Məhkəmə qərarları › İş №e-2-2(113)-425/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-425/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-425/2022 22.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, Ağayev Mircavid Mı̇ rabbas oğlunun Cavabdehnə qarşı alqı – satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin və çəkilmiş xərclərin əvəzinin tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağayev Mircavid Mı̇ rabbas oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20290 manat, hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 500 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 153 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə X6 arasında 15 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə görə əsasən, Cavabdeh MMC X3 20290 manat dəyərində “Qobustan” sortu olan toxumluq buğda satmalı idi. Lakin Cavabdeh MMC “Qobustan” sortunun əvəzində X3 “Aran” sortu olan toxumluq buğda satmışdır. Bu barədə X3 məlumat verilməmiş, “Aran “sortundan olan toxumluq buğdanın bir hissəsi əkilmiş və nəticədə gözlənilən məhsuldarlıq alınmamışdır. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanan pretenziya məktubunda cavabdehə müqavilə üzrə iddiaçıya satmalı olduğu “Qobustan” sortu olduğu halda əvəzində “Aran” sortu olduğu bildirilmişdir. Cavabdeh 21 sentyabr 2021-ci ildə iddiaçıya göndərdiyi pretenziya məktubuna cavabda məsuliyyətin toxumu aldığı fiziki şəxs X4 olduğunu göstərmişdir. Həmçinin cavabdeh buğdanın yalnız əkildikdən sonra hansı sorta məxsus olduğunu bildirərək, iddiaçıya satdığı mala görə məsuliyyətdən bir növ yayındırıcı cavablar vermişdir.”Moran Agro” MMC müqavilə öhdəliyinə görə birbaşa məsuliyyət daşıyır. “Qobustan” sortundan olan buğdanın hündürlüyü 110-120 sm, qılçıqlı, ağ kəhrəba rəngində, quraqlığa davamlı və yumşaq buğdadır. İddiaçının “Qobustan” buğda sortuna üstünlük verməsi həmin buğda sortunun Kürdəmir rayonunun iqlim şəraitinə asanlıqla uyğunlaşması və buna görə də yüksək məhsul verməsi səbəbindəndir. “Aran” sortundan olan buğdanın hündürlüyü 75-80 sm, qılçıqsız, rəngi qırmızı, yumşaq buğdadır, Kürdəmir zonasında əkilməsi məqsədəuyğun deyildir, belə ki, quraqlığa davamlı olmadığı üçün məhsuldarlıq aşağı olur. X10 Mı̇ rabbas oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək alqı – satqı müqaviləsi üzrə ödənilmiş 14000 manat məbləğinə pulun qaytarılması, həmçinin malın daşınmasında və əkin üçün çəkilən xərclərə görə 6000 manat, hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 500 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 153 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, “Qobustan” sortunun əvəzində X3 Cavabdeh MMC tərəfindən “Aran” sortu olan toxumluq buğda satıldıqdan sonra həmin buğdanın bir hissəsi əkilmiş, gözlənilən məhsuldarlıq alınmadıqda sonuncunun əməkdaşı Mədinə xanımla əlaqə saxlanılaraq bu barədə məlumat verilmişdir. Bu barədə 27 may - 03 iyun 2021-ci il tarixdə M.M.Ağayevlə Cavabdeh MMC-nin əməkdaşı Mədinə xanım arasında “watsapp” yazışmaları da mövcuddur. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh MMC tərəfindən müqavilə üzrə bütün şərtlər tam şəkildə yerinə yetirilmişdir. Tərəflər arasında bağlanmış 15 sentyabr 2020- ci il tarixli müqavilənin 1.2-ci bəndində 20 ton “Qobustan” sortu, hər kq 0,70 qəpik olmaqla, ümumilikdə 14000 manatlıq məhsul satılmışdır və həmin müqavilə üzrə 15 sentyabr 2020ci il tarixdə 2851 manat və 11149 manat bank vasitəsilə pul köçürülmüşdür. Müqavilənin 2.1-ci bəndində qeyd olunur ki, alıcının özü və ya etibarnamə ilə nümayəndəsi malların müşayiətedici sənədlərə uyğunluğunu yerində yoxlayır, hər hansı qüsur və çatışmazlıq aşkar edilmədiyi təqdirdə, malı qəbul edir. Yəni alıcı məhsulu qəbul edərkən yoxlayıb qəbul etməlidir. Odur ki, əgər məhsulu qəbul edib heç bir problem olmadığını bildiribsə bir ildən sonra məhsulun adında səhvlik olduğunu qeyd etməsi əsassızdır. İddiaçı cavabdehdən dəfələrlə, yəni, 12 sentyabr 2020-ci il tarixdə 5559 manat və 9141 manat məbləğində, 15 sentyabr 2020-ci il tarixdə 11149 manat, 2851 manat, ümumilikdə 28700 manat məbləğində ödəniş edərək “Qobustan” sortu toxumu almışdır. Cavabdehin “Qobustan” sortunu aldığı, istehsalçı X2 ancaq həmin sort olmuşdur və məhsullar müvafiq nəzarət altmda yoxlanılaraq sertifikatlaşdırılmışdır. Mövcud mübahisə ilə əlaqədar X5 ilə əlaqə yaratdıqda bildirmişdir ki, yalnız “Qobustan” sortu toxum satılmışdır və hansısa yanlışlıq olması qeyri-mümkündür. İddiaçı qeyd etmişdir ki, “Aran” sortunun bir hissəsini əkmişdir. Əgər məhsulun bir hissəsi əkilmişdirsə, əkilməmiş hissə hansı səbəbdən geri qaytarmamışdır. Əgər bağlanılmış müqaviləni mübahisələndirirsə o zaman qeyd etdiyi əkilməmiş hissəni geri qaytarmalı idi. Bundan başqa iddiaçının məhsulun əkilməsi, bitməsi ilə əlaqədar hansısa mötəbər sübutu, yəni, bunları əks etdirən şəkil, video görüntü, mütəxəssis rəyi yoxdur. Belə olan halda iddianın məqsədli şəkildə verildiyi, müqavilənin tam qanuni, düzgün olduğu halda iddiaçının əsassız hallan qeyd edərək əlavə gəlir əldə etmək istədiy aydın olur. Həmin ildə iddiaçı dəfələrlə ayrı-ayrı vaxtlarda eyni məhsul almış, bununla yanaşı başqa müştərilərə də eyni məhsul satılmış və heç bir müştəri tərəfindən hər hansı bir irad bildirməmişdir. Cavabdeh tərəfindən X1 52000 manatlıq “Qobustan” toxumu alınmışdır ki, onun da müəyyən hissəsini iddiaçıya, qalanları da başqa müştərilərə satılmışdır. Müqavilə üzrə yalnız müəyyənləşdirilmiş məhsul satılmış, iddiaçı, o cümlədən toxum olan digər şəxslər malın sertifikatı, komissiya rəyi ilə tanış edilmişdir. Belə ki, cavabdehlə X5 arasında bağlanılmış 25 avqust 2020-ci il tarixli müqaviləyə əlavə edilmiş qiymət razılaşma protokolundan görünür ki, X1 52000 manatlıq 80 ton “Qobustan Rl” buğda toxumu satılmışdır. Toxumların kondisiyalılığı haqqında AR X8 yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi tərəfindən verilmiş 000112 nömrəli sertifikatdan göründüyü kimi, X1 alman toxumun təyinatının satış və səpin üçün olduğu, keyfiyyətinin isə dövlət standartının birinci sinfinə aid olduğu və toxum partiyasının Dövlət standartlarının tələbinə cavab verdiyi qeyd edilmişdir. 14 iyun 2020-ci il tarixli 06 nömrəli aprobasiya aktından da göründüyü kimi toxumun sortu Tərtər rayon İsmayılbəyli kənd ərazisində 35 hektar ərazidə əkilmiş “Qobustan” olduğu qeyd edilmişdir. Sort haqqında qısa məlumat hissəsində isə qeyd edilmişdir ki, sort Azərbaycan E.T.Ə İnstitutu tərəfindən yaradılıb, sahədə bütün aqrotexniki tədbirlər yerinə yetirilmiş, ərazidə elit toxum əkilmiş və toxumda xəstəlik və zərərvericilərə yoluxma dərəcəsi müşahidə edilməmişdir. İş materiallarında olan: - 15 sentyabr 2020-ci il tarixli alqı – satqı müqaviləsindən görünür ki, satıcı - Cavabdeh MMC ümumi dəyəri 14000 manat olan 20 ton “Qobustan” toxumunu alıcı - Ağayev Mircavid Mı̇ rabbas oğluna satmağı, sonuncu isə malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - bank hesabından çıxarışlardan görünür ki, 14000 manat məbləğində pul vəsaiti Ağayev Mircavid Mı̇ rabbas oğlu tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir. - 25 avqust 2020-ci il tarixli, 4 №-li alqı – satqı müqaviləsi və həmin müqavilə üzrə qiymət razılaşma protokolundan görünür ki, satıcı - X5 ümumi dəyəri 52000 manat olan 80 ton “Qobustan” toxumunu alıcı - Cavabdeh MMC-yə satmağı, sonuncu isə malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - Toxumların kondisiyalılığı haqqında AR X8 yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi tərəfindən verilmiş 000112 nömrəli sertifikatdan görünür ki, X1 alman toxumun təyinatı satış və səpin üçündür, keyfiyyəti dövlət standartının birinci sinfinə aiddir və toxum partiyası Dövlət standartlarının tələbinə cavab verir. - 14 iyun 2020-ci il tarixli 06 nömrəli aprobasiya aktından da görünür ki, toxum sortu Tərtər rayon İsmayılbəyli kənd ərazisində 35 hektar ərazidə əkilmiş “Qobustan” sortudur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında alqı – satqı müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 15 sentyabr 2020-ci il tarixli alqı – satqı müqaviləsi üzrə 20 ton buğda toxumunun Cavabdeh MMC tərəfindən Ağayev Mircavid Mı̇ rabbas oğluna təhvil verilməsi, sonuncu tərəfindən dəyərinin ödənilməsi işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən və işin faktiki halları ilə təsdiqini tapdığından məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: - alqı - satqı müqaviləsi üzrə ödənilmiş 14000 manat məbləğində pul vəsaitinin qaytarılması; - malın daşınmasında və əkin üçün çəkilən xərclərə görə 6000 manat məbləğində pul vəsaitinin ödənilməsi. Tələbin birininci hissəsinin faktiki əsası olaraq tərəflər arasında bağlanmış müqavilədə “Qobustan” sortuna aid toxumun verilməsi nəzərdə tutulduğu halda əvəzinə “Aran” sortuna aid toxumun verilməsinə istinad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. - 586.1-ci maddəsinə əsasən qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. - 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 586.1-ci maddəsinə müvafiq olaraq tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndində qeyd olunmuşdur ki, “Alıcının özü və ya etibarnamə əsasında nümayəndəsi malların müşayiətedici sənədlərə uyğunluğunu yerində yoxlayır, hər hansı qüsur və ya çatışmazlıq aşkar edilmədiyi təqdirdə malı qəbul edir.” Müqavilə şərtinə uyğun olaraq mal qəbul edilsə də, hər hansı qüsur və ya çatışmazlıq aşkar edilməsi barədə irad bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan normaların tələbləri baxımından iddianın əsasını müqavilədə “Qobustan” sortuna aid toxumun verilməsi nəzərdə tutulduğu halda əvəzinə “Aran” sortuna aid toxumun verilməsi təşkil etdiyindən bu halı sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin təhvil verilmiş toxumun “Qobustan” sortuna deyil, “Aran” sortuna aid olmasının təsdiq edən hər hansı bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən məhkəməyə müqayisə edilməsi üçün 2 növ buğdanın fotoşəkli təqdim olunmuşdur. Lakin məhkəmə hesab edir ki, həmin fotoşəkillər mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, bu fotoşəkillərə əsasən onların hansı şəraitdə, hansı vaxtda çəkilməsini və məhz Cavabdeh MMC tərəfindən verilmiş toxumdan əmələ gəlməsini müəyyən etmək mümkün deyildir. Cavabdeh MMC tərəfindən isə məhkəməyə satılan malın keyfiyyətinə dair Toxumların kondisiyalılığı haqqında AR X8 yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi tərəfindən verilmiş sertifikatlar və 14 iyun 2020-ci il tarixli, 06 nömrəli aprobasiya aktı təqdim olunmuşdur ki, həmin rəsmi sənədlərə əsasən satılmış toxumun təyinatının satış və səpin üçün olduğu, keyfiyyətinin isə dövlət standartının birinci sinfinə aid olduğu, toxum partiyasının Dövlət standartlarının tələbinə cavab verdiyi, sortunun isə Tərtər rayon İsmayılbəyli kənd ərazisində 35 hektar ərazidə əkilmiş “Qobustan” olduğu qeyd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia alqı - satqı müqaviləsi üzrə ödənilmiş 14000 manat məbləğində pul vəsaitinin qaytarılması hissəsində təmin oluna bilməz. İddianın malın daşınmasında və əkin üçün çəkilən xərclərə görə 6000 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsi birinci hissə ilə əlaqəli olduğundan və çəkilən xərclərə dair hər hansı sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia həmin hissədə də rədd olunmalı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ağayev Mircavid Mı̇ rabbas oğlunun Cavabdehnə qarşı alqı – satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin və çəkilmiş xərclərin əvəzinin tutulması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar