərilmədiyi halda mallar təhvil verildikdən sonra, 5 (beş) təqvim günü ərzində həyata keçirilir. Malların ödənişi ilə əlaqədar “X1” ayrıca şərt nəzərdə tutulmadığından Alıcı-"xxxx" MMC elektron qaimənin və təhvil-təslim aktının təqdim edilməsindən sonra 5 (beş) təqvim günü ərzində öhdəliyini icra etməli olsa da malların ümumi dəyərini bir ildən artıq müddətdir ki, ödəməyərək faktiki olaraq öhdəliyini icra etməmiş və iddiaçıya ziyan vurmuşdur. Yekun olaraq cavabdehin təhvil verilmiş mallar üzrə 821.67 manat (ƏDV daxil) ödənilməmiş borc məbləği yaranmışdır. Müqavilənin 9.2-ci bəndinin tələbinə uyğun olaraq yaranmış mübahisəni qarşılıqlı razılıq yolu ilə həll etmək məqsədi ilə cavabdehə ünvanlanmış, 821.67 manat əsas borcun, 1541 manat məbləğində dəbbə pulunun və 21.13 manat məbləğində gecikdirmə faizinin, ümumilikdə 2383.08 manat dəyərində borcun ödənilməsinə dair göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubunda həmin məktubun onlara çatması anından 3 (üç) gün ərzində yaranmış borcun ödənilməsi xahiş olunsa da qarşı tərəf cavab verməklə və yaxud borcun ödənilməsi ilə bağlı hər hansı hərəkət etməmişdir. Müqavilə üzrə razılaşmaya əsasən, cavdehlə iddiaçı arasında yaranmış mübahisənin danışıqlar yolu ilə həll edilməsi üçün edilən bütün cəhdlərin heç bir nəticəsi olmadığından qanuni maraqlarının müdafiəsi baxımından mübahisənin qanunvericiliyə uyğun qaydada həll edilməsi məqsədi ilə Mediasiya haqqında qanunun 3.2-ci maddəsinin tələbinə uyğun olaraq, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində Cavabdeh MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif ünvanlanmışdır. Lakin tərəf həmin təklifə də münasibət bildirmədiyindən tərəfimizdən xx.xx.2023-cü il tarixində mediasiyaya müraciət edilmiş və qarşı tərəf təyin edilmiş X3 etmədiyindən Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixində MŞB/2-02676/2023 nömrəli X3 Edilməməsi barədə Arayış təqdim olunmuşdur. Belə ki, iddaçı öhdəliyin icra edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı öz öhdəliyini icra etdiyi halda öhdəliyin qarşılıqlı icrası vaxtı çatmış və Cavabdeh MMC isə müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmişdir. Beləliklə, iddiaçı Mülki Məcəllənin 441.4-cü maddəsinə əsasən, öhdəliyin icrasını həyata keçirilməsini tələb edir. Həmçinin, İddaçı qeyd edir ki, cavbdeh öhdəliyinin icrası vaxtını gecikdirməklə ona ziyan vurmuşdur. Ona görə də İddaçı pul öhdəliyinin gecikdirilməsi ilə Mülki Məcəlləyə uyğun olaraq illik 5 % miqdarında gecikdirmə faizini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 445.7ci maddəsinin tələbinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bununla yanaşı, FT261020ML nömrəli, 26 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin 7.3-cü bəndinə əsasən, “Ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,2% həcmində cərimə ödəməyi Alıcı öz öhdəsinə götürür.” Ona görə də iddaçı, cavadehdən öhdəliyin icarsını və müqavilədə müəyyən edilmiş dəbbə pulunun ödənilməsini tələb edir. Müqavilə üzrə Alıcı öz öhdəliyini mallara dair Satıcının təqdim etdiyi elektron qaimə əsasında mallar təhvil verildikdən sonra 5 təqvim günü ərzində ödəməli idi.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
10. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında FT261020ML nömrəli, 26 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə malları təhvil verilmiş Alıcı isə təhvil almışdır. Lakin cavabdeh tərəfindən malların dəyərinin ödənilməsi tam təmin edilməmiş və nəticə etibarı ilə cavabdehin iddiaçı qarşısında cəmi 821.67 manat məbləğində borcu yaranmışdır.
12. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.
13. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilənin, maliyyə arayışının və elektron qaimələrin müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia ödənilməmiş borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
15. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 7.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən “Ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,2% həcmində cərimə ödəməyi Alıcı öz öhdəsinə götürür.
16. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
17. Məhkəmə hesab edir ki, əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı və 40 manat dəbbə pulu cavabdehdən tutulmalıdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan göstərilən əsasa görə hesablanmış borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli İlkin X3 edilməməsi barədə arayışdan görünür ki, iddiaçı Bakı 2 saylı Mediasiya təşkilatına 70 manat ödəmişdir.
20. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 821.67 manat məbləğində əsas borc, 40 manat dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 110 manat, mediasiya xərcinə görə 70 manat və dövlət rüsumuna görə 18,15 manat, vəkilin göstərdiyi yardıma görə 200 manat tutularaq iddiaçıya ödənilməlidir.
VI. Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehndən 821.67 manat məbləğində əsas borc, 40 manat dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 110 manat, mediasiya xərcinə görə 70 manat və dövlət rüsumuna görə 18,15 manat, vəkilin göstərdiyi yardıma görə 200 manat cəmi 1259,82 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev