Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4214/2022 14.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən tərəflər arasında imzalanmış 09 yanvar 2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə yaranmış 12766 manat məbləğində pulun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 200 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (müəssisənin hazırkı adı İddiaçı MMC) ilə Cavabdeh MMC arasında 9 yanvar 2019-cu il tarixli BA-210 nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı Müqavilənin ayrılmaz tərkib hissələri olan X1 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, cavabdeh tərəfindən isə həmin malları qaimə-faktura ilə birlikdə qəbul edərək almağı və Protokollarda, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə cavabdeh öhdəliklərini lazımınca icra etməmiş və nəticədə 28 fevral 2022-ci il tarixə 12.766 manat məbləğində qalıq borcu yaranmışdır. Eyni zamanda tərəflər arasında 25 aprel 2019-cu il tarixinə 16.706,40 manat borc məbləği barədə üzləşmə aktı imzalanmışdır. Daha sonra alıcı tərəfindən 17 may 2019-cu il tarixli bank qəbzinə əsasən 2570,40 manat, 4 sentyabr 2019-cu il tarixli ĞGÇ 004357 nömrəli və 28 sentyabr 2020-ci il tarixli ĞGÇ 004839 nömrəli kassa mədaxil orderlərinə əsasən 200 və 1.170 manat məbləğində həmin borcdan ödənişlər edilmiş, ümumi borc məbləğindən 3940,40 manat azaldılmışdır. Buna baxmayaraq, sonuncu ödənişdən sonra cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş və nəticədə 12.766 manat məbləğində borc hazırkı tarixədək ödənilməmiş qalmışdır. Əlavə olaraq müqavilənin 11.5-ci bəndinə əsasən tərəflər müqavilənin icra müddətinin başa çatmasından və ya hər hansı bir səbəbdən ləğv edilməsindən asılı olmayaraq yarımçıq qalan öhdəliklərin icrasından azad olunmurlar. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Səmədov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" MMC MMC-nin təsisçisinin xx.xx.2020-ci il tarixli qərarına əsasən MMC-nin adı dəyişdirilərək İddiaçı MMC adlandırılmış, həmin dəyişiklik dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 09 yanvar 2019-cu il tarixli BA-210 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilə qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissələri olan X1 dəqiq adlar, qiymətləri və digər göstəriciləri göstərilmiş malları alıcının ona təqdim etdiyi sifarişdə göstərilən miqdarda satmağı, alıcı isə həmin malları, satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-faktiraya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan X1, həmçinin qaiməfakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin tərkib hissəsi olan 09 yanvar 2019-cu il tarixli 01 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən tərəflər südün qiyməti barədə razılaşmış və mallar satıcının ünvanında satıcı tərəfindən alıcıya təhvil verilir. Nəqliyyat alıcı tərəfindən təşkil edilir. Müqavilənin tərkib hissəsi olan 22 may 2019-cu il tarixli 01 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən tərəflər südün qiyməti barədə razılaşmış və mallar satıcının ünvanında satıcı tərəfindən alıcıya təhvil verilir. Nəqliyyat alıcı tərəfindən təşkil edilir. Müqavilənin tərkib hissəsi olan 16 iyul 2019-cu il tarixli 03 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən tərəflər südün qiyməti barədə razılaşmış və mallar satıcının ünvanında satıcı tərəfindən alıcıya təhvil verilir. Nəqliyyat alıcı tərəfindən təşkil edilir. Müqavilənin tərkib hissəsi olan 01 avqust 2019-cu il tarixli 03 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən tərəflər südün qiyməti barədə razılaşmış və mallar satıcının ünvanında satıcı tərəfindən alıcıya təhvil verilir. Nəqliyyat alıcı tərəfindən təşkil edilir. Qiymətlərin razılaşdırılması protokollarının 2-ci bəndinə əsasən alıcı müvafiq qaiməfakturalara əsasən satın aldığı malların dəyərini mallar təhvil alındıqdan sonra 15 gün ərzində ödəyir. "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış üzləşmə aktına əsasən xx.xx.2019-cu il tarixinə qarşılıqlı borcu xx.xx.2019-cu il tarixinə 8970 manat, xx.xx.2019-cu il tarixinə 2570,40 manat, xx.xx.2019-cu il tarixinə 2583 manat, xx.xx.2019-cu il tarixinə 2583 manat olmaqla, ümumilikdə 16706,40 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə təhvil verilmiş mallarla bağlı EAAY 357000 nömrəli xx.xx.2019-cu il tarixli, EAAY 080387 nömrəli xx.xx.2019-cu il tarixli, EAAY 357163 nömrəli xx.xx.2019-cu il tarixli, EAAY 357053 nömrəli xx.xx.2019-cu il tarixli, EAAY 357107 nömrəli xx.xx.2019-cu il tarixli, EAAS 457523 nömrəli xx.xx.2019-cu il tarixli, EAAR 784608 nömrəli xx.xx.2019-cu il tarixli, EAAR 784463 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimələr göndərilmişdir. 28 sentyabr 2020-ci il tarixli 004839 nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 1170 manat məbləğində ödəniş edilmişdir. 04 sentyabr 2019-cu il tarixli 004357 nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 200 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli 113İPXO191371002 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2570,40 manat məbləğində ödəniş edilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli 226 nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 09 yanvar 2019-cu il tarixli BA-210 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 12766 manat borcun 5 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 09 yanvar 2019-cu il tarixli BA-210 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 12766 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 12766 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 12766 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MSB/12-00017 nömrəli 24 iyun 2022-ci il tarixli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 12766 (on iki min yeddi yüz altmış altı) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4214/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4214/2022
14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver