Məhkəmə qərarları › İş №e-2-2(113)-4265/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4265/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4265/2025 07.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qarışıq müqavilə, nisyə alqı-satqı müqaviləsi və podrat müqaviləsi, prosessual maraq, qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, nümayəndəsi X2 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 33225,26 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaq 1571,59 manat məbləğində pulun və ödənilmiş 195 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. viddiaçı ilə cavabdeh arasında bağlanmış 01 dekabr 2023-cü il tarixli A- 2711/023 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə bunun müqabilində alınan malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunsa da, cavabdeh tərəfindən öhdəliklər hələ də icra olunmamışdır. Yəni müqavilə üzrə cavabdehə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri ödənilməmişdir. Belə ki, hal-hazırda müqavilə üzrə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri olaraq 33225,26 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bununla bağlı olaraq cavabdehə müqavilə üzrə öhdəliyin icra edilməməsinə dair xx.xx.2025-ci il tarixdə pretenziya göndərilmiş və 33225,26 manat məbləğində pul vəsaiti ödənilmədikdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq, həmin məbləğ hələ də ödənilməmişdir. 2.2. Odur ki müqavilənin 4.2-ci bəndi rəhbər tutularaq həmin müqavilə üzrə ödənilməmiş pul vəsaitinin tələb edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Həmçinin cavabdeh müqavilə üzrə ödənilməmiş 33225,26 manat pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə həmin məbləğdən faizlər ödəməlidir. Bu halda cavabdeh tərəfindən pul öhdəliyin icra edilməməsinə görə 5% miqdarında faiz hesablanıb borc məbləğinə əlavə edilməlidir. Həmin məbləğ 1571,59 manat təşkil edir (gecikmə günləri: 345 gün; 33225 × 5% × (345 / 365)). Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borc olaraq 33225,26 manat, pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 1571,59 manat, cəmi 34796,85 manat məbləğində pul vəsaitinin və 195 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməlidir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 443.1, 445.7-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, nümayəndəsi X3 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdilər və eyni zamanda bildirdilər ki, cavabehə ümumilikdə 670 339,71 manat dəyərində mal və xidmət təqdim edilmiş, 637 114,45 manat ödəniş edilmiş, 33225,26 manat borc qalmışdır. Qarabağda işlərin görülməsi ilə bağlı cavabdeh tərəfə icazələrin alıması üçün işçilərin siyahısı təqdim edilmiş, işlərin görülməsi ilə bağlı elektron qaimə göndərilmişdir. Lakin cavabdeh elektron qaiməni 6 ay sonra ləğvə qaytarmış, hər hansı əsas gətirmədikləri üçün elektron qaimə sistem tərəfindən təsdiq edilmişdir.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, cavabdeh tərəfindən 16737,12 manat sendviç panellərin quraşdırılması işlərinin dəyəri və 16488,14 manat hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktları üzrə malların qalıq dəyəri ödənilməmişdir.

7. Məhkəmə bildirişləri cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetində, cavabdeh və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməklə, hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla, telefonoqramlar ötürülməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı və podrat müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli A-2711/023 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı satmağı, cavabdeh isə müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokol(lar)unda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları iddiaçıdan alıb malın müqabilində müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokol(lar)unda razılaşdırılmış vahidin qiymətinə əsasən müvafiq məbləği ödəməyi öhdəsinə götürmüşdür. Adıçəkilən müqaviləyə xx.xx.2024-cü il tarixli 01 saylı protokolla ƏDV daxil olmaqla 216 371,88 manat, 02 saylı protokolla ƏDV daxil olmaqla 214 660,88 manat, 03 saylı protokolla ƏDV daxil olmaqla 217 964,88 manat, xx.xx.2024-cü il tarixli 04 saylı protokolla ƏDV daxil olmaqla 3993,71 manat, xx.xx.2024-cü il tarixli 05 saylı protokolla ƏDV daxil olmaqla 826 manat, xx.xx.2024-cü il tarixli 06 saylı protokolla ƏDV daxil olmaqla 16737,12 manat dəyərində malın (iş və xidmətin) ölçü vahidi, həcmi, vahidinin qiyməti və ümumi dəyəri razılaşdırılmış, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktları ilə cəmi ƏDV daxil olmaqla 648 997,64 manat mal (iş və xidmət) təhvil alınmış, 3993,71 manat dəyərində mal (iş və xidmət) üçün xx.xx.2024-cü il tarixli EBEC 775009, 611,24 manat dəyərində mal (iş və xidmət) üçün xx.xx.2024-cü il tarixli EBED 288425, 16737,12 manat dəyərində mal (iş və xidmət) üçün xx.xx.2024-cü il tarixli MT2408 11780533 seriya və nömrəli elektron qaimə tərtib edilərək cavabdehə göndərilmişdir. Adıçəkilən elektron qaimələrdən xx.xx.2024-cü il tarixli EBEC 775009 seriya və nömrəli elektron qaimə sistem tərəfindən, xx.xx.2024-cü il tarixli EBED 288425 seriya və nömrəli elektron qaimə cavabdeh tərəfindən təsdiqlənmiş, xx.xx.2024-cü il tarixli MT2408 11780533 seriya və nömrəli elektron qaimə xx.xx.2024-cü il tarixdə sistem tərəfindən təsdiqlənmiş, xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən “digər” əsasla ləğvə qaytarılmış, iddiaçı tərəfindən elektron qaimənin ləğvindən imtina edilmişdir. Cavabdeh tərəfindən əsas məbləğ üzrə xx.xx.2023-cü il tarixdə 356 025 manat, xx.xx.2024-cü il tarixdə 50000 manat, xx.xx.2024-cü il tarixdə 3902,5 manat (EBEC 775009 və EBED 288425 seriya və nömrəli elektron qaimələrə istinadla), xx.xx.2024-cü il tarixdə 50000 manat, xx.xx.2024-cü il tarixdə 50000 manat, ƏDV məbləğ üzrə xx.xx.2023cü il tarixdə 64084,5 manat, xx.xx.2024-cü il tarixdə 9000 manat, xx.xx.2024-cü il tarixdə 702,45 manat, xx.xx.2024-cü il tarixdə 5400 manat olmaqla ümumilikdə 589 114,45 manat ödəniş edilmişdir.

12. İddiaçı xx.xx.2023-cü il tarixli A-2711/023 nömrəli müqavilə üzrə həm malların qalıq dəyərini, həm də senviç panellərin montajı ilə bağlı görülmüş işlərinin dəyərini (16737,12 manat) tələb edir.

13. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

14. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

16. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

17. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilən sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

18. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli A-2711/023 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddianının faktiki əsasına və qiymət razılaşdırma protokollarına görə alqı-satqı münasibətləri adı altına yerləşdirmə və montaj işləri də əhatə olunmuşdur.

19. Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

20. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mübahisə alqı-satqı və podrat ilə bağlı tənzimləmələr və tərəflərin bağladıqları xx.xx.2023-cü il tarixli A-2711/023 nömrəli müqavilə şərtləri əsas götürülməklə həll edilməlidir.

21. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

22. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

25. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

26. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

27. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).

28. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi, yerləşdirmə və montaj işlərinin dəyərinin ödənilməsini tələb hüququnun əsası qismində Mülki Məcəllənin 753.1-ci maddəsi çıxış edir.

29. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

30. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

31. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normalarından irəli gələn verilmiş əşyanın ödənilməsi, görülmüş iş üçün muzdun verilməsini tələb etmək hüququnu realizə edir.

32. Məhkəmə iddia tələbinin 16737,12 manat hissəsi ilə bağlı göstərməyi zəruri hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli A-2711/023 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehin xx.xx.2024-cü il tarixli RN-M-85/24 nömrəli müraciət məktubuna əsasən 02 may 2024-cü il tarixdə ƏDV daxil olmaqla 16737,12 manat dəyərində senviç panellərin montajı işlərinin görülməsi ilə əlaqədar 06 saylı qiymət razılaşdırma protokolu imzalanmış, xx.xx.2024-cü il tarixli RN-M-85/24 nömrəli müraciət məktubuna görə cavabdeh iddiaçıdan işğaldan azad olunmuş ərazilərdə senviç panellərin montaj işlərini icra etmək üçün işçilərin siyahısını təqdim etməyi xahiş etmiş, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində 6 nəfər işçi barəsində məlumatlar təqdim edilmişdir.

33. Bundan başqa, 16737,12 manat dəyərində senviç panellərin montajı işlərinin görülməsi ilə bağlı göndərilmiş xx.xx.2024-cü il tarixli MT2408 11780533 seriya və nömrəli elektron qaimə xx.xx.2024-cü il tarixdə sistem tərəfindən təsdiqlənmiş, yalnız xx.xx.2024cü il tarixdə cavabdeh tərəfindən “digər” əsasla ləğvə qaytarılmış, iddiaçı tərəfindən elektron qaimənin ləğvindən imtina edilmişdir. Cavabdeh tərəfindən elektron qaimə uzun müddət sonra ləğvə qaytarılarkən hər hansı əsas göstərilməmiş, iddiaçı tərəfindən ləğvdən imtina edildikdən sonra cavabdehin hər hansı müraciəti və ya etirazı olmamışdır. Həmçinin təqdim olunan “votsap” qrup yazışmalarından xx.xx.2024-cü il tarixdən başlayaraq senviç panellərin montajı işlərinin görülməsi prosesi ilə əlaqədar yazışmaların aparıldığı, müxtəlif məzmunlu məlumatların mübadilə edildiyi, işin gedişini əks etdirən görüntülərin qrupda yerləşdirildiyi, təqdim olunan fotoşəkil və videogörüntülərdən isə işin nəticəsinin-senviç panellərin montaj olunmuş formasının əks olunduğu görünür.

34. Belə olan halda məhkəmə 16737,12 manat dəyərində senviç panellərin montajı işlərinin də görüldüyü qənaətinə gəlir.

35. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

36. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

39. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı, podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı, podratçı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

40. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması təmin olunmalı, xx.xx.2023-cü il tarixli A-2711/023 nömrəli müqavilə üzrə 33225,26 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Alqı-satqı və podrat müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı

41. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsas borca illik 5 faizlə hesablanmış 1571,59 manat məbləğində pulun da tutulmasını tələb edir.

42. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

44. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.

45. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.

46. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Göstərilən yanaşma – xəbərdarlığın göndərilməsi hələ qədim Roma hüququnda kreditor tərəfindən borcluya “interpellatio” göndərilməsi formasında məlum idi.

47. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.

48. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli A-2711/023 nömrəli alqı-satqı müqaviləsində malların qalıq dəyərinin hesabat ayında bir dəfə olmaqla Forma-2 əsasında təhvil-təslimi həyata keçirilmiş işlər üzrə ödənilməsi razılaşdırılmış, beləliklə, müqavilədə icra üçün hər hansı təqvim günü təyin edilməmişdir. Bu isə Mülki Məcəllənin 445.4-cü maddəsinin tətbiqi istisna edilir.

49. İddiaçının xx.xx.2025-ci il tarixdə pulun tələb edilməsi barədə pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi xx.xx.2025-cü il tarixə qədər 21 gün üçün həyata keçirilməlidir.

50. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 95,58 manat (33225,26 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 21 gün (gecikdirilən gün sayı)) təşkil edir.

51. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 95,58 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASCyə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

52. İddiaçı eyni zamanda ödənilmiş 195 manat dövlət rüsumunun tutulmasını tələb edir.

53. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 195 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

54. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

55. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

57. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həll qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehdən tutulmalıdır.

58. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 195 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2023cü il tarixli alqı-satqı müqaviləsi üzrə 33225,26 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 95,58 manat olmaqla ümumilikdə 33320,84 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 195 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar