Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4165/2025 29.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10919,72 manat əsas, 545,99 manat dəbbə pulu və 124,4 manat ödənilən dövlət rüsumu olmaqla, ümumilikdə 11590,11 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Xəlilov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, təqdim etdiyi müqavilə cavabdeh tərəfindən imzalanmamışdır, hazırki işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmir. Məhkəmə iclasında cavabdeh izahatında göstərdi ki, 10000 manat civarında mallar ona məxsus mağazaya iddiaçı tərəfindən təhvil verilmiş, daha sonra o, həmin malları iki partiya olmaqla iddiaçıya geri qaytarmış, iddiaçı tərəfindən göndərilmiş elektron qaiməyə görə vergi orqanı tərəfindən 1000 manat cərimə edilmişdir. İddiaçı ilə hər hansı yazılı razılaşma bağlamamış, hər hansı müqaviləni imzalamamışdır. Hazırkı işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, hazırkı kommersiya mübahisəsi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi cavabdeh tərəfindən imzalanmamış (həmin müqavilənin 6-cı bəndinə əsasən mübahisələrə Bakı şəhərində fəaliyyət göstərən məhkəmələr tərəfindən baxılmalıdır), tərəflər arasında işin ərazi aidiyyətinin dəyişdirilməsi ilə bağlı hər hansı yazılı razılaşma mövcud deyildir. Elektron məhkəmə informasiya sistemində cavabdehə məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Sumqayıt şəhəri – Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 40, 45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4165/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4165/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver