Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4270/2025 01.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, öhdəliyin icrası, dəbbə pulu,illik 5 faiz) X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli, 12/22 saylı müqavilə üzrə 3245 manat (ƏDV daxil) manat məbləğində əsas borc, 97 manat məbləğində cərimə-dəbbə pulun, illik 5% məbləğində hesablanmış 73,02 manat pul və 55 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 12/22 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMCnin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimicavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, 12/22 saylı Müqavilə üzrə 3245 (ƏDV daxil) manatməbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş qaimələr və üzləşmə aktı ilə təsdiq edilir. Bu əsasla tərəfimizdən cavabdehə xx.xx.2025-cü il tarixində 3 iş günü müddətində borc məbləğini tələb etməyimiz barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pulşirkətə ödənilməmişdir. Əlavə olaraq bildirək ki, xx.xx.2022-ci il tarixli, 12/22 saylı Müqavilənin 7.2-ci bəndinə əsasən hər gecikən gün üçün qalıq borcun 1% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən cərimə məbləği 5330,532 manat təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈3 %-i həcmində, yəni cəmi 97 manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əlatmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. Həmçinin məhkəmə xərci olaraq dövlət rüsumu 55 manat təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 448.1, 445.7-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh MMC (Sifarişçi) ilə İddiaçı MMC (İcraçı) arasında bağlanmış xx.xx.2022ci il tarixli, 12/22 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” müqaviləsinə əsasən icraçı sifarişçinin sifarişi əsasında ona məxsus avtomobilləri daşımaqla evakuasiya (təxliyyə) xidmətləri göstərməyi, Sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilənin 4cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan Tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı (Əlavə № 2) ilə müəyyən edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən daşıma məsafəsinə və daşınan yüklərin ölçülərinə uyğun olaraq xidmət haqqı İcraçı tərəfindən əvvəlcədən müəyyən edilir. Qeyd edilən məbləğ Sifarişçi tərəfindən sifarişin icrası zamanı nağd və ya sifarişin icrasından öncə depozit qoymaqla köçürmə yolu ilə ödənilir. Daşımanın icrası zamanı xidmət haqqı depozit məbləğini keçdiyi təqdirdə əlavə göstərilmiş xidmətlərin dəyəri xidmət icra ediləndən dərhal sonra Sifarişçi tərəfindən nağd və ya köçürmə yolu ilə ödənilir. Göstərilmiş xidmətlərin həcmi və ümumi dəyəri ayda bir dəfə (hər ayın sonuncu iş günündə) tərtib edilən xidmətin təhvil verilməsi haqqında Aktlara əsasən müəyyən edilir. Sözügedən Akt İcraçı tərəfindən tərtib edilir və imzalanması üçün Sifarişçiyə göndərilir. Göstərilən ümumi xidmətlərin həcmi və ya dəyəri ilə bağlı narazılığı olan Sifarişçi bununla bağlı iradlarını 5 (beş) iş günü ərzində yazılı şəkildə tərtib edərək İcraçıya göndərir. Həmin uyğunsuzluqların aradan qaldırılması tərəflər arasında müzakirə edilir və yekun Akta müvafiq redaksiyalar verilir. 5 (beş) iş günü ərzində heç bir irad bildirilməyən və imzalanaraq geri göndərilməyən Akt təsdiqlənmiş (imzalanmış) hesab edilir. Müqavilənin 7.2-ci bəndinə əsasən Sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 1 % əlavə hesablanacaqdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli e-mail-dən görünür ki, müqavilə və qiymət cədvəli imzalanması üçün cavabdehin nümayəndəsinin elektron poçtuna göndərilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 63 manat pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli 13/22-Ns-li müqaviləyə əsasən yükdaşıma xidmətinin göstərilməsi müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli faktiki yerinə yetirilmiş işlərin təhviltəslim aktına əsasən İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində 542,8 manat dəyərində yükdaşıma xidməti işlərinin tam yerinə yetirilərək təhvil verilməsi Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli 13/22-Ns-li müqaviləyə əsasən yükdaşıma xidmətinin göstərilməsi müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli faktiki yerinə yetirilmiş işlərin təhviltəslim aktına əsasən İddiaçı MMC tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində 1050,2 manat dəyərində yükdaşıma xidməti işlərinin tam yerinə yetirilərək təhvil verilməsi Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli 13/22-Ns-li müqaviləyə əsasən yükdaşıma xidmətinin göstərilməsi müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli faktiki yerinə yetirilmiş işlərin təhviltəslim aktına əsasən İddiaçı MMC tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində 2065 manat dəyərində yükdaşıma xidməti işlərinin tam yerinə yetirilərək təhvil verilməsi Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixinə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 12/22 saylı müqavilə üzrə borcu 3245 manat (ƏDV daxil) manat məbləğində əsas borc, 5330,532 manat məbləğində cərimə-dəbbə pulun, illik 5% məbləğində hesablanmış 73,02 manat təşkil edir. MT2412 seriyalı, 10085680 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 542,8 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. MT2411 seriyalı, 10060908 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1050,2 manat məbləğində görülmüş işlərin dəyəri “İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. MT2412 seriyalı, 10923429 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2065 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. MT2411 seriyalı, 10060908 nömrəli,MT2411 seriyalı, 10060908 nömrəli, MT2412 seriyalı, 10923429 nömrəli e-qaimələr sistem tərəfindən təsdiqlənmişdir. İddiaçı tərəfindən R-Com” MMC -yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, ƏDV xaric 2749,99 manat borcun 3 iş günü ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 16 manat, xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzinə əsasən 40 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 463. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqaviləsi üzrə öhdəlik münasibətlər mövcud olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər arasında bütün mühüm şərtləri razılaşdırılaraq bağlanmış xx.xx.2022-ci il tarixli 12/22 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə məxsus avtomobilləri daşımaqla evakuasiya (təxliyyə) xidmətləri göstərməyi cavabdeh isə görülmüş işlərin və xidmətlərin mal-materialın dəyərini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçının təqdim etdiyi həmin müqavilədə tərəflərin imzaları və möhürləri olmasa da, elektron qaimələr, təhvil-təslim aktları və elektron məktub tərəflər arasında həmin müqavilə üzrə öhdəlik hüquq münasibətlərinin olduğunu, müqavilənin bağlandığını təsdiq edir. Belə ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş, xidməti göstərsə də, cavabdeh tərəfindən xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəliyi yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, 3245 manat xidmət haqqını ödəməmişdir. Bu fakt iş materiallarındakı sübutlarla (elektron qaimə, xidmətlərin göstərildiyini təsdiqləyən aktlar) da təsdiq olunur. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən cavabdehdən xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icrasını, görülmüş xidmətin haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, iddiaçı tərəfindən cavabdehə evakuasiya xidmətinin göstərildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək göstərilmiş xidmətlərə görə 3245 manat xidmət haqqını ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, tələbin haqlı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 3245 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı tələbində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən əsas borca hesablanmış 97 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından həmin müqavilə üzrə 97 manat məbləğində cərimə məbləği tutulmalıdır Həmçinin iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 73,02 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 1 ilə yaxın gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli, 12/22 saylı müqavilə üzrə (ƏDV daxil) 3245 (üç min iki yüz qırx beş) manat məbləğində əsas borc, 97 (doxsan yeddi) manat məbləğində cərimə, illik 5 faiz məbləğində hesablanmaqla 73 (yetmiş üç) manat, 02 (iki) qəpik və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4270/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4270/2025
01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver