Məhkəmə qərarları › İş №e-2-2(113)-4156/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4156/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4156/2024 05.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, müqavilənin ləğvi, lizinq obyektinin qaytarılması, avans ödənişinin lizinq ödənişlərinə daxil edilməsi, estoppel prinsipi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə2 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli X7 müqaviləsi üzrə 4865,3 manat əsas borc, 806,45 manat cərimə məbləği olmaqla ümumilikdə 5671,75 manat məbləğində pulun və ödənilmiş 76,72 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, 1 ədəd “Lovol TD904” markalı traktorun, 1 ədəd “Agrotech Pulluk/AP 144” markalı kotanın və 1 ədəd “Abollo TY-HM1” markalı yemqıran şaftlının saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli KTA-KTT-21/6678 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X7 Müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən 1 ədəd “Lovol TD904” markalı traktor, 1 ədəd “Agrotech Pulluk/AP 144” markalı kotan və 1 ədəd “Abollo TY-HM1” markalı yemqıran şaftlı cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin qiyməti 56599 manat təşkil etmişdir. Həmin məbləğin 19680 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 11319,80 manat məbləğində ilkin ödəniş, 565,99 manat müqavilənin rəsmiləşdirmə komissiyası, 1245,18 manat sığorta haqqı və 86 manat lizinq obyektinin qeydiyyat xərcləri iddiaçıya ödənilmişdir. 2.2. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıqlar cavabdehə təhvil verildikdən sonra onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2024-cü il tarixinə 4,865,30 manat gecikdirilmiş əsas borc yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2024-cü il tarixinə qədər 806,45 cərimə borcu mövcuddur. 2.3. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli PLP-24/0008 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427, 445, 748-1.12.4, 748-2.3-cü və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahatlar verdi və təmin olunmasını xahiş etdi.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi X3 xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarında xx.xx.2021-ci il tarixli X7 müqaviləsi üzrə lizinq obyektlərinin cavabdeh tərəfindən təhvil verilmədiyini, təhvil verilən lizinq obyektlərinin digər müqavilənin obyektini təşkil etdiyini bildirdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında isə lizinq obyektlərinin Bərdə filialına cavabdeh tərəfindən təhvil verildiyini, lakin təhvil tarixinin 2024-cü ilin may olduğunu göstərdi.

7. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və göstərdi ki, xx.xx.2021-ci il tarixli X7 müqaviləsi üzrə lizinq obyektləri 2023-cü ilin avqust ayında iddiaçının Bərdə filialına təhvil verilmişdir. Həmçinin lizinq müqaviləsi bağlanarkən iddiaçıya 11319,8 manat avans ödənişi edilmişdir ki, həmin ödənişlər də iddia tələbində nəzərə alınmalıdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha23 sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki: - iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli KTA-KTT-21/6678 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X7 müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdeh tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını – 1 ədəd “Lovol TD904” markalı FTTTDA54LMS000265 şassi nömrəli traktorun, 1 ədəd “Agrotech Pulluk/AP 144” markalı ********** nömrəli kotanın və 1 ədəd “Abollo TY-HM1” markalı 27050079 nömrəli yemqıran şaftlı öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə lizinq ödənişlərinin ümumi məbləği 41473,55 manat, avans məbləği (lizinq ödənişlərinin ümumi məbləğinə daxildir) 11319,8 manat razılaşdırılmış, müqaviləyə 02 nömrəli əlavə olan ödəniş cədvəli ilə ödənişlərin xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək edilməsi şərtləşdirilmişdir. - xx.xx.2021-ci il tarixli KTA-KTT-21/6678 nömrəli X7 müqaviləsi üzrə adıçəkilən lizinq obyektləri xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı əsasında cavabdeh tərəfindən təhvil alınmış, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, cavabdeh tərəfindən 6553,48 manat ödəniş edilmişdir.

12. İddiaçı xx.xx.2024-cü il tarixə olan 4865,3 manat gecikdirilmiş əsas borc, 806,45 manat cərimə məbləğinin cavabdehdən tutulmasını tələb edir.

13. Cavabdeh iddiaya pulun tutulması hissəsində etiraz edir, lizinq obyektinin xx.xx.2023-cü il tarixdə qaytarıldığını, avans kimi ödədiyi 11319,8 manat məbləğində pulun nəzərə alınmasını xahiş edir.

14. Məhkəmə mübahisənin həlli üçün əvvəla lizinq müqaviləsinin hüquqi təbiəti, lizinq ödənişlərinin təyinatının şərh edilməsini zəruri sayır.

15. Məhkəmə hesab edir ki, əvvəlcə bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir.

16. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

17. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

18. xx.xx.2021-ci il tarixli KTA-KTT-21/6678 nömrəli X7 müqaviləsinin 14.1-ci maddəsinə əsasən, Lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda, Lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: Lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirir, habelə onun xəbəri olmaqla və ya onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilir; Lizinq verəıı tərəfimdən müəyyən edilmiş müddət ərzində Lizinq alan müqavilə şərtlərinin pozuntularını aradan qaldırılmayıb; Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilnıədikdə.

19. Göründüyü kimi, istər mülki qanunvericilikdə, istərsə də tərəflər arasındakı razılaşmada lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur.

20. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

21. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

22. Hazırda isə müəyyən edilməli hal konklyudent hərəkətin baş vermə anıdır. Belə ki, iddiaçı məhkəməyə iddia ərizəsi verilərkən lizinq obyektlərinin qaytarılmadığını bildirmiş, bu səbəbdən də lizinq obyektlərinin qaytarılması tələbini də irəli sürmüşdür. Cavabdeh isə lizinq obyektini xx.xx.2023-cü il tarixdə iddiaçının Bərdə filialına qaytardığını göstərmişdir.

23. Məhkəmə mübahisəli məsələnin araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixli e-2-2(113)-4156/2024 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinə məhkəmə tapşırığı göndərmiş, xx.xx.2021-ci il tarixli KTA-KTT-21/6678 nömrəli lizinq müqaviləsinin obyektləri olan FTTTDA54LMS000265 şassi nömrəli 1 ədəd “Lovol TD904” markalı traktorun, ********** şassi nömrəli 1 ədəd “Agrotech Pulluk/AP 144” markalı kotanın və 27050079 şassi nömrəli 1 ədəd “Abollo TY-HM1” markalı yemqıran şaftlının (həmin müqavilənin 1.1-ci bəndindəki cədvəldə və müqaviləyə 01 nömrəli Əlavədə göstərilən spesifikasiyaya əsaslanmaqla) Bərdə rayonu, Cəyirli kəndində (“Kristal” YDM-nin yanında) yerləşən İddiaçı ASC-nin Bərdə filialında mövcud olub-olmadığının yerində müayinə və tədqiq edilməklə müəyyən edilməsi tapşırılmışdır.

24. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 10(021)-5/2024 nömrəli qərardadına əsasən, tapşırığın icrası ilə əlaqədar məhkəmə tərəfindən İddiaçı ASC-nin Bərdə filialının müdiri X4 iştirakı ilə İddiaçı ASC-nin ünvan 1i ünvanına gedilmiş və həqiqətən FTTTDA54LMS000265 şassi nömrəli nömrəli 1 adǝd “Lovol TD904” markalı traktorun, ********** şassi nömrəli 1 ədəd “Agrotech Pulluk/AP 144” markalı kotanın və 27050079 şassi nömrəli 1 ədəd “Abollo TY-HM1” markalı yemqıran şaftlının həmin ünvanda olduğu müəyyən olunmuşdur.

25. Yalnız qeyd edilən qərardadla 1 ədəd “Lovol TD904” markalı FTTTDA54LMS000265 şassi nömrəli traktorun, 1 ədəd “Agrotech Pulluk/AP 144” markalı ********** nömrəli kotanın və 1 ədəd “Abollo TY-HM1” markalı 27050079 nömrəli yemqıran şaftlın İddiaçı ASC-nin ünvan 1i ünvanında aşkar olunmasından sonra iddiaçının nümayəndəsi lizinq obyektlərinin cavabdeh tərəfindən qaytarıldığını etiraf etmiş, lakin təhvil-təslim aktının tərtib edilmədiyini və lizinq obyektlərinin 2024-cü ilin may ayında qaytarıldığını göstərmişdir.

26. Məhkəmə iddiaçının arqumentlərini əsaslı hesab etmir və lizinq obyektlərinin cavabdehin bildirdiyi kimi xx.xx.2023-cü il tarixdə qaytarıldığını həqiqi hesab edir.

27. Belə ki, iddiaçı əvvəlcə lizinq obyektlərinin qaytarılmadığını bildirmiş, lizinq obyektlərinin qaytarıldığı məhkəmə tapşırığı əsasında müəyyən edildikdən sonra maliyyə arayışına əsasən borcun tələb edildiyi 2024-cü ilin may ayında lizinq obyektlərinin qaytarıldığını bildirmişdir.

28. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Burada vicdanlılıqla sıx bağlı olan estoppel prinsipinin şərtləri də xatırladılmalıdır.

29. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli Qərar).

30. Göründüyü kimi, iddiaçı cavabdehin 23 avqust 2023-cü il tarixdə lizinq obyektlərinin qaytarılması mövqeyini aşkar inkar etmiş, qaytarılan obyektin digər müqavilənin predmeti olduğunu göstərmiş, lizinq obyektinin qaytarılması faktı müəyyən edildikdən sonra isə lizinq obyektinin qaytarıldığını, lakin heç bir sübut təqdim etmədən 2024-cü ilin may ayında təhvil verildiyini ifadə etmişdir. Bu isə iddiaçının prosessual hüquqlarından sui-istifadə etməsi qənaətinə gəlməyə rəvac verir.

31. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli KTA-KTT- 21/6678 nömrəli lizinq müqaviləsi xx.xx.2023-cü il tarixdən birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir. İddiaçının isə həmin tarixədək lizinq ödənişlərini tələb etmək hüququ vardır.

32. xx.xx.2021-ci il tarixli KTA-KTT-21/6678 nömrəli X7 müqaviləsinin 2 nömrəli əlavəsi olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 8234,35 manat, 2023-cü ilin avqust ayı üçün isə 426,65 manat lizinq ödənişinin ödənilməsi şərtləşdirilmişdir. Adıçəkilən müqaviləyə 23 avqust 2023-cü il tarixdən xitam verildiyi nəzərə alınsa, həmin tarixədək ödənilməli lizinq ödənişi 8550,90 manat (xx.xx.2023-cü il tarixədək ödənilməli 8234,35 manat + avqust ayının 23 günü ərzində ödənilməli 426,65/31*23 manat) təşkil etmişdir. Həmin tarixədək cavabdeh tərəfindən ödənilmiş lizinq ödənişinin məbləği isə hər iki tərəfin qəbul etdiyi 6553,48 manatdır.

33. Məhkəmə cavabdeh tərəfindən edilmiş 11319,8 manat avans ödənişinə münasibətdə isə aşağıdakıları qeyd edir.

34. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

35. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.

36. Eləcə də Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

37. Cavabdeh lizinq obyekti üzrə 11319,8 manat məbləğində avans ödənişi etmiş, lakin iddiaçı hazırkı tələblə müraciət edərkən həmin ödənişləri nəzərə alınmamışdır. Halbuki Mülki Məcəllədə lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər.

38. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı avadanlığın əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir.

39. Əks yanaşma Mülki Məcəllənin müddəalarına ziddir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir.

40. Digər tərəfdən, tərəflər arasında imzalanmış daxili lizinq müqaviləsində də razılaşdırılmışdır ki, Lizinq verən Lizinq alana yazılı məlumat verməklə müqavilənin 14.1ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə və lizinq obyektini mövcud bazar dəyərinə uyğun qiymətə sata və ya təkrar lizinqə verə bilər. Lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilir. Lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğindən azdırsa və ya lizinq obyektinin mövcud bazar dəyəri Lizinq alanın borc məbləğindən azdırsa, Lizinq verən Lizinq alandan bu fərqin ödənilməsini tələb edə bilər (14.2). Lizinq alan Lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində lizinq obyektini Lizinq verənə təhvil vermirsə və/və ya hər hansı bir səbəbdən lizinq obyektini bölünməz obyekt kimi müqavilənin ləğvi məbləğinin ödənilməsi üçün kifayət edən qiymətə ağlabatan müddət ərzində satmaq mümkün deyilsə, Lizinq verən Lizinq a ödənilməsini tələb edə bilər (14.3).

41. Göründüyü kimi, müqavilə birtərəfli qaydada ləğv edildikdən və lizinq obyekti qaytarıldıqdan sonra lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə edilmiş pul məbləğinin müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilməsi müqavilə şərtlərində də birbaşa əks olunmuşdur.

42. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbini təşkil edən və ödənilməyən lizinq ödənişi hissəsində əsaslı olan 1997,42 (ödənilməli 8550,9 – ödənilmiş 6553,48) manat lizinq ödənişindən avans məbləği olan 11319,8 manat çıxılmalıdır.

43. Məhkəmə tələb edilən 806,45 manat dəbbə puluna münasibətdə isə göstərir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 11.3-cü bəndinə əsasən, lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir.

44. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

45. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

46. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

47. Məhkəmə iddiaçı tərəfindən yalnız xx.xx.2023-cü il tarixdək dəbbə pulu tutula biləcəyini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alaraq belə hesab edir ki, cərimə məbləğinin 100 manat müəyyən olunması ağlabatan və ədalətlidir və bu hissədə də tələbdən avans ödənişi çıxılmalıdır.

48. Beləliklə, iddiaçının ödənilməyən lizinq ödənişi hissəsində əsaslı olan 1997,42 manat və dəbbə pulu 100 manat tələbindən (cəmi 2097,42) avans məbləği olan 11319,8 manat çıxıldıqda müəyyən olunur ki, qeyd olunan məbləğlər avans məbləği ilə tam əhatə olunur.

49. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir.

b) Lizinq obyektinin qaytarılması tələbi ilə bağlı

50. İddia ərizəsində iddiaçıya məxsus 1 ədəd “Lovol TD904” markalı traktorun, 1 ədəd “Agrotech Pulluk/AP 144” markalı kotanın və 1 ədəd “Abollo TY-HM1” markalı yemqıran şaftlının saz və işlək vəziyyətdə iddiaçıya verilməsi tələbi də irəli sürülmüşdür.

51. Məhkəmə qeyd edilən hissədə iddiaçının iddia tələbini müdafiə etmədiyini, lizinq obyektlərinin qaytarılmasının müəyyən olunduğunu nəzərə alaraq hesab edir ki, lizinq obyektinin qaytarılması hissəsində iddiaçının tələbi təmin edilməməlidir.

c) Məhkəmə xərcinin tutulması ilə bağlı

52. İddiaçı həmçinin ödənilmiş 76,72 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Məhkəmə iddia tələbinin rədd edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar