Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4284/2022 10.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, əsas borc, cərimə borcu, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 3871,82 manat ödənilməmiş əsas borc, 9534,73 manat cərimə borcu və 200 manat mediasiya xərci olmaqla ümumilikdə 13606,55 manat məbləğində pul vəsaitinin cavabdehdən İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Qeyd edilən fəaliyyətə uyğun olaraq iddiaçı ilə Cavabdeh MMC arasında 12 mart 2021-ci il tarixli, 023- STRP-CEC/21 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında ümumi dəyəri 28023 manat olan ehtiyat hissələri cavabdehə satılmışdır. Cavabdeh sözügedən müqaviləyə uyğun olaraq malların dəyərinin 100% hissəsini qiymətlərin razılaşdırılması protokoluna imza etdikdən sonra köçürmə yolu ilə 3 iş günü ərzində ödəməli olduğu halda, əvvəlcə 7864,63 manat, daha sonra 16286,55 manat (iddia ərizəsi məhkəməyə verildikdən sonra) ödəniş etmiş, 3871,82 manat məbləğində əsas borc isə hələ də ödənməmişdir. Bununla yanaşı, qeyd olunan müqaviləyə əsasən təhvil verilmiş mallar üzrə ödəniş ləngiyərsə, Alıcı hər bir ləngimə günü üçün 0,1% həcmində cərimə ödəməlidir. Beləliklə, borclunun bugünkü günə həm də 9,534,73 manat cərimə borcu yaranmışdır. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 427, 441, 448-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 üzləşmə aktını təsdiqləmiş, borc məbləğini etiraf etmiş, ödənişlərin gecikməsini müəssisəsinin bağlanması ilə əlaqələndirmiş, borcu yaxın vaxtlarda tam ödəyəcəyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında 12 mart 2021-ci il tarixində 023-STPR-CEC/21 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqavilə ilə nəzərdə tutulmuş mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş, alıcı isə qəbul etmiş olduğu malların müqabilində satıcıya müəyyən olunmuş malların dəyərini tam ödəməmişdir. Belə ki, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 04 oktyabr 2021-ci il tarixində “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə Aktı”ndan görünür ki, Cavabdeh MMC İddiaçı QSC-yə xx.xx.2021-ci il tarixinə 28023 manat borcunun olduğunu etiraf etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən həmin məbləğdən 20 158,37 manat borcun qaldığını qeyd etmiş, məhkəmə prosesinin gedişində cavabdeh tərəfindən ödəniş edildiyindən iddiaçı tələbinin həcmini azaldaraq 3871,82 manat ödənilməmiş borcun qaldığını bildirmiş və həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə baxış iclasında qalıq 3871,82 manat borcu qaldığını təsdiqləmiş və qısa zamanda ödəyəcəyini bildirmişdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 3871,82 manat borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 3871,82 manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbində eyni zamanda 9534,73 manat məbləğində cərimə məbləğinin ödənilməsini tələb etmişdir. İddiaçı QSC ilə Cavabdeh MMC arasında 12 mart 2021-ci il tarixdə bağlanmış 023- STPR-CEC/21 nömrəli alqı-satqı müqaviləsinin 4.1.3-cü bəndində göstərilmişdir ki, ödəniş ləngiyərsə “alıcı” hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0,1 % həcmində cərimə ödəyəcəkdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar). Məhkəmənin qənaətinə görə, iddiaçının tələb etdiyi 9534,73 manat məbləğində dəbbə pulu əsas borca mütənasib deyildir. Məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən borclunun məhkəmə prosesinin gedişində əsas borcun əhəmiyyətli hissəsini ödədiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 194 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Bundan əlavə, iddiaçı ilkin mediaisya sessiyasında iştirakla bağlı ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin əvəzinin də cavabdehdəndən tutulmasını tələb edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan 17 yanvar 2022-ci il tarixli, 05/01/22 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabden ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AZ0010047 nömrəli ödəniş tapşırığından görünür ki, 200 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqısatqısı müqaviləsi üzrə 3871 (üç min səkkiz yüz yetmiş bir) manat 82 (səksən iki) qəpik əsas borc, 194 (yüz doxsan dörd) manat dəbbə pulu olmaqla, ümumilikdə 4065 manat (dörd min altmış beş) manat 82 (səksən iki) qəpik pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4284/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4284/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver