Məhkəmə qərarları › İş №e-2-2(113)-418/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-418/2021

08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-418/2021 08.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Kərimov İlkin Camal oğlunun katibliyi , ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 MMC-nin direktoru İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı2 MMC-nin Cavabdeh MMC-yə qarşı ”pul tələbinə” dair ilkin iddiası, Cavabdeh MMC-nin İddiaçı2 MMC-yə qarşı “müqavilənin ləğvi və sair” tələbinə dair qarşılıqlı iddiası üzrə komersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı və qarşılıqlı cavabdeh İddiaçı2 MMC cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 90.000 (doxsan min) manat əsas borcun, 6300 (altı min üç yüz manat) manat cərimə pulunun və 30 manat dövlət rüsumunun, cəmi 96330 (doxsan altı min üç yü otuz) manat pulun alınaraq İddiaçı2 MMC–nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi təqdim edərək, Cavabdeh MMC ilə İddiaçı2 MMC arasında 17.09.2019-cu il tarixli M- AdpMil-0919 saylı Alqı-satqı müqaviləsinin ləğv olunması, Cavabdeh MMC tərəfindən İddiaçı2 MMC-yə ödənilmiş 90.000 (doxsan min) AZN vəsaitin vurulmuş zərər hesab edilərək həmin məbləğin cavabdeh İddiaçı2 MMC-dən tutularaq iddiaçı Cavabdeh MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC ilə Cavabdeh MMC arasında M-AdpMil-0919 saylı 17 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi imzalanmışdir. Həmin müqaviləyə əsasən Satıcı İddiaçı2 MMC tərəfindən BPM-AZ (biznes proseslərin avtomatlaşdırılması), DEPOT-AZ (anbarın idarə edilməsi) və DSM-AZ (sənəd dövriyyəsinin idarə edilməsi) proqram təminatının xxxx Cavabdeh MMC – nin istifadəsinə verilməsini, tətbiqini və gələcəkdə həmin proqram təminatları ilə bağlı dəstəyin təmin edilməsini, xxxx Cavabdeh MMC isə həmin proqram təminatına və xidmətə görə müəyyənləşdirilmiş pul məbləğini razılaşdırılmış müddətlərdə satıcıya ödəməlidir. Sözügedən müqavilənin 2.1–ci bəndinə görə, BPM-AZ (biznes proseslərin avtomatlaşdırılması) proqram təminatının dəyəri vergilər daxil olmaqla 60.000 (altmış min) manat, DEPOT-AZ (anbarın idarə edilməsi) proqram təminatının dəyəri vergilər daxil olmaqla 25.000 (iyirmi beş min) manat və DSM-AZ (sənəd dövriyyəsinin idarə edilməsi) proqram təminatının dəyəri vergilər daxil olmaqla 95.000 (doxsan beş min) manat müəyyən edilmişdir. Müqavilə üzrə görüləcək işlərin ümumi razılaşdırılmış dəyəri 180.000 (yüz səksən) manat təşkil etmişdir.Müqavilənin 13.3–cü bəndinə əsasən müəyyən olunmuş ödəniş qrafikinə uyğun olaraq xxxx Cavabdeh MMC tərəfindən görüləcək işlərin ümumi razılaşdırılmış 180.000 (yüz səksən) manat dəyərindən avans olaraq 90.000 (doxsan) manatı şirkətə ödənilmişdir. Digər qalan 90.000 (doxsan) manatın ödənilməsi isə BPM-AZ (biznes proseslərin avtomatlaşdırılması), DEPOT-AZ (anbarın idarə edilməsi) və DSM-AZ (sənəd dövriyyəsinin idarə edilməsi) proqram təminatının təhvil verilməsinə dair aktın ikitərəfli qaydada imzalanmasından sonra cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Dünyada yayılmış COVİD -19 xəstəliyinin, eyni zamanda iş yerlərində işçilərin sayının yarıya qədər azaldılması rejiminin tətbiq edilməsi ilə əlaqədar bütün çətinliklərin olmasına baxmayaraq işçilər bütün kollektivlə və böyük əzmlə 2020–ci ilin aprel ayının sonuna yaxın müqavilə ilə iddiaçı üzərinə götürdüyü öhdəliyi vaxtında və keyfiyyətli şəkildə tamamlamış və proqram təminatının cavabdehə təhvil-təslim edilməsi üçün hazır olduğunu dəfələrlə şifahi və internet üzərindən yazışma şəklində məlumat verməklə yanaşı, 24.04.2020–ci il tarixli təhvi-təslim aktı iddiaçı tərəfindən cavabdehə həmin tarixdə yazılı şəkildə təqdim edilmişdir. Proqram təminatının təhvil verilməsinə dair 22.05.2020–ci il tarixdə iddiaçı şirkətin nümayəndəsinin iştirakı ilə ümumi iş icraçılarının toplantısı keçirilsə də lakin tamamladığı lahiyənin qəbul edilməsi iddiaçıya məlum olmayan səbəblərdən bu günə kimi uzadılmaqla cavabdeh tərəfindən işin ödənilməli olan digər dəyər hissəsi olan 90.000 (doxsan) manatın ödənilməməsinə gətrib çıxarmışdır. Bundan əlavə, proqram təminatı üzrə lahiyənin cavabdeh tərəfindən əsassız olaraq qəbul edilməməsi nəticə etibarı ilə iddiaçı tərəfindən öhdəliklərin bir hissəsindən əsassız imtina kimi qiymətləndirilmişdir. Halbuki tərəflər arasında bağlanılmış müqavilənin 3.2.1 – ci maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmuş BPM-AZ (biznes proseslərin avtomatlaşdırılması), DEPOT-AZ (anbarın idarə edilməsi) və DSM-AZ (sənəd dövriyyəsinin idarə edilməsi) proqram təminatı “Satıcı” tərəfindən yekunlaşdırıldıqdan sonra “xxxx” tərəfindən qəbul edilməklə dəyəri ödənilməlidir. Cavabdeh “Cavabdeh“ MMC müqavilə şərtlərinə uyğun olaraq almalı olduğu olduğu xidmətin tam dəyərini 6 aydan artıq müddət keçməsinə baxmayaraq hələ də ödəməmişdir. Qeyd edək ki, bu günə kimi cavabdehə 16.09.2020 – ci il və 01.10.2020 – ci il tarixlərdə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq qeyd edilən borcdan hər hansı bir ödəniş həyata keçirməmiş və şirkət olaraq üzərilərinə düşən öhdəliyi icra etməkdən açıqcasına boyun qaçırmaqdadır. Hazırda cavabdehin İddiaçı2 MMC -yə ödənilməli olan borcu 90.000 (doxsan) manat təşkil etməkdədir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh MMC ilə iddiaçı və qarşılıqlı cavabdeh İddiaçı2 MMC arasında 17.09.2019-cu il tarixli M-AdpMil-0919 saylı Alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin predmetini Satıcı tərəfindən BPM-AZ, DMS-AZ və DEPOT-AZ platformalarına dair proqram təminatının hazırlanaraq xxxxnın istiafəsində verilməsi, tətbiqi və gələcəkdə həmin proqram təminatları ilə bağlı dəstəyin təqdim edilməsi təşkil edir. Müqavilənin ümumi qiyməti 180 000 (yük səksən min) AZN razılaşdırılmış və həmin məbləğin 50% -i yəni 90 000 (doxsan min) AZN avans şəklində xxxx (iddiaçı) tərəfindən Satıcıya (cavabdehə) ödənilmişdir. Daha sonra Satıcı tərəfindən müəyyən xxxx üçün müəyyən elektron virtual platformalar yığılsa da həmin görülmüş işlərin xxxx tərəfindən təhvil-təslimi etapında hər dəfəsində müəyyən qüsurlar meydana gəlmişdir. Belə ki, hər görülmüş işin təhvili zamanı hər iki tərəfindən texniki biliyə malik mütəxəssisləri birgə çalışmış və Satıcının komandası elə xxxxya məxsus istehsalat sahəsində dəvət olunaraq yerləşdirildikləri üçün elə yerindəcə tələb edilən texniki xidməti göstərmişlər. Yəni təhvil təslim prosesinin hər etapında ortaya çıxan qüsurlar xxxxnın nümayəndəsi tərəfindən bildirilir, Satıcının nümayəndəsi tərəfindən ortadan qaldırılırdı. Lakin, bu kifayət qədər uzun müddət davam etmiş və Satıcı tərəf yekun etibarilə qüsursuz bir iş göstərməmişdir ki, bu hal da öz növbəsində xxxx tərəfindən haqlı narazılıqlara səbəb olmuşdur. Tərəflərin münasibəti ən son Satıcı tərəfindən işi keyfiyyətlə yerinə yetirib bitirməməsinə baxmayaraq bu işləri xxxxya görülmüş və qüsursuz şəkildə təhvil verilirmiş kimi təqdim etməsi halında pisləşmişdir. xxxx tərəf Satıcıya irad bildirmişdir ki, bu işlərin qəbul edilməsi və təhvil edilməsi mümkünsüzdür, çünki, Satıcıdan tələb edilən gözlənti məhz həmin yararsız iş deyildir. Cavabdeh və qarşılıqlı iddiaçı hesab edirik ki, xxxx tərəf olaraq dəfələrlə Satıcıya öz işini keyfiyyətlə və məhz xxxxya nümayiş etdirilən, təhvil verilməsi vəd edilən səviyyəyə çatıdırılması üçün şərait yaradılsa da Satıcı bunu edə bilməmişdir və yekun etibarilə öz sahibkarlıq fəaliyyətində biznes prosesslərin avtomatlaşırılması işlərinin ləngiməsi iddiaçı şirkətin mənafeyinə uyğun gəlməmişdir. Beləliklə, yuxarıda qeyd edilən hallardan çıxış edərək iddiaçı tərəf olaraq qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır, çünki, tərəf müqavilə ilə üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirmədiyi bəs etməyərək üstəlik işləmədiyi və qazanmadığı 90.000 (doxsan min) AZN həcmində vəsaitin də ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə təqdim edilmiş müqavilənin ləğvinə dair bildirişdən göründüyü kimi cavabdeh və qarşılıqlı iddiaçı tərəfindən , müqavilənin ləğvi ilə əlaqədar cavabdehə ilkin müraciət göndərilmiş və həmin göndərişə rədd cavabı alınmışdır. Daha sonra 03.02.2021-ci il tarixində müvafiq pretenziya məktubu da göndərilərək yenidən müqavilənin ləğv edilməsi niyyəti bildirilmişdir və vurulmuş ziyanın əvəzi tələb edilmişdir. Həm pretenziya həm də onun poçt qəbzi, o cümlədən, müqavilənin ləğvinə dair bildiriş hazırki iddiaya əlavə edilməklə qeyd edilən hal öz təsdiqini tapmış olur. Şirkət tərəfindən qarşı tərəfə 07.02.2021ci il tarixində iddia ərizəsi və ona əlavə edilən sənədlər də göndərilmişdir. Müvafiq göndərişi təsdiq edən poçt qəbzi də öz növbəsində hazırki iddiaya əlavə edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq cavabdeh və qarşılıqlı iddiaçı hesab edirik ki, nə qədər ki, iddiaçı və qarşılıqlı cavadeh tərəfindən faktiki qüvvədə olmayan müqavilənin ləğv edilməsi barədə razılıq əldə edilmir, sözügedən müqavilənin ləğv edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi zərurəti yaranır. Beləliklə, hazırki qarşılıqlı iddia tələbi tərəflər arasında imzalanmış 17.09.2019-cu il tarixli M-AdpMil-0919 saylı Alqı-satqı müqaviləsinin ləğv edilməsi və ödənilmiş 90.000 (doxsan min) AZN həcmində vəsaitin vurulmuş zərər hesab edilərək geri ödənilməsi barədə tələb kifayət qədər qanuni və əsaslıdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 MMC-nin direktoru İddiaçı1 ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, qarşılıqlı iddianın əsaslı olması sübut edən tərəflər arasında hər hansı sənədlərə, yazışmalara və digər sübutlara istinad etmədən sadəcə sözlərdən ibarət və həqiqəti əks etdirməyən fikirlər irəli sürülməsidir və belə olan halda isə, qarşılıqlı iddia qanunsuz və əsassızdır. Buna görə də, İddiaçı1 ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, iddia ərizəsinə uyğun izahat verərək, lkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddianı isə qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək hal-hazırda təqdim edilmiş proqram təminatının əvvəl təqdim edilmiş proqramdan fərqli olduğunu çatışmazlıqların sonradan aradan qaldırıldığını bildirərək ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş mütəxəsis E.N.Talıbov öz izahatında bildirdi ki, İddiaçı2 MMC-nin qarşısında qoyulmuş texniki tapşırıq üzrə ümumi şərtlər tam yerinə yetirilmiş, geridə qalan xırda məsələlər yoxlanış müddəti ərzində aradan qaldırıla bilərdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında M-AdpMil- 0919 saylı 17 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi imzalanmış və müqavilənin predmeti Satıcı İddiaçı2 MMC tərəfindən BPM-AZ (biznes proseslərin avtomatlaşdırılması), DEPOT-AZ (anbarın idarə edilməsi) və DSM-AZ (sənəd dövriyyəsinin idarə edilməsi) proqram təminatının xxxx Cavabdeh MMC – nin istifadəsinə verilməsini, tətbiqini və gələcəkdə həmin proqram təminatları ilə bağlı dəstəyin təmin edilməsini, xxxx Cavabdeh MMC isə həmin proqram təminatına və xidmətə görə müəyyənləşdirilmiş pul məbləğini razılaşdırılmış müddətlərdə satıcıya ödəməsi təşkil edir. İş materiallarında olan tərəfər arasında bağlanmış 17 sentyabr 2019-cu il, M-AdpMil- 0919 saylı alqı-satqı müqaviləsinin 2.1–ci bəndinə görə, BPM-AZ (biznes proseslərin avtomatlaşdırılması) proqram təminatının dəyəri vergilər daxil olmaqla 60.000 (altmış min) manat, DEPOT-AZ (anbarın idarə edilməsi) proqram təminatının dəyəri vergilər daxil olmaqla 25.000 (iyirmi beş min) manat və DSM-AZ (sənəd dövriyyəsinin idarə edilməsi) proqram təminatının dəyəri vergilər daxil olmaqla 95.000 (doxsan beş min) manat müəyyən edilmişdir. Müqavilə üzrə görüləcək işlərin ümumi razılaşdırılmış dəyəri 180.000 (yüz səksən) manat təşkil edir. Mülki işdə olan 27.11.2019-cu il tarixli, EBAD seriyalı, 070212 nömrəli elektron qaimə fakturadan görünür ki, “İddiaçı2” MMC tərəfindən Cavabdeh MMC-yə M-AdpMil-0919 saylı müqavilə əsasında 45.000 (qırx beş min) manat dəyərində xidmət göstərilmişdir. İşdə olan 20.02.2020-ci il tarixli, EBAG seriyalı, 649738 nömrəli elektron qaimə fakturadan görünür ki, “İddiaçı2” MMC tərəfindən Cavabdeh MMC-yə M-AdpMil-0919 saylı müqavilə əsasında 45.000 (qırx beş min) manat dəyərində xidmət göstərilmişdir. İş materiallarında olan tərəflərin nümayəndələri arasında elektron poçt ünvanı üzrə yazımaşların surətindən görünür ki, tərəflər arasında 2019-2020-ci illər ərzində müxtəlif tarixlərdə müqavilənin predmeti üzrə xidmətlərin göstərilməsi və testlərin uğurla keçirilməsinə dair, habelə digər texniki dəstək ilə bağlı danışıqlar aparılmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı ilkin iddia tələbi üzrə cavabdeh ( qarşılıqlı iddia tələbi üzrə iddiaçı ) Cavabdeh MMC iddia etdiyi kimi İddiaçı2 MMC tərəfindən yararsız və keyfiyyətsiz xidmətin göstərilməsi və müqavilə predmetinin işlək vəziyyətdə olmaması öz təsdiqini tapmamışdır. Bundan başqa, ilkin iddia tələbi üzrə cavabdeh (qarşılıqlı iddia tələbi üzrə iddiaçı) Cavabdeh MMC tərəflər arasında bağlanmış müqavilə predmetinin təhvil almamasının və tam dəyərinin ödənilməməsinin hər hansı bir sübutu məhkəmə təqdim etməmişdir. Belə olan halda isə sonuncu tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsindən qəsdən boyun qaçırılması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) xxxxnın ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin tərəflər arasında bağlanmış 17 sentyabr 2019-cu il, M-AdpMil-0919 saylı alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, hazırda onun borcunun 90.000 manat məbləğində olduğunu, belə olan halda isə iddiaçı və qarşılıqlı cavabdehin göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması tələbinə dair hissədə iddia tam təmin edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı və qarşılıqlı cavabdeh İddiaçı2 MMC iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 6.300 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən borcun ödənilməsinin gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 630 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, məhkəmə tədqiqatı dövründə cavabdeh və qarşılıqlı iddiaçı tərəfindən iddiaçı və qarşılıqlı cavabdehin (ilkin iddia tələbi üzrə iddiaçının) öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməməsi sübut olunmadığından qarşılıqlı iddia tələbi rədd edilməlidir. AR Mülki Məcəlləsinin 567-cı maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı xxxxnın mülkiyyətinə verməyi, xxxx isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.“ “““““““““Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 90.000 (doxsan min) manat əsas borcun, 630 (altı yüz otuz) manat cərimə pulunun və 20 manat dövlət rüsumunun, cəmi 90.650 (doxsan min altı yüz əlli) manat pul vəsaiti İddiaçı2 MMC–nin xeyrinə tutulsun. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar