Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4280/2025 09.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı2 Cavabdeh qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), borc tələbi) X6 Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı2 Cavabdeh qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 72 manat əsas borc, 30 manat dəbbə pulu, 30 manat dövlət rüsum olmaqla, cəmi 132 manat məbləğin Cavabdeh tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin qanuni təmsilçisi İddiaçı2 ilə (bundan sonra “mopedin sahibi”) ilə Cavabdeh (bundan sonra “mopedi götürən sürücü”) arasında xx.xx.2024-cü il tarixində ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Alqısatqı müqaviləsində mopedin sahibi qismində Cəmiyyətin qanuni təmsilçisi İddiaçı2 çıxış etmiş, sözügedən müqavilə onun imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiqlənmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən, mopedin sahibi mülkiyyətində olan Tufan M50 markalı identifikasiya nömrəsi 0526 nişanlı mopedi təhvil-təslim aktı əsasında sürücüdən 100 manat ilkin ödəniş, müqavilə bağlandığı tarixdən 12 ay ərzində gündəlik 12 manat məbləğində olmaqla, cəmi 4320 manat ödənişi ödəmək şərtilə mopedin sürücüsünün istifadəsinə verir. Həmin müqavilənin 5.10-cu maddəsinə əsasən, sürücü müqavilədə göstərilən günlük ödəniş məbləğini gecikdirərsə, hər bir gecikdirilmiş gün üçün 5 (beş) manat məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış 07 dekabr 2024-cü il tarixli təhvil-təslim aktına əsasən, xx.xx.2024-cü il tarixində ilkin alqısatqı müqaviləsinə uyğun olaraq mopedin sahibi identifikasiya nömrəsi: 0526, buraxılış ili: 2024, mühərrik No1P39FMB RAB15027, rəngi: göy, tip: motosikilet, ban: H7XPCBL88RAB15027 mopedi sürücünün istifadəsinə təhvil vermiş, sürücü isə həmin nəqliyyat vasitəsini qəbul etmişdir. Mopedi götürən sürücü öz əl yazması ilə yuxarıda göstərilən mopedi tam saz vəziyyətdə təhvil aldığını qeyd etmişdir. Müqaviləyə əsasən cavabdeh yuxarıda göstərilən ödənişi xx.xx.2025-ci il tarixinədək ödəmiş, növbəti günlərdə müxtəlif bəhanələr gətirməklə, mopedin ödənişini ödəməkdən yayınmışdır. Daha sonra xx.xx.2025-ci il tarixində moped sürücü tərəfindən geri qaytarılmış, müqavilə ləğv edilmişdir. Birgə iddiaçılar müqavilə üzrə öhdəliyini yerinə yetirərək mopedi cavabdehə təhvil versə də, cavabdeh öhdəliyini tam yerinə yetirməmiş və bununla da birgə iddiaçıların hüquqları pozulmuşdur. Müqaviləyə əsasən cavabdeh yuxarıda göstərilən ödənişi xx.xx.2025-ci il tarixinədək ödəmiş (son ödəniş tarixi xx.xx.2025-ci il), həmin tarixdən xx.xx.2025-ci il tarixinədək heç bir ödəniş həyata keçirməmiş və xx.xx.2024-cü il tarixindən etibarən sürücü öhdəliyin icrasını gecikdirmiş borclu statusu əldə etmişdir. Belə ki, Mülki Məcəllənin 445.4-cü maddəsinə əsasən“icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır”. Müqavilə öhdəliyin icrası üçün vaxt müəyyən etdiyinə görə cavabdehin öhdəliyin icrasını gecikdirmiş borclu statusu əldə etməsi üçün hər hansı xatırlatmaya ehtiyac qalmamışdır. Odur ki, İddiaçı, cavabdeh tərəfindən 6 gün ödəniş edilmədiyindən 1 günü 12 manatdan hesablanmaqla 72 manat əsas borcu, hər gecikdirilmiş gün üçün 5 manat olmaqla 30 manat dəbbə pulunu cavabdehdən tələb etmək hüququna malikdir. Sözügedən müqavilənin 11-ci bəndinə əsasən, tərəflər aralarında mübahisə yaranarsa, mopedi götürən şəxsin VÖEN-i olduğu halda mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmasına dair razılığa gəlmişlər. Məhkəmə xərci olaraq iddia ərizəsi iddianın dəyərinə uyğun olaraq ödənilməli olan 30 (otuz) manat dəyərində dövlət rüsumu məbləği ödənilməklə məhkəməyə təqdim edilir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.4-cü maddəsinə istinad olunmuşdur. İddiaçılar məhkəməyə ərizə ünvanlayaraq onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Mopedin sahibi – İddiaçı2 ilə Mopedi götürən sürücü – Cavabdeh arasında bağlanılmış 07 dekabr 2024-cü il tarixli ilkin alğı-satqı müqaviləsinin 1-ci bəndindən görünür ki, mopedin sahibi mülkiyyətində olan Moped Tufan M 50 markalı identifikasiya nömrəsi 0526 nişanli mopedi təhvil-təslim aktı əsasında sürücüdən 100 (yüz) manat ilkin ödəniş, müqavilə bağlandığı tarixdən 12 ay ərzində sürücü 12 (on iki) manat gündəlik ödəmək şərtiylə ümümi qiyməti (borcu) cəmi 4320 (dört min üz yüz iyirmi) manat olan mopedin sürücünün istifadəsinə verir. Müqavilənin 4-cü bəndinə əsasən, ödəniş cədvəli bu müqavilənin ayrılmaz tərkib hissəsidir və hər dəfə sürücü tərəfindən ödəniş olduqda ödəniş cədvəlinə şəxsən nəzarət edir. Müqavilənin 6-cı bəndinə əsasən, əgər sürücü mopedi hər hansı bir səbəbdən geri qaytararsa və ya sürücü müqavilədəki bəndlərdən hər hansını pozarsa moped sahibi tərəfindən dayandırılır, həmin vaxta qədər sürücünün ödədiyi ilkin ödəniş və ödədiyi pulları geri qaytarılmır. Müqavilənin 5.10-cu bəndinə əsasən sürücü öhdəsinə götürür ki, müqavilədə göstərilən günlük ödəniş məbləğini gecikdirərsə hər bir gecikdirilmiş gün üçün 5 manat cərimə ödəyəcəkdir. Müqavilənin 7.1-ci bəndinə əsasən sürücü günlük ödəniş məbləğini 7 gündən artıq gecikdirərsə, Mopedin sahibi mopedi sürücüdən geri alacaqdır. xx.xx.2024-cü il tarixli Təhvil-Təslim aktından görünür ki, xx.xx.2024-cü il tarixində ilkin alqı-satqı müqaviləsinə uyğun olaraq mopedin sahibi - İddiaçı2 identifikasiya nömrəsi: 0526, buraxılış ili: 2024, mühərrik No1P39FMB RAB15027, rəngi: göy, tip: motosikilet, ban: H7XPCBL88RAB15027 mopedi sürücüsü Cavabdeh istifadəsinə təhvil vermiş, sürücü isə həmin nəqliyyat vasitəsini qəbul etmişdir. Mopedi götürən sürücü öz əl yazması ilə yuxarıda göstərilən mopedi təhvil aldığını qeyd etmişdir. Satıcı-"xxxx" MMC ilə X3 oğlu arasında bağlanılmış 10114429 nömrəli xx.xx.2024cü il tarixli alğı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, Satıcı Alıcıya TUFAN M-50 Göy CN:H7XPCBL88RAB15027, 2024 Mühərrik № 1P39FMB RAB15027 Həcmi:49 cm3 istehsal ili: 2024 Rəngi:Göy; (“Əmlak”) satır, Alıcı isə alır. xx.xx.2024-ci ildə bağlanmış 10114429 saylı alğı satqı müqaviləsinə Əlavə №1-ə əsasən TUFAN M-50 Göу CN:H7XPCBL88RAB15027, 2024 Mühərrik N 1P39FMB RAB15027 Həcmi:49 cm3, istehsal ili:2024, Rəngi:Göy- 1950 manat dəyərində motosikl "xxxx" MMC tərəfindən X2 təhvil verilmişdir. 4 Noyabr 2024-ci il tarixli alğı-satqı müqaviləsə əsasən, X5 tərəfindən Tufan m50 ban H7XPCBL88RAB15027 Mühərrik nömrəsi 1P39FMB RAB15027 İ İndefiksiya nömrəsi 0526 rəngi Göy olan Mopedi 1200 azn dəyərində Moped İddiaçı2 satmışdır. "xxxx" MMC və İddiaçı2 tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli Pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən 72 manat əsas borcun, gecikdirilmiş günlər üçün cərimə (6 gün x 5 manat = 30 manat), cəmi 102 manat ödənişin 3 (üç) gün ərzində könüllü şəkildə ödənilməsini tələb etmiş, əgər bu məbləğ qeyd edilən müddətdə ödənilməzsə, müvafiq məhkəmələrə müraciət ediləcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixli **********82 nömrəli qəbzdən görünür ki, "xxxx" MMC 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında təkrarlanmışdır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Məhkəmənin mövqeyi Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı2la cavabdeh arasında alqı-satqı üzrə malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, 07 dekabr 2024-cü il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən İddiaçı2 mülkiyyətində olan “Tufan M 50” markalı, identifikasiya nömrəsi 0526 olan mopedi 100 manat ilkin ödəniş, müqavilə bağlandığı tarixdən 12 ay ərzində 12 manat gündəlik ödəmək şərtiylə ümümi qiyməti, cəmi 4320 manata satmışdır. Sonradan cavabdeh 6 günlük ödənişi ödəməmiş və mopedi xx.xx.2025-ci il tarixdə iddiaçıya geri qaytarmış, müqavilə ləğv edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutları qiymətləndirib belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Əvvəla məhkəmə qeyd edir ki, iddia tələbinə hüquqi qiymət verildiyi zaman ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarlarının tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı "xxxx" MMC-nin cavabdehə qarşı müqavilə üzrə borcun ödənilməsinin tələb edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmadığı müəyyən edilmişdir. Çünki 07 dekabr 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə satılmış mopedə görə borcun ödənilməsini iddiaçı "xxxx" MMC o halda tələb edə bilərdi ki, o, həmin müqavilə üzrə tərəf olsun və ya satılan əmlak ona məxsus olsun. Halbuki 07 dekabr 2024-cü il tarixli ilkin alğı-satqı müqaviləsindən göründüyü kimi həmin müqavilə satıcı olaraq İddiaçı2la alıcı olaraq Cavabdeh arasında imzalanmışdır. Həmin müqaviləyə iddiaçı "xxxx" MMC-nin möhürünün vurulması və İddiaçı2 "xxxx" MMCnin direktoru olması müqavilənin "xxxx" MMC tərəfindən imzalanması anlamına gəlmir. Çünki müqavilədə mopedin sahibi kimi İddiaçı2 qeyd edilmiş və o, MMC-nin deyil, öz şəxsi əmlakını cavabdehə satmışdır. Belə ki, 4 noyabr 2024-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən indefiksiya nömrəsi 0526 olan mopedi 1200 manat dəyərində İddiaçı2 X1 almışdır. Bu da bir daha mopedin İddiaçı2 məxsus olduğunu təsdiq edir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarlarında şərh etdiyi mövqeyini rəhbər tutmaqla hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdehdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, İddiaçı2 münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı2 ona məxsus olan mopedi dəyəri tam ödənilənədək mülkiyyət hüququnu özündə saxlamaq şərti (təxirəsalıcı şərt) ilə cavabdehə satmışdır. Hazırda İddiaçı2 cavabdehin sonuncu xx.xx.2025-ci il tarixdə ödənişdən sonra mopedi geri qaytardığı xx.xx.2025-ci il tarixinədək olan 6 gün üçün gündəlik ödəməli olduğu 12 manat görə cəmi 72 manat ödənilməsini tələb etmişdir. Halbuki, nə tərəflər arasında imzalanmış müqavilədə, nə də mülki qanunvericilikdə mülkiyyətin verilməsi təxirəsalıcı şərtlə həyata keçirildiyi halda satılan daşınar əmlakın satıcıda olduğu müddətdə cavabdehdən pulun tələb edilməsi üçün qanuni əsas nəzərdə tutulmamışdır. Belə ki, müqavilədə cavabdehin günlük ödəniş məbləğini 7 gündən artıq gecikdirdiyi halda, İddiaçı2 mopedi ondan geri alması, həmçinin moped hər hansı səbəbdən geri qaytarıldıqda ilkin ödənişin və ödənilmiş pulların geri qaytarılmaması nəzərdə tutulsa da, mopedin geri qaytarıldığı günə kimi ödənilməyən günlərin satıcıdan tələb edilməsi və ya satıcının ödəməli olması nəzərdə tutulmamışdır. Habelə, Mülki Məcəllənin 606.1-ci maddəsinə əsasən İddiaçı2 gündəlik ödənişləri cavabdeh gecikdirdiyi üçün müqaviləni ləğv etmək və həmin mopedə tutma yönəltmək hüququ vardır. Hazırda tərəflər arasında olan müqavilə ləğv edilmiş və alqı-satqı predmeti olan moped sahibi İddiaçı2 qaytarılmışdır ki, o, da həmin mopedə tutma yönəltmək hüququndan məhrum olmamışdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının əsas borc tələbi əsassız olduğu üçün təmin edilmədiyindən həmin məbləğə hesablanmış cərimə borcu tələbi də təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı2 Cavabdeh Sədulla oğluna qarşı borc tələbinə dair iddiası rədd edilsin. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4280/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4280/2025
09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver