Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-416/2022 07.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Fərdi Firmasının Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Səma” Fərdi Firması (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 21 sentyabr 2020-ci il tarixli 24/U saylı müqavilə üzrə Cavabdeh 23500 manat məbləğində əsas borcun, 1480,50 manat dəbbə pulunun cəmi 24980,50 məbləğində pulun və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 21 sentyabr 2020-ci il tarixdə un məhsulunun satışı ilə əlaqədar 24/U saylı malların satınalma müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilə qüvvədə olduğu müddətdə cavabdehə onun sifarişi əsasında un göndərməyi, cavabdeh isə öz növbəsində həmin malı müəyyən edilmiş vaxtda qəbul etməyi və malın pulunu ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında 02 aprel 2021-ci il tarixli üzləşmə aktı imzalanmışdır. Həmin tarixə cavabdehin iddiaçıya 26497 manat borcu olduğunu imzası və möhürü ilə təsdiq etmişdir. Cavabdeh tərəfindən borcun 2500 manatı ödənilmişdir. Axırıncı ödəniş 17 may 2021-ci il tarixdə olmuşdur. Hal-hazırda cavabdehin iddiaçıya 23 500 manat məbləğində borcu vardır. Cavabdeh borcu ilə əlaqədar 02.04.2021-ci il tarixdə qarantiya məktubu yazmışdır. Cavabdehə borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir. 19.07.2021ci il tarixdə məktubla cavabdehə müraciət etmişdir. Sonuncu dəfə 11.10.2021-ci il tarixdə cavabdeh məktubu imza etməklə qəbul etmişdir. İddiaçı 22.09.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyi Hüquqi X3 Üzrə Bakı Bölgə Şöbəsində “Fərəh” fərdi firması kimi qeydiyyatdan keçmişdir. 15.08.2003-cü ildə X1 Reyestrindən 15.08.2003-cü il tarixli Çıxarışa əsasən “Fərəh” fərdi firmasının adı dəyişdirilərək İddiaçı fərdi firması olmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili G.Zamanov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 21 sentyabr 2020-ci il tarixli 24/U nömrəli müqaviləyə əsasən tərəflər razılığa gəlirlər ki, satıcı alıcıya un satılmasını öhdəsinə götürür (malın qiyməti qaimə fakura əsasında müəyyən edilir). Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən alıcı satıcının təqdim etdiyi hesaba əsasən alınacaq malların dəyərini əvvəcədən və ya hər alınmış mal üçün 10 gün ərzində satıcının hesablaşma hesabına ödəməlidir. Ödəmə göstərilən müddətdə aparılmadıqda satıcı gecikdirilən hər gün üçün ümumi məbləğin 0,1 % həcmində penya ödəyir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 19.07.2021-ci il tarixli 35 nömrəli məktubdan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 21 sentyabr 2021-ci il tarixli 24/U saylı müqaviləyə əsasən yaranmış borcunu qısa müddət ərzində ödəməsini cavabdehdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. 02.04.2021-ci il tarixli cavabdeh tərəfindən verilmiş qarantiya məktubundan görünür ki, cavabdeh iddiaçıya olan 26497 manat borcunu təsdiq edir və 4 ay müddətinə qədər borcun tam ödənilməsinə zəmanət verir. 02.04.2021-ci il tarixli üzləşmə aktına əsasən 02 aprel 2021-ci il tarixə cavabdehin iddiaçıya 26497 manat borcunun olması tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuşdur. EBAZ 045637 nömrəli 19.03.2021-ci il tarixli, EBAY 982521 nömrəli 18.03.2021-ci il tarixli, EBAY 842289 nömrəli 16.03.2021-ci il tarixli, EBAY 480051 nömrəli 09.03.2021-ci il tarixli, EBAY 370804 nömrəli 05.03.2021-ci il tarixli, EBAY 299700 nömrəli 04.03.2021-ci il tarixli, EBAY 228836 nömrəli 03.03.2021-ci il tarixli elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə buğda unu göndərilmişdir. 11.10.2021-ci il tarixli 004172 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış və 11.10.2021-ci il tarixli 083327 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 21 sentyabr 2020-ci il tarixli 24/U nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 23500 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 23500 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləsinin 6.2-ci bəndinə əsasən hesablanmış 1480.50 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 500 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 23500 manat məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 500 manat ümumilikdə 24000 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 200 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərcinin 150 manatı cavabdehə, 50 manatı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23500 (iyirmi üç min beş yüz) manat məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 500 (beş yüz) manat məbləğində dəbbə pulu, ümumilikdə 24000 (iyirmi dörd min) manat məbləğində pul və ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Fərdi Firmasına ödənilsin. Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı iddiaçı Səma” Fərdi Firmasına aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-416/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-416/2022
07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver