Məhkəmə qərarları › İş №e-2-2(113)-4150/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4150/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4150/2025 10.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqaviləyə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: Lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Xəlil-zadə Şəhriyar Lətif oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqaviləyə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli GL1132 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X1 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti (1 ədəd bitki qalıqlarını xırdalayan (torpaq frezi) Seriya 4443 avadanlığı) avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılması və 2717.46 (iki min yeddi yüz on yeddi manat 46 qəpik) manat gecikdirilmiş əsas borcun, 163.71 (bir yüz altmış üç manat 71 qəpik) manat cərimə borcunun və 48.82 (qırx səkkiz manat 82 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli GL1132 saylı Lizinq müqaviləsi əsasən ödəniş tapşığına uyğun olaraq 36 (otuz altı) ay müddətinə ödəmə şərti ilə 9200 (doqquz min iki yüz manat) manat kredit məbləğində kənd təsərrüfatı avadanlığı (1 ədəd bitki qalıqlarını xırdalayan (torpaq frezi) Seriya 4443 avadanlığı) lizinqə verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 20800 (iyirmi min səkkiz yüz manat) manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasə cavadeh tərəfindən 4800 (dörd min səkkiz yüz manat) manat ilkin ödəniş və 92 (doxsan ikimanat) manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Nəticədə, xx.xx.2025-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 2717.46 (iki min yeddi yüz on yeddi manat 46 qəpik) manat gecikdirilmiş əsas borcu yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Xəlil-zadə Şəhriyar Lətif oğlu iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir.

9. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1).

10. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4)

11. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. (748-2.5)

12. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

13. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

15. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2023-cü il tarixli GL 1132 saylı lizinq müqaviləsi, müqaviləyə 01 saylı Əlavə bağlanmışdır. Lizinq obyektini 1 ədəd Matris markalı, bitki qalıqlarını xırdalayan (torpaqfrezi) təşkil etmişdir. Lizinq obyektinin qiyməti 20.800 manat olmuş, 6800 manat güzəşt tətbiq edilmiş 4800 manat ilkin ödəniş edilmiş və 92 manat komissiya məbləği tutulmuşdur.

16. Bundan başqa işin digər müəyyən edilmiş halı ondan ibarətdir ki, cavabdeh tərəfindən ilkin ödənişdən başqa xx.xx.2025-ci il tarixinə cəmi 1.697 manat lizinq ödənişi edilmişdir.

17. Hazırda iddiaçı tərəf cavabdehin ödənilməmiş 2.717,46 manat borcunun qaldığını bildirir və lizinq obyektinin geri qaytarılmasını tələb edir.

18. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli təhvil-təslim protokolundan görünür ki, lizinq obyekti olan seriya nömrəsi 4443 olan Matris markalı bitki qalıqlarının xırdalayan (torpaq frezi) lizinq verən lizinq alana təhvil verilmiş, lizinq alan təhvil-təslim aktını öz imzası ilə təsdiq etmişdir.

19. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.

20. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq obyektini qaytarmaq vəzifəsi, eyni zamanda əsas borcu və cərimə borcunu ödəmək vəzifəsi yaranmışdır.

21. İş materiallarına əlavə edilmiş maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli şəkildə təhlilindən aydın olur ki, Cavabdeh xx.xx.2025-ci il tarixə xx.xx.2023-cü il tarixli lizinq müqaviləsi üzrə 2.717,46 manat ödənilməmiş əsas borcu qalmışdır.

22. Ona görə də, qeyd edilmiş məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia qismən əsaslıdır.

24. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

25. Hazırki işin hallarından görünür ki, cavabdehin 2.717,46 manat əsas borcuna münasibətdə 130 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

26. Bundan başqa iş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəf müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradəsini ifadə etmişdir.

27. Lizinq müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən icra edilmədiyindən, Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli GL 1132 saylı Lizinqi müqaviləsi xx.xx.2025-ci il tarixdən ləğv edilmiş hesab edilməli və Lizinq obyekti olan 1 ədəd Matris markalı 4443 seriyalı Bitki qalıqlarını xırdalayan (torpaq frezi) Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır.

28. Bundan başqa məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,47 manat məbləğində pul da, cavdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli GL 1132 saylı lizinq müqaviləsi ləğv edilmiş hesab edilsin. Lizinq obyekti olan 1 ədəd Matris markalı 4443 seriyalı Bitki qalıqlarını xırdalayan (torpaq frezi) Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 2.717 (iki min yeddi yüz on yeddi) manat, 46 (qırx altı) qəpik, cərimə borcu üzrə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 2.847 (iki min səkkiz yüz qırx yeddi) manat, 46 (qırx altı) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 48 (qırx səkkiz) manat 47 (qırx yeddi) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar