Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4191/2025 20.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 və Cavabdeh1nə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya qaydasında pul tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 və Cavabdeh1nə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ödənilməyən 386,91 (üç yüz səksən altı manat, doxsan bir qəpik) manat məbləğində olan hissəsini və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, ümumilikdə 416, 91 (dörd yüz on altı manat, doxsan bir qəpik) ) manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 tutularaq İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində, Cavabdeh1 MMC-yə məxsus olan və Cavabdeh2 idarə etdiyi “Renault Logan” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək, İddiaçı ASC (bundan sonra ASC) tərəfindən “Avtomobil nəqliyyatı vasitələrinin kompleks sığortası” şəhadətnaməsi ilə sığortalanmış, ** PH *** dövlət qeydiyyat nişanlı “Ravon R3 Nexia” markalı nəqliyyat vasitəsinə maddi ziyan vurulmuşdur. Bakı şəhər DYPİ YHN-nin ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışa əsasən Cavabdeh2 yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. AZ/MİH/23/0129 saylı sığorta şəhadətnaməsinə və CM-0046/2024-AKT31/24 saylı sığorta aktına əsasən “Ravon R3 Nexia” markalı ** PH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə bağlı İddiaçı ASC tərəfindən 3677,89 (üç min altı yüz yetmiş yeddi manat, səksən doqquz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 3677,89 (üç min altı yüz yetmiş yeddi manat, səksən doqquz qəpik) manat məbləğində olan hissəsi “Renault Logan” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ödənilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Nexia R3 Ravon markalı 90PH449 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi qismində Gilan Seramik MMC qeyd olunmuşdur.
8. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Renault Logan markalı 99PF457 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi qismində Cavabdeh1 MMC qeyd olunmuşdur.
9. Avtomobil Nəqliyyat vasitələrinin kompleks sığorta şəhatətnaməsinə əsasən Nexia R3 Ravon markalı 90PH449 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il tarix aralığında sığorta haqqı 490 manat, sığorta məbləği 150000 manat olmaqla sığortalanmışdır.
10. Cavabdeh1 MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, Renault Logan markalı 99PF457 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün Cavabdeh2 xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığı üçün etibarnamə verilmişdir.
11. Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yolarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar haqqında çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, Cavabdeh2 xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Xəzər rayonu ərazisində Renault Logan markalı 99PF457 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks hərəkət zolağına çıxamadan manevr etmə nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir.
12. CM-0046/2024-AKT 31/25 saylı Sığorta Aktından görsənir ki, Gilan Seramik MMC-yə məxsus Nexia R3 Ravon markalı 90PH449 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Xəzər rayonu ərazisində Renault Logan markalı 99PF457 dövlət qeydiyyat nişanlı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobillə toqquşmuşdur. "xxxx" MMC tərəfindən zərərin məbləği 3777,89 manat müəyyən edilmişdir.
13. İcbari Sığorta Müqavilələrinin mövcudluğunun yoxlanılmasından görsənir ki, Renault Logan markalı 99PF457 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır.
14. xx.xx.2024-cü il tarixli ödəmə tapşırığına əsasən Gilan Seramik MMC tərəfindən "xxxx" ASC-nin hesabına 100 manat məbləğində ödəniş edilmişdir.
15. 20 avqust 2024-cü il tarixli 554 №-li işlərin təhvil-təslim Aktına əsasən Nexia R3 Ravon markalı 90PH449 dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə dair 3777,89 manat məbləğində işlər "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə təhvil verilmişdir.
16. 20 avqust 2024-cü il tarixli hesab fakturaya əsasən Nexia R3 Ravon markalı 90PH449 dövlət qeydiyyat nişanlı avtomobilin xərci 3777,89 manat təşkil etmişdir.
17. 10.02.2025-ci il atrixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 3777,89 manat məbləğində ödəniş edilmişdir.
18. 24 aprel 2025-ci il tarixli ödəniş e-mail yazışmasına əsasən 3290,98 manat məbləği AZ/MİH/23/0129 saylı sığorta şəhadətnaməsinə əsasən və CM-0046/2024- AKT31/25 saylı sığorta aktına əsasən, subroqasiya tələbi üzrə "xxxx" ASC-dən "xxxx" ASC-nin hesabına daxil olmuşdur.
19. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qimən təmin olunmalıdır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
23. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
24. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.
25. 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.
26. 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.
27. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
28. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
29. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
30. 1096.1-ci maddə-mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
31. 1096.2-ci maddə-delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. 1097.1-ci maddə- Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
33. 1097.3-cü maddə-qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
34. 1108.1-ci maddə- ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
35. 1108.2-ci maddə-yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər
36. Beləliklə, iş materialları ilə müəyyən olundu ki, sığorta hadisəsinə görə "xxxx" ASC-də sığortalanmış Renault Logan markalı 99PF457 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nexia R3 Ravon markalı 90PH449 dövlət qeydiyyat nişanlı avtomobilə, dəymiş ziyanın cəmi məbləği 3777,89 manat müəyyən edilmiş, iddiaçı tərəfindən nəqliyyat vasitəsi təmir edilmiş, təmir xərci odənilmişdir. Həmin xərcdən 3290,98 manat "xxxx" ASC tərəfindən və 100 manat xx.xx.2024-cü il tarixli ödəmə tapşırığına əsasən Gilan Seramik MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Yerdə qalan 386,91 manat zərər məbləği hazırda cavabdehlərdən tələb edilir.
37. Məhkəmə hesab edir ki, iş üzrə iddia tələbi Cavabdeh2 münasibətdə əsassı olsa da, digər Cavabdeh1 MMC-yə aid hissədə təmin edilməməlidir.
38. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yolarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar haqqında çıxarılan inzibati tənbeh vermə haqqında qərara əsasən sığorta hadisəsi baş verən zaman sürücü qismində Cavabdeh2 tanınmış, hadisə baş verən zaman (xx.xx.2024-cü il tarixli etibarnaməsinə əsasən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi avtomobilin idarə edilməsinə dair etibarnamə verilmiş) nəqliyyat vasitəsi Cavabdeh2 qanuni sahibliyində olmuş və zərərin də onun tərəfindən vurulması inzibati tənbeh vermə haqqında qərarda öz əksini tapmışdır.
39. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən artıq ödənilmiş sığorta məbləğinin Cavabdeh2 tələb edilməsi qanuni və əsaslı olduğu üçün, iddia həmin cavabdehə münasibətdə təmin olunmalıdır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Materiallardan da göründüyü kimi iddiaçı 30 manat məbləğində dövlət rüsumu xərci ödəmişdir.
42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh2 aid edilməlidir.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 386,91 manat zərər məbləği və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova