Məhkəmə qərarları › İş №e-2-2(113)-4238/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4238/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4238/2023 21.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə kiçik iddiaya dair kommersiya mübahisəsi (açar sözlər: borc, mediasiya xərci) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 1650 manat əsas borcun və ödənilmiş 60 manat mediasiya xərcinin, ümumilikdə 1710 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən 1650 manat əsas borcun və ödənilmiş 60 manat mediasiya xərcinin, ümumilikdə 1710 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, CSR X1 Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə “Xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə 1-5 iyun tarixlərində X5 ərazisində təşkil olunacaq X2 2022 layihəsində əməkdaşlıq edilməli idi. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə bağlandığı gündən qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. Beleliklə, cavabdeh CSR Azerbaijan MMC, İddiaçı MMC arasında bağlanan xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərinə əsasən cəmiyyət CSR Azerbaijan MMC-yə 3300 manat məbləğində ödəniş etmiş, lakin qarşı tərəf üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, müxtəlif bəhanələr ilə xidmətin göstərilməsindən yayınmışdır. Xidmət göstərilmədiyinə görə danışıq yolu ilə mübahisənin həlli üçün CSR Azerbaijan MMC-nin direktoru X3 ilə dəfələrlə əlaqə saxlanılmış, xidmət göstərilməsindən imtina etdikləri üçün ödənilmiş 3300 manat məbləğində pulun İddiaçı MMC-yə geri ödənilməsi tələb edilmiş, uzun çəkən danışıqlar prosesindən sonra 1650 AZN məbləğində pul cəmiyyətə geri ödənilmiş, geri qalan məbləğin qısa müddətdə ödəniləcəyi bildirilsə də, ödənilməmişdir. Beleliklə də,cavabdeh CSR Azerbaijan MMC cəmiyyətə 1650 AZN məbləğində ziyan vurmuşdur. Cavabdehə xx.xx.2023-cü il tarixdə borc öhdəliyinin 05 iş günü müddətində yerinə yetirilməsi barədə pretenziya məktubu göndərilmiş, lakin buna baxmayaraq cavabdeh hələ də, öhdəliyi icra etməmişdir. Cavabdehlə aralarnda olan mübahisənin həll olunması məqsədi ilə mediasiya şurasına müraciət edilmişdir. Lakin Mediatorun təqdim etdiyi arayışdan da göründüyü kimi CSR Azerbaijan MMC əvvəlcədən məlumatlandırılmasına baxmayaraq mediasiya sessiyasında iştirak etməmişdir, bununla bağlı xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-01053 nömrəli arayış tərtib edilmişdir. İddiaçı MMC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc tam olaraq ödənilmişdir. .

II. Tərəflərin mövqeləri:

3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

6. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

7. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə “Xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə 1-5 iyun tarixlərində X5 ərazisində təşkil olunacaq X2 2022 layihəsində əməkdaşlıq edilməli idi. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə bağlandığı gündən qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. Beleliklə, cavabdeh CSR Azerbaijan MMC, İddiaçı MMC arasında bağlanan xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehə 3300 manat məbləğində ödəniş etmiş, lakin qarşı tərəf üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Xidmət göstərilmədiyinə görə ödənilmiş 3300 manat məbləğində pulun İddiaçı MMC-yə geri ödənilməsi tələb edilmiş, cavabdeh tərəfindən 1650 AZN məbləğində pul iddiaçıya geri ödənilmiş, geri qalan məbəg ödənilməmişdir. Beleliklə də, cavabdehin iddiaçıya1650 manat məbləğində borcu qalmışdır. Müqavilə tərəflərin imzası və möhürləri ilə təsdiq olunmuşdur.

9. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Xidmətlərin göstərilməsi haqqında” müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pulu cavabdehin hesabına ödəmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır.

10. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış “Xidmətlərin göstərilməsi haqqında” müqavilədən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilənin, ödəniş tapşırıgının və əməliyyat üzrə məlumatın müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya müqavilənin və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

11. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və 1650 manat məbləğində bоrc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

13. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 60 manat mediasiya xərci Bakı 11 saylı Mediasiya təşkilatına ödənilmişdir.

14. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1650 manat məbləğində əsas borc və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

VI. Nəticə:

15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehndən 1650 manat əsas borc və ödənilmiş 60 manat mediasiya xərci, ümumilikdə 1710 manat məbləğində pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar