Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4163/2023 16.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi (direktor) X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən müqavilənin şərtlərinin icra edilməməsi nəticəsində yaranmış 23485.76 manat pul məbləğinin cavabdehdən alınıb iddiaçıya qaytarılması, həmçinin 300 manat məbləğində hüququ yardım üçün və 210 manat məbləğində mediasiyaya dair xərclərinin, ümumilikdə 23995.76 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən müqavilənin şərtlərinin icra edilməməsi nəticəsində yaranmış 23485.76 manat pul məbləğinin cavabdehdən alınıb iddiaçıya qaytarılması, həmçinin 300 manat məbləğində hüququ yardım üçün və 210 manat məbləğində mediasiyaya dair xərclərinin, ümumilikdə 23995.76 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Alıcı malın tam dəyərini əvvələcədən sifaiş verilmiş malları qəbul etdikdən sonra 30 (otuz) bank günü ərzində ödəyir. Borcun təsdiqi ilə bağlı cavabdehin nümayəndəsinin iştirakı ilə xx.xx.2022-ci il tarixində Qarşılıqlı üzləşmə Aktı tərtib edilmişdir. Həmin akta əsasən cavabdehin iddiaçıya 23485.76 manat borcu olduğunu öz imzası ilə təsdiq edir. Həmçinin qeyd olunmuş məbləği xx.xx.2022-ci il tarixinədək ödəməyi öz öhdəsinə götürür. Göründüyü kimi, cavabdeh tərəfindən borcun təsdiqindən sonra 1 ildən çox müddət keçməsinə baxmayaraq onun tərəfindən bu borcun ödənilməsi ilə bağlı hər hansı hərəkət edilməmişdir. İddiaçı cavabdeh ilə aralarında razılığın əldə edilməsi üçün ona müqavilə üzrə öhdəliklərin icra edilməsi üzrə təklif göndərərək 15 gün ərzində vaxt vermişdir. Cavabdeh qeyd olunmuş müddət ərzində 23485.76 manat borcu ödəməyindən Mediasiya Şurasına müraciət edilmişdir, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Həmçinin mediasiya ilə bağlı 210 AZN məbləğində mediasiya xərci ödənilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (direktor) X2 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçı ilə razılığına əsasən iddiaçıya 13572,3 manat borcunun olmasını təsdiq etmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilədə müəyyən olunmuş şərtlərlə sifarişə uyğun olan malı cavabdehə satmağı, cavabdeh isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
10. 25.07.2019-cu il tarixli EAAX seriyalı 632235 saylı elektron-qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif adda və müxtəlif çeşiddə 23485,70 manat dəyərində mal satılmasına dair qaimə təqdim edilmişdir.
11. 25.07.2019-cu il tarixli 150655 saylı Malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif adda və müxtəlif çeşiddə 23485,70 manat dəyərində mal təhvil verilmiş və cavabdeh həmin malları təhvil almışdır.
12. xx.xx.2022-ci il tarixli Üzləşmə aktından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə iddiaçıya borcu 23485,76 manat təşkil edir. Həmin aktda cavabdehin nümayəndəsi X2 tərəfindən əlyazma ilə “qeyd” kimi yazılmaqla göstərilmişdir ki, “Mən, X2 yazaraq bildiriəm ki, 13572,63 azn xx.xx.2022-ci ilə kimi ödəyəcəyimi təsdiq edirəm.”
13. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı müqavilədə müəyyən olunmuş şərtlərlə sifarişə uyğun olan malı cavabdehə satmağı, cavabdeh isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
14. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.
15. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş üzləşmə aktının, elektron qaimənin və malların təhvil-qəbul aktının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi 13572,63 manat məbləğində borcu etiraf etmiş, eyni zamanda iddiaçının nümayəndəsi və vəkili də cavabdehin borcunun 13572,63 manat məbləği ödəyəcəyi təqdirdə qalan borcun cavabdehə güzəşt ediləcəyini və bu barədə qarşılıqlı üzləşmə aktı ilə tərəflərin razılığa gəldiklərini təsdiq etmişdir.
17. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
18. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, tələb olunan borc tərəflərin təsdiq etdiyi 13572,63 manat məbləği hissəsində təsdiq olunduğundan iddia göstərilən hissədə qismən təmin edilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
20. Məhkəmə vəkilin göstərdiyi yardıma görə 300 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir.
21. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 210 manat məbləğində pul Bakı 2 saylı Mediasiya təşkilatına ödənilmişdir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.
24. İş üzrə dövlət rüsumu məbləğinin 160,46 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 57,79 faizini təşkil etdiyini nəzərə aldıqda, 210 manat mediasiya xərcindən iddiaçıya aid edilməli məbləğ çıxılmaqla, qalan 132,27 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 13.572,63 manat borc, vəkilin göstərdiyi yardıma görə 300 manat və mediasiya xərcinə görə 132,27 manat, cəmi 14.004,9 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.
VI. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehndən 13.572,63 manat borc, vəkilin göstərdiyi yardıma görə 300 manat və mediasiya xərcinə görə 132,27 manat, cəmi 14.004,9 manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev