Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-418/2022 16.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin "xxxx"ASC-də olan hesabına səhvən ödənilmiş 181.000 manat pul vəsaitinin iddiaçının hesabına geri qaytarılması, bu mümkün olmadıqda həmin məbləğin cavabdehdən tutulması və mediasiya prosesi ilə bağlı xərclərə görə ödənilmiş 400 (dörd yüz) manat və hesablanmış dövlət rüsumunun ödənilmiş 71 manat hissəsi olmaqla 471 manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx"ASC-yə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə CavabdehMMC arasında hər hansı yazılı müqavilə və ya şifahi razılaşma olmadığı halda 16.09.2021-ci il tarixdə iddiaçı tərəfindən 181 000 (bir yüzsəksən bir min) manat pul vəsaiti səhvən Cavabdeh MMC-nin "xxxx" ASC-nin Bakıxanov filialında olan hesabına köçürülmüşdür. İddiaçı tərəfindən 06.10.2021-ci il tarixli 1260/21 nömrəli məktubla cavabdehə müraciət edilərək səhvən köçürülmüş pul vəsaitinin İddiaçıya geri qaytarılması tələb olunmuşdur. Buna baxmayaraq həmin pul vəsaiti və ya onun heç bir hissəsi iddiaçıya qaytarılmamışdır. Bununla da Cavabdeh MMC hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməklə əsassız varlanmış, iddiaçı isə maddi zərərə məruz qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq cavabdehlə aralarında hər hansı yazılı müqavilənin olmadığını bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan: - 4532 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçının "xxxx" ASC-də olan müxbir hesabından cavabdehin "xxxx" ASC-nin Bakıxanov fililialında olan hesabına 16.09.2021ci il tarixdə 181.000 manat pul köçürülmüşdür. - 15.09.2021-ci il tarixli EBBJ seriyalı 205992 nömrəli elektron qaimədən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 181.000 manat məbləğində pulun köçürülməli olması göstərilmişdir. - İddiaçı 06.10.2021-ci il tarixdə cavabdehə 1260/21 nömrəli məktub göndərərək 16.09.2021-ci il tarixdə 181.000 manat pul vəsaitin iddiaçı tərəfindən səhvən cavabdehin "xxxx" ASC-nin Bakıxanov fililialında olan hesabına köçürüldüyünü qeyd edib həmin vəsaitin 3 iş günü ərzində geri qaytarılmasını, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - İddiaçı 02.11.2021-ci il tarixdə "xxxx" ASC-nin Bakıxanov filialına 1456/21 nömrəli məktub göndərərək 16.09.2021-ci il tarixdə 181.000 manat pul vəsaitin iddiaçı tərəfindən səhvən cavabdehin "xxxx" ASC-nin Bakıxanov fililialında olan hesabına köçürüldüyünü, bununla bağlı "xxxx" ASC tərəfindən həm Mərkəzi Banka, həm də pul vəsaitinin köçürüldüyü "xxxx" ASC-yə müvafiq məlumatın verilməsini qeyd edib səhv köçürülmüş pul vəsaitinin Cavabdeh MMC-nin "xxxx" ASC-nin Bakıxanov filialında olan hesabında qalıbqalmaması və əməliyyat üzrə qeyd edilənlərlə bağlı məlumatlı olub-olmadıqları barədə məlumatın verilməsini, həmin vəsaitin hesabda olduğu təqdirdə dondurulmasını "xxxx" ASC-nin Bakıxanov filialından xahiş etmişdir. Məhkəmə araşdırrması zamanı iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı ASC tərəfindən Cavabdeh MMC-nin hesabına 181.000 manat məbləğində pul köçürülmüşdür. Səhv əməliyyat elə həmin gün aşkarlanmış və iddiaçı tərəfindən səhvən ödənilmiş vəsaitin geri qaytarılması üçün 16.09.2021-ci il tarixdə "xxxx" ASC-yə elektron məktub ünvanlanaraq 4532 nömrəli ödəniş tağşırığının ləğv edilməsi barədə xahiş edilmişdir. Lakin artıq ödəniş həyata keçirildiyi üçün pul vəsaitinin qaytarılması mümkün olmamışdır. İddiaçı səhvən köçürülmüş pul vəsaitin 3 iş günü ərzində geri qaytarılması ilə əlaqədar cavabdehə müraciət etsədə, pul vəsaiti geri qaytarılmamışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş 181.000 manat məbləğinin səhvən köçürüldüyünü, Cavabdeh MMC ilə aralarında hər hansı yazılı müqavilənin bağlanmadığını və ona görə də, səhvən ödənilmiş pulun qaytarılmasını tələb edir. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki işdə iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, 16 sentyabr 2021-ci il tarixli 4532 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh MMC-nin hesabına 181.000 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək, İddiaçı ASC-də Maliyyə Departamentinin müdiri vəzifəsində işlədiyini bildirmişdir. İddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması barədə danışıqların aparılmasını, danışıqların aparılması ərəfəsində cavabdeh tərəfindən e-qaimənin təqdim edildiyini və bu səbəbdən 181.000 manat məbləğində pul vəsaitin Cavabdeh MMC-nin hesabına ödənilməsi barədə tapşırığın tərəfindən verildiyini qeyd etmişdir. Lakin danışıqlar zamanı tərəflər razılığa gəlmədiyi üçün müqavilə bağlanmamışdır. Bu barədə bilən kimi növbəti gün ödəniş tapşırığının ləğv edilməsi ilə bağlı müvafiq müraciətlər edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin hesabına 181.000 manat pulun köçürülməsi sübut olunduğundan və həmin pul vəsaitinin əldə edilməsi üçün isə hər hansı müqaviləsi əsası olmadığından iddiaçı həmin pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 181 000 (bir yüz səksən bir min) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq "xxxx" ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71 (yetmiş bir) manat, Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq "xxxx" ASC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-418/2022
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-418/2022
16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver