Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-425/2023 15.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh1, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 MMC və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021 tarixli A452 saylı X5 (Əlavə Razılaşma) əsasən hesablanmış 6906 ABŞ dolları gecikmə, 4301 ABŞ dolları cərimə, ümumilikdə 11207 ABŞ dolları, həmçinin 200 manat mediasiya xərcinin müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Mercedes-Benz S63 markalı (Tipi - Sedan, Buraxılış ili - 2014, Rəngi – Qara metalik, BAN - WDD2221781A061778) avtomobilin alınması məqsədilə Lizinq alanla iddiaçı arasında A452 saylı daxili Lizinq müqaviləsi bağlanmışdır. Lizinq alan tərəfindən öhdəliklər xx.xx.2021-ci il tarixində Cavabdeh1 ötürülmüşdür. Müqavilə şərtlərinə əsasən 65661 ABŞ dolları ekvivalent həcmində borc üzrə 34 ay 2788 ABŞ dolları ödəmək öhdəliyi götürülmüşdür. Avtomobil Cavabdeh1 2 ay 14 gün istifadəsində olmuş, lakin bu müddət ərzində heç bir ödəniş etməmişdir. Hazırda Cavabdeh1 bu müqavilə üzrə 6906 ABŞ dolları gecikmə, 4301 ABŞ dolları cərimə, ümumilikdə 11207 ABŞ dolları gecikmə borcu mövcuddur. Hesab edir ki, 6906 ABŞ dolları gecikmə, 4301 ABŞ dolları cərimə, ümumilikdə 11207 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh1 iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia edir ki, xx.xx.2021-ci il tarixində A452 saylı Lizinq müqaviləsi üzrə 65661 ABŞ dolları ekvivalenti həcmində borc üzrə 34 ay 2788 ABŞ dolları ödəmək öhdəliyini üzərinə götürmüşdür. Belə bir razılaşmanın olmasını göstərən iddiaçı onu da göstərməliydi ki, o bu müqavilənin formal tərəfidir, yəni avtomobil ona yox, işlədiyi və bu iş üzrə 2-ci cavabdeh kimi göstərilmiş Cavabdeh2 MMC-nin tələbatı üçün zəruri idi, həmin təşkilatla birbaşa müqavilənin bağlanmasına iddaçı razı olmadığından müqavilə onun adıyla bağlanmışdır. Bu faktı Cavabdeh2 MMC-nin nümayəndəsi də xx.xx.2022-ci il tarixində məhkəmənin hazırlıq iclasında təsdiq etmişdir. Odur ki, bu iş üzrə cavabdeh kimi o yox, yalnız Cavabdeh2 MMC işə cəlb olunmalıdır, yəni həmin MMC əsl tərəf kimi onunla əvəz edilməlidir. Lizinqin obyekti avtomobildir. Məlumdur ki, avtomobil yüksək təhlükə mənbəyidir və onun istifadə olunması üçün qanunvericilikdə müəyyən normalar mövcuddur. Avtomobillərin idarə edilməsi üçün ya avtomobil xüsusi mülkiyyətdə olmalı, ya da həmin avtomobilin idarə edilməsinə mülkiyyətçi etibarnamə verməlidir. İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2 maddələrinin tələbinə görə nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi qadagandır və belə hərəkətə görə 40 manatdan 100 manata qədər cərimə nəzərdə tutulmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə etibarnamə yoxdur və məhkəmənin xx.xx.2022-ci il tarixindəki hazırlıq iclasında hakimin bu barədə sualına da cavab verdi ki, guya 1 aylıq etibarnamə olub, onu işə əlavə etməyiblər. Bildirirəm ki, alıcı olaraq onlara iddiaçı tərəfindən heç bir etibarnamə verilməmişdir, məhz buna görə də tərəflərindən həmin avtomobil istismar olunmadığından heç bir ödəniş etməmişlər. İddiaçı həmçinin məhkəmədə təsdiq etdi ki, avtomobili onun həyətindən götürmüşlər, bu faktın özü də bir daha sübut edir ki, avtomobil cavabdeh tərəfindən istifadə edilməmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göründüyü kimi, Mülki Məcəllə zərərin ödənilməsi üçün əsas kimi təqsirli, hüquqa zidd əməli qəbul edir, indiki halda isə iddiaçı lizinq obyektini istismar etmək üçün cavabdehə etibarnamə vermədiyindən, bu səbəbdən də, yəni iddiaçının özünün günahından lizinq obyektinin istismarı mümkün olmadığından və buna görə də ödəniş edilmədiyindən cavabdehin əməli təqsirli və hüquqa zidd əməl hesab edilə bilməz və buna görə iddia əsassızdır və təmin edilməməlidir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.İsmayılov iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, lizinq müqaviləsi üzrə hüquq və öhdəliklər Cavabdeh1 ötürüldükdən sonra lizinq müqaviləsi üzrə ümumiyyətlə hər hansı ödəniş edilməmişdir. Müqavilə bağlandıqdan və lizinq obyekti Cavabdeh1 təhvil verildikdən sonra ona əvvəlcə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək etibarnamə verilmiş, daha sonra cavabdeh ödənişləri tam şəkildə edəcəyini bildirdiyi üçün ona əlavə olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək etibarnamə verilmiş, lakin hər hansı ödəniş edilmədiyi üçün 2022-ci ilin yanvar ayı üzrə etibarnamə verilməsindən imtina edilmişdir. Cavabdeh1 ödəniş etmədiyi üçün müqavilənin şərtlərinə əsasən müqavilə iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmiş, lizinq obyekti xx.xx.2022-ci il tarixdə Cavabdeh1 yaşadığı evin həyətindən evakuator vasitəsilə götürülmüş, bu barədə akt tərtib edilmişdir. Etibarnamələr bir nüsxədə tərtib edilmiş, onlarda həmin etibarnamələrin yalnız nüsxəsi qalmış, həmin etibarnamələr DYPİ-də qeydiyyatdan keçirilməmiş, yalnız DYPİ-dən müvafiq sorğu daxil olduğu təqdirdə avtomobilə dair etibarnamə polis orqanlarına təqdim edilir. Cavabdeh1 ona etibarnamələrin verilməməsi barədə dəlili əsassızdır, belə ki, o, əlavə olaraq oğluna da həmin avtomobilin idarə edilməsinə dair etibarnamənin verilməsini xahiş etmiş, onun bu xahişi təmin edilmişdir. Avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər, yəni 2 ay 9 gün Cavabdeh1 sahiblik və istifadəsində olmuş, lakin maliyyə arayışı 2 ay 15 gün üçün tərtib edilmiş, məhkəmədən iddia tələbinin qismən, yəni 2 ay 9 gün üçün yaranmış borcun tutulmasını xahiş edir. Bundan əlavə, cavabdehlərin lizinq müqaviləsinin əsl tərəfinin Cavabdeh2 MMC olması barədə dəlili ilə də razı deyil, belə ki, Cavabdeh2 MMC lizinq müqaviləsinin bağlandığı gün iddiaçı ilə zaminlik müqaviləsi bağlamış, avtomobil də həmin MMC-yə deyil, Cavabdeh1 təhvil verilmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edib iddia ərizəsinə dair verdiyi yazılı etirazın məzmununa uyğun izahat verib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin avtomobil iddiaçı tərəfindən ona xx.xx.2021-ci il tarixdə təhvil verilmiş, lakin həmin avtomobilə dair ona etibarnamə verilməmiş, avtomobil yalnız bir dəfə, iddiaçı tərəfindən ona təhvil verildiyi gün idarə edilərək yaşadığı evin həyətinə gətirilmiş, avtomobil iddiaçı tərəfindən ondan geri alınanadək orada istifadəsiz vəziyyətdə qalmışdır. Dəfələrlə iddiaçıya ona etibarnamə verilməsi ilə bağlı şifahi müraciətlər etmiş, lakin nəticəsiz qalmışdır. Oğluna etibarnamə verilməsi ilə bağlı iddiaçıya yazdığı xx.xx.2021-ci il tarixli ərizəni təsdiq edir, əlavə özü ilə bağlı analoji ərizəni yazmamasının səbəbi odur ki, iddiaçı ona həmin etibarnaməni qeyd-şərtsiz verməli idi. Avtomobilin iddiaçı tərəfindən geri götürüldüyü tarixi dəqiq xatırlamır, lakin iddiaçının bildirdiyi kimi, xx.xx.2022-ci il tarixdə deyil, 2021-ci ilin dekabr ayında yaşadığı evin həyətindən götürülmüş, bu zaman o, orada iştirak etməmiş, avtomobilin yoxa çıxdığını gördükdə bu barədə 102 xidmətinə məlumat vermişdir. Avtomobil faktiki olaraq onun tərəfindən istifadə edilmədiyi üçün hər hansı ödəniş etməməlidir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edib iddia ərizəsinə verilmiş yazılı etirazın məzmununa uyğun izahat verib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin lizinq müqaviləsinin əsl tərəfi Cavabdeh1 deyil, Cavabdeh2 MMC-dir. Həmin müqavilə üzrə ümumiyyətlə ödəniş edilməməsinin səbəbi avtomobilə dair iddiaçı tərəfindən etibarnamənin verilməməsidir. Bundan əlavə, avtomobil lizinq verən tərəfindən vaxtından əvvəl geri götürüldüyü üçün iddia tələbi təmin olunacağı halda belə onlardan yalnız əsas borc tələb edilə bilərdi, mükafat borcu isə tələb edilə bilməz. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin AD 520187 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz S63 AMG Minik markalı Sedan tipli avtomobil iddiaçının mülkiyyətindədir. İddiaçı ilə lizinq alan (öhdəlik ötürən) X9 və öhdəlik götürən X7 arasında bağlanmış 14 iyun 2021-ci il tarixli A452 saylı X5 öhdəliyin ötürülməsi haqqında Əlavə razılaşmaya əsasən öhdəlik ötürən lizinq verənin razılığı ilə A452 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu öhdəlik götürənə verir və öhdəlik götürən də bütünlüklə qəbul edir. Lizinq müddəti bitdikdən sonra öhdəlik götürən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququ lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərclərin öhdəlik götürənin ödəməsi şərtilə öhdəlik götürənə keçir. İddiaçı, X9 və X7 arasında bağlanmış 14 iyun 2021-ci il tarixli A452 saylı X11 müqaviləsinə 03 nömrəli Əlavə qəbul və istifadəyə verilmə protokoluna əsasən lizinq obyekti müqavilə üzrə 14 iyun 2018-ci il tarixdə müvəffəqiyyətlə lizinq verən istifadəyə təhvil verib, lizinq alan qəbul edib. İddiaçı, X7 (öhdəlik ötürən) və Cavabdeh1 (öhdəlik alan) arasında bağlanmış A452 saylı X5 19 noyabr 2021-ci il tarixli öhdəliyin ötürülməsi haqqında Əlavə razılaşmaya əsasən öhdəlik ötürən lizinq verənin razılığı ilə A452 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu öhdəlik götürənə verir və öhdəlik götürən də bütünlüklə qəbul edir. Lizinq müddəti bitdikdən sonra öhdəlik götürən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququ lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərclərin öhdəlik götürənin ödəməsi şərtilə öhdəlik götürənə keçir. İddiaçı ilə cavabdeh arasında bağlanmış A452 saylı X11 müqaviləsinə 03 saylı 19 noyabr 2021-ci il tarixli Əlavə - qəbul və istifadəyə verilmə protokoluna əsasən lizinq obyekti olan qiyməti 200000 manat olan Mercedes Benz S63 AMG markalı minik avtomobili 19 noyabr 2021-ci il tarixdə tam saz vəziyyətdə lizinq alan Cavabdeh1 istifadəsinə təhvil verilmişdir. İddiaçı ilə cavabdehlər Cavabdeh1 (lizinq alan) və Cavabdeh2 MMC (zamin) arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli A452 nömrəli zaminlik müqaviləsinə əsasən lizinq verən ilə lizinq alan arasında 19 noyabr 2021-ci il tarixdə bağlanmış A452 saylı Daxili Lizinq müqaviləsi ilə əlaqədar olaraq, lizinq alan lizinq verən qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin lizinq alan ilə lizinq verən qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəliin əsası 19 noyabr 2021-ci il tarixdə bağlanmış A452 saylı Daxili lizinq müqaviləsindən irəli gələn bütün öhdəliklərdir. Müqavilənin 2.2-ci bəndinə əsasən təmin edilən müqavilənin predmetini Mercedes Benz S63 AMG – minik, tipi - Sedan, Buraxılış ili - 2014, rəngi – Qara metalik, BAN- WDD2221781A061778 avtomobilin lizinqə verilməsi üzrə ödənilməli olan 65662 dollar məbləğində lizinq öhdəliyi təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti: lizinq alanın lizinq verən qarşısında 19 noyabr 2021-ci il tarixdə bağlanmış A452 saylı Daxili Lizinq müqaviləsi və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn bütün öhdəlikləri tam yerinə yetirilənədək olan dövrü əhatə edir. Cavabdeh1 xx.xx.2021-ci ildə iddiaçıya yazılı ərizə təqdim edərək lizinq obyektinə dair X3 etibarnamə verilməsini xahiş etmişdir. 22 dekabr 2021-ci il tarixli P10436/21 nömrəli iddiaçı tərəfindən verilmiş etibarnamədən görünür ki, X3 iddiaçıya məxsus olan Mercedes Benz – S63 AMG, Tip – minik, Rəngi –Qara metalik, Buraxılış ili – 2014, BAN – WDD2221781A061778, dövlət qeydiyyat nömrəsi 99AA344 olan nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası ərazisində idarə etmək hüququ vermişdir. 19 noyabr 2021-ci il tarixli P10176/21 nömrəli iddiaçı tərəfindən verilmiş etibarnamədən görünür ki, X1 iddiaçıya məxsus olan Mercedes Benz – S63 AMG, Tip – minik, Rəngi –Qara metalik, Buraxılış ili – 2014, BAN – WDD2221781A061778, dövlət qeydiyyat nömrəsi 99AA344 olan nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası ərazisində idarə etmək hüququ vermişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 0594/22 nömrəli arayışdan görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli A452 nömrəli X5 əsasən cavabdehin gecikmə borcu 6906 ABŞ dolları, cərimə borcu 4301 ABŞ dolları, ümumilikdə 11207 ABŞ dolları öhdəliyi mövcuddur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi növbətçi hissələri idarəetmə xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3/3/3/2/754/23 nömrəli sorğuya cavabdan görünür ki, Cavabdeh1 2021-ci ildə yalnız bir dəfə yanvar ayının 17-də “102” Xidmətinə Binəqədi rayonu ərazisində yerləşən bağ evindən oğurluq edilməsi barədə müraciət etmişdir. İddiaçı tərəfindən tərtib olunmuş 28 yanvar 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan 99AA344 dövlət qeydiyyat nişanlı Mercedes Benz S63 AMG markalı avtomobil Bakı şəhəri, ünvan 1ndə olan zaman baxış keçirilmiş, avtomobilin açarı olmadığı üçün evakuator vasitəsilə təxliyyə olunmuşdur. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, 2018-ci ildən İddiaçı MMC-də lizinq mütəxəssisi vəzifəsində işləyir. Cavabdeh1 tanıyır, münasibəti normaldır. İddiaçı MMC-nin müştərisi olmuşdur. Tərəfindən ödənişlərdə gecikmələr olub, dəfələrlə xəbərdarlıqlar etmişlər, lakin heç bir nəticə verməmişdir. Bir qayda olaraq avtomobillərə GPRS cihazı quraşdırılır, həmin cihaz ilə avtomobilin yerini müəyyənləşdirirlər. Avtomobili geri götürdükləri ünvan dəqiq yadında deyil, təxmini Kooperasiya Universtitetinin yaxınlığında beş mərtəbəli binaların həyəti idi. xx.xx.2022-ci il tarixində avtomobili geri götürmüşlər. Avtomobil həmin vaxt tozlu vəziyyətdə idi. Cavabdeh1 oğlu kimi özünü təqdim etmiş şəxs həmin vaxt onlara yaxınlaşaraq avtomobili geri götürməmələrini xahiş etdi. Cavabdeh1 oğlu avtomobilin açarlarını onlara təqdim etmədi və onlar avtomobili evakuator ilə təxliyyə etdilər. Daha sonra Cavabdeh1 oğlu evakuatorun qarşısını kəsmişdir. Aralarında mübahisə yarandığına görə Cavabdeh1 oğluna aktı imzalatdıra bilməmişlər. Avtomobil geri alınan vaxt video çəkiliş aparılmamaşdır. Foto şəkillər var. Həmin foto şəkilləri Fərid bəy qeydə almışdır. Avtomobilin qapısı bağlı olduğuna görə avtomobilin spidometrinə nəzər sala bilməmişlər. GPRS cihazı avtomobilin Cavabdeh1 tərəfindən dəfələrlə istifadə edildiyini göstərirdi. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, 2021-ci ildən İddiaçı MMC-də lizinq mütəxəssisi vəzifəsində işləyir. O, xx.xx.2022-ci il tarixdə iş yoldaşı Turqut ilə bərabər ünvan 1 ünvanında, Kooperasiya Universtitetinin arxasında doqquz mərtəbəli binaların həyətində avtomobili aşkar etmişlər. Turqut avtomobildə olan GPRS cihazı vasitəsilə avtomobilin olduğu yeri dəqiq şəkildə aşkar etmiş, o da Turqutla ona kömək etmək məqsədilə həmin yerə getmişdir. Onlar gələndən təxmini yarım saat sonra Cavabdeh1 oğlu kimi özünü təqdim etmiş şəxs onlara yaxınlaşdı və avtomobili niyə geri götürdüklərini soruşdu. Cavabdeh1 oğlu avtomobilin açarlarını onlara təqdim etmədiyinə görə avtomobili evakuator vasitəsilə təxliyyə etdilər. Cavabdeh1 oğlu öz maşını ilə evakuatorun qarşısını kəsmək və avtomobili aparmalarına mane olmaq istəmişdir. Təxliyyə zamanı fotoçəkiliş aparılmış, foto şəkilləri o, özünə məxsus telefonla çəkmişdir. Həmin foto şəkillər hazırda onun telefonunda vardır, həmin şəkilərin qeydə alındığı tarix də xx.xx.2022-ci ildir. Hüquqi dəyərləndirmə: Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə həmin tarixdə Cavabdeh1 təhvil vermişdir. Cavabdeh1 lizinq obyektinin ona təhvil verilməsinə baxmayaraq ona avtomobilin idarə edilməsi ilə bağlı müvafiq etibarnamə təqdim edilməməsi səbəbindən ondan təyinatı üzrə istifadə edilmədiyini bildirir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və bununla bağlı bildirir ki, materiallarda olan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli etibarnamələrin surətlərinə əsasən (iddiaçı həmin etibarnamələrin bir nüsxədə tərtib edilərək Cavabdeh1 verildiyini bildirir) lizinq obyektinin cavabdehə təhvil verildiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ona lizinq obyektindən istifadə edilməsi ilə bağlı iddiaçı tərəfindən səlahiyyət verilmişdir. Bundan əlavə, həmin səlahiyyət verilmədiyi təqdirdə belə Məhkəmə hesab edir ki, iddiaçı lizinq obyekti cavabdehin sahibliyində olduğu vaxt üçün lizinq ödənişlərinin verilməsini tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.9-ci maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. İddaçı lizinq obyektinin 2 ay 9 gün Cavabdeh1 sahiblik və istifadəsində olduğunu bildirir, cavabdeh isə lizinq obyektinin 2021-ci ilin dekabr ayında ondan geri alındığını iddia edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının təqdim etdiyi şahidlər X10 və X2 ifadələrindən, habelə iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən lizinq obyektinin xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən geri alındığı məlum olur. Bundan əlavə, Cavabdeh1 iddiaçıya xx.xx.2022-ci il tarixdə ərizə ünvanlayaraq iddiaçıya məxsus və onun istifadəsində olan lizinq obyektindən oğlu Akif Cəfərzadənin istifadə edilməsi üçün etibarnamə verilməsini xahiş etmiş, ərizənin həqiqiliyi məhkəmə iclasında Cavabdeh1 tərəfindən təsdiq edilmişdir. Bundan əlavə, Cavabdeh1 avtomobil ondan geri alındığı gün bununla bağlı 102 qaynar xəttinə müraciət etdiyini bildirmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi növbətçi hissələri idarəetmə xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3/3/3/2/754/23 nömrəli sorğuya cavabdan görünür ki, Cavabdeh1 2021-ci ildə yalnız bir dəfə yanvar ayının 17-də “102” Xidmətinə Binəqədi rayonu ərazisində yerləşən bağ evindən oğurluq edilməsi barədə müraciət etmişdir. Məhkəmə Cavabdeh2 MMC-nin lizinq müqaviləsinin əsl tərəfinin Cavabdeh1 deyil, onların olması barədə dəlili ilə də razılaşmır, bununla əlaqədar bildirir ki, materiallardan görünür ki, lizinq müqaviləsi üzrə hüquq və öhdəliklər Cavabdeh1 ötürülmüş, lizinq obyekti ona təhvil verilmiş, Cavabdeh2 MMC ilə iddiaçı arasında həmin tarixdə (xx.xx.2021-ci il) zaminlik müqaviləsi imzalanmış, lizinq və zaminlik müqavilələri onlar tərəfindən mübahisələndirilməmiş, lizinq obyekti iddiaçı tərəfindən geri alındığı tarixədək də Cavabdeh1 olmuşdur. Bundan əlavə, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi bu işin onlara ümumiyyətlə aidiyyatının olmadığını, onların cavabdeh qismində cəlb edilmələrinin əsassız olduğunu bildirmişdir. Məhkəmə Cavabdeh2 MMC-nin hər bir halda onlardan yalnız əsas borcun tələb edilə bildiyini, əlavə olaraq mükafat borcunun da tələb edilməsinin əsassız olması barədə dəlili ilə də razılaşmır, bununla əlaqədar olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq verənin mükafatının məbləği də daxildir. 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 3-cü bəndinə əsasən müqavilə vaxtından əvvəl ləğv edildikdə tərəflər arasında hesablaşma bütün haqlı tələblərin ödənilməsi prinsipi ilə aparılır. Bütün hallarda lizinq obyekti geri verilən günə qədər müqavilə ilə müəyyən edilmiş lizinq ödənişləri tam məbləğdə ödənilməlidir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən aylıq ödəniş 2800 ABŞ dolları (1372,80 ABŞ dolları əsas, 1427,20 ABŞ dolları lizinq mükafatı) müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı lizinq obyektinin iddia ərizəsində göstərildiyi kimi 2 ay 15 gün deyil, 2 ay 9 gün lizinq alanda olması müəyyən edilmiş, iddiaçının nümayəndəsi də göstərilən xüsusatı öz izahatında təsdiq etməklə, iddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində qismən təmin edilməli, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan dövr üzrə hesablanmış 6412,40 ABŞ dolları məbləğində pul (2 ay üzrə 2788 ABŞ dolları, 9 gün üzrə isə 836,40 ABŞ dolları) cavabdehlərdən (əsas borclu və zamindən) tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən hesablanmış 4301 ABŞ dolları cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 300 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin lizinq və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiklərini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən 6412,40 ABŞ dolları əsas borc, 300 ABŞ dolları cərimə, ümumilikdə 6712,40 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 200 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 6412,40 ABŞ dolları əsas borc, 300 ABŞ dolları cərimə, ümumilikdə 6712,40 (altı min yeddi yüz on iki dollar qırx sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-425/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-425/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver