Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4212/2022 14.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta haqqı ödənişi məbləği ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədi ilə cavabdehdən 2.255,38 manat pul və ödənilmiş dövlət rüsumuna görə 100 manatın iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə **********95 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmışdır. Cavabdeh tərəfindən iddiaçının rəhbərliyinə təqdim olunmuş öhdəlik məktubu ilə 2.255,38 manat məbləğində sığorta haqqı borcunun xx.xx.2022-ci il tarixinə qədər ödənilməsinə zəmanət verilməsinə baxmayaraq, mövcud sığorta haqqı borcunun bugünədək ödənilmədiyi müəyyən olunmuşdur. Həmçinin məsələnin həlli ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya qaydasında məsələnin həlli üçün bütün prosedurlara (pretenziya, mediasiya tətbiqi barədə təklif və mediasiyaya müraciət) riayət olunmuş, lakin məsələ həlli yolunu tapmamışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Abbasov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra da cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********95 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə əsasən sığortalının Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülkü-hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür. xx.xx.2022-ci il tarixli cavabdeh tərəfindən iddiaçıya verilmiş öhdəlik məktubuna əsasən tərəflər arasında xx.xx.2020-ci il tarixli **********95 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin bağlanmasını təsdiq olunmuş, bu müqavilə və onun əlavələri üzrə hesablanmış 2255,38 manat məbləğində sığorta haqqının xx.xx.2022-ci il tarixinə qədər tam ödənilməsinə zəmanət verilmişdir. İddiaçı tərəfindən cavabdehə EBAG 015508 nömrəli xx.xx.2020-ci il tarixli, EBAQ 742510 nömrəli xx.xx.2020-ci il tarixli, EBAQ 241296 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 256681 nömrəli xx.xx.2020-ci il tarixli, EBAİ 524685 nömrəli xx.xx.2020-ci il tarixli, EBAQ 031321 nömrəli xx.xx.2020-ci il tarixli, EBAJ 915753 nömrəli xx.xx.2020-ci il tarixli, EBAN 534572 nömrəli xx.xx.2020-ci il tarixli, EBAJ 745230 nömrəli xx.xx.2020-ci il tarixli, EBAL 231245 nömrəli xx.xx.2020-ci il tarixli, EBAJ 745230 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimələr göndərilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 20 aprel 2022-ci il tarixli 0105-22 saylı pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2020ci il tarixli **********295 nömrəli müqaviləyə əsasən yaranmış 2255,38 manat məbləğində sığorta haqqı borcunun xx.xx.2022-ci il tarixədək ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 897.4-cü maddəsinə əsasən icbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 903.2-ci maddəsinə əsasən sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. 903.5-ci maddəsinə əsasən sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. 903.6-ci maddəsinə əsasən hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 11.1-ci maddəsinə əsasən icbari sığorta haqqı sığortaçıya yalnız nağdsız hеsablaşma yolu ilə birdəfəlik ödənilir. 23.1.2-ci maddəsinə əsasən sığortaçının icbari sığorta haqlarını almaq hüququ vardır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.14-cü maddəsinə əsasən sığorta haqqı – icbari sığorta müqaviləsi üzrə risklərin qəbul edilməsi müqabilində sığortalı tərəfindən sığortaçıya ödənilməli olan pul məbləğidir. 7.2.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək sığortalının vəzifəsidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının sığorta haqqı borcunun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış icbari sığorta müqaviləsindən irəli gəlir. Cavabdehin öz öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya sığorta müqaviləsi, habelə qanunvericiliyin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2255,38 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞB/9-00097 nömrəli, 23 iyun 2022-ci il tarixli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2255,38 (iki min iki yüz əlli beş manat otuz səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4212/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4212/2022
14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver