Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-420/2022 08.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 199409,81 (bir yüz doxsan doqquz min dörd yüz doqquz manat səksən bir qəpik) manat borc, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 400 manat xidmət haqqı və ödənilmiş 489,41 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında 10.01.2019-cu il tarixli, 010/19/S nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra müxtəlif tarixlərdə cavabdeh tərəfindən sifarişlər olunmuş və iddiaçı tərəfindən mallar satış məqsədi ilə cavabdehə elektron vergi hesab-faktura əsasında təhvil verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış “01.07.2020 – 31.12.2020 tarixləri aralıqlarında alqı-satqı əsasında qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktı”na əsasən cavabdehin iddiaçıya 31.12.2020-ci il tarixinə 199409,81 manat borcu yaranmışdır. Müqavilənin 2.1-ci maddəsində qeyd olunmuşdur ki, hər sifariş üzrə Alıcı tərəfindən Malların dəyərinin 100%-i mallar tam təhvil verildikdən sonra Satıcının bank hesabına ödənilir. Mallar təhvil verildiyi andan etibarən cavabdehin iddiaçı qarşısında borcu yaranmışdır. Lakin həmin borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunun tələbinə uğyun olaraq, tərəfimizdən ilkin mediasiya sessiyasında iştirak etmək üçün mediasiya şurasına müraciət olunmuşdur. Bununla bağlı mediator tərəfindən MŞ 2021-005025 saylı, 21 oktyabr 2021-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə" arayış təqdim edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, borc məbləğini qəbul edir. Covid-19 pandemiyası ilə əlaqədar olaraq fəaliyyət göstərə bilməmişlər. Ona görə də yaranmış borc məbləğinin ödənilməsi mümkün olmamışdır. Yaxın zamanda həmin borc məbləğini ödəyəcəklər. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı QSC ilə alıcı qismində Cavabdeh Məhdud Məhdud Cəmiyyəti arasında 10.01.2019-cu il tarixli, 010/19/S nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Satıcı əvvəlcədən hər iki tərəfin razılaşdırdığı qaydada verilmiş sifarişə uyğun Malları orada göstərilən çeşiddə və miqdarda Alıcının tam mülkiyyətinə verir. Alıcı isə bunun müqabilində Malların dəyərini bu Müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydalara uyğun olaraq Satıcıya ödəyir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər arasında təsdiq olunmuş hər bir sifariş üzrə bu müqavilənin ayrılmaz hissəsi hesab olunacaq X3 tərtib olunur. - 01.07.2020 – 31.12.2020 tarixləri aralıqlarında İddiaçı QSC və Cavabdeh MMC arasında alqı-satqı əsasında qarşılıqlı hesablaşmalar üzrə tərtib edilmiş üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin 31.12.2020-ci il tarixə İddiaçı QSC-yə 199409,81 manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə göndərilmiş 13.10.2021-ci il tarixli, 21/21 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 20.10.2021-ci il tarixə kimi ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. - 2019-2020-ci illər üzrə iddiaçı tərəfindən cavabdehə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği göstərilərək elektron qaimələr göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh Məhdud Məhdud Cəmiyyəti arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Ödənilməsi tələb olunan borcun olması iş materialalrınd aolan elektron qaimələr və tərəflər arasında tərtib edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən borca görə 199409,81 manat (bir yüz doxsan doqquz min dörd yüz doqquz manat səksən bir qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı 400 (dörd yüz) manat mediasiya xərci və 489,41 manat (dörd yüz səksən doqquz manat qırx bir qəpik) ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iddiaçının 489,41 manat (dörd yüz səksən doqquz manat qırx bir qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması tələbinə münasibətdə məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 489,41 manat (dörd yüz səksən doqquz manat qırx bir qəpik) məbləğində dövlət rüsumunun 400 manat hissəsi mediasiya xərci olaraq ödənildiyindən və həmin məbləğn cavabdehdən tutulması qət edildiyindən, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 89,41 manat (səksən doqquz manat qırx bir qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 199409,81 manat (yüz doxsan doqquz min dörd yüz doqquz manat səksən bir qəpik) məbləğində borc, 400 (dörd yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 89,41 manat (səksən doqquz manat qırx bir qəpik) olmaqla, cəmi 199899,22 manat (yüz doxsan doqquz min səkkiz yüz doxsan doqquz manat iyirmi iki qəpik) məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-420/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-420/2022
08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver