Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4182/2021 12.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı İddiaçı X1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: İddiaçı X2 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, birincisi, iddia ərizəsinə imza etmiş Vəkil iddiaçı X1 adından iddia ərizəsinə imza etmək və məhkəmədə çıxış etmək səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə) əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1.1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 73.2-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İkincisi, iddia ərizəsinə iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınması məqsədilə Cavabdeh MMC-yə pretenziya məktubunun göndərilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.7-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Üçüncüsü, hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə ilkin mediasiya sessiyasında iştirak edilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin normaların məzmunundan göründüyü kimi bütün kommersiya mübahisələri üzrə məhkəməyə müraciət olunmazdan əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı X1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. 770892669 saylı qəbzə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4182/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4182/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver