Məhkəmə qərarları › İş №e-2-2(113)-420/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-420/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-420/2021 15.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, 420-GL/17 saylı, xx.xx.2017-ci il tarixli, 2029- GL/17 saylı müqavilələr üzrə 9.920 manat məbləğində əsas borc və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 6,26 manat məbləğində cərimə borcu, xx.xx.2018-ci il tarixli 03-LA/18 saylı müqavilə üzrə isə 166.905 manat məbləğində əsas borc, 59.036,54 manat məbləğində cərimə borcu və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 420-GL/17 saylı, xx.xx.2017-ci il tarixli, 2029-GL/17 saylı, xx.xx.2018-ci il tarixli, 03-LA/18 saylı müqaviləyə əsasən lizinq predmetini lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. xx.xx.2017-ci il tarixli, 420-GL/17 saylı, xx.xx.2017-ci il tarixli, 2029-GL/17 saylı müqavilələr üzrə 9920 manat məbləğində əsas borc və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 6.26 manat məbləğində cərimə borcu, xx.xx.2018-ci il tarixli 03-LA/18 saylı müqavilə üzrə isə 166905 manat məbləğində əsas borc, 59036.54 manat məbləğində cərimə borcu vardır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2.-ci bəndinə əsasən borclu lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödənməyi öhdəsinə götürmüşdür. Иorclu İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin artırılması tələbinə dair ərizə verərək xx.xx.2017-ci il tarixli 420-L/17 nömrəli müqavilə üzrə 9.720 manat məbləğində əsas borcun, xx.xx.2018-ci il tarixli 2029-GL/17 nömrəli müqavilə üzrə 280 manat məbləğində əsas borcun və xx.xx.2018-ci il tarixli 03-LA/2018 nömrəli müqavilə üzrə 205.755 manat məbləğində əsas borcun, 98.278,05 manat məbləğində cərimə borcunun və 30 manat dövlət rüsumunun, cəmi 314.063,05 manat borc məbləğinin Cavabdeh MMCdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -Lizinq verən “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 420-L/17 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 24.300 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyərini tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada (Əlavə № 1) göstərilən 4.860 manat məbləğ əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. xx.xx.2017-ci il tarixli, 420-L/17 saylı lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, 1 ədəd bağçılıqda istifadə olunan arabacıq AG-CV-01 adlı texnika ilkin qiyməti 8.100,00 manat, ödənilmiş məbləğ 1.620,00 manat, ödəmə müddəti 3 il olmaqla və 2 ədəd bağçılıqda istifadə olunan arabacıq AG-CV-01 adlı texnika ilkin qiyməti 8.100,00 manat, ödənilmiş məbləğ 3.240,00 manat, ödəmə müddəti 3 il olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2017-ci il tarixli, 420-L/17 saylı lizinq müqaviləsinə 2 saylı əlavədən görünür ki, müqavilə üzrə lizinq alan tərəfindən xx.xx.2017-ci il tarixdə 4.860 manat ilkin ödəniş, xx.xx.2017-ci il tarixdə 291 manat, xx.xx.2017-ci ildən başlayaraq hər rüb 1.767,00 manat, sonuncu rübdə isə (xx.xx.2020-ci il tarixdə) 1.479,00 manat lizinq ödənişi edilməli idi. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli 420-L/17 nömrəli lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh MMC-nin qalıq borcu 9.720 manat təşkil edir. -Lizinq verən “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2029-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 1.830 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnkanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli, 2029-GL/17 saylı lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, “Çalaqazan Karataş” adlı texnika ilkin qiyməti 6.100,00 manat, ödənilmiş məbləğ 1.830,00 manat, güzəştdən sonrakı qalıq məbləği 1.830,00 manat, ödəmə müddəti 3 il olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli, 2029-GL/17 saylı lizinq müqaviləsinə 2 saylı əlavədən görünür ki, həmin müqavilə üzrə lizinq alan tərəfindən xx.xx.2017-ci ildə 90 manat, xx.xx.2018-ci ildən başlayaraq hər rübdə 166 manat məbləğində, sonuncu rübdə (xx.xx.2020-ci il tarixdə) 80 manat məbləğində ödəniş edilməli idi. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan xx.xx.2018-ci il tarixli 2029-GL/17 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh MMC-nin qalıq borcu 280 manat təşkil edir. -Lizinq verən “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 03-LA/18 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 410.070 manat olan 0,4 ha sahədə xüsusi polietilen örtüklü, temperatur davamlılığı -34C0 və küləyə qarşı davamlılığı 28 m/san. olan kompeks istixana avadanlıqlarını dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 il müddətinə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan malların dəyərindən 41.000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikinə göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən mallara mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus sahəsi 0,4 ha olan, xüsusi polietilen örtüklü istixananın təhvil-təslimi barədə akta əsasən Abşeron rayonun Hövsan südçülük sovxozu ərazisində quraşdırılmış sahəsi 0,4 ha olan bir dəst istixana kompleksi avadanlıqları Cavabdeh MMC-yə təhvil verilmişdr. Akt tərəflərin imzası və lizinq alanın möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli, 03-LA/18 saylı lizinq müqaviləsinə1 saylı əlavədən görünür ki, həmin müqavilə üzrə lizinq alan tərəfindən 41.000 manat məbləğində ilkin ödəniş, xx.xx.2018-ci ildə 55.000 manat, xx.xx.2018-ci ildən başlayaraq hər rübdə 19.425 manat, sonuncu rübdə (xx.xx.2023-cü ildə) 3.270 manat məbləğində lizinq ödənişləri edilməli idi. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli 03-LA/18 nömrəli lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh MMC-nin gecikdirilmiş borcu 205.755 manat, hesablanmış cərimə 98278,05 manat, cəmi borcu 304033,05 manat təşkil edir. «xxxx» ASC tərəfindən ASC/P-879 saylı xx.xx.2020-ci il tarixli pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Azərbaycan Respublikası Prezidentinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh MMC-nin lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməməklə lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh MMC-nin İddiaçı ASC-yə üç lizinq müqaviləsi üzrə cəmi 215.755 (9.720+280+205.755 manat) manat məbləğində gecikdirilmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh MMC lizinq müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, hazırda lizinq ödənişləri üzrə Cavabdeh MMC borcunun cəmi 215.755 manat məbləğində olduğunu, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması tələbinə dair hissədə iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən lizinq müqavilələri üzrə 215.755 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 03- LA/2018 nömrəli lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 98.278,05 manat məbləğində dəbbə pulunun Cavabdeh MMC-nin tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC lizinq ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 10.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2017-ci il tarixli 420-L/17 saylı müqavilə üzrə 9.720 (doqquz min yeddi yüz iyirmi) manat məbləğində əsas borcun, xx.xx.2018-ci il tarixli 2029-GL/17 saylı müqavilə üzrə 280 (iki yüz səksən) manat məbləğində əsas borcun, xx.xx.2018-ci il tarixli 03-LA/18 müqavilə üzrə 205.755 (iki yüz beş min yeddi yüz əlli beş) manat məbləğində əsas borcun, 10.000 (on min) manat məbləğində cərimənin, cəmi 225.755 (iki yüz iyirmi beş min yeddi yüz əlli beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar