Məhkəmə qərarları › İş №e-2-2(113)-4168/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4168/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4168/2023 06.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, cərimə pulu və mediasiya xərci ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli 01 nömrəli müqavilə üzrə 22112,80 manat məbləğində ödənilməmiş pulun və 6636,01 manat məbləğində cərimə (dəbbə) pulunun, cəmi 28748,81 manat borc məbləğinin, ilkin mediasiya xidməti üçün ödənilmiş 200 manat rüsumun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə CavabdehMMC arasında xx.xx.2021-ci il tarixli 01 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “Satıcı” müqavilə müddətində “Alıcı”nın yazılı tələbi ilə anbardan istehsalda işlənən xammal materialları ilə onu təmin edir, “Alıcı” təhvil aldığı mal müqabilində Qaimə Fakturaya əsasən göstərilmiş vəsaiti Azərbaycan Respublikasının manatı ilə hesablaşma hesabına köçürmə yolu ilə ödənilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı MMC həmin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək “Alıcı”nın yazılı tələbində qeyd olunan malları cavabdehə təhvil vermişdir. Sözügedən malların Cavabdeh MMCyə təhvil verilməsi elektron qaimə-faktura ilə təsdiq edilir. Lakin Cavabdeh MMC malların dəyərini iddiaçıya ödəməməklə üzərinə düşən öhdəlikləri icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Belə ki, müqavilə şərtlərinə görə Cavabdeh MMC hesab faktura təqdim edildikdən sonra 3 gün ərzində sifariş olunmuş malın dəyərini İddiaçı MMC-nin bank hesabına ödəməli olduğu halda, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Alıcı”nın yazılı tələbi üzrə satılmış malların dəyərini, yəni 39073.10 manat məbləğində borcu, öhdəliyin icrası müddəti başa çatanadək tam şəkildə ödəməmişdir. Cavabdeh məbləğin bir qismini ödəsə də, sonradan ödəmədiyindən danışıqlar əsasında yaranmış borc məbləğindən birazda ödəniş etmiş və hazırda 22112,80 manat borcu qalmışdır. Həmin pul məbləğinin ödənilməməsi İddiaçı MMC-nin mülki dövriyyədə iştirakına maneələr yaradır və çətinləşdirir. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi üçün cavabdehə elektron qaimə faktura göndərilmiş, həmin borcun ödənilməsi üçün dəfələrlə whatsapp vasitəsi ilə məktublar yazılmış, lakin buna baxmayaraq cavabdeh heç bir ödəniş etməmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi ilə yaradılmış telefon əlaqələri zamanı ödəniş etmək üçün vaxt verilməsini istəmişlər. Bu da onu göstərir ki, cavabdeh yaxın vaxtda ödəniş etmək niyyətində deyil. Ehtimal olunur ki, cavabdeh məqsədli şəkildə prosesləri uzadaraq ödəniş vaxtını gecikdirir. İddia tələbi məhkəməyə təqdim edildikdən iddiaçı hüquq və maraqlarının qorunması üçün peşəkar hüquqi xidmətlərindən yararlanmaq üçün xx.xx.2023-cü il tarixdə 350 manat xidmət haqqı qarşılığında vəkillə müqavilə bağlayaraq əlavə maddi xərc çəkmişdir. xx.xx.2021-ci il tarixli müqaviləyə görə “Alıcı” təhvil aldığı mal müqabilində gərəkli ödənişi 30 gün ərzində yerinə yetirməzsə, gec ödənilən məbləğ əsas alınmaqla və bu məbləğə əlavə edilmək şərti ilə 0,1% miqdarında dəbbə pulu tərtib edilir. Belə olan halda ödənişin gecikdirildiyi 291 gün üçün cərimə məbləği 6636,01 manat təşkil edir. Sözügedən müqavilə üzrə yaranmış borcla bağlı cavabdeh İddiaçı MMC-yə yazılı və elektron qaydada pretenziyaya dair bildiriş göndərilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Qeyd olunan mübahisə ilə bağlı qanunvericilikdə nəzərə tutulmuş qaydada, mediasiya prosesi keçirilmiş, iddiaçı ilkin olaraq işin məhkəmədənkənar həlli üçün mediasiya prosesində iştirak edilsə də cavabdehin nümayəndəsinin iştirak etməməsi səbəbindən tərəflər arasında heç bir razılıq əldə olunmamış və nəticədə xx.xx.2023-cü il tarixdə mediator tərəfindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış təqdim olunmuşdur. xx.xx.2021-ci il tarixli 01 nömrəli müqavilədə göstərilir ki, Müqaviləyə əsasən ödəniş mal alıcının ünvanına çatdırıldıqdan sonra “Satıcı”nın təqdim edəcəyi hesab fakturaya əsasən 3 (üç) gün ərzində həyata keçiriləcəkdir. “Alıcı” 30 gün ərzində ödənişi etmədiyi halda gecikən hər gün üçün 0,1 %miqdarında cərimə olunacaqdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01 saylı alqı-satqı müqaviləsinə əsasən:

8. Müqavilənin predmeti

9. Satıcı öz tərəfindən müqavilənin müddəti dövründə alıcının yazılı tələbi ilə anbardan istehsalda işlənən xammal materialları ilə onu təmin edir. Alıcı təhvil aldığı mal müqabilində qaimə fakturasına əsasən göndərilmiş vəsaiti Azərbaycan Respublikasının manatı ilə hesablaşma hesabına köçürmə yolu ilə öndəsilməsini öz öhdəsinə götürür.

10. Tərəflərin məsuliyyəti

11. Ödəniş mal alıcının ünvanına çatdırıldıqdan sonra satıcının təqdim edəcəyi hesab fakturaya əsasən 3 gün ərzində həyata keçiriləcəkdir. Alıcı təhvil aldığı mal müqabilində gərəkli ödənişi 30 gün ərzində yerinə yetirilməzsə, gec ödənilən məbləğ əsas alınmaqla və bu məbləğə əlavə edilmək şərti ilə 0.1% miqdarında dəbbə pulu tərtib edilir.

12. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə əsasən məbləğ üzrə borcu 22112,80 manat, müqavilədə nəzərdə tutulmuş hesablanmış 0,1% dəbbə borcu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə 2435,11 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə 4200,90 manat olmaqla cəmi 6636,01 manat, cəmiborcu isə 28748,81 manat təşkil etmişdir.

13. 22.06.2022-ci il tarixli, 741720 saylı EBBY seriyalı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 39073,10 manat məbləğində xidmət göstərilmişdir.

14. 22.06.2022-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən 741720 saylı EBBY seriyalı elektron qaimə üzrə İddiaçı MMC-yə 3664,56 manat məbləğində ödəniş edilmişdir.

15. 13.07.2022-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən 741720 saylı EBBY seriyalı elektron qaimə üzrə İddiaçı MMC-yə 2295,74 manat məbləğində ödəniş edilmişdir.

16. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh MMC tərəfindən 741720 saylı EBBY seriyalı elektron qaimə üzrə İddiaçı MMC-yə 9000 manat məbləğində ödəniş edilmişdir.

17. xx.xx.2022-ci il tarixli, 01 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən 741720 saylı EBBY seriyalı elektron qaimə üzrə İddiaçı MMC-yə 2000 manat məbləğində ödəniş edilmişdir.

18. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

21. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

23. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

26. Tərəflər arasında xx.xx.2021-ci il tarixli 01 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən satıcı yəni iddiaçı öz tərəfindən müqavilənin müddəti dövründə alıcının yəni cavabdedehin yazılı tələbi ilə anbardan istehsalda işlənən xammal materialları ilə onu təmin etməyi, Alıcı təhvil aldığı mal müqabilində qaimə fakturasına əsasən göndərilmiş vəsaiti Azərbaycan Respublikasının manatı ilə hesablaşma hesabına köçürmə yolu ilə ödəsilməsini öz öhdəsinə götürmüşdür.

27. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə və satılmış mallara görə cavabdeh tərəfindən həmin elektron qaimə-faktura üzrə edilmiş qismən ödənişlər ilə təsdiqini tapdığı üçün iddia tələbinin 22.112,80 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 saylı alqı-satqı müqaviləsinə əsasən hesablanmış 6636,01 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

30. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçının dəbbə pulu olaraq ödənilməsini tələb etdiyi 6636,01 manat məbləği cavabdehin ödənilməsini gecikdirdiyi əsas borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olduğundan 1105,60 manat həddində müəyyən edilməlidir.

32. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

33. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

34. Digər tərəfdən MPM-in:

35. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

36. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

38. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

39. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 22.112,80 manat məbləğində əsas borc, 1105,60 manat məbləğində cərimə (dəbbə) pulu olmaqla cəmi 23218,40 (iyirmi üç min iki yüz on səkkiz manat 40 qəpik) borc məbləği və mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar