Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-421/2021 14.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X2, ilkin iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə, ilkin iddia üzrə Cavabdeh iştirakları ilə İddiaçı "Səhliyalı" kiçik müəssisəsinin Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh "Səhliyalı" kiçik müəssisəsinə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "Səhliyalı" kiçik müəssisəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc qismində 4864,50 (dörd min səkkiz yüz altmış dörd manat, əlli qəpik) manat, həmin pul vəsaitinin gecikdirilməsinə və qanunsuz saxlanılmasına görə 15760 (on beş min yeddi yüz altmış) manat məbləğində faizin, pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 11966 (on bir min doqquz yüz altmış altı) manat məbləğdə faizin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə "Səhliyalı" KM arasında 03.02.2020-ci il tarixli 01 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci maddəsinə əsasən cavabdehə ətir yağı satmağı və təhvil verməyi, cavabdeh isə həmin malı təhvil alıb dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bu məqsədlə "Səhliyalı" KM tərəfindən cavabdehin həmin müqavilədəki bank hesabına 11.03.2020-ci il tarixində 4864,50 manat məbləğində pul ödənilmişdir. Lakin həmin tarixdən bu vaxtadək cavabdeh razılaşdırılan malı "Səhliyalı" KM-nə təhvil verməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh müqavilə üzrə öhdəliyini kobud şəkildə pozmuş hesab edilir. Cavabdehə "Səhliyalı" KM tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, müqavilə üzrə öhdəsinə götürdüyü öhdəliyin icrasını yerinə yetirməkdən boyun qaçırmış və müqavilə şərtlərini pozan halları aradan qaldırmaq üçün heç bir addım atmamışdır. Bu günədək irəli sürülən bütün təkliflərə cavabdeh heç bir müsbət qarşılıq verməmiş, yol yerdiyi hüquq pozuntusunu aradan qaldıracaq heç bir tədbir görməmiş və qanunvericiliyin müvafiq tələblərini pozaraq bugünə kimi "Səhliyalı" KM–nin müqavilə üzrə hüquqlarını pozmaqdadır. Odur ki, cavabdehin müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi ucbatından "Səhliyalı" KM-nin maliyyə vəziyyətinə ciddi zərər dəymişdir. Qeyd edir ki, iddiaçının dəfələrlə müraciətinə baxmayaraq, cavabdeh indiyədək müqavilə üzrə öhdəliyini könüllü surətdə icra etməkdən boyun qaçırırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445 və 449-cu maddələrinə əsaslanaraq hesab edir ki, cavabdehdən iddiaçının pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmasına görə Mərkəzi Bank tərəfindən 18.09.2020-ci il tarixi üçün müəyyənləşdirilmiş illik bank uçot faiz dərəcəsi 6,5% olmaqla hesablanan 15760 (on beş min yeddi yüz altmış) manat (4864,50 AZN X 0.54%(aylıq faiz) X 6 ay = 15760 manat) və pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə qanunvericiliyin müvafiq dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat: tələbinə uyğun olaraq nəzərdə tutulan illik 5%-ə əsasən 11966 (on bir min doqquz yüz altmış altı) manat, (4864,50 AZN X 0.41% (aylıq faiz) X 6 ay = 11966 manat) məbləğində faiz və 4864,50 AZN (dörd min səkkiz yüz altmış dörd manat, əlli qəpik) məbləğində əsas borc cavabdehdən tutulmalıdır. Həmçinin Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 9726 (doqquz min yeddi yüz iyirmi altı manat) manat, əlavə çəkdiyi 500 (beş yüz) manat xərcin və mənəvi ziyanın əvəzi olaraq 10 000 (on min) manat pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Səhliyalı kiçik müəssisəsi ilə Cavabdeh arasında 03.02.2020-ci il tarixdə 1 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdeh Səhliyalı KM-nə ətir yağları satmağı və təhvil verməyi öhdəsinə götürmüşdür. Alıcı isə razılaşdırılmış qiymətə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə üzrə satılan malların dəyərinin tam ödənilməməsinə baxmayaraq, iddiaçı Cavabdeh malların yüklənməsini və cavabdehin ünvanına çatdırılmasını təmin etmiş, lakin buna baxmayaraq alıcı malı qəbul etməkdən imtina etmişdir. Bu barədə kifayət qədər sübutu və şahidi vardır. Müqavilə şərtlərinin dəyişdirilməsi və həmçinin ləğv edilməsi barədə "Səhliyalı" KM tərəfindən iddiaçıya heç bir zəng, şifahi və ya rəsmi xəbərdarlıq edilməmişdir. Yalnız 19 noyabr 2020-ci il tarixdə kuryer vasitəsilə ona iddia ərizəsi göndərilmişdir ki, bu iddia tələbi ilə qətiyyən razı deyil. İddiaçı Cavabdeh sifarişlə gətirdiyi mal-ətir yağı uzun müddət satılmadığı, yəni alıcı tərəfdən qəbul edilmədiyi səbəbindən ona xeyli ziyan dəymişdir. Pulu dövriyyədən kənar qalmış, digər tərəfdən pandemiya səbəbindən alıcı-sifarişçi qıtlığından malları sata bilməmişdir. Səhliyalı KM yalnız malların qalan hissəsinin dəyəri ödənildikdən sonra malı təhvil ala bilər. Malların daşınması,yüklənməsi və cavabdehin obyektinə çatdırılması üçün əlavə xərc çəkmişdir. "Səhliyalı" KM-nə satdığı malın pulunu özü ödəmişdir. Bunlar hamısı xərcdir. Qazanc əldə etmək əvəzinə cavabdeh onu maddi və mənəvi itkiyə məruz qoymuşdur. Hal hazırda 9726 manat, qaimə vergi sistemində əks olunmuş buna görə 500 manat vergi ödəmişdir. Pul məbləği tam ödənilmədiyinə baxmayaraq iddiaçı malı təhvil vermək üçün cavabdeh tərəfin ünvanına getmiş, lakin cavabdeh malı qəbul etməkdən imtina etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 9726 (doqquz min yeddi yüz iyirmi altı) manatın və əlavə çəkdiyi 500 (beş yüz) manat məbləğində xərcin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilkin iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh ərizəsində müqavilə üzrə öhdəliyini icra etdiyini, onu qəbul etməkdən imtina edildiyini iddia edir. Lakin bu halı sübut edəcək heç bir əsas və ya sübut təqdim etməmişdir. Cavabdehlə şifahi qaydada qiymət razılaşdırılmış və bunun əsasında onun müqavilədə təqdim etdiyi bank hesabına həmin məbləğdə, yəni 4864,50 (dörd min səkkiz yüz altmış dörd manat, əlli qəpik) manat məbləğində ödəniş edilmişdir. Məhkəməyə təqdim etdiyi iddia ərizəsinin qoşmasındakı ödəniş tapşırığı bunu sübut edir. Cavabdeh alqı-satqı müqaviləsi üzrə 9726 manat malın pulunun tam ödənilmədiyini qeyd etmişdir. Qeyd edir ki, cavabdeh iddia etdiyi 9726 manat məbləği barədə razılaşma əldə edilməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bundan başqa, ödənilməmiş 9726 manata görə 500 manat vergi ödədiyini izah etməmiş və buna dair hər hansı sübut təqdim etməmişdir. Bütün bunlar göstərir ki, cavabdeh iddiasını əsaslandıran halları sübut edəcək hər hansı dəlil-sübutları təqdim edə bilmədiyinə görə onun iddiaları iddia olaraq qalmaqdadır və heç cür həqiqəti əks etdirmir. Qeyd etdiklərinə əsasən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilkin iddiaya etiraz edərək izahatında bildirdi ki, qarşılıqlı iddia ərizəsində qeyd etdiyi kimi, müqavilə üzrə bütün ohdəliklərini yerinə yetirmiş hesab edir. Buna dair qarşı tərəf sübüt istəyir, lakin "Səhliyalı" KM özü sadəcə olaraq ödəniş tapşırığını təqdim etmişdir. Ödəniş tapşırığı elektron qaimə əsasında verilmiş, qaimədə məbləğ 9726 manat nəzərdə tutulmuş , "Səhliyalı" KM 4864,50 manat yəni gətiriləcək malın dəyərinin yarısını ödəmişdir.İddiaçı tərəfindən həmin qaimə təsdiq olunmuş, ona etira edilməmişdir. O,05.05.2020-ci il tarixində 207 kq ətir yağını taksi ilə ”Səhliyalı” kiçik müəssisəsinə gətirmiş, istehsalat bölümündə olmuş, malı isə açib heç baxmaq belə istəməyən Fərid bəy malı qəbul etməkdən imtina etmişdir.Sifarişi ona keçmiş sex müdürü Azad bəy, hər il olduğu kimi zəng və whatsapp vasitəsi ilə etmişdir. 2016-ci ildən başlayaraq həmin müəssisənin direktoru Fəxrəddin bəy, sex müdürü Azad bəy hər il ildə bir dəfə həmin ətir yağının 207 kilo miqdarında sifariş edirdi. Satış nəğd şəkildə özü köçürmə qaimələr üzərində yazilib təhvil-təslim edilirdi. Bu günə kimi heç bir problemi və narazıçılığı olmamışdır. Bu il isə fevral ayında Azad bəy ona zəng edərək, malı sifariş edib, aralarında bir müqavilə bağlayıb,elektron qaimə əsasında satışın həyata keçirilməsini xahiş etmişdir. Buna əsasən Cavabdeh şirkətin huquqşünası Hulya xanimla əlaqə saxlayaraq lazımı sənədləri whatsapp vasitəsi ilə onlara göndərmiş və hər il olduğu kimi bu ildə ödənişin yarısını beh kimi ödəməyi Azad bəy öz öhdəsinə götürmüşdür. Daha sonra mart ayında bank hesabına elektron qaimədə əks olunan məbləğin tam yarısı köçürülmüşdür. Ödəniş hesabına köçürülən kimi Rusiyadan sifarişini edib, pulu hesabdan çİxarıb üstünə pul əlavə edib, valyutanı amerika dollarına çevirərək Rusiyaya göndərmişdir. Buna dair sübutu email vasitəsi ilə şirkətlə yazışmaları olub ki, orada sifarışin miqdarı da göstərilmişdir. Qeyd etdiklərinə əsaslanaraq ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - "Səhliyalı" KM ilə Cavabdeh arasında bağlanmış 03.02.2020-ci il tarixdə 1 saylı alqısatqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən satıcı müqavilənin əlavəsi hesab edilən və alıcı tərəfindən rəsmiləşdirilən ayrı-ayrı sifariş formalarında göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə, ünvanda, qiymətdə, keyfiyyətdə və digər xüsusiyyətlərdə istifadə məqsədləri üçün yararlı halda alıcıya təhvil verməyi və satmağı, alıcı isə həmin malları təhvil alıb dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. -Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malların çatdırılması və təhvil verilməsi müqavilənin müvafiq əlavələrində göstərilən alıcının müəyyənləşdirdiyi ünvanda satıcının hesabına həyata keçiriləcək. Alıcının həmin mallara mülkiyyət hüququ o vaxt yaranacaq ki, onlar alıcının və ya onun səlahiyyətli nümayəndəsinin ixtiyarına bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə tam təhvil verilmiş və malların razılaşdırılan qiyməti satıcıya tam ödənilmiş olsun. -Həmin müqavilənin 4.1-ci bəndinə əsasən satıcı tərəfindən təchiz olunacaq malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri alıcı ilə razılaşdırılır və müqavilənin müvafiq əlavələrində müəyyən edilir. Malların qiymətlərinin sonradan dəyişməsi, azalması və ya artması tərəflər arasında yenidən hesablaşmaya səbəb olmayacaq. Qiymət, say və konfiqurasiya dəyişikliyi yalnız tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər. -Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqaviləyə uyğun təqdim olunacaq mallarla bağlı meydana gələn qanunvericiliklə nəzərdə tutulmuş vergilərin və digər məcburi ödənişlərinin icra edilməsinə görə satıcı məsuliyyət daşıyır. -Həmin müqavilənin 14.1-ci bəndinə əsasən müqavilə üzrə sənədləşmə (o cümlədən xəbərdarlıq, bildiriş və s.) yazılı formada aparılır və sifarişli poçt, faks, elektron poçt vasitəsi ilə göndərildiyi təqdirdə hüquqi qüvvəyə malik olacaq. -Həmin müqavilənin 14.2-ci bəndinə əsasən Elektron poçt (e-mail) və whatsapp ilə aparılan yazışmalar və göndərilən sənədlər tam hüquqi qüvvəyə malik hesab edilir. -Həmin müqavilənin 14.2-ci bəndinə əsasən müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imza və möhürlə təsdiqləndiyi tarixdən qüvvəyə minir və 1 (bir) il qüvvədə qalacaq. -11.03.2020-ci il tarixli 303 nömrəli ödəniş tapşırığından görünür ki, "Səhliyalı" KM tərəfindən Cavabdeh hesabına 4864,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür. -25.02.202-ci il tarixli 768771 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh tərəfindən alıcı "Səhliyalı" KM -ə 207 kq ətir yağının məbləği 9729 manat olmaqla qaimə təqdim edilmiş , qaimə təsdiq edilmişdir. -16.03.2020-ci il tarixli 167870 nömrəli memorial orderdən görünür ki, Səhliyalı" KM tərəfindən Cavabdeh “xxxx” ASC-də olan bank hesabına 4864,5 manat məbləğində pul vəsaiti köçürülmüşdür. -"Səhliyalı" KM tərəfindən Cavabdeh ünvanlanan 01.10.2020-ci il tarixli məktubdan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh müraciət edilərək, Səhliyalı KM-nın pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmağa görə 4864,50 AZN (dörd min səkkiz yüz altmış dörd manat, əlli qəpik) məbləğində əsas borcla yanaşı, Mərkəzi Bank tərəfindən 19.03.2020-ci il tarixi üçün illik bank uçot faiz dərəcəsi 7,25% olmaqla hesablanan 17512 AZN (on yeddi min beş yüz on iki manat) (4864,50 AZN X 0.60% (aylıq faiz) X 6 ay = 17512 AZN) və pul məbləğinin ödənilməsini gecikdirilməsinə görə qanunvericiliyin müvafiq tələbinə uyğun olaraq nəzərdə tutulan illik 5%-ə əsasən 11966 AZN (on bir min doqquz yüz altmış altı manat) (4864,50 AZN X 0.41% (aylıq faiz) X 6 ay = 11966 AZN) məbləğində faizlər, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumu və əldən çıxmış fayda qismində 10000 (on min) manat pul vəsaitinin məhkəmə qaydasında tutulacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "Səhliyalı" KM 03.02.2020-ci il tarixli 1 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərini qismən yerinə yetirərək ümumilikdə Cavabdeh hesabına 4864,50 manat məbləğində pul vəsaiti köçürmüşdür. "Səhliyalı" KM tərəfindən Cavabdeh malların dəyərinin tam ödənilməsi məhkəmə tədqiqatı dövründə öz təsdiqini tapmadığına görə, cavabdehin iddiaçının qarşısında hər hansı bir öhdəliyinin olması sübüta yetirilməmişdir.Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən pul vəsaitinin qanunsuz saxlanılması və ödənilmiş 4864,50 manat məbləğində pulun qaytarmaqdan boyun qaçırılması ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən iddia təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzə iddiaçı ilə cavabdeh Səhliyalı" KM arasında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, nəticədə sonuncuya borcu yaranmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 03.02.2020-ci il tarixli 1 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh Səhliyalı" KM müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə sonuncunun sifariş verdiyi mallar üzrə 4861,5 (dörd min səkkiz yüz altmış bir manat, əlli qəpik) manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş elektron qaimədən göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh müqavilə üzrə sifarış etdiyi məhsul üçün 4864,50 manat məbləğində pul vəsaiti ödəmişdir. Bundan başqa məhkəmə qarşılıqlı iddia tələbində əlavə xərcin tutulması ilə bağlı qeyd edir ki, iddiaçının əlavə çəkdiyi 500 manat xərc barədə məhkəməyə hər hansı sübut təqdim edilmədi. Ona görə məhkəmə həmin hissədə iddia tələbinin əsassız olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin sadalanan xüsusatlarını, qeyd edilən qanunvericilik normalarını, nəzərə alaraq, hesab edir ki, iddiaçı "Səhliyalı" kiçik müəssisəsinin Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, X1 4861,5 (dörd min səkkiz yüz altmış bir manat əlli qəpik) manat pul vəsaiti tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "Səhliyalı" kiçik müəssisəsinin Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh X1 4861,5 (dörd min səkkiz yüz altmış bir manat əlli qəpik) manat tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-421/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-421/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver