Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4264/2025 07.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13050 manat borcun ödənilməsi və mediasiya xidmət haqqı kimi ödənilmiş 200 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli İF/06017 saylı X8 müqaviləsinə xx.xx.2023-cü il tarixində dəyişilik edilməsi barədə saziş imzalanmışdır. Həmin Sazişə əsasən Audi A3 MİNİK markalı 77AG685 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi cavabdehə verilmişdir. Avtomabil onun istifadəsində olduğu dövrdə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Lizinq obyekti tərəflərindən götürüldükdən sonra müstəqil ekspertin iştirakı ilə avtomabilin qalıq dəyərinin qiymətləndirilməsi aktına əsasən 4000 manat dəyərində qiymətləndirildi. Cavabdehin xx.xx.2022-ci il tarixli İF/06017 saylı X8 müqaviləsi üzrə borcu xx.xx.2023-cü il tarixinə olan əsas borcu 13000 manat, faiz borcu 3900 manat cərimə borcu 100.00 manat, cəmi 17000 manat təşkil edir. Cavabdehin hal-hazırda iddiaçıya (17xx.xx-4000.00=) 13000.00 manat borcu vardır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edib iddia ərizəsinin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixdə lizinq predmeti ona təhvil verilmiş, bir aylıq lizinq ödənişi ödənilmədiyi üçün ona növbəti etibarnamə verilməmiş, iddiaçının müraciəti əsasında nəqliyyat vasitəsi yol polisi tərəfindən saxlanılaraq Bakı şəhəri Nərimanov Rayon Polisi İdarəsinin Yol Polisi Şöbəsi tərəfindən müvafiq duracağa aparılmışdır. Həmin nəqliyyat vasitəsini o, təxminən 40 gün idarə etmiş, daha sonra nəqliyyat vasitəsi başqasına verilmişdir. Bu səbəbdən iddia əsassızdır.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə etiraz edib cavabdehlə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin olunmamasını xahiş etdi.
5. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Sonuncu məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən lizinq obyekti olan Audi A3 MİNİK markalı 77AG685 dövlət nömrə nişanlı avtomobil iddiaçının mülkiyyətindədir.
9. İddiaçı ilə X6 arasında 1F/06017 saylı, xx.xx.2022-ci il tarixdə bağlanmış daxili lizinq müqaviləsinə əsasən lizinq verən (iddiaçı) lzizinq alana (cavabdeh) tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində liziznq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür.
10. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq müddəti 36 ay təşkil edir.
11. Müqavilənin 4.2-cü bəndinə əsasən lizinq qiyməti 17000 manat təşkil edir.
12. Müqavilənin 4.3-cü bəndinə əsasən avans məbləği 4500 manat təşkil edir.
13. Müqavilənin 4.4-cü bəndinə əsasən lizinq müqaviləsinin qiyməti 12500 manat təşkil edir.
14. Müqavilənin 8.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektinə faktiki sahiblik və istifadəsindən asılı olmayaraq bu müqavilənin bütün müddəti ərzində liziznq verənə 1 saylı əlavə ilə müəyyən edilmiş dövriliklə və tarixdə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür.
15. Müqavilənin 15.1-ci bəndinə əsasən 1 saylı əlavədə müəyyən edilən müddətdə lizinq alan lizinq ödənişini tam həyata keçirmirsə,lizinq alan lizinq verənə hər gecikdirilmiş təqvim günü üçün vaxtında ödənilməmiş məbləğdən 0,1% miqdarında penya ödəyir.
16. İddiaçı ilə X6 (ilkin lizinq alan) və Cavabdeh (sonraki lizinq alan) arasında imzalanmış xx.xx.2023-cü il tarixli sazişə əsasən ilkin lizinq alan xx.xx.2022-ci il tarixli 1F/06017 saylı daxili lizinq müqaviləsindən irəli gələn hüquq və öhdəliklərini bu sazişlə müəyyən edilmiş haqq müqabilində sonrakı lizinq alana verir. Sonrakı lizinq alan bu sazişlə müəyyən edilmiş haqqı ilkin lizinq alana ödəyərək bu hüquq və öhdəlikləri qəbul edir.
17. Sazişin 3-cü bəndinə əsasən bu saziş imzalanadıqdan sonra sonrakı lizinq alan xx.xx.2022-ci il tarixli 1F/06017 saylı daxili lizinq müqaviləsi üzrə ilkin lizinq alanı əvəz edir. Lizinq məbləği ilkin lizinq alanın qalıq borcuna uyğun olaraq 13000 manat müəyyən edildi.
18. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 13000 manat əsas borc, 3900 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla cəmi 17000 manat borcu var.
19. Tərəflər arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Audi A3 MİNİK markalı 77AG685 dövlət nömrə nişanlı avtomobil istismara tam yararlı vəziyyətdə cavabdehə təhvil verilmişdir.
20. İddiaçı tərəfindən tərtib edilmiş təhvil-təslim aktına əsasən Audi A3 MİNİK markalı 77AG685 dövlət nömrə nişanlı avtomobilin açarı xx.xx.2023-cü ildə cavabdehdən geri alınmış, cavabdeh aktı imzalamaqdan imtina etmişdir.
21. Avtomobilin qalıq hissəsinin xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən Audi A3 MİNİK markalı 77AG685 dövlət nömrə nişanlı avtomobilin real dəyəri 11000 manat təşkil edir. Avtomobilin qalıq hissəsinin dəyəri 4000 manat müəyyən edilir.
22. Müstəqil ekspertin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Audi A3 MİNİK markalı 77AG685 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 7890 manat təşkil edir.
23. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 2014-cü ildən 2025-ci ilin mart ayına qədər iddiaçı MMC-də əmək müqaviləsi əsasında işləmiş, aparıcı kredit mütəxəssisi olmuşdur. Cavabdehı müştəri kimi tanımış, birinci müqavilə üzrə avtomobilin sahibi ödənişləri ödəyə bilmədiyindən, maşın yararlı vəziyyətdə təkrarən satışa çıxarılmış, bu zaman Cavabdeh ilə yeni müqavilə imzalanaraq hüquq və öhdəliklər ona ötürülmüş, lakin sonuncu müqavilə üzrə dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq heç bir vəsait ödəməmişdir. Bir ay ərzində ödəniş olmadığından ona yeni etibarnamə verilməmiş, bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə müraciət olunmuş, təxminən 2023-cü ilin aprel-may ayında (dəqiq yadında deyildir) etibarnamənin olmaması səbəbindən maşın cərimə meydançasına yerləşdirilmişdir. Sonradan Cavabdeh maşının açarını və texniki pasportu iddiaçı təşkilata (Texniki Problemlər şöbəsinin müdiri İlqar adlı şəxsə) təhvil vermiş, bundan sonra işçiləri İlqar Quliyev etibarnamə əsasında maşını cərimə meydançasından 1-2 gün ərzində çıxarmışdır. Bu hadisədən sonra Cavabdeh ilə əlaqələr kəsilmiş, nəqliyyat vasitəsi bir neçə müddət sonra F.Abdullayevə verilmişdir. Sonuncunun etdiyi ödənişlər onunla rəsmi müqavilə olmadığı üçün məcburən Cavabdeh adına olan hesabdan silinmişdir. F.Abdullayev nəqliyyat vasitəsini 4-5 ay idarə etdikdən sonra nəqliyyat vasitəsinə zərər vurması səbəbindən nəqliyyat vasitəsi ondan geri alınmış, onunla müqavilə bağlanmamışdır. Nəqliyyat vasitəsi ilə bağlı borclar sonuncu etibarnamə İ.Quliyevə (Texniki Problemlər şöbəsinin müdiri) verildiyindən onun adına gəlmiş, bunun qarşısını almaq məqsədi ilə Cavabdeh yenidən müəssisə daxilində sonuncunun məlumatı olmadan, avtomobil onda olmadığı halda formal etibarnamə verilmişdir. Nəqliyyat vasitəsi üzrə borc məbləği hazırda Cavabdeh adında qeydiyyatda qalmışdır. İddiaçının F.Abdullayevdən hazırda borcun tələb edilməməsinə səbəb tərəflər arasında müqavilənin olmamasıdır. Nəqliyyat vasitəsi sonradan Seyid Fikrət adlı şəxsə nağd şəkildə satılmışdır və nəqliyyat vasitəsi hazırda onun adına qeydiyyatdadır. Cavabdeh dəqiq xatırlamadığı məbləğdə (3000 və ya 5000 azn) maşını satan şəxsə ilkin ödəniş etmişdir.
24. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsi əsasında Audi A3 MİNİK markalı 77AG685 dövlət nömrə nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə cavabdehin sahiblik və istifadəsinə verilmiş, həmin müqavilə üzrə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir.
26. İddiaçı nəqliyyat vasitəsinin ona xx.xx.2023-cü il tarixdə geri qaytarıldığını bildirir.
27. Cavabdeh iddiaya qarşı etirazında lizinq predmetinin ondan iddiaçı tərəfindən təxminən 40 gün sonra geri alındığını bildirir.
28. Belə ki, materiallarda olan Audi A3 MİNİK markalı 77AG685 dövlət nömrə nişanlı avtomobilə dair BDYPİ-nin çıxarışından görünür ki, lizinq predmeti olan nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı X5 (iddiaçının işçisi olması məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsi əsasında müəyyən edilmişdir) xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixlərdə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir.
29. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, lizinq predmetinin idarə edilməsi ilə bağlı X3 iddiaçı tərəfindən 04/78 saylı etibarnamə verilmişdir.
30. İddiaçı tərəf məhkəməyə həmin lizinq predmetinin cavabdehin sahiblik və istifadəsində olduğu halda hansı səbəbdən kənar şəxsə etibarnamənin verilməsi, habelə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə cavabdehin deyil, iddiaçı MMC-nin işçisi olan İlqar Dəmirov adlı şəxsin inzibati qaydada cərimə edilməsinin səbəbini izah edə bilməmişdir.
31. Məhkəmə iddiaçı tərəfdən nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdə geri alınmasının sübutu qismində materiallara əlavə etdiyi aktı da həmin halı təsdiq edən mötəbər sübut qismində nəzərə almır.
32. Belə ki, həmin akt birtərəfli qaydada tərtib edilmiş, yalnız iddiaçı tərəfindən təsdiq edilmiş, habelə həmin aktda nəqliyyat vasitəsinin deyil, onun açarının cavabdeh tərəfindən təhvil verildiyi göstərilmişdir.
33. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən nəqliyyat vasitəsinin ondan geri alındığı xx.xx.2023-cü il tarixə olan əsas və faiz borcları (xx.xx.2023-cü il tarixdə ödənilməli olan 595,45 manat və xx.xx.2023-cü il tarixdə ödənilməli olan 595,45 manat) – 1190,90 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
36. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
37. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
38. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
39. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
40. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1190,90 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat mediasiyaya dair xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, çəkilmiş qalan 100 manat mediasiyaya dair xərc isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1190,90 manat məbləğində pul, 100 manat mediasiyaya dair xərc, ümumilikdə 1290,90 (bir min iki yüz doxsan manat doxsan qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Çəkilmiş 100 (bir yüz) manat mediasiyaya dair xərc iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova