Məhkəmə qərarları › İş №e-2-2(113)-4194/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4194/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4194/2025 01.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı X2 (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 15455,73 manat (on beş min dörd yüz əlli beş manat yetmiş üç qəpik), faiz məbləğinə görə 11127,60 manat (on bir min yüz iyirmi yeddi manat altımış qəpik), ödədiyi dövlət rüsumuna görə 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 26753,33 manat (iyirmi altı min yeddi yüz əlli üç manat otuz üç qəpik) məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ”Əhmədzadə” MMC-nin fəaliyyəti Belarus Respublikasında sifariş əsasında “Gemotogen” adlı qida məhsulunun idxalı və ölkə daxilində satışından ibarətdir. Qeyd edilir ki, 20 iyul 2023-cü il tarixdə Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə2 ilə aralarında № xx-xx/2023 saylı alqı-satqı müqaviləsi bağlayaraq, ona 189770 ədəd Gemotagen, hər ədədinə görə 0,3776 manat olmaqla (ƏDV daxil), ümumilikdə 71657,15 dəyərində mal satmışdır. Cavabdeh tərəf malı qəbul edib müqavilədə qeyd edilən dəyəri iddiaçıya ödəməyi öz öhdəsinə götürsə də, öhdəliyini icra etmir. Bildirilir ki, cavabdeh iddiaçıya avqust 2024-cü il tarixədək 56201,42 manat (əlli altı min iki yüz bir manat qırx iki qəpik) dəyərində pul vəsaiti ödəmiş, 15455,73 (on beş min dörd yüz əlli beş manat yetmiş üç qəpik) borcu qalmışdır. 20 iyul 2023-cü il tarixli, xxxx/2023 saylı alqı-satqı müqaviləsinin 7.1-ci bəndinə görə müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş, yaxud lazımca yerinə yetirməmiş tərəf bunun nəticəsində digər tərəfə vurduğu zərəri ödəməyə borcludur. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən alıcı ödənişi gecikdirərsə, hər gecikdirdiyi gün üçün əlavədə qeyd olunan yekun ödəniləcək məbləğin 0,4 faizi məbləğində satıcıya dəbbə pulu ödəməlidir. Həmin məbləği, yəni 15455,73 X 0.4=61,82 qəpik (1 gün üçün) alınan məbləği 1 ay üçün 30 günə vurmaqla hesabladıqda 1854,60 manat, bu məbləği 6 ay üzrə hesabladıqda isə 11127,60 manat (6 ayx1854,6=11127,60 (mart 2025-ci il tarixədək)) alınır. Sözügedən müqavilədə (2-ci bəndində) nəzərdə tutulmuş, satıcı olaraq iddiaçının üzərinə düşən öhdəliklər tam icra olunmuş, lakin cavabdeh tərəf üzərinə düşən öhdəlikləri icra etməmiş, bununla da iddiaçıya maddi və mənəvi zərər vurmuşdur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Qanuni nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, hazırda borc 3000 manat məbləğində qalmışdır. Eləcə də, iddia tələbinin cərimə hissəsini hazırda cavabdehdən tələb etmir.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, iddiaçıya ödənilməmiş borc qalmamışdır. Belə ki, borc məbləğinin bir qismi iddiaçının qanuni təmsilçisinin qohumu olan, onun işlərini aparan Şahid ödənilmişdir. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, xx-xx/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən satıcı müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrdə qeyd edilən adda və miqdarda qida əlavələrini alıcıya satmağı, alıcı isə malı qəbul edib onun Əlavədə qeyd edilən dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş, yaxud lazımınca yerinə yetirməmiş tərəf bunun nəticəsində digər tərəfə vurduğu zərəri ödəməyə borcludur. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən satıcı malı Əlavədə qeyd olunmuş müddətdə alıcıya təhvil verməzsə, hər gecikdirdiyi gün üçün Əlavədə qeyd olunan yekun ödəniləcək məbləğin 0.4 (sıfir tam onda dörd) faizi məbləğində alıcıya dəbbə pulu ödəməlidir. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən alıcı ödənişi gecikdirirərsə, hər gecikdirdiyi gün üçün Əlavədə qeyd olunan yekun ödəniləcək məbləğin 0.4 (sıfır tam onda dörd) faizi məbləğində alıcıya dəbbə pulu ödəməlidir. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən müqavilənin 7.4 və 7.5-ci maddələri üzrə hesablanmış dəbbə pulunun məbləği yekun ödəniləcək məbləğin 10 (on) faizini keçə bilməz.

9. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 611434 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 396,48 manat (ƏDV daxil) təşkil edir.

10. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 611468 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 71260,67 manat (ƏDV daxil) təşkil edir.

11. xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 181325 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 35279,85 manat (ƏDV daxil) təşkil edir.

12. İş materiallarına hesabdan çıxarış, ödəniş tapşırıqları əlavə edilmişdir.

13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

16. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

17. İddia tələbinin bir hissəsini cavabdehdən 15455,73 manat məbləğində müqavilə üzrə qalıq borcun tutulması təşkil edir.

18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, iddiaçının isə həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını, MPM-in 218.3-cü maddəsinin tələblərini, iddiaçının məhkəmə iclasında hazırda borc məbləğinin 3000 manat təşkil etdiyini bildirməsini nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməli və Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətindən 3000 (üç min) manat borc tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə təmin olunmamalıdır.

19. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin nümayəndəsi borc məbləğinin bir qisminin iddiaçının qanuni təmsilçisinin qohumu olan, onun işlərini aparan Şahid ödənildiyini bildirmiş və onun şahid qismində dindirilməsi barədə vəsatət vermiş, vəsatət təmin olunmuş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Şahid ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, işlə əlaqədar üzrlü səbəblərdən iştirak edə bilmir, lakin bildirmək istəyir ki, Cavabdeh MMC-nin rəhbəri Qanuni nümayəndə2 tərəfindən 691808207, ********* ve 2654 nömrəli müvafiq qəbzlər üzrə 9900 manat vəsait İddiaçı MMC-yə ödənilmişdir və iddia olunan borcdan həmin məbləğin silinməsi xahiş olunur. Həmin qəbzlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən həm əsas borc, həm də ƏDV məbləğlərinin ödənilməsi ilə bağlı başqa ödəniş sənədləri də məhkəməyə təqdim edilmişdir. Lakin həmin sənədlər təqdim olunan qaimələr üzrə ödənişləri tam əhatə etmir. Cavabdeh tərəf məhsulların təhvil alınmasını mübahisələndirməmiş, borcun ödənildiyini bildirmişdir, lakin hazırda iddiaçı tərəfindən ödənilmədiyi iddia edilən 3000 manat məbləğin ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hazırkı nəticəyə gəlmişdir.

20. İddia tələbinin digər hissəsini cavabdehdən 11127,60 manat cərimə borcunun tutulması təşkil edir.

21. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin iddiaçı məhkəmə iclasında iddia tələbinin cərimə hissəsini cavabdehdən tələb etmədiyini bildirmişdir. Odur ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir.

22. Eləcə də, iddiaçı 170 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

23. Məhkəmə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 19,20 manat (on doqquz manat iyirmi qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 3000 (üç min) manat borc, ödənilmiş dövlət rüsumuna görə 19,20 manat (on doqquz manat iyirmi qəpik) olmaqla, ümumilikdə 3019,20 manat (üç min on doqquz manat iyirmi qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar