Məhkəmə qərarları › İş №e-2-2(113)-4164/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4164/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4164/2024 10.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət 10243,38 manat əsas borcun, 512,17 manat məbləğində dəbbə pulunun və ödənilmiş 123 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında malların (qida məhsullarını paketlənmə qablarının) alqı-satqısına dair FPZG 3003-2022 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdehin (alıcı qismində) sifariş verdiyi mallar iddiaçı tərəfindən tam təhvil verilmişdir. Lakin cavabdeh sifariş verdiyi malları tam təhvil aldıqdan sonra aldığı malların dəyərini iddiaçıya ödəməmişdir. Müqavilənin şərtlərini pozan cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə iddiaçıya borcu yaranmışdır. Həmçinin müqaviləyə əsasən cavabdeh yaranmış əsas borcu vaxtında ödəmədiyinə görə hər ötən gün üçün 0,1% həcmində olmaqla dəbbə pulu (penya) ödəməlidir. Cavabdeh aldığı malların dəyərini vaxtında ödəmədiyinə görə onun hal-hazırda iddiaçıya 10243,38 manat dəyərində əsas borcu yaranmışdır. Bununla yanaşı, cavabdeh yaranmış borc məbləğini ödəməkdən yayındığına görə əsas borc məbləğinin üzərinə hər ötən gün üçün 0,1% olmaqla 512,17 manat məbləğində dəbbə pulu (penya) hesablanmışdır. Dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və qəbul etdiyi malların dəyərini vaxtında və könüllü ödəməmişdir. Həmçinin cavabdehə pretenziya qaydasında edilən xəbərdarlıqların heç bir nəticəsi olmamış və cavabdeh bu günə qədər yaranmış borcunu ödəməmişdir. Göründüyü kimi, yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə istər şifahi, istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443, 448-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iştirakları olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına çatdırılmaqla, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə edilən iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış FPZG 3003-2022 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, “Satıcı” müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müqavilənin əlavələrində göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik ona məxsus olan məhsulları istifadə məqsədləri üçün yararlı halda “Alıcı”nın yazılı sifarişi və hər iki tərəfin imzaları (möhürləri) ilə təsdiq edilmiş qaimə əsasında “Alıcının” anbarına çatdırır (1.1). “Satıcı” müqavilənin şərtlərinə əsasən malların vaxtlı-vaxtında göndərilməsinin təmin olunması üçün məsuliyyət daşıyır (1.2). Bu Müqavilə üzrə malların qiyməti elektron qaiməyə əsasən müəyyən olunur (2.1). Göstərilən xidmətlərin və malların dəyəri “Satıcı” tərəfindən mallar “Alıcı”ya təhvil verildikdən və elektron qaimə-faktura təqdim edildikdən sonra köçürmə yolu ilə 15 (on beş) təqvim günü ərzində həyata keçirilir (2.2). Malların qiymətinə hər hansı əlavə və dəyişikliklər yalnız tərəflərin qarşılıqlı razılığı əsasında hüquqi qüvvəyə minir (2.3). Tərəflərin hər biri xidmət həyata keçirdiyi bankda bütün bank komissiyaları və digər ödənişlər üzrə xərcləri müstəqil şəkildə ödəyir (2.4). Qiymət dəyişikliyi zamanı “Alıcı” əvvəlcədən məlumatlandırılır, razılıq əldə edilir və daha sonra “X1” tərtib olunur və hər iki tərəf bu sənədi təsdiqləyir (2.5). Müqavilə üzrə ödənişin valyutası Azərbaycan manatıdır (AZN) (2.6).

11. Məhkəməyə təqdim edilən satış qaimlərindən görünür ki, 03 iyul 2023-cü il tarixli 10138 nömrəli qaimə üzrə ƏDV daxil olmaqla 2193,5 manat, 07 iyul 2023-cü il tarixli 10439 nömrəli qaimə üzrə ƏDV daxil olmaqla 1872,48 manat, 03 avqust 2023-cü il tarixli 12005 nömrəli qaimə üzrə ƏDV daxil olmaqla 2898,91 manat, 18 avqust 2023-cü il tarixli 12882 nömrəli qaimə üzrə ƏDV daxil olmaqla 3279,10 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 10243,99 manat dəyərində məhsul təhvil verilmişdir.

12. İş materiallarına əlavə edilən elektron qaimə və Azərbaycan Respublikasının ‬ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli EBBT 592435 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 6420,09 manat, xx.xx.2022-ci il tarixli EBBT 592384 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 9460,06 manat, xx.xx.2022-ci il tarixli EBBU 726342 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1719,26 manat, xx.xx.2023cü il tarixli EBDH 935291 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3167,47 manat, xx.xx.2023-cü il tarixli EBDİ 986244 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 560,5 manat, xx.xx.2023-cü il tarixli EBDJ 195005 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 809,95 manat, xx.xx.2023-cü il tarixli EBDJ 665773 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2193,5 manat, xx.xx.2023-cü il tarixli EBDJ 837693 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1872,48 manat, xx.xx.2023cü il tarixli EBDK 159465 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4115,07 manat, xx.xx.2023-cü il tarixli EBDL 950393 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2898,91 manat, xx.xx.2023-cü il tarixli EBDM 745251 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3279,1 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 36496,39 .manat dəyərində məhsulun təqdim edilməsi üçün tərtib edilmişdir

13. İş materiallarında olan ödəniş tapşırıqları və icra qeydlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 1161,4 manat, xx.xx.2022-ci il tarixdə 1457 manat və 1694,91 manat, xx.xx.2022-ci il tarixdə 1694,91 manat, xx.xx.2022-ci il tarixdə 2050,92 manat, xx.xx.2022-ci il tarixdə 2367,1 manat, xx.xx.2023-cü il tarixdə 2684,3 manat, xx.xx.2023cü il tarixdə 3487,35 manat olmaqla ümumilikdə 16597,89 manat məbləğində pul yuxarıda qeyd edilən ayrı-ayrı elektron qaimələrə istinad edilməklə cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmüşdür.

14. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV-nin depozit hesabı” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 262,26 manat və 305,08 manat, xx.xx.2022-ci il tarixdə 305,08 manat, xx.xx.2022-ci il tarixdə 369,17 manat, xx.xx.2022-ci il tarixdə 426,08 manat, xx.xx.2022-ci il tarixdə 133,28 manat, xx.xx.2023-cü il tarixdə 483,17 manat, xx.xx.2023cü il tarixdə 627,72 manat və xx.xx.2023-cü il tarixdə 209,05 manat olmaqla ümumilikdə 3120,89 manat ƏDV məbləği cavabdeh tərəfindən iddiaçının sub-hesabına köçürülmüşdür.

15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli FPZG 3003-2022 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müqavilənin əlavələrində göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik ona məxsus olan məhsulları istifadə məqsədləri üçün yararlı halda cavabdehin yazılı sifarişi və müqavilədə müəyyən olunmuş şərtlərlə və hər iki tərəfin imzaları (möhürləri) ilə təsdiq edilmiş qaimə əsasında cavabdehin anbarına çatdırmağı, cavabdeh isə həmin şərtlər daxilində məhsulları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən ƏDV daxil olmaqla 36496,39 manat dəyərində məhsul elektron qaimələr əsasında cavabdehə verilmiş, cavabdeh tərəfindən həmin elektron qaimələrə istinad edilməklə ƏDV daxil 19718,78 manat məbləğində ödəniş edilmişdir.

16. İddiaçı xx.xx.2022-ci il tarixli FPZG 3003-2022 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 10243,38 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

22. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

26. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

27. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 2.2-ci bəndinə əsasən, göstərilən xidmətlərin və malların dəyəri “Satıcı” tərəfindən mallar “Alıcı”ya təhvil verildikdən və elektron qaimə-faktura təqdim edildikdən sonra köçürmə yolu ilə 15 (on beş) təqvim günü ərzində həyata keçirilir), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

28. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

34. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

35. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə təmin olunmalı, xx.xx.2022-ci il tarixli FPZG 3003-2022 nömrəli alqı-satqı müqaviləsi üzrə cəmi 10243,38 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

36. İddia ərizəsində iddiaçı həmçinin 512,17 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

37. xx.xx.2022-ci il tarixli FPZG 3003-2022 nömrəli müqavilənin 4.1-ci bəndinə əsasən, “Alıcı” “Satıcı”nın işinin haqqını vaxtında ödəmədikdə, o, hər ötən gün üçün məbləğin 0,1%-i həcmində, lakin ümümi məbləğin 5%-dən çox olmamaqla dəbbə pulu ödəməlidir.

38. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

39. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

40. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

41. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.

42. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 512,17 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

43. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində təmin edilməli, 512,17 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

44. İddiaçı eyni zamanda ödənilmiş 123 manat dövlət rüsumunun da tutulmasını tələb edir.

45. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 123 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

46. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

47. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə uyğun olaraq qeyd edir ki, hazırkı iddianın qiymətinə (10755,55 manat) uyğun ödənilməli dövlət rüsumu 122,27 manat təşkil edir.

49. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122,27 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 10243,38 manat əsas borc, 512,17 manat cərimə olmaqla ümumilikdə 10755,55 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122,27 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya Food Packingyəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar