Məhkəmə qərarları › İş №e-2-2(113)-4205/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4205/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4205/2021 14.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 Əvəz Abdulla oğluna qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12.06.2013-cü il tarixli 646- L/13 nömrəli müqavilə üzrə 11547,85 manat gecikdirilmiş borcun, hesablanmış 17652,17 manat cərimə borcunun və 30 mnat dövlət rüsumunun, cəmi 29239,02 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 12.06.2013-cü il tarixli 646-L/13 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 31.05.2021-ci il tarixə 12.06.2013-cü il tarixli 646-L/13 nömrəli müqavilə üzrə 11547,85 gecikdirilmiş borcu və müvafiq olaraq hesablanmış 17652,17 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək 12.06.2013-cü il tarixli 646-L/13 nömrəli müqavilə üzrə 11547,85 manat gecikdirilmiş borcun, hesablanmış 17652,17 manat cərimə borcunun, 30 manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş 500 manat olmaqla cəmi 29730,02 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında işrirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini, iddia ərizəsində qeyd olunan xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - 12.06.2013-cü il tarixli, 646-L/13 saylı lizinq müqaviləsinə əsasən ümumi məbləği 37899 manat olan 1 ədəd MTZ-821 markalı traktor, SAR-14-4 markalı 1 ədəd kotan, 1 ədəd FT-1254 markalı traktor və 1 ədəd TK-6 markalı kotandan ibarət kənd təsərrüfatı texnikaları ilkin dəyərindən 3800 manat əvvəlcədən ödəməklə, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə Cavabdeh lizinqə verilmişdir.. - 31.05.2021-ci il tarixli maliyyə arayışına əsasən 12 iyun 2013-cü il tarixli 646-L/13 saylı müqavilə üzrə gecikdirilmiş borc 11547,85 manat, hesablanmış cərimə 17652,17 manat olmaqla cəmi 29200,02 manat təşkil etmişdir. - 30.07.2021-ci il tarixli 00İPX121211166F saylı ödəniş tapşırığna əsasən məhkəmə xidməti üçün 500 manat ödəniş həyata keçirilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və buna görə də iddiaçının pul məbləğlərini geri almaq hüququ yaranmışdır. 11547,85 manat əsas borcun ödənilməməsi işin halları ilə təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 11547,85 manat məbləğində əsas borca tənasübsüz olaraq 17652,17 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 17652,17 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 1000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa məhkəmə 500 manat vəkil xidməti ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələbi və iddianın qismən təmin olunması nəzərə alınaraq həmin məbləğ 300 manat həddində müəyyən edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 12 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 Əvəz Abdulla oğluna qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 12 iyun 2012-ci il tarixli, 646-L/13 nömrəli müqavilə üzrə 11547,85 manat məbləğində əsas borc, 1000 manat məbləğində cərimə olmaqla ümumilikdə 12547,85 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 12 manat və hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar