Məhkəmə qərarları › İş №e-2-2(113)-422/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-422/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-422/2022 21.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 47.284 (qırx yeddi min iki yüz səksən dörd) manat borcun, 31,85 manat dövlət rüsumunun və 200 AZN mediasiya xərcinin Cavabdehndən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 iyun 2020-ci il tarixdə Cavabdeh MTK ilə, direktor X2 şəxsində olmaqla, icraçı o və X3 olmaqla “pəncərə işlərinin görülməsi üçün xidmət müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən görülən işlər 1 kv.m-i 80 AZN hesablanmaqla Cavabdeh MTK mənə görülmüş işlərin təhvil-təslim aktına əsasən 39,784 (otuz doqquz min yeddi yüz səksən dörd) manat məbləğində pul borcludur. 2021-ci ilin iyun ayında sözügedən müqavilə ilə nəzərdə tutulmuş işlər tam başa çatdırılmış və 30.06.2021-ci il tarixli görülmüş işlərin təhvil-təslim aktı tərtib olunaraq hər iki tərəfdən imzalanmışdır. Daha sonra tərəfindən cavabdehə borcun ödənilməsinə görə dəfələrlə şifahi və pretenziya şəklində müraciət etməyimə baxmayaraq cavabdeh tərəf hələ də öz öhdəliyini yerinə yetirməmişdir. O mediasiya şurasına müraciət edilmiş, 200 manat mediasiya xərci ödənilmiş və Cavabdeh MTK mediasiyada iştirak etməmişdir. Bundan əlavə, sözügedən müqavilənin 2.7-ci maddəsinə əsasən müqavilə şərtlərinin pozulmasına görə sifarişçi icraçıya 15.000 (on beş min) manat cərimə ödəməlidir. Həmin cərimədən onun payına 7.500 (yeddi min beş yüz) manat düşür. Beləliklə, sifarişçi ona cəmi olaraq 47.284 (qırx yeddi min iki yüzsəksən dörd) manat borcludur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cü maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Qeyd edilməlidir ki, podrat müqaviləsi əşyanın (işin nəticəsinin), yəni görülmüş işin nəticəsi olan əşyanın verilməsi anına kimi qüvvədə olmaqla müqavilə bağlandığı andan qüvvəyə minir. Buna görə də, podrat müqaviləsi konsesnsual müqavilədir. Yəni, müqavilənin bağlanmış hesab edilməsi üçün tərəflərin müqavilənin mühüm şərti barədə razılığa gəlmələri tələb olunur. İşin yuxarıda müəyyən olunmuş hallarından da göründüyü kimi, 02 iyun 2020-ci il tarixdə Cavabdeh (sifarişçi) ilə icraçılar İddiaçı və X3 arasında pəncərə işlərinin görülməsi üçün müqavilə bağlanmışdır. Müqavilədə görüləcək 1 kv.m pəncərə işlərinin qiyməti 80 manat müəyyən edilmişdir. İşdə olan 30.06.2021-ci il tarixli aktdan görünür ki, icraçılar tərəfindən 79.567 manat məbəğində işlər görülmüş və Cavabdeh tərəfindən təhvil alınmışdır. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, qeyd edilən işlərinin pulunun yarısının ona çatmalı olduğunu qeyd edir və əsas borc üzrə 39.784 manat məbləğində pul tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində İddiaçı ilə şərik olduğunu, özünün pəncərə sexi olduğunu və 79.567 manat məbəğində işlərin görülüb Cavabdehnə təhvil verildiyini bildirmiş və görülmüş işlərə görə verilməli olan pulun yarısının İddiaçı çatmalı olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış podrat müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun təhvil aldığı işlərin dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Beləliklə, icraçılar tərəfindən 79.567 manat məbəğində işlərin görülüb Cavabdehnə təhvil verildiyini, sonuncunun isə görülmüş işlərin qarşılığında pulun ödəmədiyini və görülmüş işlərə görə ödənilməli olan pulun yarı hissəsinin İddiaçı çatmalı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, 39.783,5 (79.567/2=39.783,5) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddianın 7500 manat məbləğində cərimə borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi, dəbbə pulu ya müqavilə üzrə ya da qanun üzrə yarana bilər. Hazırkı halda iddiaçı tərəflər arasında bağlanmış 02.06.2020-ci il tarixli müqavilənin 2.7-ci bəndinə istinad edərək 15.000 manat məbləğində pulun yarı hissəsi olan 7500 manatı tələb edir. Məhkəmə hesab edir ki, cərimə borcunun tələb edilməsi hissəsində iddia təmin edilə bilməz. Tərəflər arasında bağlanmış 02.06.2020-ci il tarixli müqavilənin 2.7-ci bəndinə “sifarişçi tərəfindən icraçının gördüyü işlərə görə yersiz, görülən işlərin keyfiyyətinə zidd şəkildə, qarşı tərəfin işgüzar nüfüzuna zərər gətirən və bu müqavilə şərtləri ilə müəyyən edilmiş maraqlarını pozan hərəkətlərə yol vermədən həyata keçirir. Bu cür müqavilə şərtlərinin pozulmasına görə tərəf qarşı tərəfdən əlavə 15.000 manat cərimə ödənilməsini öhdəsinə götürür”. Qeyd edilən müqavilənin bəndinin mətnindən və məzmunundan məhz hansı hallarda sifarişçiyə cərimə tətbiq olunmalı olmasını və eyni zamanda məhz öhdəliyin icra edilməməsi və ya tam icra edilməməsi halında cərimə borcunun tutulması mümkünlüyü müəyyən etmək mümkün deyildir. Ona görə də, iddianın cərimə borcunun tələb edilməsi ilə bağlı hissəsi əsassızdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi qanunverici mediasiya xərclərini məhkəməyə iddia verilərkən ödənilən dövlət rüsumu ilə eyniləşdirmişdir. Ancaq Mülki Prossesual Məcəlləsində ( 119-cu maddədə) konkret olaraq mediasiya xərclərinin bölüşdürülməsi göstərilməsə də, qeyd olunan hala MPM-in 13.4-cü maddəsinə (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir) əsasən qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf Kommerssiya məhkəməsinə müraciət edərkən mütləq qaydada ilkin mediasiya sessiyasında iştirak etməli və müvafiq arayışı təqdim etməlidir. İddiaçı da, ilkin mediasiya sessiyasında iştirak edərkən müəyyən mediasiya xərcini ödəyir. Ona görə də, mediasiya zamanı çəkilən xərclərlə iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu “status” baxımından eyniləşdirilməlidir və MPM-nin 13.4-cü maddəsinə istinad edilməklə 119-cu maddə tətbiq edilməlidir. İş materiallarında olan Arayışdan görünür ki, İddiaçı mediasiya xərci olaraq 200 manat məbləğində pul ödəmişdir. Hazırki halda iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərc olaraq 100 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə iddianın qiymətinin 47.284 manat olmasını nəzərə alaraq mediasiyaya çəkilmiş 200 manat xərcdən əlavə iddiaçı tərəf 31 manat məbləğində də dövlət rüsumu ödəmişdir. Belə olan halda ödənilmiş dövlət rüsumunun da əvəzi olaraq 20 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 39.783 (otuz doqquz min yeddi yüz səksən üç) manat, 50 (əlli) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar