Məhkəmə qərarları › İş №e-2-2(113)-4139/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4139/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4139/2025 10.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə (bundan sonra- cavabdehlər) qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, LM№5xx-xx-2021 saylı daxili maliyyə lizinqi müqaviləsi və onun müvafiq əlavələri üzrə hüquq və öhdəliklərin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, Saziş müqaviləsi və lizinq müqaviləsinə edilmiş xx.xx.2021 tarixli LM№5xx-xx-2021-01 saylı, xx.xx.2021 tarixli LM№5xx-xx-2021-02 saylı, xx.xx.2021 tarixli LM№5xx-xx-2021-03 saylı və xx.xx.2021 tarixli LM№5xx-xx-2021-04 saylı əlavələr ləğv edilməsi, Lizinq müqaviləsi üzrə iddia verilən tarixə lizinq ödənişləri üzrə 109,500 (bir yüz doqquz min beş yüz manat) AZN məbləğində borc "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması, "xxxx" QSC tərəfindən ödənilmiş cəmi 399.50 AZN (üç yüz doxsan doqquz manat 50 qəpik) dövlət rüsumu "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli, LM№5xx-xx-2021 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə edilmiş xx.xx.2021 tarixli LM№511- 09- 2021-01 saylı, xx.xx.2021 tarixli LM№5xx-xx-2021-02 saylı, xx.xx.2021 tarixli LM№5xx-xx-2021-03 saylı və xx.xx.2021 tarixli LM№511-09- 2021-04 saylı əlavələr üzrə hüquq və öhdəliklərin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, Saziş müqaviləsinə (bundan sonra “lizinq müqaviləsi” adlanacaq) əsasən "xxxx" MMC öhdəliklərini lazımi qaydada icra etmir. "xxxx" MMCqeyd edilən Lizinq müqaviləsi üzrə ödənilməli olan lizinq ödənişlərini həyata keçirmir. Hazırda "xxxx" MMC-nin gecikdirilmiş cəmi lizinq ödənişləri borcu AZN 109,500 (bir yüz doqquz min beş yüz manat) təşkil edir. Lizinq müqaviləsinin 17.1.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı Müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq tam ödəmirsə və ya üç dəfədən artıq ödənişi gecikdirirsə, lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq və bununla da bu müqaviləyə xitam vermək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ZM№5xx-xx-2021 saylı zaminlik müqaviləsinə əsasən, Zamin - Cavabdeh1 Lizinq müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə Lizinq alanın bütün öhdəliklərinin tam icrasına görə "xxxx" QSC qarşısında məsuliyyət daşıyır. Lizinq müqaviləsi üzrə götürülmüş öhdəliklər lazmınca yerinə yetirilmədiyi və ödənişlərin vaxtı-vaxtında edilməməsi səbəbindən lizinq işi üzrə Lizinq alana və Zaminə şifahi və yazılı “Pretenziya və əqdlərin ləğv edilməsinə dair təklif” məktub göndərilməklə onlara lizinq müqavilələri ilə üzərinə götürdüyü öhdəliklər xatırladılmış və lizinq müqaviləsi üzrə mövcud borcun üç gün ərzində ödənilməsi və lizinq obyektinin qaytarılması tələb edilmişdir. Lakin cavabdehlər onlara göndərilmiş tələblərə heç bir münasibət bildirməmiş və bununla da nə lizinq obyektini qaytarmış, nə də lizinq ödənişlərini ödəməkdə davam etmişlər.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq xx.xx.2021-ci il tarixli, LM№5xx-xx-2021 saylı daxili maliyyə lizinqi müqaviləsi və onun müvafiq əlavələri üzrə hüquq və öhdəliklərin verilməsi haqqında xx.xx.2023- cü il tarixli, Saziş müqaviləsi və lizinq müqaviləsinə edilmiş xx.xx.2021 tarixli LM№511 -09-2021 -01 saylı, xx.xx.2021 tarixli LM№5xx-xx-2021-02 saylı 28 09 2021 tarixli LM№5xx-xx-2021-03 saylı saylı əlavələrin ləğv edilməsi, Lizinq müqaviləsi üzrə iddia verilən tarixə lizinq ödənişləri üzrə əsas borc üzrə 21546 manat, faiz borcu üzrə 2881.57 manat, sığorta borcu üzrə 2623.90 manat, cərimə üzrə 458.00 manat olmaqla cəmi 27509.47 manat məbləğində borcun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 399.50 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, LM№Sxx-xx- 2021 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınacaq əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istidadəyə verməyi öhdəsinə götürür.

8. Müqavilənin 9.1-ci bəndinə əsasən lizinq obyekti bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq alanın vəsaiti hesabına lizinq verənin seçdiyi sığorta şirkəti tərəfindən sığortalanır.

9. Müqavilənin 9.14-cü bəndinə əsasən lizinq obyekti məhv edildikdə, talandıqda və ya itirildikdə, habelə lizinq obyekti zədələndiyi və bərpa oluna bilmədiyi halda, bu hadisə sığorta hadisəsi hesab edilib-edilməməsindən asılı olmayaraq, Lizinq alan bu hadisənin baş verdiyi andan 15 (on beş) təqvim gunü ərzində lizinq obyektinin cari dəyərinin tam məbləğini, ödənilməmiş cari lizinq ödənişlərinin məbləğini, Müqaviləyə əsasən Lizinq alan tərəfindən ödənilməli olan cərimə və /və ya penyanı, habelə belə hadisənin baş verməsi nəticəsində Lizinq verənə vurulmuş zərər və itkilərin ödənilməsi üçün tələb olunan məbləği Lizinq verənə ödəməlidir. Yuxarıda qeyd edilən məbləğlər tam həcmdə ödənildiyi andan və Müqavilə ilə müəyyən edilmiş ödənişlər üzrə Lizinq alanın borcu olmadıqda, tərəflər arasında borcun olmaması və Müqaviləyə xitam verilməsi barədə saziş imzalanır, bu saziş imzalandıqdan sonra lizinq obyektinə mülkiyyət hüququ (sərəncam hüququ) isə Lizinq alana keçir. Bu halda Lizinq verən mülkiyyət huququ keçdiyi andan 15 (on beş) təqvim günü ərzində sığorta müqaviləsi uzra Fayda götürən şəxsin hüquqlarını əgər həmin anda fayda götürən Lizinq verəndirsə, Lizinq alana verir. Lizinq alan bu bənddə nəzərdə tutulan tələbləri müəyyən edilmiş vaxtda icra etmədikdə, Lizinq verən hər gecikdirilmiş gün üçün lizinq obyektinin qiymətinin 1% (bir faiz) məbləğində dəbbə pulunu tələb edə bilər.

10. Müqavilənin 17.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı Müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq tam ödəmirsə və ya üç dəfədən artıq ödənişi gecikdirirsə, lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq və bununla da bu müqaviləyə xitam vermək hüququ vardır.

11. “X2” MMC (Hüquq və öhdəlikləri ötürən tərəf) ilə Cavabdeh2 MMC (hüquq və öhdəlikləri əldə edən tərəf) arasında imzalanmış xx.xx.2021-ci il tarixli, LM№5xx-xx-2021 saylı daxili maliyyə lizinqi müqaviləsi və onun müvafiq əlavələrinin ötürülməsi haqqında xx.xx.2023-cü il tarixli sazişə əsasən hüquq və öhdəlikləri ötürən tərəf xx.xx.2021-ci il tarixli, LM№5xx-xx-2021 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə edilmiş xx.xx.2021 tarixli LM№511-09- 2021-01 saylı, xx.xx.2021 tarixli LM№5xx-xx-2021-02 saylı, xx.xx.2021 tarixli LM№5xx-xx-2021-03 saylı və xx.xx.2021 tarixli LM№511-09- 2021-04 saylı əlavələr üzrə qeyd olunan lizinq obyektlərinə münasibətdə bütün hüquqlarını və həmin lizinq müqaviləsi və qeyd olunan əlavələri üzrə 888,853 manat dəyərində öhdəliklərini hüquq və öhdəlikləri əldə edən tərəfə verir.

12. “X2” MMC ilə Cavabdeh2 MMC arasında imzalanmış 23/08 nömrəli, 23 avqust 2023-cü il tarixli təhvil-təslim aktına əsasən lizinq obyekti 23 avqust 2023-cü il tarixdə Cavabdeh2 MMC tərəfindən qəbul edilmişdir.

13. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ZM№5xx-xx- 2021 saylı zaminlik müqaviləsinə əsasən, Zamin - Cavabdeh1 Lizinq müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə Lizinq alanın bütün öhdəliklərinin tam icrasına görə "xxxx" QSC qarşısında məsuliyyət daşıyır.

14. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən "xxxx" ASC-nə 549,34 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 559,64 manat, xx.xx.2024cü il tarixli ödəniş tapşırığına əsasən 1098,66 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 559,63 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 559,63 manat ödəniş edilmişdir.

15. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə xx.xx.2021-ci il tarixli, LM№5xx-xx-2021 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə edilmiş LM№511-09- 2021-C1 saylı, LM№5xx-xx-2021-01-C1 saylı, LM№5xxxx-2021-02-C1 saylı, , LM№5xx-xx-2021-03-C1 saylı əlavələrə əsasən lizinq alan Cavabdeh2 MMC-nin əsas borcu 21546 manat, faiz borcu 2881,57 manat, sığorta borcu 2623,9 manat, cərimə borcu 458 manat təşkil edir.

16. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

17. Belə ki, iddia ərizəsi dörd hissədən ibarətdir: 1. Lizinq müqaviləsi və lizinq müqaviləsinə edilmiş əlavələrin ləğv edilməsi; 2. Lizinq müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsi; 3. Cərimənin tutulması; 4. Sığorta üzrə borcun tutulması.

18. Məhkəmə iddia tələbini birinci hissədə əsaslı hesab edir.

19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, LM№Sxx-xx-2021 saylı daxili maliyyə lizinqi müqaviləsi və müqaviləyə əlavələr bağlanmışdır. Lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, sonradan "xxxx" MMC ilə Cavabdeh2 MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli sazişə əsasən lizinq müqaviləsi və lizinq müqaviləsinə əlavələr üzrə hüquq və öhdəliklər Cavabdeh2 MMC-yə ötürülmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ZM№5xx-xx-2021 saylı zaminlik müqaviləsinə əsasən, zamin lizinq müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə lizinq alanın bütün öhdəliklərinin tam icrasına görə lizinq verən qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh MMC lizinq müqaviləsi ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, lizinq ödənişlərinin ödənilməsini gecikdirmişdir.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

22. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

23. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

24. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

25. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

26. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

27. Lizinq müqaviləsi üzrə Cavabdeh2 MMC üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş, iddiaçı müqavilənin ləğvi ilə bağlı Cavabdeh2 MMC-yə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq göndərməklə öz iradə ifadəsini bəyan etmişdir.

28. Məhkəmə araşdırması zamanı cavabdeh MMC-nin öhdəliklərini pozmasını müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçı hazırda lizinq müqaviləsinin və müqaviləyə əlavələrin ləğv edilməsini tələb etməkdə haqlıdır.

29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, xx.xx.2021-ci il tarixli, LM№5xx-xx-2021 saylı daxili maliyyə lizinqi müqaviləsi və onun müvafiq əlavələri üzrə hüquq və öhdəliklərin verilməsi haqqında xx.xx.2023- cü il tarixli, Saziş müqaviləsi və lizinq müqaviləsinə edilmiş xx.xx.2021 tarixli LM№5xx-xx-2021-01 saylı, xx.xx.2021 tarixli LM№5xx-xx-2021-02 saylı, 28 09 2021 tarixli LM№5xx-xx-2021-03 saylı saylı əlavələr ləğv edilməlidir.

30. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab edir.

31. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya lizinq müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış lizinq və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

33. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

35. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

36. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

38. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

39. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

40. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

41. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

42. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsas borc və faiz borcun tutulması hissəsində də təmin edilməli, cavabdehlərdən birgə qaydada 21546 manat əsas borc, 2881,57 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

43. Məhkəmə iddia tələbini üçüncü hissədə də əsaslı hesab edir.

44. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 9.14-cü bəndinə əsasən hesablanmış 458 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

45. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

46. Məhkəmə hesab edir ki, borcun gecikdirilməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir.

47. Məhkəmə iddia tələbini dördüncü hissədə də əsaslı hesab edir.

48. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 9.1-ci bəndinə əsasən əsasən lizinq obyekti bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq alanın vəsaiti hesabına lizinq verənin seçdiyi sığorta şirkəti tərəfindən sığortalanır.

49. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən "xxxx" ASC-nə 549,34 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 559,64 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 1098,66 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 559,63 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 559,63 manat ödəniş edilmişdir.

50. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməli, lizinq predmetinin sığortalanması ilə bağlı çəkilmiş 2623,90 manat xərc cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

51. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli, LM№5xx-xx-2021 saylı daxili maliyyə lizinqi müqaviləsi və onun müvafiq əlavələri üzrə hüquq və öhdəliklərin verilməsi haqqında xx.xx.2023- cü il tarixli, Saziş müqaviləsi və lizinq müqaviləsinə edilmiş xx.xx.2021 tarixli LM№511 -09-2021 -01 saylı, xx.xx.2021 tarixli LM№5xx-xx-2021-02 saylı 28 09 2021 tarixli LM№5xx-xx-2021-03 saylı saylı əlavələr ləğv edilməli, cavabdehlərdən birgə (müştərək) qaydada 21546 manat əsas borc, 2881,57 manat faiz borcu, 2623,90 manat sığorta borcu, 458 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 399,50 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, LM№5xx-xx-2021 saylı daxili maliyyə lizinqi müqaviləsi və onun müvafiq əlavələri üzrə hüquq və öhdəliklərin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, Saziş müqaviləsi və lizinq müqaviləsinə edilmiş xx.xx.2021 tarixli LM№5xx-xx-2021- 01 saylı, xx.xx.2021 tarixli LM№5xx-xx-2021-02 saylı, 28 09 2021 tarixli LM№5xx-xx-2021- 03 saylı əlavələr ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən birgə (müştərək) qaydada 21546 manat əsas borc, 2881,57 manat faiz borcu, 2623,90 manat sığorta borcu, 458 manat cərimə borcu, 399,50 manat dövlət rüsumu, ümumilikdə 27908,97 (iyirmi yeddi min doqquz yüz səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar