Məhkəmə qərarları › İş №e-2-2(113)-4139/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4139/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4139/2024 12.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 9400 manat həcmində məbləğinin və iddiaçı tərəfindən ödənilmiş 114 manat dövlət rüsumunun, ümumilikdə 9514 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SA/15092023 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı müxtəlif növ telefon və/və ya digər texniki avadanlıqları alıcıya (X2” MMC) satmağı, alıcı isə malı alıb bu müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Həmçinin müqavilənin 2.2 və 2.3-cü bəndlərinə əsasən satıcı və alıcı arasında hesablaşma köçürmə yolu ilə həyata keçirilir. Köçürmə yolu ilə aparılan ödəniş pul vəsaitisatıcının bank hesabına köçürüldüyü andan ödənilmiş sayılır,alıcı 7 gün aralıq ilə ödənişi icra etməlidir. Qeyd edilən mallar İddiaçı MMC-nin faktiki ünvanı, yəni, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 44B ünvanında alıcıya təhvil verilmişdir. Dəfələrlə tərəfimizdən şirkətin rəhbəri müqavilə üzrə öhdəliklərini yerinə yetirib ödəniş etməsi üçün şirkətin nümayəndələri tərəfindən Nümayəndə2 zənglər edilməsinə baxmayaraq, o, onun zənglərə cavab verməmiş və bu günkü tarixədək müqavilə üzrə ödənişlərindən 1 manat olmuş olsa belə ödəniş həyata keçirməmişdir. Əlavə olaraq şikayət ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli elektron vergi sistemindən Cavabdeh MMC-yə iddiaçı tərəfindən ödənişlə bağlı xəbərdarlıq-bildirişi də göndərilmişdir. Həmçinin şikayət ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 540004 saylı, xx.xx.2023-cü il tarixli, 582871 saylı elektron qaimələrdən göründüyü kimi, müvafiq olaraq 4700 manat və 4700 manat olmaqla, ümumilikdə 9400 manat dəyərində ödənişlərin icra edilməsi üçün alıcıya elektron qaimə göndərilmişdir. Elektron qaimənin də göndərilməsinə baxmayaraq, heç bir ödəniş etməmişdir. Əlavə olaraq sonuncu dəfə xx.xx.2024-cü il tarixli elektron vergi sistemindən, elektron məhkəmə sistemindən və poçtla Cavabdeh MMC-yə iddiaçı tərəfindən ödənişlə bağlı xəbərdarlıq-bildirişi də göndərilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.2-ci maddəsinə istinad olunmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Satıcı İddiaçı MMC ilə Alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli SA/15092023 saylı alqı-satqısı müqaviləsindən görünür ki, Satıcı müxtəlif növ telefon aksesuarları və/və ya digər texniki avadanlıqları (bundan sonra - Mal) Alıcıya satmağl, Alıcı isə malı alıb bu müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən malın adı, sayı və dəyəri Alıcı ilə şifahi razılaşma ilə müəyyənləşdirilir. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcı və alıcı arasında hesablaşma köçürmə yolu ilə həyata keçirilir. Köçürmə yolu ilə aparılan ödəniş pul vəsaiti satıcının bank hesabına köçürüldüyü andan ödənilmiş hesab olunur. Müqavilənin 2.3-cü bəndinə əsasən Alıcı 7 gün aralıq ilə ödənişi icra etməlidir. Müqavilənin 2.4-cü bəndinə əsasən malda, Alıcıya təhvil verildikdən sonra, hər hansı qüsurun yaranması ödənişin gecikdirilməsinə, ödənişdən imtina olunmasına və bu müqavilənin şərtlərini pozulmasına əsas ola bilməz. Müqavilənin 4.2-ci bəndinə əsasən mal satışı təsdiq edən təhvil-təslim aktı əsasında təhvil veirlir. Təhvil-təslim aktı Alıcı və ya Alıcının etibarnaməsi əsasında səlahiyyətli nümayəndəsi tərəfindən imzalandıqdan sonra mal təhvil verilmiş və qiymət razılaşdırılmış hesab olunur. EBDO seriyalı, 540004 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4700 manat, EBDO seriyalı, 582871 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4700 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 114 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin təhvil aldığı malların dəyərini, 9400 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 9400 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 114 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin Cavabdeh MMC-dən iddiaçı ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, SA/15092023 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 9400 (doqquz min dörd yüz) manat əsas borc və ödənilmiş 114 (bir yüz on dörd) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar