Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4170/2022 17.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqavilələri üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, əsas borc, qəbz, invoys) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqavilələri üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 145 574,4 manat (85632 ABŞ dolları) əsas borc, müqavilə üzrə pul öhdəliyinin icrasını gecikdirdiyinə görə illik beş faiz məbləğində 10347,2 manat olmaqla, ümumilikdə 155 921,6 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 21 fevral 2019-cu il tarixində 106/19 və 107/19 nömrəli alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən sonuncu tərəfindən ümumi dəyəri 140 540 ABŞ dolları olan Rusiya istehsalı taxta meterialları və arpa məhsullarının iddiaçıya satılması barədə razılığa gəlinmişdir. İddiaçı tərəfindən 20 fevral 2019-cu il tarixdə 30080 ABŞ dolları, 04 mart 2019-cu il tarixdə 20000 ABŞ dolları, 06 mart 2019-cu il tarixdə 7440 ABŞ dolları, 12 mart 2019-cu il tarixdə 28112 ABŞ dolları olmaqla, cəmi 85632 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən təqdim olunan imzalı və möhürlü kassa mədaxil orderləri əsasında Cavabdeh MMC-nin direktoru Soleyman Hamidpoura təqdim olunmuşdur. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirilsə də (işin birinci mərhələsi üzrə), cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və düzgün şəkildə yerinə yetirməmiş, baş verən pozuntularla bağlı iddiaçının şifahi xəbərdarlıqlarına rəğmən müxtəlif bəhanələr və yalanlarla 2 ildən artıq müddətdir ki, sözügedən öhdəliklərini icra etməkdən qəsdən yayınmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 445-ci maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, iddia ərizəsində göstərilən müqavilələrin nömrələri yanlış daxil edilmiş, 107A9 və 106A9 nömrəli müqavilələrlə əslində müvafiq olaraq 107/19 və 106/19 nömrəli müqavilələr nəzərdə tutulmuşdur.
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən o da qeyd olunmuşdur ki, iddiaçı öz mühasibi vasitəsi ilə həm keyfiyyətli taxta meterialı, həm də arpa məhsulu gətirən şəxs qismində cavabdeh barəsində məlumat almış, bundan sonra cavabdehlə əlaqə yaradaraq qeyd edilən məhsulları 20 fevral 2020-ci il tarixdə sifariş vermiş, niyyətinin ciddiliyini göstərmək məqsədi həmin tarixdə 30080 ABŞ dolları ödəniş etmiş, növbəti gün isə tərəflər müqavilə imzalamışdırlar. Cavabdeh invoyslar təqdim etmiş, iddiaçı 04 mart 2019-cu il, 06 mart 2019-cu il və 12 mart 2019-cu il tarixlərində müvafiq olaraq 20000 ABŞ dolları, 7440 ABŞ dolları, 28112 ABŞ doları ödənişlər həyata keçirilmişdir. Lakin cavabdeh tərəfindən müqavilələr üzrə razılaşdırılan nə arpa məhsulları, nə də taxta materialları iddiaçıya təqdim edilmişdir.
6. Vəkil məhkəmənin suallarına cavab verərək vurğulamışdır ki, mübahisəli invoyslar cavabdeh tərəfindən tərtib edilmiş, invoyslarda istinad edilən müqavilələr texniki səhvdir, daha doğrusu, cavabdehin müqavilələri icra etmək məqsədi olmadığından müxtəlif mövcud olmayan müqavilələr təsadüfi olaraq invoysda qeyd edilmişdir.
7. Məhkəmənin 3-cü hazırlıq iclasında iştirak edən İddiaçı MMC-nin qanuni təmsilçisi Mehrdad Valı bildirmişdir ki, cavabdehlə aralarında əvvəllər müqavilə münasibəti olmamış, Hamidpour Soleyman ilə qeyd edilən məhsulları satın almaq üçün əlaqə yaratmış, müqavilə üzrə ödənişlər isə cavabdehin tələbi əsasında nağd şəkildə edilmişdir. Həmçinin Cavabdeh MMC-nin qanuni təmsilçisi Hamidpour Soleymanın axtarışı istiqamətində işlər görülmüş, Nərimanov Rayon Polis İdarəsinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edilmiş, proses uzun müddət davam etmiş, nəticədə cavabdeh tapıla bilinməmiş, həm də işin mülki xarakterli olması qənaətinə gəlinmişdir.
8. Cavabdeh MMC-nin və onun qanuni təmsilçisi Hamidpour Soleymanın “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə məhkəmə bildirişləri yerləşdirilməklə məhkəmə iclaslarının vaxtı və yeri barəsində cavabdeh məlumatlandırılmış, cavabdehin qanuni təmsilçisinə məxsus mobil telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə SMS bildiriş çatdırılmış, lakin cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Məhkəmə kommersiya mübahisəsinə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edərək iddiaçının yazılı razılığı ilə işə qiyabi icraat qaydasında baxılması barədə xx.xx.2022-ci il tarixdə qərardad qəbul etmişdir.
III.Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
11. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 21 fevral 2019-cu il tarixdə bağlanmış (qanuni təmsilçilərin imzası və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilərək) 106/19 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmetini Rus taxtası, İraq üçün ixrac, (100x25)x4, (120x25)x4, 4 vaqon çeşidlərdə malların satışı təşkil edir (1-ci hissə); müqavilənin ümumi məbləği 75200 (bir kub 200) ABŞ dollarıdır (2.1-ci bənd); malın çatdırılması satıcı tərəfindən FCA Bakı, Azərbaycan İnkoterms 2010 ticarət termininə müvafiq olaraq həyata keçirilməlidir (3.1-ci bənd); mal ayrı-ayrı partiyalarla göndərilir (3.3cü bənd); satıcı keyfiyyət sertifikatı, mənşə sertifikatı, sağlamlıq sertifikatı, analiz sertifikatı, faktura, çəki listini alıcıya təqdim etməlidir (3.4-cü bənd); satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ödəniş həyata keçirildikdən sonra 15 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür (3.5-ci bənd); satıcı malı yükləmədən sonra alıcını malın yüklənməsi və texniki sənədlər barədə yükləmə anından 24 saat müddətindən gec olmayaraq faks və ya e-mail vasitəsilə xəbərdar etməlidir (3.6-cı bənd).
12. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 21 fevral 2019-cu il tarixdə bağlanmış (qanuni təmsilçilərin imzası və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilərək) 107/19 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmetini Rus arpası, İraq üçün ixrac, 4 vaqon (4x67,5=270 ton) çeşidlərdə malların satışı təşkil edir (1-ci hissə); müqavilənin ümumi məbləği 65340 (hər ton 242) ABŞ dollarıdır (2.1-ci bənd); malın çatdırılması satıcı tərəfindən FCA Bakı, Azərbaycan İnkoterms 2010 ticarət termininə müvafiq olaraq həyata keçirilməlidir (3.1-ci bənd); mal ayrı-ayrı partiyalarla göndərilir (3.3cü bənd); satıcı keyfiyyət sertifikatı, mənşə sertifikatı, D.Y qaimə, faktura, çəki listini, spesifikasiyanı alıcıya təqdim etməlidir (3.4-cü bənd); satıcı malı yükləmədən sonra alıcını malın yüklənməsi və texniki sənədlər barədə yükləmə anından 24 saat müddətindən gec olmayaraq faks və ya e-mail vasitəsilə xəbərdar etməlidir (3.6-ci bənd), müqaviləyə əsasən alıcı sifariş olunan malın dəyərinin 100% həcmində ödənişi sifariş təsdiq edildikdən sonra malın gömrük bəyannaməsini, dəmiryol qaiməsini və spesifikasiya təsdiq edən sənədləri alıcıya təqdim etdikdən 3 gün müddətində ödəniş həyata keçirilir (4.1-ci bənd).
13. Cavabdeh MMC-nin möhürü ilə təsdiq olunmuş kassa mədaxil orderinin qəbzlərindən görünür ki, 20 fevral 2019-cu il tarixli 830651 nömrəli qəbzə əsasən 30080 ABŞ dolları, 04 mart 2019-cu il tarixli 830652 nömrəli qəbzə əsasən 20000 ABŞ dolları, 06 mart 2019-cu il tarixli 830653 nömrəli qəbzə əsasən 7440 ABŞ dolları, 12 mart 2019-cu il tarixli 830654 nömrəli qəbzə əsasən 28112 ABŞ dolları pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir.
14. İş materiallarında olan cavabdehin möhürü vurulmuş və qanuni təmsilçisi tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli, 106/19 nömrəli invoysdan (notarial qaydada təsdiq edilmiş tərcümələri) görünür ki, 37600 ABŞ dolları dəyərindəki şam ağacı üçün faktura tərtib edilmişdir.
15. İş materiallarında olan cavabdehin möhürü vurulmuş və qanuni təmsilçisi tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli, 107/19 nömrəli inoyslardan (notarial qaydada təsdiq edilmiş tərcümələri) görünür ki, 27440 və 65340 ABŞ dolları dəyərindəki arpa üçün faktura tərtib edilmişdir.
16. İş materiallarında olan cavabdehin möhürü vurulmuş və qanuni təmsilçisi tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli, 109/19 nömrəli inoyslardan (notarial qaydada təsdiq edilmiş tərcümələri) görünür ki, 28112 ABŞ dolları dəyərindəki arpa üçün faktura tərtib edilmişdir.
17. Cavabdeh MMC-nin möhürü ilə təsdiq olunmuş əlyazma qeyddən görünür ki (tərcümə mərkəzində azərbaycan dilinə tərcüməsi edilərək məhkəməyə təqdim edilmiş), Cavabdeh MMC-nin qanuni təmsilçisi Soleyman Hamidpour 30080 ABŞ dolları depozit olaraq Mehrdad Vəlidən (iddiaçının qanuni təmsilçisi) təhvil aldığını qeyd etmişdir.
18. Məhkəmə müəyyən edir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında arpa və taxtanın alqı-satqısına dair iki müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən 85632 ABŞ dolları məbləğində pul Cavabdeh MMC-yə ödənilmişdir.
19. Göründüyü kimi, iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
20. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
22. İddiaçı cavabdehin öhdəliyi icra etmədiyini, malların ona təhvil verilmədiyini qeyd edib alqı-satqı müqaviləsi üzrə ödənilmiş 145 574,4 manat (85632 ABŞ dolları) borc məbləğinin cavabdehdən tutulmasını tələb edir.
23. Tərəflər arasından bağlanmış müqavilələrin 3-cü hissəsinin təhlilindən belə aydın olur ki, malların çatdırılması İnkoterms 2010 termini olan “FCA” qaydalarına müvafiq həyata keçirilməli və mallar Bakı şəhərində təhvil verilməli idi.
24. İncoterms 2010 terminlərinə görə “FCA” razılaşması üzrə satıcı malları razılaşdırılmış müddət ərzində və ya tarixdə razılaşdırılmış müvafiq yerdə, əgər belə razılıq yoxdursa, razılaşdırılmış məntəqədə daşıyıcıya və ya alıcının göstərdiyi istənilən şəxsə təhvil verməlidir. Satıcı çatdırılma anına qədər baş verən malların təsadüfən zədələnməsi və ya itməsinin riskini daşıyır.
25. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetləri mövcuddur. İddia ərizəsi və ona əlavə edilmiş, eləcə də işə məhkəmədə baxılan zaman iddiaçı tərəfindən təqdim edilmiş bütün sənədlər elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Beləliklə, qeyd olunan sənədlər cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh malların təhvil verilməməsi ilə bağlı iddiaçının mövqeyinə dair etiraz bildirməmiş, malların təhvil verilməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim etməmişdir.
27. Tərəflər malların ayrı-ayrı partiyalarla göndərilməsi, taxta məhsullarının dəyərinin qabaqcadan ödənilməsi, arpa məhsullarına dair ödənişlərin isə malın gömrük bəyannaməsi, dəmiryol qaiməsi və spesifikasiyasını təsdiq edən sənədlərin iddiaçıya təqdim edilməsindən sonra edilməsi barədə razılığa gəlmişlər.
28. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, arpa məhsullarının alqı-satqısını nəzərdə tutan müqavilədə ödənişlərin malın gömrük bəyannaməsi, dəmiryol qaiməsi və spesifikasiya təsdiq edən sənədlərin iddiaçıya təqdim edilməsindən sonra edilməsi qeyd olunsa da, onlara həmin sənədlər təqdim olunmamış, ödəniş isə əvvəlcədən edilmişdir. Cavabdeh ancaq invoyslar təqdim etmişdir.
29. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə) 599.3-cü maddəsi nəzərdən keçirilə bilər.
30. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
31. Həmin Məcəllənin 599.3-cü maddəsinə görə, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
32. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərindən aydın olur ki, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
34. Məhkəmə invoyslarda müqavilə nömrələrinin və tarixlərinin yanlış yazılması ilə bağlı qeyd edir ki, invoyslar özü-özlüyündə müqavilə üzrə məhsulların cavabdehə çatdırılmasını təsdiq edən sənədlər deyil. Bu sənədlər bir tərəfli tərtib olunan, yəni cavabdeh tərəfindən təqdim olunan sənədlər olduğundan iddiaçının həmin sənədin məzmununu müəyyənləşdirmək, dəyişmək imkanını istisna edir.
35. İddiaçının iddiasının əsası kimi istinad etdiyi sübutları, o cümlədən onun tərəfindən cavabdehə ödənişlər edildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etdiyini, cavabdehin isə müqavilə üzrə öhdəliyini icra etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etmədiyini və qabaqcadan ödəniş məbləğini almış satıcının əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmədiyi halda alıcının ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir.
36. Məhkəmə qeyd edir ki, ödənişlərin edildiyi 2019-cu ilin fevral və mart aylarında Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata olan məzənnəsinin “1,70” olmasını nəzərə alaraq ödəniş qəbzlərində olan məbləğ 145 574,4 manat təşkil edir (85 632x1,7=145 574,4). Ona görə də, məhkəmə hesab edir ki, 145 574,4 manat manat məbləğində pulun İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə faiz məbləğinin ödənilməsi tələbi ilə bağlı
37. İddiaçı iddia ərizəsində pul öhdəliyinin icrasını gecikdirdiyinə görə illik beş faiz məbləğində 10347,2 manat vəsaitinin cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
38. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (445.2.1); icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (445.2.2).
39. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
40. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
41. Hazırkı iş üzrə cavabdeh (satıcı) öhdəliyini icra etməmiş, yəni malları təhvil verməmiş, buna baxmayaraq iddiaçının (alıcının) pulunu qaytarmamışdır.
42. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının isə borclunun icranı gecidirməsi səbəbindən əsas borca illik 5% həcmində pul tələb etmək hüququ yaranmış və məhkəmə qaydasında irəli sürülmüş həmin tələb qanuni və əsaslıdır.
43. Məhkəmə qeyd edir ki, illik 5 faiz 29 ay üçün 17590 manat (145 574,4x5/100/12*29) təşkil edir. Lakin iddiaçı 10347,2 manat pul məbləğinin tutulmasını tələb etmişdir.
44. Belə olan halda məhkəmə hesab edir ki, müqavilə üzrə pul öhdəliyinin icrasını gecikdiridiyinə görə 10347,2 manat faiz məbləği Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. c) Məhkəmə xərcləri ilə bağlı
45. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, 61 manat məbləğində dövlət rüsumu ********* nömrəli qəbzlə Bakı Kommersiya Məhkəməsinə ödənmişdir.
46. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə ilə iddia tam təmin edildiyindən ödənilmiş dövlət rüsumu tam olaraq cavabdehdən tutulmalıdır.
48. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələri üzrə 145 574 (yüz qırx beş min beş yüz yetmiş dörd) manat 40 (qırx) qəpik əsas borc, əsas borca illik beş faiz hesablanmaqla 10347 (on min üç yüz qırx yeddi) manat 20 (iyirmi) qəpik olmaqla ümumilikdə 155 921 (yüz əlli beş min doqquz yüz iyirmi bir) manat 60 (altmış) qəpik pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 (altmış bir) manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Nərmin Əhmədova