Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4167/2022 17.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, əldən çıxmış fayda, hüquqi yardım haqqı, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış malların alqısatqısı haqqında müqaviləyə əsasən yaranmış 4858 manat borc məbləğinin, həmin müqavilə üzrə sonuncu tərəfindən öhdəliklərin yerinə yetirilməməsi nəticəsində əldən çıxmış faydaya görə 485 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş pulun əvəzi olaraq 200 manat və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 25 fevral 2021-ci il tarixdə 75 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı (satıcı) cavabdehi (alıcı) müxtəlif mallarla təchiz etməyi, alıcı isə həmin malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satıcı öz öhdəliklərini yerinə yetirdiyi halda, alıcı müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Belə ki, qarşılıqlı borcların üzləşdirilməsi aparılan zaman müəyyən edilmişdir ki, 30 oktyabr 2021-ci il tarixə cavabdehin iddiaçıya 4858 manat məbləğində borcu yaranmışdır. Həmin borc məbləği cavabdehin məsul şəxsi tərəfindən göndərilmiş 30 oktyabr 2021-ci il tarixli elektron məktub vasitəsi ilə təsdiq edilmişdir. İddiaçı cavabdehə 07 mart 2022-ci il tarixində pretenziya məktubu ünvanlamış, lakin cavabdeh qeyd edilən məbləği ödəməmişdir. Cavabdeh pul vəsaitini vaxtında ödəmədiyindən əldən çıxmış fayda da cavabdehdən tutulmalıdır. Belə ki, həmin pul vəsaitini dövriyyəyə buraxmaqla iddiaçı ən azı 10% həcmində gəlir əldə edə bilərdi, lakin cavabdehin pulu vaxtında ödəməməsi iddiaçını bu qazancdan məhrum etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 443.1-ci maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə1 iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, cavabdeh bir ildən artıqdır ki, müqavilə üzrə öhdəliklərinin icrası istiqamətində heç bir addım atmayıb.
5. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 məxsus mobil telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə SMS bildiriş çatdırılmış, cavabdehin hüquqi ünvanına sifarişlixəbərnaməli poçt göndərişləri ilə məhkəmə bildirişləri göndərilmiş, həmin məhkəmə bildirişlərinin ünvana çatdırılmasını təsdiq edən xəbərnamələr poçt şöbəsinin rəisi tərəfindən imzalanmaqla məhkəməyə daxil olmuş, lakin cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq iddianı qəbul etdiyini və borcu hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
8. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
11. İddia ərizəsinə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh MMC arasında 25 fevral 2021-ci il tarixdə bağlanmış (hər iki hüquq şəxsin möhürü ilə təsdiq edilmiş) 75 saylı alqı-satqı müqaviləsinə əsasən “Satıcı” (İddiaçı MMC) mal və xidmətləri “Alıcı”ya (Cavabdeh MMC) satmağı, “Alıcı” isə həmin malların və xidmətlərin dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə qüvvəyə mindikdən sonra “Satıcı” “Alıcı”nın tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı Malı elektron qaimə-faktura əsasında “Alıcı”ya sifarişçinin ünvanında təhvil verir.
12. Həmin müqavilənin 5.1-ci bəndindən görünür ki, satılan malın qiyməti, müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında, elektron qaimə fakturalarda öz əksini tapır.
13. Həmin müqavilənin 5.2-ci bəndindən görünür ki, “Alıcı” tərəfindən malın və xidmətin dəyəri “Satıcı”nın hesablaşma hesabına avans şəklində və ya mallar təhvil verildikdən sonra ödənilməlidir.
14. Həmin müqavilənin 8.1-ci bəndindən görünür ki, müqavilə tərflər onu imzaladığı andan qüvvəyə minir və tərəflər bu müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirənə qədər yaxud bu müqavilə pozulana qədər qüvvədə qalır.
15. Həmin müqavilənin 9.2-ci bəninə əsasən tərəflər mübahisəli məsələləri danışıqlar yolu ilə tənzimləmək mümkün olmadıqda mübahisələrin Bakı şəhəri 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən həll edilməsi barədə razılaşmışlar.
16. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən elektron qaimələrdən görünür ki, ƏDV daxil 2196,50 manat dəyərində məhsul xx.xx.2021-ci il tarixli EBAY seriyalı 380995 nömrəli, 1753,48 manat dəyərində məhsul xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 350983 nömrəli, 1908,51 manat dəyərində məhsul xx.xx.2021-ci il tarixli EBBC seriyalı 554155 nömrəli, 1310,01 manat dəyərində məhsul xx.xx.2021-ci il tarixli EBBD seriyalı 201554 nömrəli, 1505,91 manat dəyərində məhsul xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 665752 nömrəli elektron qaimə əsasında Cavabdeh MMC-yə təhvil verilmişdir.
17. Cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixinə olan qarşılıqlı üzləşmə aktından görünür ki, qeyd olunan elektron qaimələr üzrə cavabdehə cəmi 8674,41 (7351,2+1323,21 ƏDV) manat dəyərində məhsullar təhvil verilmiş, cavabdeh qeyd olunan məbləğdən müxtəlif vaxtlarda 3815,84 (2136,13+644,71 ƏDV) manat ödəmiş, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qalıq borcu 4858,7 manat təşkil etmişdir.
18. Məhkəməyə təqdim edilən İnternet Vergi İdarəsinin “Elektron qaimə (e-qaimə)” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli EBAY 380995 seriya və nömrəli elektron qaimə cavabdeh tərəfindən, §16-da qeyd edilən digər qaimələr isə sistem tərəfindən təsdiqlənmişdir.
19. İddiaçı tərəfindən təqdim olunan bank ödəniş sənədlərindən görünür ki, qeyd olunan elektron qaimələr əsasında Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il, xx.xx.2021-ci il , xx.xx.2021-ci il tarixlərdə ödənişlər edilmişdir.
20. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
21. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
22. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, (bax yuxarıda §11-19), iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) 8674,41 manat dəyərində malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların dəyərinin bir hissəsini ödəmiş, 4858 manatı isə ödəməmişdir.
23. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.
24. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Məhkəmə qeyd edir ki, tərəflər müqavilədə malın dəyərinin avans şəklində və ya mallar təhvil verildikdən sonra ödənilməsini razılaşdırsalar da, elektron qaimələr, üzləşmə aktı və ödəniş sənədləri əsasında müəyyən olunur ki, tərəflər arasında işgüzar münasibətlər malların təhvil verilməsindən sonra ödənilməsi şəklində qurulmuşdur.
26. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
28. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
30. Cavabdehin qanuni təmsilçisi məhkəməyə ünvanladığı teleqramda iddianı qəbul etdiyini, borcu hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir.
31. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 4858 manat pulu ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və ödənilməmiş 4858 manat əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə əldən çıxmış faydanın ödənilməsi tələbi ilə bağlı
32. İddiaçı həmçinin əldən çıxmış faydaya görə 485 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini irəli sürmüş və əsas olaraq qeyd etmişdir ki, pul vəsaitini dövriyyəyə buraxmaqla ən azı 10% həcmində gəlir əldə edə bilərdi, lakin həmin vəsait vaxtında ödənilmədiyindən həmin gəlirdən məhrum olmuşdur.
33. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
34. Həmin Məcəllənin 443.2-ci maddəsi ilə müəyyən olunmuşdur ki, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
35. Həmin Məcəllənin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
36. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
37. Həmin Məcəllənin 434.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
38. Məhkəmə qeyd edir ki, əldən çıxmış faydanın ödənilməsi tələbi irəli sürülərkən zərər çəkmiş, qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərərçəkmiş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi), kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri və s. müəyyən edilməlidir. Hazırkı iş üzrə iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbi yalnız subyektiv mülahizələrə əsaslanır və mötəbər, zəruri sübutlarla qeyd edilən hallar təsdiqlənmir.
39. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC-nin əldən çıxmış faydanın ödənilməsi ilə bağlı tələbi əsassız olduğundən təmin edilə bilməz.
c) Hüquqi yardım haqqının tutulması tələbi ilə bağlı
40. İddiaçı iddia ərizəsində hüquqlarının məhkəmə müdafiəsini təmin etmək üçün vəkilə ödənilmiş 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
41. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
42. İddiaçı məhkəməyə iddiaçının peşəkar hüquqi yardım almaq üçün müvafiq vəkilə müraciət etməsi, onlar arasında müvafiq müqavilənin imzalanması, sonuncu əsasında müəyyən məbləğdə ödənişin edilməsini təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Həmçinin iddia ərizəsi və digər sənədlər məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş, məhəmə iclaslarında isə iddia tələbini iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə1 müdafiə etmiş, iddiaçı vəkillə təmsil olunmamışdır.
43. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hüquqi yardım haqqının tutulması tələbi əsassız olduğundan rədd edilməlidir.
d) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı
44. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
45. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/5-00344 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 04 mart 2022-ci il tarixində saat 17:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh MMC 20 gün əvvəlcədən poçt, həmçinin mobil telefon vasitəsi ilə məlumatlandırılmasına rəğmən iştirak etməmiş, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir.
46. Məhkəməyə təqdim edilən 3 mart 2022-ci il tarixli, 1 nörməli ödəniş tapşırığına əsasən, Bakı şəhəri 5 saylı mediasiya təşkilatına 60 manat məbləğində pul vəsaitinin ödənilməsi bərədə "xxxx" MMC tərəfindən banka tapşırıq verilmişdir.
47. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
48. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
49. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
50. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
e) Məhkəmə xərcləri ilə bağlı
51. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, 10 manat məbləğində dövlət rüsumu ********* nömrəli qəbzlə Bakı Kommersiya Məhkəməsinə ödənmişdir.
52. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8,80 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borc olaraq 4858 (dörd min səkkiz yüz əlli səkkiz) manat pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8 (səkkiz) manat 80 (səksən) qəpik pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova