Məhkəmə qərarları › İş №e-2-2(113)-425/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-425/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-425/2025 28.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6rşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmətlər üzrə satınalma müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri X10 və X4 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6rşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 (“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən öhdəliklərinin üzrlü səbəblər olmadan, qərəzli və qəsdən yerinə yetirilməməsi səbəbindən yaranmış 359900 (üç yüz əlli doqquz min doqquz yüz) manat (ƏDV daxil) əsas borc, həmçinin habelə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 1 (bir) illik 5 (beş) faiz hesabı ilə 6 ay üçün 8997,50 manat (səkkiz min doquz yüz doxsan yeddi manat əlli qəpik) gecikmə borcu, dövlət rüsumu və bank xərci olaraq 650 (altı yüz əlli manat) manat olmaqla, ümumilikdə 369547,50 manat (üç yüz atmış doqquz min beş yüz qırx yeddi manat əlli qəpik) məbləğində pul vəsaitinin cavabdehdən Cəmiyyətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (konsaltinq sahəsində ixtisaslaşmışdır və bu sahədə xidmətlər göstərir) ilə cavabdeh – “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SC-2023/25 saylı müqavilə əsasında MMC tərəfindən cavabdehə bir sıra konsaltinq xidmətləri göstərilmişdir. Həmin müqaviləyə əsasən Cəmiyyət tərəfindən müvafiq xidmətlər həyata keçirilmiş və cavabdehə müvafiq qaydada təhvil verilmişdir. Cəmiyyət öz üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra edib xidmətləri cavabdehə təhvil versə də, cavabdeh tərəfindən ödənişlə bağlı öhdəliyi tam şəkildə icra etməmiş və hazırda cavabdehin 359900 (üç yüz əlli doqquz min doqquz yüz) manat (ƏDV daxil) məbləğində borcu vardır. Cavabdeh tərəfindən xidmətlərin təhvil-təslimi barədə aktların imzalanmasından heç bir əsas göstərilmədən imtina edilir. Cəmiyyət tərəfindən göstərilmiş 359900 (üç yüz əlli doqquz min doqquz yüz) manat (ƏDV daxil) dəyərində xidmətin ödənişi uzun müddətdir cavabdeh tərəfindən şifahi və yazılı müraciətlərə baxmayaraq, ödənilmir. Qeyd edilmişdir ki, sözügedən məbləğin ödənilməsi və məsələnin danışıqlar yolu ilə həll olunması üçün cavabdehə müvafiq pretenziya məktubu da təqdim edilmişdir. Lakin cavabdeh heç bir geri dönüş etməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 443.1, 443.5, 443.6, 442, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia ərizəsinə əlavə” barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X8 305000 (üç yüz beş min) manat məbləğində əsas borc, 54900 (əlli dörd min doqquz yüz) manat məbləğində ƏDV, 30500 (otuz min beş yüz) manat gecikdirilən məbləğ, ərizənin verildiyi tarixə formalaşmış 5 faizin, yəni 10152 (on min yüz əlli iki) manat məbləğində əldən çıxmış fayda və 690,55 manat (altı yüz doxsan manat əlli beş qəpik) məbləğində dövlət rüsumunun ödənilməsinə çəkilmiş xərc olmaqla, ümumilikdə 401202 (dörd yüz bir min iki yüz iki) manat məbləğində pulun İddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsinə əlavə barədə ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin iddiaçıya müvafiq müqavilədən irəli gələn öhdəliyinin icra edilməməsi səbəbindən, iddia tələbinin (pul vəsaitinin tutulması) təmin edilməsini xahiş edilmişdir. Həmin ərizəyə əlavə olaraq aşağıdakı mühüm xüsusatları da diqqətə çatdırılır, iddia tələbinə hüquqi qiymət verərkən nəzərə alınması xahiş edilir: Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, LSC-2023/25 saylı müqavilə (bundan sonra “müqavilə”) tender təklifinə əsaslanmışdır və iddiaçı xx.xx.2022-ci il tarixində başlayan “Əsas fondların idarə olunması işlərinin avtomatlaşdırılmasına dair konsaltinq xidmətinin satın alınması” üzrə açıq tender müsabiqəsinin qalibi olmaqla (təsdiqedici sənədlər əlavə olunur), cavabdehlə qeyd olunan müqaviləni bağlamışdır. Müqavilənin məbləği kimi bütün vergilər daxil olmaqla 450996 (dörd yüz əlli min doqquz yüz doxsan altı) manat müəyyən olunmuşdur. Müqavilə şərtlərinə uyğun olaraq, ilkin mərhələdə icrası tələb olunan xidmətlər (Müqavilənin 1 saylı Əlavəsi ilə təsdiq olunmuş Qiymətlərin razlaşdırılması Protokolunda qeyd olunmuş 1 və 3 saylı xidmətlər) cavabdehə təhvil verilmiş və xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində icraçının bank hesabına müvafiq olaraq EBDK 147068 saylı qaimə üzrə 21700 manat, EBDG 292194 saylı qaimə üzrə isə 25500 manat ödəniş icra olunmuşdur (bank hesabından çıxarışlar əlavə olunur). Cavabdeh tərəfindən həmin ödənişə uyğun ƏDV öhdəliyi də müvafiq depozit hesabına köçürülmüşdür. İddiaçı müqavilə şərtlərinə tam riayət edərək, sonrakı mərhələdə Qiymətlərin razlaşdırılması protokolunda göstərilən 2 və 5 saylı xidmətləri də icra etdikdən sonra həmin xidmətlərin haqqının ödənilməsi üçün cavabdehə uyğun olaraq, xx.xx.2024cü il tarixli, EBDY 133704 saylı və xx.xx.2024-cü il tarixli, EBDX 264678 saylı elektron qaimə-fakturaları təqdim etmiş (əlavə olunur), lakin cavabdeh bu xidmətlərin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Halbuki, o, əvvəlki xidmətlərin haqqını ödəməklə müqavilənin şərtlərini istisnasız qəbul etdiyini nümayiş etdirsə də, sonradan icra olunmuş digər xidmətlərin haqqının ödənilməsi barədə iddiaçının yazılı və şifahi müraciətlərinə naməlum səbəbdən heç bir reaksiya verməmiş və göndərilən pretenziya cavablandırmamışdır. Üstəlik, ödəniş öhdəliklərinin icra olunmaması səbəbindən, iddiaçının dövlət büdcəsinə formalaşmış vergi borcuna görə müvafiq bank hesabının üzərinə sərəncam qoyulmuşdur. Cavabdehin bu cür davranışının nəticəsi olaraq, iddiaçı sonuncu razılaşdırılmış xidmətin (Qiymətlərin razlaşdırılması protokolunda qeyd olunmuş 4 saylı xidmət) icrasından birtərəfli qaydada imtina etmiş və iddia tələbinə həmin xidmət üçün nəzərdə tutulmuş haqqı daxil etməmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Əsas fondların idarə olunması işlərinin avtomatlaşdırılmasına dair konsaltinq xidmətinin satın alınması üçün icraçının (bütün vergilər daxil) 450996 (dörd yüz əlli min doqquz yüz doxsan altı) manat məbləğində təklifini qəbul etmişdir. 2.3-cü bəndin tələblərinə görə sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 5.4-cü bəndində isə qeyd edilir ki, sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalmmadan (aşkar olunmuş qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Müqavilənin bir digər (13.1-ci bənd) tələbinə görə, müqavilə üzrə ödəmələr (o cümlədən, avans ödənişi) sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. Müqavilənin xüsusi şərtlərinin 16-cı bəndində də təxminən oxşar məzmunlu müddəa təsbit edilmişdir: “Ödəniş şərtləri: icraçının təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar, təhviltəslim aktı və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır”. Müqavilənin xüsusi şərtlərinin 29-cu bəndinə görə satınalma müqaviləsi üzrə sifarişçi tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği: hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-ini, cərimə məbləğinin yuxarı həddi isə ümumi müqavilə məbləğinin 10%-ini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” 30 mart 2023-cü il tarixli, 2074 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X3 əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (bundan sonra “Agentlik”) yaradılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli Fərmanının 5.2-ci bəndinin tələblərinə görə isə bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, Agentliyin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 yaradılmışdır. Müqavilənin Xüsusi şərtlərinin 3.3-cü bəndinin tələblərinə əsasən tərəflər arasında müqavilə üzrə yaranan bütün mübahisəli məsələlərə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq müvafiq yerli məhkəmələrdə baxılır.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz verilməmişdir.

Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında qeyd etmişdir ki, əvvəllər edilmiş ödəniş avans deyildir. 1 və 3-cü punktlar üzrə ödənişlər olubdur, vergi məbləği də daxil olmaqla tam ödənilibdir. 2 və 4-cü punktlar qalıbdır. Vəsaitlərin invertarizasiyası və funksional sənədlərin hazırlanması işləri və s. görülməli idi. Tərəflər arasında münasibətlərin əsasını elektron qaimələr təşkil edir. Elektron qaimələr elə işlərin görülməsini təsdiq edir. 5 gün ərzində də geri qaytarılmayıbdır. 19 yanvar və 05 fevral qaimələrlə bağlı şirkət rəhbərliyi dəyişdiyi üçün həmin qaimələr fərqli olubdur. İşlərin görülməsi ilə bağlı və ödənişlərin edilməsi ilə bağlı xəbərdarlıq ediləndə, bildirildi ki, səlahiyyətləri olmadığı üçün ödəniş edilə bilməz. Bu məlumat qaimələr vurulan dövrdə verilməli idi.

8. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, elektron qaimələrin olması o demək deyildir ki, işlər görülübdür. Ümumiyyətlə işlər görülməyibdir, iddianı qəbul etmirik. İşlərin görülməsi ilə bağlı aktlar, sənədlər yoxdur. Yekunda proqram təminatı hazırlanmalı idi, lakin hazırlanmayıb və təhvil verilməyibdir. Edilmiş ödənişlər avans kimi ödənilibdir. Əgər həmin proqram təhvil verilsə idi, şirkətin əməkdaşlarına təlim də keçirilməli idi. İddiaçının təqdim etdiyi sənədlər birtərəfli sənədlərdir və sübut kimi qəbul oluna bilməz. Proqram təminatı hazırlanmayıbdır. Ona görə də, iddia tələbinin rədd ediməsini məhkəmədən xahiş etdi.

9. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı tərəf işləri təhvil verməli idi, yəni proqramı sistemə yükləməli, test etməli, əməkdaşlara başa salınmalı, kurs keçilməli və sonra qəbul edilməli idi. Bu qaydalara riayət olunmamışdır. Ona görə də, iddia tələbinin rədd ediməsini məhkəmədən xahiş etdi.

10. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə "xxxx" ASC (indiki adı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ) arasında xx.xx.2023-cü il tarixli, SC-2023/25 nömrəli xidmətlər üzrə satınalma müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflər təsiq edir ki, sifarişçi əsas fondların idarə olunması işlərinin avtomatlaşdırılmasına dair konsaltinq xidmətinin satın alınması üçün icraçının (bütün vergilər daxil) 450996 manat məbləğində təklifini qəbul etmişdir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən icraçı, müqavilədə nəzərdə tutulan şərtlər əsasında sifarişçiyə satın alınan 1 nömrəli əlavədə göstərilən xidmətlərin təhvil verilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş xidmətlər icraçının tender təklifinə və müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş müddətdə aradan qaldırılmasına təminat verir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən icraçı müqavilənin icrası ilə əlaqədar əqli mülkiyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət edir və həmin qanunvericiliyin pozulması nəticəsində üçüncü şəxslərin iddialarından sifarişçini qoruyaraq onların qarşısında məsuliyyət daşıyır. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən icraçı müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra müqaviləni imzalayır. İcraçının bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Həmin müqavilənin 13.1-ci maddəsinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. Həmin müqavilənin 13.2-ci maddəsinə əsasən sifarişçi satın alınan işlərin yerinə yetirilməsi üçün icraçıya müqavilənin xüsusi şərtlərində göstərilən məbləğdə avans ödəyə bilər. Avansın alınması üçün icraçı tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş qaydada sifarişçiyə avans ödənişinin təminatını təqdim edir. Avans ödənişi üçün verilən təminat avans qaytarılana qədər qüvvədə qalır, onun məbləği isə görülən işlərin müqabilində azaldılır. İcraçı avansı yalnız nəzərdə tutulmuş məqsəd üçün istifadə edə bilər. İcraçı avansın göstərilən məqsədlər üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərini sifarişçiyə təqdim etməlidir. Həmin müqavilənin 13.3-cü maddəsinə əsasən sifarişçi müqavilənin icrasını təmin etmək məqsədi ilə hər ödənişdən müqavilənin xüsusi şərtlərində göstərilən məbləği tutur. Həmin vəsait müqavilənin icrası tam başa çatdırıldıqdan sonra və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra 30 bank günü müddətində icraçıya ödənilir. Həmin müqavilənin 13.4-cü maddəsinə əsasən müqavilə icraçı və ya sifarişçi tərəfindən ləğv olunursa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərildiyi qaydada ödənişlərin məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir. Həmin müqavilənin 14.1-ci maddəsinə əsasən icraçı tenderin əsas şərtlər toplusunda göstərilmiş müddət ərzində satınalma müqaviləsini imzalayır və müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir. İcraçının tələb olunan müddət ərzində satınalma müqaviləsini imzalamaması və ya müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir. İcraçı müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi halda sifarişçiyə dəyən ziyanı müqavilənin yerinə yetirilməsi təminatından ödəməlidir. Həmin müqavilənin 20.1-ci maddəsinə əsasən icraçı müqaviləni tenderin əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə, sifarişçi digər hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyəbləşdirilmiş maksimum həddə çatdıqdan sonra sifarişçi müqaviləni ləğv edə bilər. Həmin müqavilənin 20.2-ci maddəsinə əsasən sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, icraçı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2023-cü il tarixli, SC-2023/25 nömrəli müqavilənin xüsusi şərtlərinin 3-cü bəndinə əsasən qüsurlara görə məsuliyyət müddəti işlərin və xidmətlərin yerinə yetirildiyi tarixdən 1 ildir. Müqavilənin 8-ci bəndinə əsasən icraçı müqavilənin dəyərinin ödənilməsi ilə bağlı sənədləşdirmə işlərinin vaxtında və dəqiq aparılmasına təminat verir, müqavilənin 1 və 2 nömrəli əlavəsində göstərilmiş ximdətləri yerinə yetirir, tərəflər arasında təsdiq olunmuş təhvil-təslim aktı ilə xidmətlərin nəticəsini sifarişçiyə təhvil verir, sifarişçiyə xidmətlərin keyfiyyəti barəsində məcburi tələblərə uyğun gələn və müqavilədə göstərilən məqsədlər üçün istifadəyə yarayan xidmətlər göstərir, xidmətlərin nəticələrini tam şəkildə sifarişçiyə müqavilədə qeyd olunan formatda təhvil verir. Sifarişçi müqavilə üzrə öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirilməsini icraçıdan tələb edir, müqavilənin predmetinə uyğun olaraq göstərilən xidmətlərlə bağlı mövcud olan və müqavilənin tələblərinə uyğun gələn lazımi məlumatları icraçıya təqdim edir, müqavilənin icrası zamanı baş verən nöqsanların aradan qaldırılması icraçıdan tələb edir. Sifarişçi müqavilə üzrə ödənişi müqavilənin xüsusi şərtlərinin 16-cı maddəsində nəzərdə tutulan qaydada və müddətdə həyata keçirməlidir. Xüsusi şərtlərin 16-cı bəndinə əsasən sifarişçinin təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar, təhvil-təslim aktı və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. Xüsusi şərtlərin 19-cu bədinə əsasən müqavilə müqavilənin icra müddəti bitdikdən sonra altı ay müddətinə qüvvədədir. Xüsusi şərtlərin 29-cu bəndinə əsasən satınalma müqaviləsi üzrə sifarişçi tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-dir. Cərimə məbləğinin yuxarı həddi ümumi müqavilə məbləğinin 10%-dir. Xüsusi şərtlər tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2023-cü il tarixli, SC-2023/25 nömrəli müqaviləyə 1 nömrəli X1 əsasən İddiaçı MMC tərəfindən ümumi dəyəri 450996 (ƏDV daxil) manat (382200 manat əsas + 68796 manat ƏDV (18%)) olan xidmət göstərilməsi barədə razılaşma olmuşdur. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. Tərəflər arasında bağlanmış müqaviləyə texniki tapşırıq adlı 2 saylı Əlavənin 1-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli nömrəli Sərəncamı əsasında yaradılıb. "xxxx" ASC suyun mənbələrdən götürülməsi, emalı, nəqli, anbarlanması və paylanmasını təşkil edir, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edir və onlara kanalizasiya xidmətləri göstərir, tulantı suların toplanması, nəqli, emalı və kənarlaşdırılmasını həyata keçirir. Səhmdar Cəmiyyət içməli və tullantı su sistemlərinin layihələndirilməsi, inşası, istismarı və onlara texniki xidmətlərin göstərilməsini təmin edir. Cəmiyyətin balansında 21000 km uzunluğunda su, 10500 km uzunluğunda kanalizasiya və yağış suları xətləri vardır. 01 dekabr 2021-ci il tarixə "xxxx" ASC üzrə işçi sayı 13912 nəfərdir. Ölkə üzrə ******* abunəçiyə su təchizatı və kanalizasiya xidmətləri göstərir. Bunların 1631058-sı əhali, 66040-i isə qeyri-əhali abunəçiləridir. Abonentlərin 78,5 faizi, Bakı şəhəri üzrə 81,7 faizi, regionlarda isə 71 faizi fasiləsiz içməli su ilə təmin olunur. Əlavənin 2-ci bəndinə əsasən layihənin ümumi hədəfi təşkilatın profil (ana) fəaliyyəti üzrə əsas fondların texniki xidmət və təmir işlərinin idarə olunmasına müasir və rəqəmsal yanaşma tətbiq etməklə, təşkilat resurslarının daha optimal istifadəsinə təmin edərək səmərəlik və məhsuldarlıq göstəricilərin yüksəldilməsidir.

14. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 292194 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə (indiki adı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ) yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 30090 manat təşkil edir. Qaimənin əsası kimi LSC-2023/25 saylı, xx.xx.2023-cü il tarixli müqavilə qeyd edilmişdir.

15. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 147068 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə (indiki adı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ) yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 25606 manat təşkil edir. Qaimənin əsası kimi LSC-2023/25 saylı, xx.xx.2023-cü il tarixli müqavilə qeyd edilmişdir.

16. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 264678 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə (indiki adı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ) yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 41300 manat təşkil edir. Qaimənin əsası kimi LSC-2023/25 saylı, xx.xx.2023-cü il tarixli müqavilə qeyd edilmişdir.

17. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 133704 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə (indiki adı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ) yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 318600 manat təşkil edir. Qaimənin əsası kimi LSC-2023/25 saylı, xx.xx.2023-cü il tarixli müqavilə qeyd edilmişdir.

18. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, "xxxx" ASC (indiki adı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ) İddiaçı MMC-nin bank hesabına 25000 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EBDG seriyalı, 292194 nömrəli qaimə qeyd edilmişdir.

19. xx.xx.2023-cü il tarixli ƏDV Sub-Uçot hesabından çıxarışdan məlum olur ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən İddiaçı MMC-nin bank hesabına 4590 manat köçürülmüşdür. Ödənişin təyinatı kimi EBDG seriyalı, 292194 nömrəli qaimə qeyd edilmişdir.

20. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, "xxxx" ASC (indiki adı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ) İddiaçı MMC-nin bank hesabına 21700 manat köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi EBDK seriyalı, 147068 nömrəli qaimə qeyd edilmişdir.

21. xx.xx.2023-cü il tarixli ƏDV Sub-Uçot hesabından çıxarışdan məlum olur ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən İddiaçı MMC-nin bank hesabına 3906 manat köçürülmüşdür. Ödənşin təyinatı kimi EBDK seriyalı, 147068 nömrəli qaimə göstərilmişdir.

22. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından məlum olur ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-yə 305000 manat məbləğində əsas və 54900 manat məbləğində ƏDV borcu olmaqla (xx.xx.2023-cü il tarixli, LSC/2023/25 saylı xidmətlər üzrə satınalma müqaviləsinə, xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 264678 saylı və xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 133704 saylı elektron qaimə-fakturalara əsasən) cəmi 359900 manat borcu mövcud olmuşdur.

23. İddiaçı tərəfindən iş materiallarına inventarizasiya siyahıları və inventarizasiya zamanı mal-materialların faktiki və uçot vəziyyəti haqqında akt əlavə edilmişdir.

24. İddiaçı MMC tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə ünvanlanmış pretenziya məktubunda görnür ki, borc məbləğinin 10 (on) təqvim günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbədarlıq edilmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

Məhkəmənin mövqeyi

27. İddia tələbinin bir hissəsini cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X8 305000 (üç yüz beş min) manat məbləğində əsas borc, 54900 (əlli dörd min doqquz yüz) manat məbləğində ƏDV məlbəğinin tutulması təşkil edir.

28. İddiaçı iddia tələbini göstərilən hissədə onunla əsaslandırmışdır ki, "xxxx" MMC (konsaltinq sahəsində ixtisaslaşmışdır və bu sahədə xidmətlər göstərir) ilə cavabdeh – “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SC-2023/25 saylı müqavilə əsasında MMC tərəfindən cavabdehə bir sıra konsaltinq xidmətləri göstərilmişdir. Həmin müqaviləyə əsasən Cəmiyyət tərəfindən müvafiq xidmətlər həyata keçirilmiş və cavabdehə müvafiq qaydada təhvil verilmişdir. Cəmiyyət öz üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra edib xidmətləri cavabdehə təhvil versə də, cavabdeh tərəfindən ödənişlə bağlı öhdəliyi tam şəkildə icra etməmiş və hazırda cavabdehin 359900 (üç yüz əlli doqquz min doqquz yüz) manat (ƏDV daxil) məbləğində borcu vardır. Cavabdeh tərəfindən xidmətlərin təhvil-təslimi barədə aktların imzalanmasından heç bir əsas göstərilmədən imtina edilir. Müqavilə şərtlərinə uyğun olaraq, ilkin mərhələdə icrası tələb olunan xidmətlər (Müqavilənin 1 saylı Əlavəsi ilə təsdiq olunmuş Qiymətlərin razlaşdırılması Protokolunda qeyd olunmuş 1 və 3 saylı xidmətlər) cavabdehə təhvil verilmiş və xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində icraçının bank hesabına müvafiq olaraq EBDK 147068 saylı qaimə üzrə 21700 manat, EBDG 292194 saylı qaimə üzrə isə 25500 manat ödəniş icra olunmuşdur (bank hesabından çıxarışlar əlavə olunur). Cavabdeh tərəfindən həmin ödənişə uyğun ƏDV öhdəliyi də müvafiq depozit hesabına köçürülmüşdür. İddiaçı müqavilə şərtlərinə tam riayət edərək, sonrakı mərhələdə Qiymətlərin razlaşdırılması protokolunda göstərilən 2 və 5 saylı xidmətləri də icra etdikdən sonra həmin xidmətlərin haqqının ödənilməsi üçün cavabdehə uyğun olaraq, xx.xx.2024cü il tarixli, EBDY 133704 saylı və xx.xx.2024-cü il tarixli, EBDX 264678 saylı elektron qaimə-fakturaları təqdim etmiş (əlavə olunur), lakin cavabdeh bu xidmətlərin ödənilməsi istiqamətində heç bir addım atmamışdır.

29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, SC-2023/25 nömrəli xidmətlər üzrə satınalma müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SC-2023/25 nömrəli müqaviləyə X2 adlı 1 nömrəli Əlavəyə əsasən tərəflər arasında ümumi dəyəri 450996 (ƏDV daxil) manat (382200 manat əsas + 68796 manat ƏDV (18%)) olan 5 adda xidmətin göstərilməsi barədə razılaşma olmuşdur. Həmçinin iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmişdir. Bunlar işin mübahisəsiz halını təşkil edir.

30. İşin faktiki hallarından da müəyyən edildiyi kimi, hazırkı halda cavabdehdən tutulması tələb olunan məbləğin aid olduğu xidmətlərin göstərilib-göstərilməməsi işin mübahisəli halını təşkil edir.

31. İddiaçı qeyd etmişdir ki, tərəflərindən cavabdehə göstərilmiş xidmətlərlə bağlı elektron qaimələr göndərilmiş və müəyyən ödənişlər edilmişdir. Buna sübut olaraq ödəniş tapşırıqlarını əlavə etmişdir. Cavabdeh tərəf isə məhkəmə icraatının gedişində izahatında bildirmişdir ki, elektron qaimələrin olması o demək deyildir ki, işlər görülübdür. Ümumiyyətlə işlər görülməyibdir. İşlərin görülməsi ilə bağlı aktlar, sənədlər yoxdur. Yekunda proqram təminatı hazırlanmalı idi, lakin hazırlanmayıb və təhvil verilməyibdir. İkinci olaraq edilmiş ödənişlərlə bağlı bildirilir ki, edilən ödənişlər avans kimi ödənilibdir. Əgər həmin proqram təhvil verilsə idi, şirkətin əməkdaşlarına təlim də keçirilməli idi. İddiaçının təqdim etdiyi sənədlər birtərəfli sənədlərdir və sübut kimi qəbul oluna bilməz. Ona görə də, iddia tələbinin rədd ediməsi məhkəmədən xahiş edilir.

32. Qeyd edilən halla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin qənaətinə əsasən hazırkı halda, elektron qaimənin göndərilməsi özlüyündə xidmətin göstərilməsini təsdiq edən sübut qismində qəbul oluna bilməz. Çünki müqavilənin xüsusi şərtlərinin 16-cı bəndində qeyd edilir ki, “Ödəniş şərtləri: icraçının təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar, təhvil-təslim aktı və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır”. Sözügedən bənddə ödənişin edilməsi üçün təqdim ediləcək sənədlərin siyahısını tərəflər müəyyən etmişlər. Bundan başqa, cavabdeh, iddiaçı tərəfindən ödənilməməsi iddia edilən pulun aid olduğu xidmətin göstərilməsini mübahisələndirdiyindən, həmin xidmətlərin göstərilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür.

33. Məhkəmə icraatının gedişində iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad etdiyi halları – cavabdehə xidmətlərinin göstərilməsini sübuta yetirə bilməmiş və iddia tələbi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

34. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar.

35. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri).

36. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

37. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

38. Məhkəmə təqdim olunmuş sübutları, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassız olduğundan təmin edilməməlidir.

39. İddia tələbinin digər hissələrini cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X8 30500 (otuz min beş yüz) manat gecikdirilən məbləğ, ərizənin verildiyi tarixə formalaşmış 5 faizin, yəni 10152 (on min yüz əlli iki) manat məbləğində əldən çıxmış faydanın tutulması təşkil edir.

40. İddia tələbinin göstərilən hissələrinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində sübuta yetirilmədiyindən digər hissələrdə təmin edilə bilməz.

41. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar