Məhkəmə qərarları › İş №e-2-2(113)-4227/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4227/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4227/2025 14.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, əsas borc, dəbbə pullu) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının qanuni nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə 22.543,57 (iyirmi iki min beş yüz qırx üç manat əlli yeddi qəpik) manatın və 8228 (səkkiz min iki yüz iyirmi səkkiz) manatın ümumilikdə 30771,57 (otuz min yeddi yüz yetmiş bir) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə malların alqı satqısı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən xx.xx.2024-cü il tarixdə 590 ,00 manat və 21953,57 manat məbləğində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Lakin bu günə qədər yuxarıda qeyd olunan malların ödənişləri "xxxx" MMC-yə ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirir ki, 2024-cü ildən mallar satılmışdır. Heç bir ödəniş edilməmişdir, cavabdeh əvvəllər malları nağd formasında alırdı daha sonra köçürmələr edirdi. Tələbləri 2 qaimə üzrədir, malların təhvil-təslimi imzalı möhürlüdür, elektron qaimələr təsdiq edilmişdir, müqavilənin 6-cı bəndinə əsasən də cərimə məbləğini tələb edirlər.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli NT- 47/23 №-li malların alqı-satqı müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı Alıcının Sifarişində qeyd edilən informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarını (bundan sonra-“Mallar"’) Alıcıya satmağı, Alıcı isə öz növbəsində heç bir iradı olmadığı təqdirdə onları qəbul edib dəyərini hazırki müqavilənin şərtlərinə uyğun olaraq Satıcıya ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən malların miqdarı, qiyməti, çatdırılma vaxtı və ünvanı, digər xüsusiyyətləri öz əksini Sifarişdə tapır. Sifarişlərin verilməsi elektron poçt, faks, mesaj və s. vasitələr ilə icra edilə bilər.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı üzərinə aşağıdakı öhdəlikləri götürür:

11. Müqavilənin 2.1.1-ci bəndinə əsasən sifariş verilən Malları müqavilənin şərtlərinə uyğun olaraq Alıcıya təhvil vermək;

12. Müqavilənin 2.1.2-ci bəndinə əsasən mallara 12 (on iki) ay zəmanət vermək. Zəmanət müddətinin axını Müqavilənin 4.4.-cü bəndinə uyğun olaraq Malların Alıcıya təhvil verilinəsi anından başlayır;

13. Müqavilənin 2.1.3-cü bəndinə əsasən mallarda yaranan nöqsan və qüsurları bu barədə Alıcı tərəfindən məlumat verildiyi gündən 5 (beş) iş günü ərzində əlavə ödəniş tələb etmədən aradan qaldırmaq, həmin nöqsanların aradan qaldırılması mümkün olmadıqda Alıcının tələbi ilə ya həmin Malları əlavə ödəniş tələb etmədən yenisi ilə əvəz etmək, ya ödənilmiş məbləği geri qaytarmaq və ya nöqsan və qüsurların aradan qaldırılması üçün Alıcının çəkdiyi xərclərin əvəzini ödəmək;

14. Müqavilənin 2.1.4-cü bəndinə əsasən mallara aid ləvazimatları və ya sənədləri Mallarla birlikdə vermədikdə Alıcının tələbi ilə 5 (beş) iş günü ərzində onları əlavə ödəniş tələb etmədən Alıcının təyin etdiyi ünvana çatdıraraq təhvil vermək və ya ödənilmiş məbləği Alıcıya geri qaytarmaq;

15. Müqavilənin 2.1.5-ci bəndinə əsasən sifarişdə müəyyən olunduğundan az miqdarda Mallar verdikdə Alıcının tələbi ilə 5 (beş) iş günü ərzində çatışmayan Malları əlavə ödəniş tələb etmədən Alıcının təyin etdiyi ünvana çatdıraraq təhvil vermək və ya çatışmayan Malların miqdarına mütənasib olaraq ödənilmiş məbləği Alıcıya geri qaytarmaq;

16. Müqavilənin 2.1.6-cı bəndinə əsasən sifarişlə müəyyən olunmayan Mallar verdikdə Alıcının tələbi ilə 5 (beş) iş günü ərzində uyğun gəlməyən Malları Sifarişlə müəyyən olunan Mallar ilə əvəz edərək əlavə ödəniş tələb etmədən Alıcının təyin etdiyi ünvana çatdıraraq təhvil vermək və ya uyğun gəlməyən Malların miqdarına mütənasib olaraq ödənilmiş məbləği Alıcıya geri qaytarmaq;

17. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı üzərinə aşağıdakı öhdəlikləri götürür:

18. Müqavilənin 2.2.1-ci bəndinə əsasən malları heç bir iradı olmadığı təqdirdə qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək.

19. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə Sifarişlərin dəyəri təqdim edilmiş hesab-fakturada göstərilən məbləğlərdən ibarətdir.

20. Müqavilənin 3.2-ci bəndinə əsasən bütün ödənişlər Satıcının təqdim etdiyi hesab - fakturalara əsasən 15 (on beş) iş günü müddətində Alıcı tərəfindən Satıcının bank hesabına köçürülür.

21. Müqavilənin 3.3-cü bəndinə əsasən ödəniş tarixi pul vəsaitinin Alıcının hesabından silinməsi tarixi hesab edilir.

22. Müqavilənin 3.4-cü bəndinə əsasən bu Müqavilə üzrə hər hansı vergi ödənişi Malların ümumi qiymətinə daxil edilir. Satıcı ƏDV ödəyicisi olduğu halda ƏDV həmçinin Müqavilə qiymətinə əlavə olunur.

23. Müqavilənin 4.1-ci bəndinə əsasən satıcı müəyyən edilən müddət ərzində Malları Alıcıya əlavə ödəniş tələb etmədən razılaşdırılmış ünvana çatdırmaqla təhvil verir.

24. Müqavilənin 4.2-ci bəndinə əsasən mallar təhvil verilərkən Alıcıya Satıcı tərəfindən Təhvil-təslim Aktı təqdim edilir.

25. Müqavilənin 4.3-cü bəndinə əsasən malların müvafiq xüsusiyyətdə və keyfıyətdə olduğu Alıcı tərəfindən 5 (beş) iş günü ərzində yoxlanılır. Alıcı heç bir iradı olmadığı təqdirdə Təhvil-Təslim Aktını imzalayır.

26. Müqavilənin 4.4-cü bəndinə əsasən təhvil-təslim Aktı Alıcı tərəfindən imzalandığı anda Satıcı tərəfindən Malları Alıcıya vermək vəzifəsi icra edilmiş sayılır.

27. Müqavilənin 6.4-cü bəndinə əsasən alıcı ödənişləri 3.2-ci bənddə qeyd edilən müddət ərzində həyata keçirmədiyi təqdirdə hər gecikdirilmiş gün üçün Sifarişin ümumi dəyərinin 0,1% miqdarında Satıcıya dəbbə pulu ödəməlidir.

28. Müqaviləyə 28 fevral 2024-cü il tarixli 1 saylı Əlavəyə əsasən avadanlıqların və qiymətlərin razılaşdırılması protokolu ilə 2 ədəd Conon mf 3010 avadanlığının cəmi qiyməti 590 manat, 2 saylı Əlavəyə əsasən 92 adda avadanlığın cəmi qiyməti 21.953,57 manat məbləğində müəyyən edlmişdir.

29. 28 fevral 2024-cü il tarixli göstərilmiş xidmətlərin təhvil-təslim aktına əsasən 2 ədəd Canon mf 3010, 28 fevral 2024-cü il tarixli göstərilmiş xidmətlərin təhvil-təslim aktına əsasən 92 adda avandanlıq İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

30. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə malların satışına dair xx.xx.2024cü il tarixli EBDZ 565014 nömrəli - 590 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDZ 511544 nömrəli – 21953,57 manat məbləğlərində e-qaimələr göndərilmişdir.

31. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

33. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

34. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

35. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

36. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

37. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

38. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

39. Göründüyü kimi tərəflər arasında xx.xx.2023-cü il tarixli NT-47/23 №-li malların alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı Alıcının Sifarişində qeyd edilən informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarını Alıcıya satmağı, Alıcı isə öz növbəsində heç bir iradı olmadığı təqdirdə onları qəbul edib dəyərini hazırki müqavilənin şərtlərinə uyğun olaraq Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 22543,57 manat ödənilməmiş borcu qalmışdır.

40. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimələr, təhvil təslim aktları ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 22543,57 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

41. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 22543,57 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 22543,57 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

42. Bundan əlavə iddiaçı 8228 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.

43. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

44. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

45. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

46. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (22543,57 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan tutulacaq dəbbə pulu azaldılaraq 1127 manat məbləğində müəyyən edilməlidir.

47. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 183 manat dövlət rüsumu ödənilmişdir.

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 158 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 22.543,57 manat əsas borc məbləği, 1127 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 158 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar