Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-428/2021 29.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi, eyni zamanda iş üzrə Cavabdeh1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh hüquqi şəxs Cavabdeh2 MMC-dən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh1 ümumilikdə 11.778,83 manat məbləğində əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq hüquqi şəxs “xxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən hüquqi şəxs “xxxx” MMC Cavabdeh1 onun sifarişləri əsasında, razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malla təmin etməyi, Cavabdeh1 isə malı qəbul edib, malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş malların təhvil-qəbul aktına əsasən hüquqi şəxs “xxxx” MMC tərəfindən ümumi dəyəri 11.778,83 manat məbləğində olan malların cavabdeh hüquqi şəxs olan Cavabdeh2 MMC-yə verildiyi müəyyən olunmuşdur. Qeyd olunan malların dəyərinin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq o hələ də aldığı malların dəyərini ödəməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, işə əlavə edilmiş AR Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2019-cu il tarixli çıxarışı ilə müəyyən edilir ki, İddiaçı MMC-nin “xxxx” MMC-nin hüquqi varisidir. İş materiallarına əlavə edilmiş hüquqi şəxs Cavabdeh2 MMC-nin dövlət qeydiyyatına alınmasına dair çıxarışdan görünür ki, cavabdeh hüquqi şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı ŞTQ, Yaşayış sahəsi “V” X1, ev 999, mənzil 85 ünvanında qeydiyyata alınmışdır. Qanunvericiliyin tələbinə əsasən, xx xxxxxxx 2020-ci il tarixində qeyd olunan borc məbləğinin ödənilməsi barədə Cavabdeh1nun qeydiyyatda olduğu ünvana və cavabdeh hüquqi şəxs Cavabdeh2 MMC-nin təsis ünvanına xəbərdarlıq məktubu göndərilibdir. Lakin, iş materiallarına əlavə edilmiş poçt zərfinin göndərilməsi və alınmasına dair xəbərnamədən aydın olur ki, cavabdehin həmin ünvanda olmaması səbəbindən xəbərdarlığının ona çatdırılıması mümkün olmamışdır Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, cavabdehdən 10.656 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edib, dəqiqləşdirilmiş iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 MMC-nin qanuni təmsilçisi və cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “xxxx” MMC (satıcı) ilə Cavabdeh2 MMC (alıcı) arasında xx.xx.2019-cu il tarixli, 1419 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcını malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən alıcıya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən 14 gündən artıq ola bilməz. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli, HDP seriyalı, 121464 saylı malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, “xxxx” MMC tərəfindən Cavabdeh2 MMC-yə 2.664 manat (ƏDV daxil) dəyərində mal verilmişdir. Akt Cavabdeh2 MMC-nin adından direktor Cavabdeh1 tərəfindən imzalanmışdır. xx.xx.2019-cu il tarixli, HDP seriyalı, 121465 saylı malların təhvil-qəbul aktı ilə təsdiq edilir ki, “xxxx” MMC tərəfindən Cavabdeh2 MMC-yə 7.992 manat (ƏDV daxil) dəyərində mal verilmişdir. Akt Cavabdeh2 MMC-nin adından direktor Cavabdeh1 tərəfindən imzalanmışdır. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışla müəyyən edilir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış “xxxx” MMC-nin və xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış “xxxx” MMC-nin onun qoşulmaları nəticəsində yenidən təşkil edilmişdir və onların hüquqi varisidir. İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə xx.xx.2020-ci il tarixli pretenziya məktubu ünvanlanaraq 11.778,83 manat məbləğində borcun 5 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq “xxxx” MMC (İddiaçı MMC-nin hüquqi sələfi) ilə Cavabdeh2 MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, “xxxx” MMC üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları Cavabdeh2 MMC-yə satsa da, Cavabdeh2 MMC aldığı malın dəyərini ödəməmiş, bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda Cavabdeh2 MMC-nin müqavilənin şərtlərinə əsasən təqdim edilmiş malların dəyərini – 10.656 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə satıcı “xxxx” MMC-nin hüquqi varisi olan İddiaçı MMC-nin göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh2 MMC-dən 10.656 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin qanuni təmsilçisi Gülay Vəliyevanın iddiaya etirazına əsas kimi istinad etdiyi Cavabdeh2 MMC-nin digər şəxs tərəfindən idarə edilməsi, əslində onun şirkətdə adi işçi olması barədə dəlillərə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, G.Vəliyeva həmin dəlilləri təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, G.Vəliyeva Cavabdeh2 MMC-nin qanuni təmsilçisi qismində hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda isə şirkətdə formal olaraq direktor olması barədə cavabdehin istinad etdiyi hallar öz təsdiqini tapsa belə, həmin hallar Cavabdeh2 MMC-nin qanunun tələblərinə riayət edilməklə bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış malın dəyərini ödəmək öhdəliyindən azad edilməsi üçün əsas vermir. İddia tələbinin Cavabdeh1 qarşı olan hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbini mübahisəli pul öhdəliyinin yaranması üçün əsas olmuş xx.xx.2019-cu il tarixli, 1419 saylı alqı-satqı müqaviləsinin fiziki şəxs Cavabdeh1 ilə bağlanması və sonradan malların Cavabdeh2 MMC-yə təhvil verilməsi ilə əsaslandırmışdır. İş materiallarından isə görünür ki, sözügedən alqı-satqı müqaviləsi “xxxx” MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış, Cavabdeh2 MMC-nin adından həmin müqaviləni direktor Cavabdeh1 imzalamış və müqaviləyə Cavabdeh2 MMC-nin möhürü vurulmuşdur. Eynilə təhvil-təslim aktlarında da malların Cavabdeh2 MMC-yə təhvil verilməsi göstərilmiş və akt Cavabdeh2 MMC-nin direktoru qismində Cavabdeh1 tərəfindən imzalanmışdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi İddiaçı MMC Cavabdeh1 qarşı irəli sürdüyü tələbinin əsası kimi ilə iddiaçının hüquqi sələfi “xxxx” MMC ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətlərinin yaranmasına istinad etsə də, belə bir müqavilənin, eləcə də Cavabdeh1 iddiaçının qarşısında pul öhdəliyinin yaranması üçün əsas ola biləcək qanunda nəzərdə tutulmuş digər halın mövcudluğunu sübuta yetirə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 münasibətdə iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə Cavabdeh2 MMC-yə münasibətdə iddianin tam təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və işə baxılması ilə əlaqədar məsrəflərin əvəzi olaraq 30 manat pul cavabdeh Cavabdeh2 MMCdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən 10.656 (on min altı yüz əlli altı) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh1 münasibətdə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-428/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-428/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver