Məhkəmə qərarları › İş №e-2-2(113)-4211/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4211/2022

13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4211/2022 13.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (bundan sonra "xxxx" MMC) “subroqasiya qaydasında pul məbləğinin tutulması” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 562 manat 0.23 qəpik pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixində "xxxx" ASC ilə X2 arasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən BA №529878 saylı sığorta şəhadətnaməsi ilə sığorta müqaviləsi bağlanmış və ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi sığorta təminatına alınmışdır. xx.xx.2015-ci il tarixində su axıntısı baş vermiş və sığortalanan əmlaka ziyan vurulmuşdur. "xxxx" ASC tərəfindən adıçəkilən ünvanda yerləşən yaşayış sahəsinə dəymiş zərərlə bağlı 562 manat 0.23 qəpik sığorta ödənişi verilmişdir. Eyni zamanda iddia ərizəsində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi "xxxx" MMC-nin balansındadır, bu səbəbdən də ödənilmiş sığorta ödənişi subroqasiya qaydasında sonuncudan iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci, 936-cı maddələrinə istinad etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndələri bildirmişlər ki, müvafiq sığorta hadisəsi baş verdikdən sonra "xxxx" MMC-yə hadisənin təfərrüatı barədə sorğu göndərilmiş, lakin sonuncudan heç bir cavab iddiaçıya təqdim edilməmişdir. Bu səbəbdən, eyni zamanda mənzilin "xxxx" MMC-nin balansında olduğu nəzərə alınaraq cavabdeh kimi "xxxx" MMC-nin qoyulması qənaətinə gəlinmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndələri tərəfindən o da qeyd olunmuşdur ki, sığorta hadisəsi baş verən vaxt Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, ev 15-də yerləşən 559 nömrəli mənzilin üst qonşuluğundakı mənzildə yaşayanının (yaşayanların) kimliyinin müəyyən edilməsi zəruridir. İddiaçı "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X1 xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizə ünvanlayaraq cavabdeh "xxxx" MMC-nin əsl olan Cavabdeh ilə əvəz edilməsini və işin aidiyyəti üzrə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin tələbinə əsasən cavabdeh "xxxx" MMCnin əsl Cavabdeh ilə əvəz edilməsini qərara almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr həmin Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə qeyd edir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-nin 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır ... qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndində göstərilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş vergi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2009-cu il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və onun sahibkarlıq fəaliyyətinin əsas istiqaməti ixtisaslaşdırılmış mağazalarada geyimlərin pərakəndə satışıdır. Məhkəmə iş materialları əsasında müəyyən edir ki, hazırkı mübahisə üzrə əsas tələb üzrə tərəflər arasındakı hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Belə ki, Cavabdeh fərdi sahibkar statusuna malik olsa da, mövcud tələb Cavabdeh sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmayıb, mənzildən su axıdılması nəticəsində digər mənzilə dəymiş ziyana görə ödənilmiş sığorta ödənişi ilə əlaqədar subroqasiya tələbindən irəli gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1.-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsində göstərilmişdir ki, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh yaşayış yeri Şəki rayonu, Çexov küçəsi, ev 43-dür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Şərh olunanlara uyğun olaraq məhkəmə hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair e-2-2(113)-4211/2022 nömrəli iş baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar