Məhkəmə qərarları › İş №e-2-2(113)-4201/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4201/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4201/2025 21.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "X3" QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "X3" QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC cavabdeh "X3" QSC-yə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3" Qapalı Səhmdar Cəmiyyətindən xx.xx.2024-cü il tarixli nisyə alqısatqı müqaviləsi əsasında 131.375,3 (yüz otuz bir min üç yüz yetmiş beş) manat məbləğində əsas (ƏDV daxil), 9729,98 (doqquz min yeddi yüz iyirmi doqquz) manat məbləğində cərimə, 1932.67 (bir min doqquz yüz otuz iki) manat məbləğində bank faiz uçot dərəcəsi, 2084 (iki min səksən dörd) manat məbləğində hüquqi yardıma görə ödənilmiş vəsait, ümumilikdə 145.121,95 (bir yüz qırz beş min yüz iyirmi bir) manat məbləğində pulun və iddianın və MTT-nin məhkəməyə verilməsi üçün 480 (dörd yüz səksən) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, “Satıcı” İddiaçı MMC ilə “Alıcı” “X3" QSC arasında xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Satıcı” hazırkı müqavilənin ayrılmaz hissəsini təşkil edən “X1” çeşidi və dəyəri qeyd edilmiş avadanlıqları “Alıcıya” satmağı, “Alıcı” isə bunun müqabilində malın dəyərini “Satıcıya” ödəməyi öhdəsinə götürürmüşlər. Sözügedən müqavilə əsasında ümumi dəyəri ƏDV daxil 166.775,3 (bir yüz altmış altı min yeddi yüz yetmiş beş) manat təşkil edən “SHANGQUİ ECO” markalı “LL-2800 X80, XL.JJ-X5400, 2800 X8000 X18” istifadə edilmiş təkərlərin emalı üçün avadanlıq və “JL-5” modelli rezinin və ya plastmasın qarışdırma, yoğurma, xırdalama, üyütmə, qəlbirləmə, ələmə, homogenləşdirmə, emulqasiya və ya qarışdıraraq əritmə üçün maşınlar cavabdeh təşkilata satılmışdır. cavabdeh ilə aramızda bağlanılmış müqavilə əsasında 30 aprel 2025-ci il tarixədək Cəmiyyətimizə 112.560,2 manat (yüz on iki min beş yüz altmış) (ƏDV daxil) məbləğində vəsait ödənilməli olduğu halda, təəssüf ki, bugünədək cəmi 35.400 manat (otuz beş min dörd yüz) (ƏDV daxil) məbləğində ödəniş həyata keçirilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə "X3" QSC (alıcı) arasında xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı hazırki müqavilənin ayrılmaz hissəsini təşkil edən “X1” çeşidi və dəyəri qeyd edilmiş avadanlıqları alıcıya satmağı, alıcı isə bunun müqabilində malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür.

12. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli X2 ilə tərəflər müqavilə üzrə 166.775,30 manat məbləğində alınacaq malların adını və qiymətini, xx.xx.2024-cü il tarixli Ödəniş cədvəli ilə qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq alınacaq mallara görə ödəniş cədvəlini təsdiq etmişlər.

13. Müqavilə, X2, Ödəniş Cədvəli hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

15. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə MT2408 seriyalı, 11148954 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 166.775,30 manat məbləğində elektron qaimə göndərilmişdir.

17. Hazırda iddiaçı cavabdehin 131.375,30 manat məbləğində borcunun qaldığını bildirərək iddiaçının xeyrinə tutulmasını xahiş edir.

18. Belə ki, iş materiallarına əlavə edilmiş hesab çıxarışlarına əsasən "X3" QSC tərəfindən İddiaçınə xx.xx.2024-cü il tarixdə 5.000 manat, xx.xx.2024-cü il tarixdə 7.500 manat, xx.xx.2024-cü il tarixdə 5.000 manat, xx.xx.2025-ci il tarixdə 5.000 manat, xx.xx.2025-ci il tarixdə 7.500 manat, ümumilikdə 30.000 manat məbləğində ödəniş edilmişdir.

19. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

20. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf Məhkəmə iclasına gəlməmiş və borcun ödənilməsinə dair sənədi təqdim etməmişdir.

21. Ona görə də, elektron qaimə əsasında cavabdeh tərəfindən ödənişlər edilməsini və iddiaçının tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, 131.375,3 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Məhkəmə 9.729,98 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

24. Bu xüsusda Məhkəmə hesab edir ki, əsas borca münasibətdə 6.500 manat cərimə borcunun tutulması daha ağlabatandır.

25. Məhkəmə iddianın Mülki Məcəllənin 449.1-ci maddəsinə istinadən tələb edilən Mərkəzi Bankının uçot dərəcəsinə uyğun hesablanmış 1.932,67 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

26. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.

28. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.

29. Hazırkı halda, isə iddiaçı tərəf cavabdehin qeyd edilmiş puldan faydalanması halını sübut edə bilməmişdir.

30. Məhkəmə hesab edir ki, iddianın 2.084 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia qismən təmin edilməlidir.

31. Belə ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı “Ekol” Vəkil Bürosunun vəkili Vəkil xx.xx.2025-ci il tarixli order verilmişdir.

32. İş materiallarına əlavə edilmiş ödəniş sənədindən görünür ki, hüquqi yardım göstərilməsi üçün “Ekol” Vəkil Bürosunun hesabına 2.084 manat məbləğində ödəniş edilmişdir.

33. Lakin məhkəmə hesab edir ki, hüquqi yardım göstərilməsinə dair xərcin əvəzi olaraq 1.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi daha ağlabatan və ədalətlidir.

34. Bundan başqa məhkəmə hesab edir ki, iddianın təmin oluunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 427,88 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

35. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 131.375 (bir yüz otuz bir min üç yüz yetmiş beş) manat 30 (otuz) qəpik, cərimə borcu üzrə 6.500 (altı min beş yüz) manat olmaqla, ümumilikdə 137.875 (bir yüz otuz yeddi min səkkiz yüz yetmiş beş) manat 30 (otuz) qəpik məbləğində pul "X3" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul "X3" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 427 (dörd yüz iyirmi yeddi) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul "X3" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar