Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4179/2025 17.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.905 manat məbləğində zərərə görə sığorta ödənişinin, 986 manat məbləğində dəbbə pulu, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci və 89 manat məbləğində dövlət rüsumunun əvəzinin "xxxx" ASC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, 08 dekabr 2024-cü il tarixində saat 18:50 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospektində yerləşən Mərkəzi Plazanın ana su xəttində baş vermiş nasazlıq səbəbindən 1-ci mərtəbədə mağaza olaraq icarədə olan obyektə və mallarına zərər dəymişdir. Daha sonra İddiaçı MMC-nin əməkdaşları və həmin obyekti icarəyə götürmüş X2 işçiləri tərəfindən hadisə yerinə baxış keçirilmiş və dəymiş zərərlə bağlı akt tərtib edilmişdir. Baş vermiş hadisə nəticəsində icarəçi X2 mallarına ümumilikdə 5905 (beş min doqquz yüz beş) manat məbləğində zərər dəymişdir. İddiaçı MMC xx.xx.2024-cü il tarixli LAZ********** nömrəli şəhadətnamə ilə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətini də cavabdehdə sığorta etdirdiyi üçün hadisə barədə cavabdehə məlumat verilmiş və cavabdehin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra isə cavabdeh 23 yanvar 2025-ci il tarixli bildirişlə sığorta ödənişinin verilməsindən imtina etmişdir. Hesab edirik ki, cavabdehin sığorta ödənişinin verilməsindən imtinası tamamilə qeyri qanuni və əsassızdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini qismən qəbul etdiyini bildirmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 922.1-ci maddəsinə əsasan sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. - 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. - 926.1-ci maddəsinə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
8. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospektində yerləşən İddiaçı MMC-yə məxsus bina siğorta məbləği ******* manat olmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Cavabdeh ASC tərəfindən sığortalanmış və bu barədə daşınmaz əmlakın icbari sığorta şəhadənaməsi verilmişdir.
9. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh tərəf Məhkəməyədək iddiaçıya ünvanlamış olduğu məktubda sığorta hadisəsinin baş verməsi halını qəbul etməsə də, məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən cavabdehin nümayədəsi sığorta hadisəsinin baş verməsini qəbul etmiş və mübahisənin məbləğlə bağlı olduğunu qeyd etmişdir.
10. Göründüyü kimi, işin mübahisələndirilən halı ancaq dəymiş ziyanın məbləği yəni, sığorta ödənişinin məbləği ilə bağlıdır.
11. İddiaçı tərəf 5.905 manat məbləğində zərər dəydiyini bildirir və xx.xx.2024-cü il tarixli akta istinad edir.
12. Cavabdeh tərəf isə xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş rəyə istinad edədək, sığorta hadisəsi nəticəsində dəymiş ziyanın məbləğinin 3.800,60 manat olduğunu bildirir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi 3.800,60 manat məbləğində siğorta ödənişini verməyə razı olduqlarını bildirmişdir.
14. Eyni zamanda məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdeh tərəfindən 3.800,60 manat məbləğində siğorta ödənişinin verilməsinə etiraz etmədiyni bildirmişdir.
15. Ona görə, Məhkəmə hesab edir ki, 3.800,60 manat məbləğində sığorta ödənişi Cavabdeh ASC tərəfindən İddiaçınə ödənilməlidir.
16. Məhkəmə 986 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
17. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
18. Hazırda Məhkəmə tərəfindən tutulan məbləğlə Məhkəməyədək cavabdeh razı olmamış və sığorta ödənişinin verilməsini gecikdirmişdir.
19. Hazırkı işin hallarından görünür ki, 3.800,6 manat sığorta ödənişinə münasibətdə 200 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir
20. Məhkəmə hesab edir ki, hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 320 manat məbləğində pul da, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
21. Bundan əlavə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 60 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 3.800 (üç min səkkiz yüz) manat 60 (altmış) qəpik məbləğində siğorta ödənişi və 200 (iki yüz) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 4.000 (dörd min) manat 60 (altmış) qəpik məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov