Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4277/2023 16.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 48364,5 manat məbləğində pulun və 405 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. cavabdehin direktoru Qarabağda böyük həcmli tikinti işləri gördüklərini qeyd edərək 5000 kub metr taxtanı təmin etməyi iddiaçının direktoruna təklif etmiş, mal təhvil alınan kimi ödənişin 50%-ni, 45 iş günü müddətində isə qalanını köçürməyi vəd etmişdir. İddiaçının direktoru təklifi qəbul etmiş və xx.xx.2023-cü il tarixli APGxx/xx/2023 saylı müqavilə bağlanaraq xx.xx.2023-cü il tarixdə 50 kub metr miqdarda, xx.xx.2023-cü il tarixdə isə 100 kub metr miqdarda mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Malların təhvil verilməsi prosesi X5 iştirakı ilə baş vermişdir. 2.2. Lakin cavabdeh bu günədək yalnız 9500 manat ödəniş etmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti də 5000 manat ƏDV ödəmişdir və cavabdeh tərəf həmin pulun məhz onun tərəfindən köçürüldüyünü bildirir. Sözügedən alqı-satqı müqaviləsi əsasında və elektron qaimə göndərilməklə iddiaçı tərəfindən satılan malın ümumi məbləği ƏDV daxil olmaqla 62864,50 manat təşkil edir. Alqı-satqı müqaviləsini cavabdeh hazırladığı üçün malın təhvil verildiyi gün dəyərinin 50%-nin ödənilməli olduğu şərti müqaviləyə daxil edilməmişdir. Amma 45 gün müddətində borcun ödənilməsi tələbi müqavilədə əks olunmuşdur. 2.3. Malların satılmasından uzun müddət keçməsinə baxmayaraq, borc tam qaytarılmamışdır. Cavabdeh tərəf təhvil aldığı malın 20%-nin yararsız vəziyyətdə olduğunu qeyd edir. Halbuki satılmış malların elektron qaimələrini cavabdehin direktoru X7 malların yararlı olduğunu və malları tam şəkildə qəbul etdiyini təsdiqləmək üçün imzalayıb möhürləmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə axşam saatlarında malın 20%-nin yararsız vəziyyətdə olduğu bildirilmiş, iddiaçı da malın olduğu kimi geri qaytarılmasını təklif etmişdir. Cavabdeh malın Qarabağdan geri qaytarılmasının mümkün olmadığını qeyd etmiş, yalnız 18 kub metr miqdarda malın qaytarılmasını təklif etmiş, iddiaçı isə bunu qəbul etməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 442, 567, 600.4-cü və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4277/2023 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianın məzmununa uyğun izahatlar verdi və iddianın təmin olunmasını xahiş etdi.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etdi ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil olmaqla 62864,50 manat dəyərində mal verilmiş, həmin malların verilməsi elektron qaimə ilə təsdiqlənmişdir. Belə ki, kağız daşıyıcıda olan elektron qaimə-fakturalar cavabdehin möhürü ilə təsdiqlənmiş, elektron göndərilmiş qaimələr isə cavabdeh tərəfindən sistem vasitəsilə təsdiqlənmişdir. Malların dəyərindən ümumilikdə 14500 manat məbləğində pul ödənilmişdir.
8. Cavabdeh onun “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərinə məhkəmə bildirişləri yerləşdirilməklə, hüquqi ünvanına və qanuni təmsilçisinin yaşayış yerinə məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlər yollanmaqla, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (icraçı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli APG xx/xx/2023 nömrəli alqısatqı müqaviləsinin 1-ci hissəsinə əsasən, “İcraçı” malların (xidmətlər) təchiz edir, “Sifarişçi” isə həmin malları (xidmətlər) alır. Hər hansı bir təchiz ediləcək malın (xidmət) miqdarı və qiyməti müqaviləyə “Əlavə” X3 göstəriləcəkdir. Əlavə dəyər vergisinin dərəcəsi 18%-dir. “Əlavə”lər vahid nömrəyə malik olmaqla bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcək. “Əlavə”lər “Tərəf”lərin razılığına əsasən tərtib olunacaq.
13. Həmin müqavilənin 2-ci hissəsində icraçının vəzifələri kimi qeyd edilmişdir ki, “İcraçı” “Sifarişçi”nin sifarişinə əsasən müəyyən edilmiş vaxt ərzində “Sifarişçi” ilə razılaşdırılmış qaydada və müddətdə xidmət göstərməyi və malları (xidmətlər) təchiz etməyi öhdəsinə götürür (2.1). Malların (xidmətlər) “Sifarişçi”yə təhvil verilməsinədək onların itirilməsi, oğurlanması, tam ya qismən zədələnməsi və itkisi ilə nəticələnə bilən bu kimi digər riskləri daşıyır. “İcraçı” burada qeyd olunan mallara (xidmət) dair onun bu müqavilə əsasında satılmasından əvvəl malik olduğu mülkiyyət hüququnun qanuniliyini özünün fərdi məsuliyyəti müqabilində təmin edir (2.2).
14. Qeyd edilən müqavilənin 3-cü hissəsində sifarişçinin vəzifələri kimi göstərilmişdir ki, “Sifarişçi” “İcraçı” tərəfindən təchiz edilmiş malların (xidmətlər) haqqını maddə 4-də nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Malları (xidmətlər) qəbul etdikdən sonra, ümumi qaydada aparılan yoxlama zamanıaşkar edilməyən qüsurlar istisna olmaqla, onların itirilməsi, oğurlanması, öz təqsirindən tam ya qismən zədələnməsi vəitkisi ilə nəticələnə bilən riskləri daşıyır.
15. Sözügedən müqavilənin “ödəmə qaydası” adlanan 4-cü bəndinə görə, ödəniş təqdim edilmiş hesab və ya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə”nin ümumi məbləğini təşkil edir və ödəniş Azərbaycan manatı ilə həyata keçirilir. Əgər hesab və ya digər sənədlərdə qiymətlər xarici valyutada müəyyən edilərsə, onda ödəniş məbləği hesabda əks olunan xarici valyutanın ödəniş günü üçün Azərbaycan RespublikasıMərkəzi Bankının məzənnəsinə uyğun ödəniləcəkdir (4.1). “Tərəf”lər arasında başqa qayda razılaşdırılmayıbsa, “Sifarişçi” tərəfindən ödəniş “İcraçı” tərəfindən hesab və qaimə faktura təqdim edildikdən sonra 45 (qırx beş) iş günü ərzində “İcraçı”ya nağd və ya köçürmə yolu ilə bank hesabına ödənilir (4.2).
16. Məhkəməyə təqdim edilən hər iki tərəfin möhürü ilə təsdiqlənmiş elektron qaimə-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixli EBDB 071385 seriya və nömrəli elektron qaimə 23 yanvar 2023-cü il tarixli APG xx/xx/2023 nömrəli alqı-satqı müqaviləsinə əsasən ƏDV daxil olmaqla 20974,5 manat, xx.xx.2023-cü il tarixli EBDB 245432 seriya və nömrəli elektron qaimə 23 yanvar 2023-cü il tarixli APG xx/xx/2023 nömrəli alqı-satqı müqaviləsinə əsasən ƏDV daxil olmaqla 41890 manat olmaqla ümumilikdə 62864,5 manat dəyərində malların təqdim edilməsi üçün tərtib edilmişdir.
17. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə-faktura” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli EBDB 071385 seriya və nömrəli və xx.xx.2023-cü il tarixli EBDB 245432 seriya və nömrəli elektron qaimələr Cavabdeh MMC tərəfindən təsdiqlənmişdir (vəziyyəti “təsdiqlənmiş” statusundadır).
18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 23 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, həmin müqaviləyə əsasən iddiaçı razılaşdırılmış miqdarda və qaydada mallarla cavabdehi təchiz etməyi, cavabdeh isə malları qəbul edərək nəzərdə tutulmuş qaydada və müddətdə onları ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə ümumilikdə 62864,5 manat dəyərində mal cavabdehə təhvil verilmiş, adıçəkilən malların təhvili üzrə elektron qaimə-fakturalar həm kağız daşıyıcıda olan surətlərinə möhür vurulmaqla (həmçinin imza edilməklə), həm də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaiməfaktura” altsistemi vasitəsilə birbaşa təsdiq edilməklə rəsmiləşdirilmişdir.
19. İddiaçı 23 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə verilmiş malların qalıq dəyərini – 48364,5 manat məbləğində pulu tələb edir.
20. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
21. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
24. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçının təqdim etdiyi bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
25. Məhkəmə mübahisənin həlli üçün əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
26. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
27. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
28. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
29. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
30. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 4.2-ci bəndi ilə ödənişin hesab və qaimə faktura təqdim edildikdən sonra 45 iş günü ərzində iddiaçıya nağd və ya köçürmə yolu həyata keçirilməsin razılaşdırıldığı nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
31. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
32. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
34. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
37. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
38. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 23 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 48364,5 manat borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
39. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 405 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
40. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/11/2023-01356 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
41. Məhkəməyə təqdim edilən ********** əməliyyat nömrəli xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçının nümayəndəsi X4 tərəfindən 405 manat məbləğində pul Bakı 11 saylı Mediasiya Təşkilatına ödənilmişdir.
42. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
43. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
44. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
45. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
46. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan mediasiya xərcinin əvəzi olaraq 405 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 48364 (qırx səkkiz min üç yüz altmış dörd) manat 50 (əlli) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 405 (dörd yüz beş) manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Nərmin Əhmədova